525.Az

Uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri


 

Uşaq əməyinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbiri <b style="color:red"></b>

12 iyun - Uşaq Əməyinə qarşı Ümumdünya Mübarizə günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində maarifləndirmə tədbiri keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbir zamanı uşaqlara hüquqları izah olunub, bu və ya digər şəraitdə uşaq əməyinin istismarına məruz qalmamaları, məcburi əməyə cəlb edilməmələri üçün onlara zəruri tövsiyələr verilib.

Sonra uşaqların əl işlərinə baxış olub.

Qeyd olunub ki, Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaşayan azyaşlıların ilkin yaradıcılıq bacarıqlarının (rəsm, musiqi, rəqs və s.) formalaşdırılması üçün müvafiq işlər aparılır. Artıq onların əl işlərindən ibarət sərgilərin də təşkil olunmasına başlanılıb ki, bu da uşaqlarda özlərinə inam hissinin artmasına, öz üzərlərində daha həvəslə çalışmalarına səbəb olur.

Tədbir çərçivəsində müəssisədəki musiqi, ingilis dili, habelə 12-15 yaş arası uşaqların sosial-psixoloji xidmətlərlə təmin edildikləri qrup işi otaqlarına baxış olub, uşaqların idman oyunları izlənilib.

Məlumat üçün bildirək ki, ötən ildən fəaliyyət göstərən müəssisədə uşaqların sosial, psixoloji, hüquqi vəziyyəti qiymətləndirilərək, nəticəsinə uyğun tədbirlər həyata keçirilir. Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin başlıca məqsədi baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların belə vəziyyətdən çıxarılması, onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmalarına, təlim-tərbiyə sistemi ilə əhatə olunmalarına şərait yaradılmasıdır. Həmçinin, müəssisəni tərk etdikdən sonrakı dövrdə bu uşaqların daimi yaşayış yeri ilə təmin olunmaları üçün valideynlərinə, qəyyumlarına, dövlət uşaq müəssisələrinə və ya alternativ qayğı müəssisələrinə təhvil verilməsi yönündə müvafiq işlər görülür. İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksəriyyətinin reabilitasiyası təmin edilib. Hazırda müəssisədə 17 uşaq reabilitasiya kursu keçir.

CEYHUN

 





13.06.2018    çap et  çap et