525.Az

Paşinyan quldur rejimin üzvlərinə haqq qazandırmağa çalışır


 

"ERMƏNİSTANI İDARƏ EDƏN CİNAYƏTKAR QRUPLAŞMA DAİM II QAREGİNİN "XEYİR-DUASI" İLƏ HƏM ÖZ XALQINA, HƏM DƏ BAŞQALARINA QARŞI CİNAYƏTLƏR TÖRƏDİB"

<b style="color:red">Paşinyan quldur rejimin üzvlərinə haqq qazandırmağa çalışır</b>

Xəbər verdiyimiz kimi, Ermənistanda Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyətdə olduğu dövrdə yüksək vəzifələr tutmuş Qriqor Qriqoryan 2008- ci il 1 mart hadisələri zamanı birincinin tapşırığı ilə əli yalın əhaliyə atəş açdıqlarını etiraf edib.

İstintaqa çağrılaraq ifadə verən Ermənistanın daxili qoşunların keçmiş komandiri, daha sonra "Çiçəklənən Ermənistan" fraksiyasından deputat olan Qriqor Qriqoryan həmin dövrdə seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsinin Koçaryanın əmri ilə icra olunduğunu deyib. Qriqoryan ifadəsində bildirib ki, həmin vaxt daxili qoşunlarda rəhbər şəxs olduğu üçün ölkə prezidentinin əmrindən çıxa bilməyib. O, dediklərinin həqiqəti əks etdirdiyini sübut etmək üçün Robert Koçaryanla telefon danışıqlarının səs yazsını istintaqa təqdim edə biləcəyini deyib.

Q.Qriqoryan onu da bildirib ki, Katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyr-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Bu işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də həmin Qaregindir.

Hazırda bir çox yüksək çinli məmurlar, biznesmenlər Koçaryan-Sarkisyan çütlüyünün həbs olunacağı günü gözləyirlər. Həmçinin, dindarlar II Qareginin postundan istefa verməsini, həbsə atılmasını tələb edirlər.

İyunun 6-da müqəddəs Ramazan ayı münasibəti ilə verilən iftar süfrəsində çıxış edən prezident İlham Əliyev də Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid etdiyini bildirmişdi: "Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər".

İlham Əliyev qeyd edib ki, nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib: "Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir".

Lakin Ermənistanda baş verən etiraz aksiyaları nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan xalqın gözləntilərini doğrultmur. Həmişə populist bəyanatlarıyla diqqəti öz üzərinə çəkən Nikol Paşinyan susmağa üstünlük verir. Yeri gələndə isə quldur rejimin üzvlərinə haqq qazandırmağa çalışır. Hətta Dağlıq Qarabağ münaqişəsiylə bağlı Serj Sarkisyanla məsləhətləşmələrə ehtiyacı olduğunu bildirməklə onun əhəmiyyətli fiqur olduğuna işarə edir. Halbuki Paşinyan bu cinayətkar rejimə qarşı kampaniyaya başlayaraq, baş nazir postuna sahiblənib.

Siyasətdə təsadüfi adamlardan biri olduğunu atdığı hər addımı ilə sübut edən düşmən ölkənin "sadəlövh" baş naziri yalnız kadr dəyişiklikləri ilə bütün problemləri həll edəcəyini düşünür, məntiqdən uzaq, populist bəyanatlar verməklə xalqın ona olan etimadını itirir, özünə qarşı qəzəb formalaşdırır.

Ermənistanin baş naziri sələfləri kimi daxili auditoriyanın diqqətini yayındırmaq üçün Dağlıq Qarabağ məsələsiylə bağlı sərsəm fikirlər səsləndirir. Bununla siyasi danışıqlardan yayınan işğalçı ölkə rəhbərliyi münaqişə zonasında hərbi gərginliyi artırır. Nəticədə, bu il may ayının son günlərində Naxçıvan istiqamətində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

Qaş düzəldən yerdə, göz çıxarmaqla məşğul olan düşmən ölkə rəhbəri son olaraq parlamentdə çıxış edərkən bildirib ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, qondarma rejimin "parlamenti", "prezidenti" və "hökuməti" olduğunu qeyd edib, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürüb.

Paşinyan deyir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Halbuki bütün dünya ictimaiyyətinə, o cümlədən, ermənilərin özlərinə də məlumdur ki, Dağlıq Qarabağ bütün dövrlərdə Azərbaycan torpağı olub, ermənilər bu ərazilərə sonradan köçürülüblər. Vətəndaşlıq məsələsinə gəldikdə isə dinindən, dilindən və milliyətindən asılı olmayaraq, Dağlıq Qarabağda yaşayan hər kəs, o cümlədən, ermənilər Azərbaycan vətəndaşlığını daşıyıblar. İşğal prosesi nəticəsində məcburi köçkün düşən vətəndaşlarımızdan fərqli olaraq, yalnız Dağlıq Qarabağ erməniləri vətəndaşlıqdan çıxan və ya separatçıların təzyiqi altında buna məcbur edilən tərəf hesab oluna bilərlər.

Dağlıq Qarabağ adından danışmağa özündə haqq görməyən N.Paşinyan, deyəsən, işğal olunmuş ərazilərdə Ermənistan hərbi hissələrini yerləşdiyini, orada Ermənistan vətəndaşlarının hərbi xidmət keçdiyini də yaddan çıxarır. Hərçənd, öz oğlunu Dağlıq Qarabağda hərbi xidmətə göndərəcəyini bəyan edən Paşinyanın separatçı rejimin adından çıxış etməyə özündə hüquq tanımaması absurddur.

