525.Az

Aşağı gərginlikli və kontrol kabellərin ixracına başlanıldı


 

Aşağı gərginlikli və kontrol kabellərin ixracına başlanıldı<b style="color:red"></b>

“Sumqayıt Texnologiyalar Parkı” (STP) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Tacikistana növbəti məhsul ixracını həyata keçirib.

MMC-dən verilən məlumata görə, dünyada “Made in Azerbaijan” markasını təmsil texnopark sifarişçiyə Tacikistanda “Roqun” hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib.

Bildirilib ki, texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik kabel zavodlarından biri ilk dəfə olaraq xarici bazara 1 kv-dək olan aşağı gərginlikli və kontrol kabelləri ixrac edib.

Bundan öncə texnopark Tacikistanda həyata keçirilən “Ravşan yarımstansiyasının inşası və yenidən qurulması” layihəsi çərçivəsində istifadə üçün müxtəlif növ kabel məhsulları təqdim etmişdi.

Qeyd edək ki, texnoparkın kabel zavodunda 28 min çeşiddə 500 kv-a qədər orta, yüksək və daha yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Xatırladaq ki, “Sumqayıt Texnologiyalar Parkı” 2009-cu il dekabrın 22-də fəaliyyətə başlayıb. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsul ixrac etmək qabiliyyətinə malikdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammal beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal edilən bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur. 

Ceyhun ABASOV

 





14.06.2018    çap et  çap et