525.Az

Tural Rzayev: "Ərəb dövlətləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"


 

"MİSİR PREZİDENTİ ÖLKƏSİNİN İNQİLABLAR, VƏTƏNDAŞ QARŞIDURMALARI YAŞADIĞI, İQTİSADİ BÖHRANLA ÜZ-ÜZƏ DAYANDIĞI ÇƏTİN VAXTLARINDA ƏN BÖYÜK KÖMƏYİ AZƏRBAYCANIN GÖSTƏRDİYİNİ VƏ HEÇ VAXT BU YAXŞILIĞI UNUTMAYACAQLARINI BİLDİRİB”

Tural Rzayev: "Ərəb dövlətləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir"<b style="color:red"></b>

Azərbaycan Respublikasının Misir Ərəb Respublikası və Sudan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev "525-ci qəzet"ə müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik. 

- Cənab səfir, Azərbaycanla Misir və Sudan arasında siyasi əlaqələri necə xarakterizə edərdiniz?

- Azərbaycanla ərəb ölkələri arasında siyasi əlaqələr yüksək səviyyədədir. Qarşılıqlı olaraq beynəlxalq təşkilatlarda bəzi məsələlərdə bir-birimizin mövqeyini dəstəkləyirik. Hər iki ərəb dövləti Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını tanıyır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir, Azərbaycanın beynəlxalq hüquq normaları ilə üst-üstə düşən tam ədalətli mövqeyini müdafiə edir. Münaqişə ilə bağlı rəsmi Bakıya ən böyük dəstək göstərən beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, həm Misir, həm də Sudan bu qurumun fəal üzvlərindəndir. Hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərimiz, Xocalı soyqırımı ilə bağlı məsələlər müzakirəyə çıxarılanda qərar və qətnamələr yekdilliklə qəbul olunur.

Ümumiyyətlə, Misir və Azərbaycan arasında əlaqələrin qədim tarixi var. Orta əsrlərdə Misirdə hüquqi məsələlərlə bağlı fəaliyyət göstərən qazılar çox nüfuzlu peşə adamları hesab olunurdular. Misirdə bu peşə sahibləri, eləcə də filosof, şair, həkim, mühəndislər sırasında azərbaycanlılar da var idi. Həmin dövrün mənbələrinə baxdıqda, Bakuvi, Şirvani, Gəncəvi, Naxçıvani soyadında çoxlu ailələrin olduğunu görə bilərik. Bu ailələrin nümayəndələri Misir kimi böyük ölkədə ad-san qazanıb, məşhur olublar.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycanın ədalətli mövqeyinin Misir və Sudan ictimaiyyətinə çatdırılması istiqamətində hansı işlər görülür?

- Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə real faktlarla çatdırılması, ətraflı şəkildə izah olunması bütün səfirliklərin qarşısına qoyulan ümdə vəzifələrdəndir. Xarici dövlətlərin ayrı-ayrılıqda xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycan həqiqətlərinin ictimaiyyətə daha dolğun şəkildə çatdırılması üçün hər səfirlik təbliğat formalarını özü müəyyənləşdirir. Sosial şəbəkələrdən geniş istifadə olunan ölkələrdə bu internet resursları vasitəsilə ictimaiyyətə məlumat çatdırılması daha effektiv nəticələr verir. Bəzi ölkələrdə isə televiziyanın, çap və onlayn medianın imkanlarından istifadə etmək daha məqsədə uyğundur. Biz də Misirdə bu üsulların hər birindən istifadə edirik. Çünki Misir böyük ölkədir, təqribən 104 milyon əhalisi var. Təkcə paytaxt Qahirədə 20 milyona qədər insan yaşayır. Bu, Azərbaycanın ümumi əhalisindən iki dəfə çoxdur. Eləcə də Sudan 40 milyon əhali nüfuzuna malik olan ölkədir.

