525.Az

Ömürdən sonrakı ömür


 

Ömürdən sonrakı ömür<b style="color:red"></b>

Bir türk şairi var - Edip Cansever. Onun yaradıcılığından kiçik bir parçaya rast gəlmişdim. Anlamlı misralar idi: “Kimsənin öldüyü yox, yaşadığı da. Hər kəs bir az var, o qədər”.

Oxuduğum andaca tutdu məni bu misra. Həqiqətən də hərə bir az mövcud olur - insan yoxdan var olur, ömrünü yaşayır, sonra yenə dünyanı tərk edir, yəni gəldiyi kimi də gedir. Ömür dediyimiz həmin o bir azdır - 50, 60, 70, lap 90, 100 yaş milyon illərdir mövcud olan həyatın müqabilində “bir az” deyil, nədir?

Beynimizin daxili “daxılı” - xatirələr

Yaşadıqca, həyatı daha yaxından tanıdıqca bəzi həqiqətlər (və ya həqiqət hesab etdiklərimiz) və qanunauyğunluqlar bəlirlənir. Uşaqlığında, gəncliyində əhəmiyyət vermədiyin nəsnələr xüsusi anlam qazanır. Məsələn, həyatda xatirələrin nə qədər mühüm nəsnə olduğunu anlayırsan. Yaşadıqların artıq xatirədir, bunu sübut etməyə heç ehtiyac da yoxdur. Amma yaşamadıqlarımız da potensial xatirələrdir. İndimiz olanlarla olacaqlar arasında bir körpüdür, keçiddir.

Xatirələr də ünsiyyətin bir növüdür. Amma fərqli bir forması - səssiz, külək kimi azad, adında və məzmununda əsasən pozitivlik daşıyan düşüncə “seli”. Atam haqqında yazdıqlarım da onun valideyn kimliyi haqqında beynimin hifz etdiyi xatirələrdən bir qismidir; əsaslarıdır da deyə bilərəm. Ona görə də xüsusi bir quruluşa, ardıcıllığa tabe deyil, daha çox mozaikdir.

Bir az rəsmiyyət

Ələddin Mahmudov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru idi. Ayrı-ayrı dövrlərdə dekan, dekan müavini və digər vəzifələrdə çalışıb. Universitetin fəal ictimai xadimlərindən biri olub. Xeyli sayda gənc alimin, o sıradan da əcnəbi tədqiqatçıların yetişdirilməsində xüsusi xidmətləri olub. Say yazmıram, çünki gənc alim yetirşdirmək ancaq onların dissertasiya işlərinə rəhbərliklə bitmir. Əsl alim əməlləri, davranışı, şəxsiyyəti ilə neçə-neçə tələbəsinin yol bələdçisi ola bilər.  

O - ölüm! 

Ölümün özü ilə gətirdiyi sarsıntılar içərisində məni ən çox məyus edən və hər şeyin birdəfəlik bitdiyinə amansızcasına inandıran  gerçəkliklərdən biri də itirdiyin insan barəsində keçmiş zamanda danışmaqdır. O belə idi, o belə deyirdi, belə edirdi... Axı cəmi bir neçə dəqiqə əvvəl onun haqqında indiki zamanda danışırdın. Və anlayırsan ki, bu keçmiş zaman bir də heç vaxt indiki zaman olmayacaq - hər şey birdəfəlik bitib. Haqqında danışmaq istədiyim insanla - atamla üz-üzə ünsiyyət 21 il bundan öncə iyun günlərinin birində kəsildi. O, həyatdan köçdü. Həyatımda ölümün amansız və sərt gerçəkliyi ilə ilk dəfə həmin gün üzləşdim. Həm genetik olaraq, həm də davranışları ilə məndə mənəvi dəyərlərə, kitablara, elmə, sosial fəallığa, özünü axtarmağa, təkmilləşməyə və daha nələrə maraq oyatmış bir insanı itirmişdim. Çox şey yarı yolda qırılmışdı, yarıda qalmışdı. O “çox şey” mənim üçün həm də ünsiyyət deməkdir. Həyatın bir başqa adı da ünsiyyət imiş, sən demə.

