525.Az

"Azərbaycan mükəmməl, istiqanlı insanların yaşadığı ölkədir"


 

TÜRKİYƏLİ REJİSSOR VƏ PRODÜSSER CAN ÖZBATUR: "BU ŞƏHƏRİN MEMARLIĞI, HEYKƏLLƏRİ, KONSERT ZALLARI, TEATR BİNALARI GÖZƏLDİR, AMMA ONLARI VAR EDƏN İNSANLARIDIR"

"Azərbaycan mükəmməl, istiqanlı insanların yaşadığı ölkədir"<b style="color:red"></b>

Bütün gün qaçhaqaçdadır. İşləyir, öyrənir, müşahidə edir, bütün bunlarla yanaşı, qarışqanın tozu necə qucaqladığını belə nəzərdən qaçırmamağa çalışır.

Tanınmış rejissor və prodüser Can Özbaturu deyirəm, iki ildir Azərbaycan yaşayır. Əslən Əskişəhərdəndir. Dokuz Eylül Universitetinin İncəsənət fakültəsində təhsil alıb. 1987-1994-cü illərdə Filma-Cass Film Production şirkətində prodüser kimi çalışıb. 1994-cü ildə Co Production Film şirkətini təsis edib və 2014-cü ilədək burada çoxlu sayda reklam və filmlər çəkib. 1997-ci ildə Zeynep Atakan ilə birlikdə New Art Film şirkətini təsis edib və Lola and Bilidi (Kutluğ Ataman, 2000), "Heçbiryerdə" (Tayfun Pirselimoğlu, 2002), "İqlimlər" (Nuri Bilge Ceylan, 2005) tammetrajlı filmlərinə prodüserlik edib. Hazırda Azərbaycanda yaratdığı "CO Production" şirkətində ölkəmizin film və reklam sektoruna öz töhfələrini verməkdədir. Az qala, ölkənin bütün bölgələrini gəzib, tarixini, mədəniyyətini, ən əsası, dilini öyrənir. Azərbaycan dilində mükəmməl danışan insanla qarşılaşanda sevinir. Özünü burada xoşbəxt və rahat hiss etdiyini deyir. Bütün bunlar və gördüyü işlərlə bağlı özü ilə ətraflı söhbət etdik.  

- Can bəy, iki ildir ölkəmizdəsiniz. Bu dönəm necə keçdi?

- İki il dopdolu keçdi. Bakıya ilk gəlişim 1990-cı illərə təsadüf edir. O dövrdəki şərtləri bilirsiniz, SSSR-dən ayrılma dönəmi idi. Həmin vaxt  Türk Hava Yollarının reklam çarxını çəkmək üçün gəlmişdim, ancaq görmək istədiyim işləri reallaşdıra bilməyəcəyimə əmin oldum, başqa ölkəyə yollandım. Ondan sonra uzun müddət Azərbaycana gəlmək imkanım olmadı. Növbəti dəfə 2006-2007-ci illərdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi üçün çəkdiyim tanıtım çarxının təqdimatı üçün gəldim. O da qısamüddətli idi. Mütəmadi gəlişim isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin  dəvəti ilə Turizm Film Festivalına münsif olmağımla baş tutdu. Həmin vaxt Azərbaycanla bağlı eşitdiyim qarışıq fikirlərin uydurma olduğunu gördüm. Bu ölkənin mükəmməl, istiqanlı insanların yaşadığı yer olduğuna gördüm. Ondan sonrakı səfərlərim uzunmüddətli və ən axırda qalıcı oldu.

- Ölkəmizdə film və reklam işi ilə məşğulsunuz. Halbuki bu gün Türkiyədə bu sektor daha çox inkişaf edib. Siz də orada önəmli işlərə imza atmısınız və daha artığını edə bilərsiniz. Bəs bu imkanlar varkən niyə Azərbaycanı seçmisiniz?