Həm sosial şəbəkələrin, həm də kütləvi informasiya vasitələrinin, o cümlədən, televiziya kanallarının imkanlarından geniş şəkildə faydalanırıq. İki ölkə arasında əlaqələr, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərimizin problemləri, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, o cümlədən, Xocalı soyqırımı haqqında məlumatlar veririk. Həmçinin, Misirin ali məktəbləri - Qahirə Dövlət Universiteti və "6 oktyabr" Universitetində Azərbaycan dili də tədris olunur. Bununla misirli tələbələr ölkəmizi daha dərindən öyrənmək imkanı əldə edirlər. Ümumilikdə, 100 nəfərə qədər insan Azərbaycan dilini öyrənir, ölkəmiz haqqında ilk mənbədən məlumatlar toplayır və nəticədə Azərbaycanın aktiv təbliğatçısına çevrilirlər. Onlar sosial şəbəkələrdə Azərbaycanla bağlı məlumatlar paylaşaraq, ölkəmizin əldə etdiyi nailiyyətlər barədə fikirlərini bölüşərək, ümumi işimizdə faydalı olurlar.

- Şimali Afrika ölkələrində Xocalı soyqırımının tanıdılması, eləcə də ermənilərin azərbaycanlılara qarşı törətdiyi digər vəhşiliklərin ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər kifayət qədər nəticə verirmi? Məlumdur ki, Sudan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası Xocalı soyqırımını qətliam kimi tanıyıb. Bu istiqamətdə ən yüksək nəticələrə nail olunması üçün daha hansı işlərin görülməsinə ehtiyac var?

- Qeyd etdiyiniz kimi, Misirdən fərqli olaraq, Sudan Xocalı soyqırımı ilə bağlı müəyyən səviyyədə qərar qəbul edib, xüsusi bəyanatla çıxış edib. Qarşımızda duran növbəti vəzifə Sudan parlamentində dinc azərbaycanlılara qarşı törədilən bu qətliamla bağlı ən üst səviyyədə qərarın qəbul edilməsinə nail olmaqdır.

Misirə gəldikdə isə, bu ölkə ilə Türkiyə arasında əlaqələrdə müəyyən gərginliklər var. Bunun mənfi təsirlərini biz də görürük. Vaxtaşırı olaraq, Misir parlamentində Türkiyə əleyhinə hərəkət etmək üçün uydurma erməni soyqırımı iddiası gündəliyə çıxarılır. Əlbəttə, biz bu məsələylə bağlı misirli deputatlarla təmaslara keçir, onlara həqiqətləri izah edir, əsl soyqırımın ermənilərə yox, Azərbaycan xalqına qarşı həyata keçirildiyini bildiririk. Çünki 100 il əvvəl guya ermənilərə qarşı hansısa hadisənin baş verdiyinə dair yalnız söhbətlər gəzir, müxtəlif fikirlər, versiyalar səsləndirilir. Türkiyə prezidenti də dəfələrlə deyib ki, arxivləri açmağa hazırdırlar. Ermənistan, Rusiya, İngiltərə və digərləri eyni addımı ata bilərlər. Təəssüf ki, həmin ölkələrdən səs eşidilmir.

100 il əvvəl baş verdiyinə dair yalnız iddiaların səsləndirildiyi hadisəylə bağlı müsəlman ölkəsində parlament səviyyəsində məsələnin müzakirəyə çıxarılması nə qədər düzgündür? Halbuki 26 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı qəbul etmək daha asan məsələdir. Çünki hələ də hadisənin şahidləri, zərərçəkmişlər mövcuddur, videolent, fotoşəkillər, tərəfsiz xarici media nümayəndələrinin yazıları var, həmçinin, faciə qurbanlarının adları məlumdur. Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və digərləri Xocalıda törətdikləri vəhşilikləri etiraf ediblər, erməni terrorunun ideoloqlarından biri olan Zori Balayanın bununla bağlı yazıları var. Yəni hər şey ortadadır. Həqiqət axtarılırsa, məhz bundan başlamaq lazımdır. Lakin təəssüf ki, bu gün ikili standartlar hər yerdə mövcuddur. Bu standartlar olan yerdə haqq-ədalətdən danışmaq çətindir. Çünki bizi eşitsələr də, məsələyə yalnız öz mənafeləri çərçivəsində yanaşma ortaya qoyurlar.

