525.Az

"Saf rənglər" beşinci beynəlxalq rəsm yaradıcılığı festivalı açıldı


 

"Saf rənglər" beşinci beynəlxalq rəsm yaradıcılığı festivalı açıldı<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində uşaq və yeniyetmələrin "Saf rənglər" beşinci beynəlxalq rəsm yaradıcılığı festivalının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, festival Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və ADRA-nın birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə beynəlxalq festival barədə məlumat verilib. Bildirilib ki, ənənəvi olaraq 2013-cü ildən keçirilən "Saf rənglər" festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyasında mühüm hadisədir. Festivalın beynəlxalq miqyasda tanınması son dörd ildə nəzərə çarpacaq dərəcədə artıb, coğrafiyası genişlənib. Tədbirin təşkilat komitəsi müsabiqə proqramına "Azərbaycan mənim gözlərimlə", "İdman", "Ətraf mühit", "Təhlükəsiz dünya" nominasiyalarını daxil edərək daim tematik və professional proqram genişləndirilməsi üzərində çalışır.

Qeyd edilib ki, festivalın üç yaşdan 16 yaşadək olan iştirakçıları təsviri sənətin bütün növ və janrlarında rəngkarlıq, qrafika, kiçik heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, həmçinin multimedia, installyasiya və animasiya kimi müasir incəsənət növlərində işlərini nümayiş etdirirlər. Bu ilin sentyabrında münsiflər heyəti tərəfindən seçilən işlərdən ibarət vernisajın bağlanış mərasimi, müsabiqədə üç yaş qrupu üzrə yeddi nominasiyada qaliblərin mükafatlandırılması, uşaq bayramı və ustad dərsləri keçiriləcək.

 





13.06.2018    çap et  çap et