525.Az

Milli Məclis "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqlədi


 

QANUNA 60-DAN ÇOX DƏYİŞİKLİK EDİLDİ

Milli Məclis "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqlədi<b style="color:red"></b>

Milli Məclisin (MM) dünən keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
 
Layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, qanuna 60-dan çox dəyişikliyin edilməsi təklif olunur.

O qeyd edib ki, dəyişikliklərdən biri Azərbaycanda ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanların həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunmasını nəzərdə tutur:

"Yəni mövcud qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə edilən əlavəyə əsasən, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunacaqlar.

Bununla yanaşı, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Odur ki, qanundakı müvafiq maddənin 5-ci bəndi yeni redaksiyada verilib: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəyişikliklə Azərbaycanda valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər. Qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunub. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul ediləcəklər".

Digər dəyişikliklə isə maddənin 12-ci bəndi ləğv edilib. Bu bəndə əsasən, valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi xüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilərdi.

Eyni zamanda, qanuna edilən dəyişikliklərə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilməyəcək. Həmçinin, ilk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilməyəcəklər.

Müzakirələr zamanı millət vəkili Vahid Əhmədov isə sertifikasiya ilə bağlı məsələyə etirazını bildirib: "Bu sertifiasiya axı nəyə görə lazımdır? Bu, təhsildə islahatlar üçündür, yoxsa təhsildə, müəllimlərdə stress yaratmaq üçün? Mən bu məsələnin qəti şəkildə əleyhinəyəm. Birinə icazə verilir, birinə icazə verilmir. Bunun təhsilimizə ziyandan başqa, heç bir xeyri olmayacaq".

Millət vəkili Hikmət Babaoğlu digər dillərdə məktəblərin açılması məsələsi ilə bağlı narahatlığını ifadə edib: "Burada başqa dillər deyərkən hansı dillər nəzərdə tutulur? Bu məsələ məni narahat edir".

MM-in komitə sədri Siyavuş Novruzov bildirib ki, "Təhsil haqqında" qanun bütövlükdə yenidən işlənilməlidir: "Bu gün 62 dəyişiklik edilir. Sabah 102 dəyişiklik ediləcək və sairə. Bu məsələni yığışdırmaq lazımdır. Hesab edirəm ki, bu qanun bütövlükdə yenidən işlənməlidir. Eyni zamanda, dövlət xətti ilə xaricdə təhsil alanlar ölkəyə qayıtmırlar. Deyirlər ki, əmək haqqı azdır. Bu dövlətin pulu ilə oxumusansa, ölkəyə qayıdıb borcunu qaytarmalısan, xidmət etməlisən". S.Novruzov həmçinin qeyd edib ki, həmin tələbələrin təhsil xərclərini dövlət ödəyib, ona görə də ölkəyə qayıtmalıdırlar: "Onlar niyə ölkəyə qayıtmırlar? Həmin insanlarla müqavilə bağlanmalıdır ki, ona qoyulan sərmayəni qaytarsın, yəni işləməklə xalqına xidmət etsin".

Müzakirələrin sonunda qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

 





13.06.2018    çap et  çap et