Futbol tutqusu

Atamın yoxluğunu bütün kəskinliyi ilə bir də ölümündən sonrakı ilk futbol üzrə dünya çempionatı vaxtı hiss etdim. Oyunlara baxdıqca ağzımı doldurub fikirlərimi, proqnozlarımı ona demək istəyirdim. Çox maraqlı olacağı gözlənilən oyunlar haqqında onun fikrini bilməyi arzulayırdım. Kim udacaq? Bu qrupdan kim qalib çıxacaq? Və... demək istədiklərim elə ağzımda da qalırdı və mən onları geri “udmalı” olurdum - eşitməsini və cavablandırmasını istədiyim insan həyatda deyildi çünki. Mənə ondan başqa heç kim o cavabları verə bilməzdi ki. Atam futbolu çox sevirdi. “Futbol həyatın sevincidir” deyəcək qədər çox. Onun bu oyuna hədsiz sevgisi bizə də “yoluxmuşdu”. O qədər ki, böyük bacım hələ lap kiçik yaşlarından “Neftçi”nin bütün oyunçularının adını əzbər bilirmiş, qapıçıdan tutmuş hücumçuya kimi. O qədər ki, həmin vaxtlar Bakıda qız-qadınların stadiona getmədiklərini bilə-bilə tez-tez ona “Bizi də apar futbola, nə olar” deyirdik.  Atam “Neftçi”nin Bakıda keçirilən bir oyununu da qaçırmazdı, oyunlara mütləq dostlarıyla stadionda baxardı. “Neftçi” Bakıda oynamayanda isə radioda oyunun reportajını verən kanalı tutub dalğaların xışıltısına rəğmən sona qədər dinləyərdi. “Neftçi”nin keçmiş futbolçularının bir neçəsi ilə yaxından tanış idi. Bəzən uzun-uzun danışardılar telefonla. Ən çox da tanınmış futbolçu Ələkbər Məmmədovla. Onlar danışmağa başlayanda bilirdik ki, söhbət tez bitməyəcək. Bir dəfə də çimərlikdə “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevski ilə az qala saat yarım söhbət etmişdilər - birnəfəsə. Bu futbolçularmı çox danışmağı sevirlər, yoxsa riyaziyyatçı Ələddin Mahmudovunmu sualları çox olurdu, bilmirəm.

Çox vaxt stadiondan evə qayıdanda səsinin gərildiyini hiss edirdik. Hamımız bir-birimizə baxıb gözlərimizlə “danışardıq”. O vaxt hamımızın ağlından eyni şey keçirdi - yenə əsəbləşib qışqırıblar yəqin. Onda buna hirslənərdik, amma indi bu sətirləri yazdıqca gülümsəyirəm. “Neftçi” udanda atamın gözlərinin gülümsədiyi kimi.

Bakı tutqusu

Atam Gürcüstanda doğulub boya-başa çatmışdı. Orta məktəbi bitirdikdən sonra təhsilini universitetdə davam etdirmək üçün Bakıya üz tutmuşdu. Özünün dediyi kimi - bircə qələmlə gəlmişdi Bakıya. Məktəbi medalla bitirdiyinə görə universitetin istənilən fakültəsinə imtahansız daxil ola bilərdi. Atası, yəni babam, oğlunun hüquq fakültəsinə daxil olmasını istəyirmiş, sırf ənənəvi yanaşmalar baxımından. Atam bu fikrə qətiyyətlə “yox” deyərək riyaziyyatçı olmaq arzusunun arxasınca gedib - mexanika-riyaziyyat fakültəsinə. Və...bir daha geriyə - Gürcüstana dönməyib. Ömrünün son günlərində belə əbədi məkanının Bakıda olmasını arzulamışdı.

Bir dəfə Gürcüstanda istirahətdəydik. Atam harasa çəkilib özü ilə hər yerə apardığı sevimli, kiçik radiosuna qulaq asırdı. Bir müddət sonra geriyə - çoxluğa döndü. O vaxt SSRİ kosmonavtları açıq səmadaylarmış, oradan da birbaşa reportaj verirlərmiş. Birdən Bakının üzərindən uçduqlarını deyiblər. Atam onların Bakı haqqında dediklərini elə eşitdiyi kimi - rusca, tərcümə etmədən dedi: “Kakaya krasota, kakoy krasavets - qorod Baku”. O qədər qürurlu idi ki bunu deyəndə. Gözlərindəki işıltını görmək lazım idi o an.

Universitet tutqusu

Atam təhsil aldığı, çalışdığı və həyatını bağladığı yeri - universiteti, mexanika-riyaziyyat fakültəsini çox sevirdi. Xəstəliyi ilə əlaqədar həyatının son aylarını evdə keçirməli oldu. O, evə sığmırdı, özünə yer tapa bilmirdi. Ölümündən cəmi bir gün əvvəl yığışıb universitetə getdi. Heç kim onu saxlaya bilmədi. Bunu necə edə bildiyi bizim üçün - ailəsi üçün hələ də böyük müəmmadır. Sanki vidalaşmağa getmişdi, sanki ürəyinə dammışdı ertəsi gün həyata gözlərini əbədi yumacağı.

