525.Az

Orfoqrafiya prinsiplərini müəyyənləşdirən seçim meyarları haqqında


 

Orfoqrafiya prinsiplərini müəyyənləşdirən seçim meyarları haqqında <b style="color:red"></b>

Uzun tarixi-mədəni inkişafın məhsulu olan orfoqrafiya dilin tətbiqi ilə bağlı mühüm məsələ olmaqla yanaşı, həm də dil siyasətinin vacib elementlərindən biri kimi ideoloji səciyyə daşıyır.

İkili təbiətə malik olan dil norması (eləcə də orfoqrafik norma) bir tərəfdən ümumxalq səciyyəsini saxlamaq, hamı üçün “uyğun” olmaq baxımından sabitliyə can atırsa, digər tərəfdən tarixi kateqoriya olduğundan dildaxili və kənar (sosial, mədəni, psixoloji...) amillərin təsiri ilə dəyişkənliyə meyilli hadisə kimi diqqəti cəlb edir. Orfoqrafiya sözlüklərinin nəşri ilə əlaqədar müəyyən olunmuş konkret müddətin olması – “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun13-cü maddəsinin 2-ci bəndində5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunması ilə bağlı qeyd məhz bu tendensiyanın nəzərə alınması ilə bağlıdır. Dildə müşahidə olunan canlı proseslər - dilə yeni leksik vahidlərin daxil olması, işləkliyini itirən sözlərin dildən çıxması və ya dilin daxili imkanları hesabına söz yaradıcılığı dil mənzərəsinin davamlı şəkildə monitorinqini və meydana çıxan yeni element və proseslərin qeydə alınmasını, bu faktların dil sisteminə uyğunluğu və sonrakı inkişaf tendensiyası ilə bağlı proqnozların verilməsini, bu proseslər isə, öz növbəsində, ötən dövr ərzində sözlüyə yenidən baxılmasını zəruri edir. Təbii ki, əsrlərlə formalaşmış yazı qaydaları və orfoqrafiya prinsiplərinin dil standartı kimi sabitliyini qoruması təqdirəlayiq haldır. Lakin bəzən onillərlə, hətta əsrlərlə diqqətdən kənarda qalan, alınmalarla dilə daxil olub, dilin qanunlarına uyğunlaşdırılmayan bəzi yad elementlərin dilin strukturunda zəncirvarı dəyişmələrə səbəb olmasına təsadüf olunur ki, belə məqamlarda qaydalara yenidən baxmağa ehtiyac hiss olunur. Variantlılığın və ədəbi dil normasında fərqli təmayüllərin yüksək tezliyə malik olması ilə seçilən dövrlərdə (qloballaşma dövründə olduğu kimi...) belə məsələlər xüsusilə nəzərə alınmalıdır.

Orfoqrafiya prinsiplərinin əsaslandığı meyarlar yalnız fonoloji deyil, semantik və qrammatik xüsusiyyətlərin tələblərini də əhatə etməli, dilin inkişaf qanunauyğunluğu, tipoloji quruluşu nəzərə alınmalıdır. Bu baxımdan orfoqrafiya prinsipləri müəyyən olunarkən dilin bir səviyyəsi deyil, vahid sistemə daxil olan səviyyələrin qarşılıqlı münasibəti əsas götürülməlidir. Məsələyə beləyanaşdıqda, ayrılıqda fonetik, morfoloji prinsipdən yox, fikrimizcə, morfonoloji və fonosintaktik prinsiplərdən danışmaq daha düzgün olar (Bu yanaşma iltisaqi dillər üçün daha çox özünü doğruldur). Orfoqrafiya dilin müasir fonoloji sisteminə uyğun olmalı, səs tezliyi, səs və morfemlərin işləklik qanunauyğunluqları nəzərə alınmalıdır. Fonosintaktik meyara görə, dilin xətti elementləri ilə superseqment vahidlərin uyğunluğu, uzlaşması diqqət mərkəzində saxlanılmalıdır. Orfoqrafiya qaydalarının mühüm əlamətlərindən biri sistemlilikdir. Nəzərə almaq lazımdır ki, orfoqrafiya qaydalarını əks etdirən hər bir bənd aydın, elmi baxımdan əsaslandırılmış və lazım gəldikdə şərh oluna bilən olmalıdır.Orfoqrafiya sadəcə qaydalardan ibarət bəndlər yığını deyil, xüsusi quruluşa, nəzəri əsasa malik, daxilən orfoepiya, fonoloji, qrammatik, semantik qatlarla bağlı sistemdir.

Orfoqrafiya qaydaları ilə bağlı vacib məsələlərdən biri “istisna”ların araşdırılması və müvafiq qaydaya uyğunlaşdırılmasıdır. Dil elementlərin dəqiq strukturlu sistemi olduğundan burada xüsusi qanunauyğunluq hökm sürür və hər bir hadisənin elmi izahı var.