Səfir kimi fəaliyyət göstərdiyim ölkələrdə - əvvəllər Küveytdə, indi Misir və Sudanda media vasitəsilə dəfələrlə məsələ qaldırmışam ki, necə olur, Azərbaycanla bağlı BMT-də qəbul olunan 4 qətnamə icra olunmur, Liviya ilə bağlı səhər qəbul edilən qətnamə axşam icra edilir? Ərəb ölkələrində bu barədə danışanda mənə dəstək məqsədi ilə deyirlər ki, Fələstinlə bağlı 36 qətnamə var. Lakin o da bugünədək icra olunmayıb. Ərəb qardaşlarımız bizə qarşı ikili standartla yanaşıldığını görür, acılarımızı paylaşırlar. Bu mənada, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Misirə səfəri zamanı xarici işlər naziri Sami Şükrü belə bir ifadə işlədib ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinc, danışıqlar yolu ilə, Azərbaycan xalqının arzusu çərçivəsində həllinin tərəfdarıyıq və bunu dəstəkləyirik. Əlbəttə ki, xarici ölkə rəsmisinin bu cür mövqeyi bizim üçün xoş və olduqca əhəmiyyətlidir. Ancaq etiraf etməliyik ki, bu ölkələr dünya siyasətində həlledici qərarlar qəbul edən, təsir gücünə malik qüvvələr deyil.

- Azərbaycan Ankara ilə Qahirə arasında münasibətlərin bərpası üçün üzərinə barışdırıcı missiya götürə bilərmi?

- Təbii ki, bu, mümkündür. Hətta mən deyərdim ki, biz artıq bu işin içindəyik. Bəzən Türkiyəyə hansısa məsələni çatdırmaq üçün misirlilər mənə müraciət edirlər. Eyni ilə qardaş ölkə rəsmiləri də. Əlbəttə, həm Türkiyənin Qahirədə, həm də Misirin Ankarada səfirlikləri mövcuddur. Lakin hazırda səfir təyinatı olmadığı üçün həmin vəzifələri müvəqqəti işlər vəkilləri icra edirlər və sözsüz ki, səfirliklər vasitəsilə qarşılıqlı olaraq mesajlar çatdırılır. Mənə isə daha həssas məsələlərdə ehtiyac duyurlar.

Ümumilikdə, barışığın əldə olunması üçün hər iki tərəfin səmimi istəyi olmalıdır. Belə olan halda vasitəçi olmaq daha asandır. Əgər bununla bağlı müraciət olunarsa, üzərimizə düşən bütün köməkliyi göstərməyə hazırıq.

- Misirdə Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? Səfirliklə icma arasında əlaqələr hansı səviyyədədir?

- Misirdə azərbaycanlıların sayı çox deyil. Daimi əsasdə bu ölkədə yaşayan soydaşlarımızın sayı təxminən 45 nəfərdir. Bundan əlavə, Misirin ali məktəblərində azərbaycanlı tələbələr təhsil alırlar. Həmçinin, turist kimi gəlib-gedənlər var. Ancaq onlar burada daimi olaraq yaşamırlar.

Misirə səfir təyin olunandan sonra Diasporla İş üzrə Dovlət Komitəsi ilə birgə fəaliyyət çərçivəsində burada yaşayan azərbaycanlıları birləşdirmək üçün işə başladıq. Bu məqsədlə Misirdə yaşayan azərbaycanlıları səfirliyə dəvət edib, onları görüşdürüb iclaslar keçirməsi üçün şərait yaratdıq. Nəticədə, buradakı azərbaycanlılar diaspor təşkilatı formalaşdırdı, quruma sədr seçdilər. Təşkilatın sədri gənc, istedadlı tədqiqatçı alim Seymur Nəsirovdur. Onun Misirdə ərəb dilində iki kitabı çap olunub. Həmçinin, Seymur Nəsirov universitetlərdə dərs deyir. Eyni zamanda, onun təşəbbüsü ilə Misirin bir çox ali məktəbində Azərbaycan dili kursları açılıb. Seymur müəllim başda olmaqla oradakı azərbaycanlı müəllimlər ictimai əsaslarla ərəblərə Azərbaycan dilini öyrədirlər.

- Bildiyiniz kimi, bu il Azərbaycanda bir sıra tarixi hadisələrin 100 illiyi qeyd olunur, anım tədbirləri keçirilir. Bununla bağlı rəhbərlik etdiyiniz diplomatik nümayəndəliyin fəaliyyəti nədən ibarətdir?