- Bu, təcrübəmin doğru yerlərdə istifadəsini düşünməyimdən qaynaqlanır. Türkiyədə mənim kimi peşəkarlar çoxdur. Azərbaycanda isə həm kino, həm reklam sahəsində təcrübəmdən yararlanmalı olduğunu düşündüyüm qaynar mühit var.  Burada yardım edib, dəstək olacağım, bildiklərimi paylaşa biləcəyim, bundan istifadə etməli olan xeyli insan var. Bu, mənə stimul verir. Bundan əlavə, Azərbaycanın kino sektorunda Türkiyənin 10-15 il öncəki vaxtını görürəm. Buna görə də,  bizim kimi təcrübə sahiblərinin burada olmasını vacib hesab edirəm.

- Qarabağla bağlı film üzərində işləyirsiniz. Bu layihəni reallaşdırmağa necə qərar verdiniz?

- Müharibə hər yerdə müharibədir. Mənə görə müharibədə qazanan yoxdur, itirən var, o da insanlardır. Əslində, bir neçə qolu olan bir filmdir. Bir insanın hekayəsidir. Həmin hekayədə Qarabağ da var. Filmlə bağlı danışmazdan əvvəl bunu qeyd edim, 2014-cü ildə film festivalına dəvət ediləndə Azərbaycanla bağlı xeyli araşdırmalar aparmışdım. Qaçqınların faciəsini, müharibədən zərər görən insanların həyatını, yaralarını, ağrılarını öyrənərək gəlmişdim. Həmin vaxt mətbuat konfransları keçirilirdi. Mənimlə bərabər bir neçə ölkədən dəvət edilmiş münsiflər də var idi. Mətbuat konfransında jurnalist avstriyalı rejissora "Qarabağla bağlı film çəkərsiniz?" sualını verdi. Rejissor buna olduqca siyasi, dolanbaclı və mənə görə sərt cavab verdi. Dedi ki, bu dəqiqə o məsələ sual altındadır, Qarabağa daxil olmaq mümkün deyil və bu haqda düşünmür. Eyni sualı mənə də ünvanladılar. Qarabağın ərazi bütövlüyünün Azərbaycan türkləri, Türkiyə türkləri üçün nə dərəcədə vacib olduğunu, oradakı mədəniyyətin zənginliyini, tarixini çəkmək üçün belə bir imkanı yaranarsa, film çəkə biləcəyimi dedim. Əslində, verdiyim cavab mənim üçün ideya oldu. Niyə də yox? Ən azından bu mövzunu özüm üçün gündəmə gətirdim. Bununla bağlı daha həssas, daha diqqətli işləməyə başladım. Müxtəlif fürsətlər çıxdı, həmin fürsətləri dəyərləndirmək üçün hərəkətə keçdim. Yeni dostlar, birlikdə işləyəcəyim peşəkar insanlarla məqsədlərimizi birləşdirmək üçün yol qət etdik. Sağ olsun, Mədəniyyət  Nazirliyi bizə dəstək oldu, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası qapılarını üzümüzə açdı. Film əsasən insanın müharibədəki tənhalığı, çəkdiyi əzabları, ailələrin parçalanması, dağılan həyatlardan bəhs edir. Ssenarini demək olar tamamlamışıq. Çəkilişlər payızın sonlarında gerçəkləşəcək. Filmin rejissoru mənəm, fikri, ideyası mənə aiddir. Ssenari müəllifi isə yazıçı Məqsəd Nurdur.

- Filmdə Türkiyədən hansısa simaları görə biləcəyik?

- Baş rolda azərbaycanlıların çox sevdiyi, 7-dən 70-ə hər kəsin tanıdığı aktyor iştirak edəcək. Hər halda indi adını açıqlamaq istəmirəm. Payıza qədər gözləyək!

- Kann kino festivalının mükafatçısısınız. Qarabağla bağlı filmdən də bu gözləntiləriniz var?

