525.Az

Qırılmayan tellər


 

Qırılmayan tellər<b style="color:red"></b>

Sevginin azalması ömürün tükənməsinə bənzəyir - hər ikisinin qapısı qəfil döyülür. Birində ayrılıq, birində ölüm gəlir.

Yüz il yaşayaraq həyata, bütün əzablara rəğmən eşqə vida edə bilmirsən. “Gedim, ya qalım” arasında çabalayırsan. Beynin cəngəlliyə dönür, sıx ağaclar, keçilməz kollar, sərt tikanlar dördbir yanını əhatə edir. Tərəddüdündə bayquş ulayır, gərginliyində ayı nərildəyir, qərarsızlığında ilan sürünür. Vaxt keçdikcə buradan çıxmaq mümkünsüzləşir; taqətin kəsilir, gücün tükənir, qorxuların çoxalır, zaman qavramı itir, getmək həvəsi bitir! “Çıxış qadağandır” anonsları beynində milyon dəfə təkrarlanır, əks-sədası içinin boşluğuna kilsə zəngi kimi yayılır. Yağışın altında yuyulursan, günün altında quruyursan, fırtınada ayağını yerə dirəyib dayanır, amma getmirsən. Payız gəlir, yarpaqlarını qucağına yığıb göndərirsən, qış gəlir, şaxtasını kürəyinə şəlləyib yola salırsan, günəşi yayın çiyninə, çiçəkləri yazın qoltuğuna verib uzaqlaşdırırsan. Əqrəbləri saata, vaxtı günlərə, həftələri aylara, hamısını toplayıb illərə calayırsan. Bütün gələnlərə yolu göstərir, bircə özün heç yerə tərpənmirsən. Gedəcək uzaq elin, sığınacaq kənar küncün olmur. Bilirsən ki, vətənin odur, ondan başqa hər yer qürbətdir, hamı yaddır, hər kəs əcnəbidir! Yollar ona uzanır, nişanlar ürəyinin çırpındığı istiqaməti göstərir, bütün dar küçələr ona gedir, bütün yoxuşlar ona çıxır. Dünyanı aydınladan naqillər onun gözlərindən çıxan ışığa bağlıdır. Əgər üz çevirsən, qısaqapanmadan bütün aləm od tutub yanar. Buna “yox” deyirsən! Qalıb, qovrulmağı üstün tutursan.

Axı necə gedəsən? Ağzının suyu dodağında qurumur, qoxusu dərindən çəkilmir, istiliyi bədənindən soyumur, dadı damağından getmirsə, sən ona nə cür arxanı döndərə bilərsən? Fikrindən bir an da kənar etmirsən. Göndərdiyin ən uzaq məsafə beyninin sol yarımkürəsi olur.

Ətin getmək istəsə də, sümüklərin çaxılıb qalır. Altmış min kilometrlik damarlarında çağlayır, qırx min kilometrlik kapliyarlarına dolur, getməyə cəhd etsən, bu uzunluqlar əl-ayağına dolaşır. Özünü tikə-tikə etsən, bir damcısı da damarından çıxmır.

Neyləsən də, bilirsən ki, qurtuluş yoxdur! İntihar etsən, boynuna keçən ip də, yüksəklikdən atılsan, çırpılıb min parçaya bölündüyün yerin səthi də “O” olur. Gecəni-gündüzündən ona görə ayırırsan, ona görə oyanıb, ona görə yatırsan, xoş məqamlara ona görə sevinib, bütün ölənlərə ondan ötrü ağlayırsan. Bəbəklərindən yapışır, kirpiklərinin ucundan sallanır! Ölüm kimi qaşınla gözünün arasında var-gəl edir, əcəl kimi başının üstündə gəzir. Mələk kimi çiyinlərində məskən qurur, aldığın nəfəsi, atdığın addımları yazır.

Bəzən sənə elə gəlir ki, dünya yenicə yarananda, hər şey adsız olanda və insanlar işarət dili ilə danışanda bir tək onun adı, bircə ona deyiləcək sözlər mövcud olub. Əsrarəngiz hissdir! Özünü milyardda bir görülən xəstəliyə düçar olmuş kimi hiss edirsən. Görəsən, bu dövrdə ciddi xəstəlik nəyə deyirlər? Əlbəttə, ilk növbədə xərçəngə. Sonra infarkt, insult gəlir. Ardınca adı özündən də qəliz, bəşəriyyətə meydan oxuyan viruslar sıralanır. Bəs sənin xəstəliyin? Bu bəlalar siyahısında ən əsas yerlərdən birini mütləq sənin xəstəliyin tutmalıdır axı. Amma onun tibbi adını hələ heç kəs icad etməyib. Hər xəstə bu azarını ən yaxın sirdaşına deyə bilər, özü də astaca. Ucadan desən, elə bilərlər ki, havalanmısan, adamı dəlixanaya salarlar. Gərək ehtiyatlı olasan. Bu azarın adı qırılmayan tellərdir. Birini kəssən yüzü, yüzün kəssən mini qalır. Varlığı ruhuna elə hopur ki, dərini hissə-hissə soysan da, ürəyinin içini oyub çıxartsan da, beynini başının içindən götürüb tullasan da, toxumalarını bircə-bircə əzib məhv etsən də, canından çıxmır.

Ürəyinin döyüntüsünü dinləyə-dinləyə gözlərini qaranlıq tavana zilləyəndə gecə kimi gözləri zülməttək üstünə çökür. Beyninin dərinliyində atdığı kökün möhkəmliyinə heyrət edirsən, onda eşidirsən ki, “o” deyə-deyə mələyən hüceyrələrinin səsi yenə kəsilmir. Varlığı ciyərlərinə dolur, öskürək səni tutur, sinən partlamaya düşür, hulqumun boğazından çıxmaq istəyir, ölümə göz yumursan, amma öskürmürsən, onu içindən çıxartmağa, qopmağa razı olmursan.

Bir gün axtarışlara son qoyursan, hüceyrələrindən də, damarlarından da, beynindən də əl çəkirsən. Bir həqiqətin olduğuna inanırsan: sənin hüdudların onda məhdudlaşır. Ondan o tərəf dünyanın sonudur!

 





09.06.2018    çap et  çap et