- Səfirliyin diaspor təşkilatı ilə sıx əlaqələri var. Bir-birimizə qarşılıqlı dəstək göstəririk. Onlar bizim təşkil etdiyimiz tədbirlərdə iştirak edir, dəstək verirlər. 20 yanvar faciəsi, Xocalı və 31 mart soyqırımları, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Respublika günü, Ümummili lider Heydər Əliyevin doğum günü və digər tədbirləri birgə keçiririk. Çalışırıq ki, həmişə bir yerdə olaq, səsimiz daha gur çıxsın. Ancaq biz təkcə bir gün yığışıb tədbir keçirməklə işimizin yekunlaşdığını düşünmürük. Bütün ağrılı və sevincli günlərimizlə bağlı ictimaiyyəti məlumatlandırmaq missiyasını ilboyu davam etdiririk. Bu mənada, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Misirdə bir sıra tədbirlər keçirmişik. Bu münasibətlə dövlətimizin adından verilən rəsmi qəbulda 500 nəfərdən çox qonaq, o cümlədən, Misir ictimaiyyətinin tanınmış nümayəndələri, dövlət rəsmiləri, nazirlər, parlament üzvləri, qubernatorlar iştirak ediblər. Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ərəb dilində kitab çap edib. Bu kitabın Misirdə geniş şəkildə yayılması, kitabxanalara göndərilməsi nəzərdə tutulub. Nəşrdə müsəlman Şərqində yaranan ilk demokratik cümhuriyyətin tarixi, fəaliyyət göstərdiyi qısa vaxt ərzində qəbul etdiyi tarixi qərarlar öz əksini tapıb. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbirlər həyata keçiririk. Qarşıdakı dövrdə bir sıra tədbirlərin, o cümlədən, elmi konfransların keçirilməsi nəzərdə tutulub.

- Azərbaycan-Misir arasında mövcud iqtisadi-ticari əlaqələri necə qiymətləndirirsiniz?

- Misir və Azərbaycan uzaq Asiyadan Avropa və Afrikaya gedib-çıxan qədim ticarət yollarının üzərində yerləşib. İki ölkə arasında iqtisadi-ticari və mədəni əlaqələr məhz həmin dövrlərdən başlayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə iki ölkə arasında siyasi əlaqələrin əsası qoyulub, hətta keçən il bir çox dünya dövlətləri, eyni zamanda, Misirlə diplomatik münasibətlərimizin 25 illiyini qeyd etdik.

2016-cı ildə Misir prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. Bu ilin fevral ayında isə iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş keçirib. Hər iki görüşdə Misir prezidenti qeyd edib ki, ölkəsinin inqilablar, vətəndaş qarşıdurmaları yaşadığı, iqtisadi böhranla üz-üzə dayandığı ən çətin vaxtlarında ən böyük köməkliyi Azərbaycan göstərib. O, bu dəstəyi, yaxşılığı heç vaxt unutmayacaqlarını bildirib.

2010-2015-ci illər arasında Misir-Azərbaycan iqtisadi əlaqələri əsasən neft ixracı üzərində qurulmuşdu. Həmin dövrdə qara qızılın bazar qiymətləri olduqca yüksək - 140 ABŞ dolları civarında idi. Daha sonrakı dövrdə neftin qiymətində 3 dəfəyə qədər azalma müşahidə olundu. Ona görə də, digər ölkələrdən, o cümlədən, Körfəz dövlətlərindən - Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərindən Misirə neft idxalına başlanılıb. İndi onlar çox güzəştli kreditlərlə neft alırlar. Demək olar ki, bu, onlara havayı başa gəlib. Çünki ödənişi 50 ildən sonra edəcəklər. Əlbəttə ki, bu amillər iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Əvvəl ildə 1 milyard dollara yaxın ticarət mübadiləsi var idisə, indi bu, 200-250 milyon dollar civarındadır. Ancaq burada mühüm məqam ondan ibarətdir ki, indi bu əlaqələrin əsasında neft amili dayanmır. İki ölkə arasında iqtisadi-ticari münasibətlərdə qeyri-neft sektoru ön plana çıxır. Bu da Azərbaycan iqtisadiyyatının difersifikasiyası ilə əlaqədardır.

- "Made in Azerbaijan" brendinin təbliği və təşviqi istiqamətində Misirdə hansı işlər görülür?

- Bu istiqamətdə əsasən kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edirik. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı mövzusunda sərgi və tədbirlər keçiririk. Həmin tədbirlərə iş adamlarını dəvət edir, onları iqtisadiyyatımız barədə məlumatlandırırıq. Bununla da əməkdaşlıq əlaqələri üçün yeni imkanlar yaranır.

Ceyhun ABASOV

 





14.06.2018    çap et  çap et