525.Az

Qarabağ Muğam Mərkəzi gənclərin sevimli ünvanına çevrilib


 

Qarabağ Muğam Mərkəzi gənclərin sevimli ünvanına çevrilib<b style="color:red"></b>

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Ağcabədidə inşa edilən Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi 2008-ci ilin sentyabrından fəaliyyətə başlayıb.

Geniş tədris korpusundan, yay və qış konsert zallarından ibarət Mərkəzdə məşğələlərin keçirilməsi, müxtəlif tədbirlərin, konsert tamaşalarının təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin istirahət parkı ərazisində yerləşən yaraşıqlı binası, dahi bəstəkar Üzeyir Hacıbəylinin ucadılmış büstü, əsərlərindən fraqmentləri əks etdirən kompozisiya, gün ərzindən səsləndirilən muğam ifaları, bəstəkar əsərləri burada xüsusi  bir ahəng  yaradır, hər kəsin diqqətini çəkir qəlbini riqqətə gətirir. Ötən illər ərzində bölgənin ictimai-siyasi həyatında mühüm rol oynayan bu müəssisə respublikanın qabaqcıl mədəniyyət mərkəzlərindən hesab olunur. Qarabağ və ətraf bölgələrdə muğam ifaçılığı sənətinin inkişaf etdirilməsində, təbliğ olunmasında, gənc istedadların üzə çıxarılıb, yetişdirilməsində onun xidmətləri əvəzsizdir

Tanınmış ziyalı Tofiq Cəfərovun rəhbərlik etdiyi kollektivin səyləri nəticəsində  Qarabağ Mugam Mərkəzi bu gün sözün həqiqi mənasında, gənclərin üz tutduqları sevimli bir ünvanına çevrilib. Mərkəzdə fəaliyyət göstərən tar və muğam şöbələrində, rəqs qrupunda məşğələlərin tələbkarlıqla keçirilməsi, ciddi nizam-intizam kolektivin nüfuzunu  daha da artırıb. Tofiq Cəfərovun dediyi kimi, tədris prosesinə yüksək ixtisaslı pedaqoji kadrların cəlb olunması da bu sahədə önəmli rol oynayıb. Əhəd Təhməzov,Nazim Şirinov, Tural Niftalıyev kimi öz işinin öhdəsindən bacarıqla qələn müəllimlərin peşəkarlığı sayəsində şagirdlər musiqiyə, ifaçılıq sənətinə möhkəm bağlanır, ixtias biliklərinə, səhnə mədəniyyətinə dərindən yiyələnirlər. Necə deyərlər, əsl usdad dərsi keçirlər. Təsadüfi deyil ki, son illər Mərkəzin yetirmələri respublikanın mötəbər musiqi yarışmalarında, festivallarda layiqincə iştirak edir, yüksək nəticələr qazanırlar. Ötən il Xan Şuşinski adına respublika uşaq muğam müsabiqəsində Muğam  Mərkəzinin şagirdi Nəcibə Məmmədova uğurla çıxış edərək üçüncü yer tutub, xüsusi medal və diploma layiq görülüb. Digər şagirdlər Zəhra Məmmədova və Nərmin Sultanova isə sözügedən müsabiqədə fəal iştiraklarına görə fəxri fərmanlarla təltif olunublar. Bundan başqa, şagirdlərdən Ceyhunə Şirəliyeva, Zəhra Məmmədova və Nərmin Sultanova Respublika Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən müsabiqədə muğam ifaçıları arasında ilk üç fəxri yerə sahib çıxıb, medal və diplomlarla mükafatlandırılıblar. Daha üç şagird isə  fəxri fərmanla təltif edilib. İstedadlı ifaçı Nəcibə Məmmədova 9-cu Beynəlxalq uşaq muğam festivalında da uğur əldə edib, ikinci yerə layiq görülüb. Muğam Mərkəzinin məzunu Arzu Mahmudova son respublika televiziya müsabiqəsində müvəffəqiyyətlə çıxış edərək, xüsusi diplomla təltif olunub. Həmin müsabiqəyə qonaq qismi ilə dəvət alan Nəcibə Məmmədovanın ifası münsiflər tərəfindən yüksək dəyərləndirilib.

Muğam Mərkəzinin şagirdləri estafeti bu il də layiqincə davam etdirirlər. Onların sırasında Aygün Həsənova ilk uğura imza ataraq Bülbül adına VII Beynəlxalq musiqi müsabiqəsində üçüncü yerə layiq görülüb. Müsabiqənin finalında iştirak edən Nərgiz Cabbarova isə diplom və fəxri fərmanla təltif olunub.Kollektiv tərəfindən Muğam Mərkəzində təhsilini başa vuran gənclərin respublikanın müvafiq ali məktəb və kolleclərinə daxil olmaları da daim diqqət mərkəzində saxlanılır. Sevindirici haldır ki, həmin məzunlardan Zəhra Məmmədova Ağdam musiqi kollecinə qəbul olunub. Arzu Mahmudova, Ceyhunə Şirəliyeva isə sənədlərini Milli Konservatoriyaya qəbul olmaq  üçün təqdim edib. Mərkəzin müəllim və şagirdlərinin bölgədə keçirilən tarixi günlərə, bayramlara həsr olunmuş tədbirlərdə, el şənliklərində, ictimaiyyət qarşısında, hərbi hissələrdə geniş konsert proqramları ilə müntəzəm çıxışlarını xüsusi olaraq qeyd etmək lazımdır. Onların bu nümunəvi çıxışları rayon icra hakimiyyəti tərəfindən dəfələrlə fəxri fərmanlarla qiymətləndirilib. Respublika mədəniyyət və turizm nazirliyinin tapşırığı ilə Muğam Mərkəzi müəllim və şagirdlərinin respublikanın bir sıra rayonlarında nümayiş etdirdikləri "Muğam dünyamız" adlı konsert proqramları geniş rezonansa səbəb olub. Kollektiv üzvlərinin nailiyyətləri respublika mətbuatında, televiziya kanallarında daim ətraflı işıqlandırılır. Mədəniyyət, "El" TV kanallarıında gənc ifaçıların çıxışlarına vaxtaşırı geniş yer verilir. Şagirdlərdən Nəcibə Məmmədova və Zəhra Məmmədovanın Dünya Tv kanalının "Nəğməli dünya" və "Sevilən səslər" adlı verilişlərində canlı yayımlanan   çıxışları muğamsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

T.Cəfərov bunlardan ürəkdolusu danışır,sevincini gizlətmir. Tofiq müəllimin qənaətinə görə, Qarabağ Muğam Mərkəzində, digər yerlərdə keçirilən hər bir tədbir kollektivi inkişafa doğru aparır, yeni-yeni naliyyətlərə səfərbər edir. Mərkəzin bu günlərdə 2017-2018-ci  tədris ilinin başa çatması münasibəti ilə sakinlər qarşısında təşkil etdiyi  hesabat konserti bu baxımdan  səmərəli olub. İctimaiyyət nümayəndələrinin, ağsaqqalların, ziyalıların, hərbi hissə əsgər və zabitlərinin, Qarabağ qazilərinin qatıldıqları bu möhtəşəm tədbirdə müəllim və şagirdlərin fəaliyyətinə, bacarığına, bir növ baxış keçirilib, qiymət verilib. Kollektiv üzvlərinin ifasında təqdim olunan muğam, xalq mahnıları və təsniflər, eləcə də rəqs nömrələri tamaşaçılara böyük ruh yüksəkliyi, xoş ovqat bəxş edib.

Yəhya PAŞAZADƏ

 





12.06.2018    çap et  çap et