Orfoqrafiya məsələsində diqqət mərkəzində “insan” amili dayandığından(dilin tətbiqində başlıca məqsəd onun insana xidmət etməsi- ünsiyyət vasitəsi olmasıdır) və mümkün olan bütün məqamlarda nitq prosesində sərf olunan güc və enerjinin qənaəti başlıca meyar olduğundan bir sıra fizioloji, psixoloji məqamlar da nəzərə alınmalıdır. Insan şifahi nitqə yazılı nitqdən əvvəl yiyələnir və həyatı boyu yazmaqdan daha çox danışır, oxumaqdan daha çox dinləyir. Yazılı nitq şifahi nitqin əsasında və üzərində qurulur. Psixologiya elminin banilərindən biri, fizioloji məktəbin yaradıcısı İ.M. Seçenovun da qeyd etdiyi kimi, biz səssiz düşünəndə belə, danışanda olduğu kimi, dilimizdə biotoklar güclənir. Bunu xüsusi qurğular vasitəsilə qeydə almaq mümkündür. Lakin bəzən müəyyən yazını xüsusi diqqətlə “ürəyimizdə” oxuduqda da bizdən asılı olmayaraq nəinki dil, hətta dodaqlar belə tərpənir... “Daxili nitqin refleksləri funksional baxımdan dəyişilmiş adi nitq refleksləridir” (Сеченов И. М. Рефлексыголовногомозга, s.39).Daxili nitqin mexanizmi sona qədər tədqiq olunmasa da, aparılan çoxsaylı eksperimentlərin nəticələri daxili nitqdə nitq analizatorlarının iştirakını sübut edir (Соколов. А. Н., 1968). Alınan nəticələrə görə, çətin məsələləri düşünən zaman artikulyasiya hərəkətləri daha qabarıq şəkildə ifadə olunur. Daktil nitqi (lalların barmaq işarələri vasitəsilə həyata keçirdiyi nitq) mənimsəmiş sağlam insanlarda daxili nitq zamanı əvvəlcə dil, daha sonra barmaq əzələlərində yüksək elektroaktivlik müşahidə olunur (НовиковаЛ.А.,1955). Deməli, nitqin ifadə vasitəsindən asılı olmayaraq, insanın mənimsədiyi bütün vasitələr nitq zamanı (həm daxili, həm xarici nitq) hərəkətə gəlir. Deməli, yazılı və şifahi nitqlə bağlı normalar müəyyən olunarkən əqli, hissi, fizioloji, mədəni xüsusiyyətləri ilə insan diqqət mərkəzində saxlanılmalıdır. Bütün bunlar yazılı nitqin daim şifahi nitqlə müşayiət olunduğunu, həm yazarkən, həm də oxuyarkən yazı və tələffüz qaydalarının qarşılaşdırıldığını göstərir. Bu baxımdan yazı qaydalarının tələffüz normalarına uyğun olması yalnız metodiki baxımdan deyil, həm də fizioloji-akustik və psixoloji baxımdan əhəmiyyətlidir.