Əgər həqiqətən də Paşinyan qondarma rejimin adından danışmağa özündə haqq görmürsə, o zaman separatçılara göstərdikləri dəstəkdən - hərbi məsələlərdə iştirakdan da imtina etməlidir. Onsuz da bu dəstək heç bir işə yaramır. 2016-cı ilin Aprel döyüşlərində məğlub olan düşmən yalnız ürək bulandırmaqla məşğul olur.

Erməni mediası və ekspertləri də təsdiq edirlər ki, bugünə kimi Ermənistan aprel hadisələrinin şokunu yaşayır. Dördgünlük müharibə aydın şəkildə göstərib ki, məhz Azərbaycan tərəfi ölümcül zərbə vurmaq iqtidarında və gücündədir.

N.Paşinyan isə danışıqlar formatından yayınmaq cəhdləri ilə münaqişə zonasında baş verə biləcək hərbi toqquşmalarda məsuliyyət daşıyır.

Məsələ ilə bağlı fikirlərini bildirən siyasi ekspert Arzu Nağıyev qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır. O, "Trend"ə bildirib ki, N.Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra verdiyi açıqlamaların çoxu qeyri-ciddi və qeyri-adekvatdır: "Bunun da əsas səbəbi onun və ümumiyyətlə, Ermənistan hakimiyyətinin iqtisadi, siyasi və hətta hərbi proqramının olmamasıdır. Mitinqlər yeni başlayanda bunu "məxməri inqilab" kimi qələmə verməyə çalışan Paşinyan özü də bilirdi ki, onun konkret proqramları olmalıdır. Bu məsələ sadəcə Sarkisyan rejimini yıxmaqla bitmir".

Ekspert deyib ki, separatçılara "müstəqillik" söz verən N.Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini bilir: "Görünən odur ki, Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır".

A.Nağıyev bildirib ki, səhra komandirlərindən və cinayətkar ünsürlərdən təşkil edilmiş Sarkisyan-Koçaryan hakimiyyəti Ermənistanın məhvi, öz hakimiyyətlərini qorumaq üçün əllərindən gələni ediblər: "Lakin onlar hakimiyyəti sona qədər saxlaya bilmədilər, bu gün də çalışırlar ki, məsuliyyətdən yayınmaq üçün hakimiyyətə yenidən qayıtsınlar. Paşinyan bunu dərk edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaqdan çəkinir və məsuliyyətdən qorxur".

A.Nağıyev erməni kilsəsinin siyasi proseslərdəki fəaliyyətinə də toxunub: "Kilsə istər xarici lobbiçilər, istərsə də daxildəki siyasətçilər vasitəsilə, demək olar ki, Ermənistana tam nəzarət edir. Qəbul edilən qərarlarda kilsə birbaşa iştirak və müdaxilə imkanına malikdir. Hətta kilsənin özünün qeyri-qanuni silahlı birləşmələrinin mövcudluğu sirr deyil. İşğal olunan ərazilərdə və Ermənistanın özündə bu silahlardan daim istifadə edilib. Bu gün də kilsə Sarkisyan rejimini dəstəklədiyi üçün Katolikos ll Qareginin həbsini tələb edir. Yəni Ermənistanı idarə edən hərbi xunta rejimi daim ll Qareginin "xeyir-duası" ilə həm öz xalqına, həm də başqalarına qarşı cinayətlər törədib. Buna görə də kilsə rəhbərliyi tam şəkildə cinayət məsuliyyəti daşıyır".

Milli Məclisin deputatı Elman Məmmədov isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində tərəf kimi iştirak etməli olduğunu deməsi onun təcrübəsizliyindən xəbər verir: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejim münaqişənin həlli üzrə aparılan danışıqlarda tərəf kimi iştirak edə bilməz. Bu bəyanatı səsləndirən Paşinyan da, digərləri də yaxşı bilirlər ki, Azərbaycan torpaqları xaricdəki havadarlarının köməyi ilə Ermənistan tərəfindən işğal olunub, yən, bu işğal dövlət səviyyəsində olan işğaldır. Xocalıda soyqırımı Ermənistan tərəfindən törədilib. Lakin bunlar həmişə məsuliyyəti üzərilərindən atmaq üçün bu cür bəyanatlar səsləndirirlər. Paşinyandan soruşmaq lazımdır ki, əgər, doğrudan da, qondarma rejim "müstəqil ölkə"dirsə, özünü müdafiə edirsə, orada erməni hərbçilərinin nə işi var? Bəs Ermənistan bu rejimin "müstəqilliyi"ni niyə tanımır? Baş nazir postuna gələn kimi niyə Dağlıq Qarabağa getmişdi?! Yəni bütün bunlar onun sərsəmləməsidir, avantüralarıdır".

Deputat qeyd edib ki, N.Paşinyanın baş nazir kimi belə bəyanat səsləndirməsi onun danışıqlar prosesinin real vəziyyəti haqqında məlumatlı olmadığını göstərir: "Ümumiyyətlə, hələ heç bilinmir ki, Paşinyan hökuməti tam formalaşa biləcək, ya yox. Ermənistanda hələ də ara-sıra etirazlar olur. Paşinyan küçələrə çıxarkən insanlara verdiyi vədlərin heç birini bu gün baş nazir kimi yerinə yetirmir. Artıq yeni baş nazirə etimad azalır. Ona görə də Paşinyan diqqəti ölkə daxilindən Dağlıq Qarabağ münaqişəsinə yönəltmək, məsuliyyəti öz üzərindən atmaq üçün belə sərsəm fikirlər söyləyir".

Ceyhun ABASOV

 





13.06.2018    çap et  çap et