Yoxluqdan sonrakı kimlik

İnsanın fiziki yoxluğundan sonra onu tanıyan insanların xatirəsində necə yaşaması, nə ilə yadda qalması, başqa sözlə, şəxsiyyətin “məzmunu” kimi məsələlər xüsusi önəm kəsb etməyə başlayır. Maraqlısı da budur ki, insanın əsl “məzmunu” məhz onun ölümündən sonra bəlirlənir. İnsan həyatda olmayanda onun haqqında əməlləri “danışır”.

Atam haqqında düşüncələrimə həsr etdiyim bu yazını yazmağa məni ruhlandıran həm də onun ölümündən sonrakı illərdə (elə indi də) insanların Ələddin Mahmudov kimliyinə göstərdikləri münasibət oldu. Başqa sözlə, onun xatirəsinə duyduqları ehtiramı görmək, atamı tanıyan insanların (həmkarları, keçmiş tələbələri və s.) adını eşidərkən üzlərinə “qonan” o pozitiv ovqatı, səmimiyyəti, səslərindəki hörmət əlamətini sezmək özəl bir hissdir. 

İllər öncə uzaq səfərdən qayıdarkən təyyarə dəyişimi üçün gözləmə salonunda gəlini və nəvələri ilə Bakıya qonaq gələn ahıl, nurlu və çox səmimi bir insanla təsadüfi tanışlığım başqa bir təsadüfü üzə çıxardı. Qürbətdə yaşayan bu şəxs ara-sıra Bakıya gəlib qohumlarına, dostlarına baş çəkdiyini bildirdi. Köhnə Bakıdan, məktəb və universitet illərindən danışmağa başladı. Mexanika-riyaziyyat fakültəsini bitirdiyini biləndə atamın da vaxtilə orada çalışdığını dedim. O saat sözümü kəsərək soruşdu: “Familiyası?”. “Mahmudov, Ələddin Mahmudov” dedim. Onun reaksiyasını indi sözlə izah etmək çox çətindir. Atamın vəfat etdiyini biləndə isə kövrəldi, gözləri yaşardı. O nurlu insanın bundan sonra yol boyu Bakıya çatana qədər ən kiçik məsələlərdə belə kömək etmək cəhdləri isə məni kövrəldirdi.

Məni qətiyyən tanımayan, amma kimdənsə riyaziyyatçı Ələddin Mahmudovun qızı olduğumu bilən insanların yaxınlaşaraq “Mən Ələddin müəllimin tələbəsi olmuşam. Allah ona rəhmət eləsin!” deyib haqqında xoş, pozitiv sözlər söyləyən xeyli sayda insan oldu bu illər ərzində. Həmin anlarda hiss edirdim - bu insanlar əslində, onunla danışmaq, ona zamanında demədiklərini, deyə bilmədiklərini ifadə etmək istəyirdilər. Məclislərdə deyilən “Ələddin müəllim kimsəsiz, kasıb tələbələrin atası idi” sözləri atamı mənə bir daha tanıtdı.

Söhbət təkcə deyilənlərin atama aid olmasından getmir. Söhbət həm də insanların xatirələri yaşatmasından gedir, yəni müsbət nümunələri, davranışları özündə yaşadan insan beyninin seçimlərindən. Bir də yaşam üçün, bir icmanın, millətin və daha geniş miqyasda - insanlığın var olması üçün xeyirxahlığın, mənəviyyatın mövcudluğunu vacib sayan və bunu qoruyub saxlayan kollektiv yaddaşın gücündən, prioritetlərindən. Çünki həmin kollektiv yaddaş bilir - bir millətin, toplumun sağlamlığı mənəviyyatdan keçir.

Atamın fiziki yoxluğundan iki onillikdən də çox vaxt keçir. Məncə, bir insanın yaddaşlardakı yerinin nə qədər möhkəm olub-olmadığını sınamaq üçün yetərli bir zamandır. Dediyim kimi, bu illər ərzində atam haqqında çox xoş sözlər eşitdim. Ən əsası da odur ki, bu sözləri söyləməyə, o münasibəti göstərməyə həmin insanları heç nə vadar etmirdi, onların heç nədən, heç kimdən asılacaqları yox idi. Məndən də heç yox idi.

Bu arada, futbol üzrə növbəti dünya çempionatına lap az qalıb - bir həftədən də az.

 





11.06.2018    çap et  çap et