Qeyd olunan meyarla əlaqəli digər məsələ orfoqrafiya qaydalarının müəyyən olunması zamanı dilə məhz onun strukturu, inkişaf xüsusiyyətləri nəzərə alınmaqla yanaşmağın zəruri olmasıdır. Təbii ki, xüsusi yazı ənənəsi olan dildə orfoqrafiya qaydalarının mühüm hissəsi dəyişilməz qalır. Dilə daxil olan vahidlər – alınmalar adətən analogiya prinsipinə uyğun olaraq, eyni tipli vahidlərin yazılışı ilə bağlı mövcud ənənəyə uyğunlaşdırılır. Belə nümunə olmadıqda, vahidlik prinsipi pozulduqda, orfoqrafiya qaydalarına yenidən baxılması zərurəti meydana çıxır. Alınmaların orfoqrafiyası bir sıra psixoloji və perseptiv amillərin, eləcə də dil tipologiyası ilə bağlı məqamların diqqət mərkəzində saxlanılmasının zəruri olduğunu göstərir. Faktlar sübut edir ki, inkişaf qanunauyğunluqlarından doğan istiqamətlər fərqli dil ailələrində müxtəlif olur. Müasir dövrdə tədqiqatların müxtəlif elm sahələrinin nailiyyətlərindən istifadə etməklə fərqli yöndə aparılması ənənəsi formalaşmaqdadır. Bu yanaşma istənilən sahədə daha dəqiq  araşdırmanın aparılması və nəzərdə tutulan problemin hərtərəfli həlli üçün şərait yaradır. Son dövrlərdə dilçilikdə qlottoxronoloji metodla aparılan araşdırmaların nəticələri genealoji tədqiqatların nəticələri ilə tutuşdurulur və maraqlıdır ki, əldə olunan faktlar çox zaman üst-üstə düşür. Müasir dünyada 7000-ə yaxın canlı dil qeydə alınsa da, onların tipoloji baxımdan, eləcə də dolayısı yolla genetik baxımdan da əsasən iki başlıca dil qrupunu əhatə etməsi dillərin tarixi inkişaf xüsusiyyətləri ilə bağlı bəzi ümumi-universal və xüsusi qanunauyğunluqlarınaşkarlanmasını mümkün edir. DNT səviyyəsində aparılan genealoji tədqiqatların nəticələrinə görə, e.ə. I minilliyin ortalarınadək Atlantik okeana qədər olan ərazilərdə - bütün Avrasiyada iki dilin - türk dili (prototürk) və hind-Avropa dil ailəsinə aid dilin üstünlük təşkil etdiyi aşkarlanmışdır. Bu dillər, müvafiq olaraq, R1b və R1a haploqruplarını təmsil edir. Arxeoloqlarla genetiklərin birgə rəyinə əsasən, türkdilli R1b haploqrupunun daşıyıcıları 16 min il əvvəl yerləşdikləri Cənubi Sibirdən yola çıxaraq Şimali Qazaxıstandan, Qafqaz və Anadoludan, Yaxın Şərqdən və Şimali Afrikadan keçərək Pireney yarımadasına, daha sonra Britaniya adalarına (əsasən İrlandiya) və kontinental Avropaya (İsveç...) getmişlər. R1b daşıyıcılarının izinin paralel olaraq Balkan yarımadasında, Sloveniyada, İtaliyada da qeydə alındığını qeyd edən tədqiqatçılar bu dilin, yəni prototürk dilinin aqlütinativ, prahind-Avropa dilinin (R1a1) isə flektiv quruluşa malik olduğunu bildirirlər.Müasir dövrdə aparılan genealoji təhlillər dünyanın müxtəlif bölgələrində fərqli haplotipdaşıyıcılarının yanaşı yaşaması faktını sübut edir. Bəzi hallarda dil faktlarının inkişaf meyillərini, dəyişmələrin istiqamətini, dilin tipoloji quruşu və özünəməxsus qanunauyğunluqlarına sığmayan halların səbəbini aşkarlamaq üçün bu məlumatlar əvəzsiz mənbə kimi çıxış edə bilər. Azərbaycanla bağlı bu tipli genealoji təhlilin nəticələrini əks etdirən diaqram etnik rəngarəngliyin göstəricisi olmaqla yanaşı, bu amilin dildə gedən proseslərə təsirsiz qalmadığından da xəbər verir. “Azərbaycan dilinin formalaşdığı areal etnolinqvistik baxımdan öz mürəkkəbliyi ilə seçilir. Belə ki, bir tərəfdən Qafqaz, digər tərəfdən hind-Avropa xalqları ilə əhatə olunmuş həmin arealda həmişə bilinqvizm şəraiti hökm sürmüşdür” (Cəlilov F. 1988, s.35). Bu faktlar göstərir ki, alınmaların orfoqrafiyası müəyyən olunarkən daha elmi və həssas yanaşma tətbiq olunmalıdır. Əks halda gələcəkdə xalqın təfəkkürünə və dilin inkişaf qanunauyğunluqlarına uyğun olmayan faktlarla bağlı (məs., dilimizdə cins kateqoriyasının göstəricisi kimi...)alınmaların mənimsənilməsində tətbiq olunacaq analogiya prinsipi zəncirvarı şəkildə struktur dəyişmələrinə zəmin yaratmış olacaq. Psixoloji və perseptiv amillərə gəlincə, “İnsan eşitdiyi başqa dilə məxsus sözləri adət etdiyi elementar fonoloji təsəvvürə uyğun olaraq qavrayaraq tələffüz edir... Belə ki, ona tanış olmayan sözdə öz təsəvvüründə mövcud səs komplekslərini tapmağa cəhd edir... Bu isə səsin yalnız keyfiyyət baxımdan deyil, kəmiyyətcə də dəyişilərək qavranılmasına səbəb ola bilər. Yapon rus dilindəki “tak” sözünü eşitdikdə iki hecalı söz kimi qavrayır – ondan bu sözü təkrar etməsini istəsək, “taku” şəklində tələffüz edəcək” (Y.E. Polivanov, 1968, s.236). Yapon dili daşıyıcısının təsəvvürünə görə, tək samit “samit və sait” şəklində tam heca kimi qavranılır. (Son dövrlərdə qlottoxronoloj tədqiqatlarla yapon dilinin altay dil ailəsinə aid olduğu, bu ailə daxilində onun Koreya dili ilə daha çox yaxınlaşdığı qeyd olunur (Старостин С. А.). Müəllifin fikrincə, “Yapon dilində təsadüf olunan avstroneziya elementləri isə o qədər də qədim olmayan və avstroneziya substratından yapon dilinə keçmiş alınmalardır”).Etnopsixoloji xüsusiyyətlərin dil hadisələrində və ümumi inkişaf meyillərində daha çox əks olunduğu fonetik yarusda belə incəliklər özünü büruzə verir. “Aksent bazasının nəzərdən keçirilməsi istənilən dilin daşıyıcılarının  müəyyən psixoloji quruma, sisteminə malik olduğunu və sözdə vurğunun mövqeyini bu sistemə əsaslanaraq qoymağa çalışdıqlarını söyləməyə əsas verir” (Дьячок М.Т.). Hər bir dilin fonoloji sistemində belə qanunauyğunluqlar mövcuddur: Azərbaycan dili üçün iki sait səsin yanaşı işlənməsi və ya söz önündə bir neçə samitin yanaşı işlənməsi səciyyəvi olmadığından belə alınmaların tələffüzündə fərqli məqamlar meydana çıxır. İlkin dövrdə “qaidə”, “faidə” kimi mənimsənilmiş sözlərin orfoqrafiyasının sonralar dilin qaydalarına uyğunlaşdırılması və tələffüz variantında yaranacaq fərqin aradan qaldırılması kimi faktlar alqışlanmalıdır.

Orfoqrafiya qaydaları ilə bağlı diqqət mərkəzində saxlanılmalı olan digər amil müasir dövrdə dil daşıyıcılarınınşüuraltı “dil duyumu” və “dil həssaslığı” məsələsidir. Bu, mövcud variantların seçimində həlledici amillərdən biri kimi çıxış etməlidir. Ümumiyyətlə, dil insana aid olduğundan “insan” amili, onun psixoloji, emotiv tərəfləri, koqnitiv imkanları, praqmatik baxışları, etnomədəni irsin daşıyıcısı olması, sosial mühitlə bağlı təsirlər nəzərə alınmalıdır. “Dilə özünəməxsusluq qazandıran əsas başlanğıc təfəkkürdə mövcud olan ilkin milli kimlik, xarakter, yəni, qazanılmış təcrübə, hissiyyat və əhval-ruhiyyənin məcmusudur. Müxtəlif xalqlarda gerçəkliyə münasibətdən asılı olaraq bu mənəvi güc fərqli – hissi və ya rasional şəkildə təzahür edir” (Гумбольдт В. фон., 1984, s.55; 173). “Dil milli mənəviyyatın (ruhun) formalaşması ilə sıx surətdə bağlıdır – o, xalqın ruhunun xarici təcəssümüdür” (В. Гумбольдт, 1984.s. 68). Dil və etnotəfəkkürün qarşılıqlı əlaqəsi hətta bədii təfəkkürün obrazlı ifadəsində belə əks olunur. Xalqın ruhu onun bədii yaradıcılıq üsulunu seçməsini şərtləndirir – düşünürük ki, ərəblərin əruza üstünlük verməsi (dəvə ləngəri təəssüratı), avropalıların ruhuna uyğun sərbəst şeiri seçməsi, türklərin iltisaqiliyin təqdim etdiyi “ölçü-biçili” heca vəznindən daha çox istifadə etməsi təsadüfi deyil, etnopsixoloji, linqvokoqnitiv amillərləşərtlənən qanunauyğun faktdır. Odur ki, alınmaların mənimsənilməsi dilin öz ruhuna uyğunlaşdırılmalıdır.

Düzgün nitq (istər yazılı, istər şifahi) mədəni səviyyənin göstəricisi olduğu kimi, mükəmməl orfoqrafiya qaydaları da dilin inkişaf səviyyəsi ilə yanaşı, dil daşıyıcılarının intellektual və mədəni səviyyəsini göstərən amillərdən hesab oluna bilər. Deməli, əsasən dilin tətbiqi sahələrindən biri kimi qəbul olunan orfoqrafiya fərqli baxış bucağından yanaşdıqda dünyagörüşü ilə bağlı tərəfləri ilə diqqəti cəlb edir. “Norma – hər bir dil daşıyıcısının can atmalı olduğu idealdır. Bu cəhdin uğurla həyata keçirilməsindən yalnız ... nitqin təmizliyi deyil, dilin səs sisteminin gələcək tarazlığı da asılıdır” (L.A.Verbitskaya). Orfoqrafik normanın milli dəyər kimi əhəmiyyəti dərk olunmalı, vahid yazı normaları dövlətçiliyin sütunlarından olan vəhdət rəmzi kimi qiymətləndirilməlidir.

 





07.06.2018    çap et  çap et