- "Var olmaq" filmi ilə bağlı xeyli planlarımız var. İlk növbədə beynəlxalq festivallara, eləcə də Kann festivalına təqdim edəcəm. Ən azından ilk mərhələdən keçəcəyinə inanıram. Bundan əlavə, orada Qala gecəsi keçirməyi planlaşdırıram. Sadəcə plan deyil, gerçəkləşdirəcəm. Qarabağla bağlı bu filmin Azərbaycanın, bizim qürurumuz olaraq geri dönəcəyinə inanıram. Demirəm ki, bu film azərbaycanlıların Qarabağ dərdinə dərman olacaq. Amma ən azından çəkdiyi sıxıntıları xəfiflədəcək, unudulan məqamları xatırladacaq, unutmağın mümkün olmadığını isbat edəcək.

- Siyasi yükü olan filmlər beynəlxalq festivalların qurbanı olur. "Var olmaq" filmi də Kannda bu cür aqibətlə üzləşə bilərmi?

- Kann festivalı ən prestijli, fərqli, siyasətdən uzaq, sənəti, yaradıcılığı üstün tutan festivaldır. Mənim bu film festivalına qatılmağım 2003-cü ilə təsadüf edir. Üç dəfə qırmızı xalçada addımlamaq şansım olub. Qaydaları dəyişmir. Hər il eyni sabitliklə, kriteriyalarla davam edir. Dəyişən münsiflər heyətidir, amma tərtibat eynidir. Qəbul edəcəkləri səviyyədə film çəkə bilmisinizsə, 90 faiz nəticə əldə etmiş sayılırsınız. Kann festivalı siyasətdən kənardır. Buna görə də, yenidən uğurlu nəticə alacağıma inanıram.

- Hazırda üzərində işlədiyiniz hansı layihələr var?

- Əslində, sizin gəlişiniz bizim üçün əlamətdar günə təsadüf etdi. İyunun 13-dən etibarən baş rolda Fərda Aminin iştirak etdiyi "Taksi Liza" komediya filminin çəkilişlərinə başlayırıq. Oktyabrın əvvəllərində kinoteatrlarda izlənəcək. Çəkilişlər otuz gündən sonra yekunlaşacaq.

- Kutluğ Atalay, Tayfun Pirsəlimoğlu, Nuri Bilgə Ceylan kimi iddialı adlarla ortaq işləmisiniz. Sizin üçün bu adlarla film çəkməyin hansı fərqləri və üstünlükləri oldu?

- Həmin projelərdə quruluşçu prodüser olaraq işlədim. Üç rejissordur, hamısının gördüyü iş bir-birindən fərqlidir. Tayfun Pirsəlimoğlu ilə işləmək insanın içindəki tənhalıq hissini qabardır. Onun üçün kameranın harada qoyulması yox, qarşısında kimin oynadığı önəm daşıyır. Məsələn, bir avtomobil səhnəsi çəkiləcəksə, hamı şüşənin təmiz olmasını istəyər, daha yaxşı görünsün, keyfiyyətli nəticə olsun deyə... Əgər Tayfunla işləyirsinizsə, həmin təmizliyə ehtiyac qalmır, çünki o, təbiiliyin tərəfdarıdır. Pirsəlimoğluna lazım olan, çirkli şüşənin arxasındakı aktyorun üz ifadəsidir.

Kutluğ Ataman uzun illər xaricdə yaşayıb. Buna görə də, hadisələrə öz prizmasından yanaşır. Tayfundan fərqli olaraq o, avtomobilin sadəcə, şüşələrinin deyil, oturacaqlarının da təmiz olmasını tələb edir. Ola bilər ki, bunlar kobud  örnəklərdir. Demirəm, Kutluğ təmiz işləyir, Tayfun pinti, sadəcə fərq belədir!

Nuri Bilgə Ceylana gəldikdə isə Tarkoviski kimdirsə, Bilgə də mənim üçün odur. Onunla işləyəndə köməkçiyə çevrilirsən. İştirakçı olmaq əvəzinə, çəkdiyi filmi gözəlləşdirmək üçün əlindən nə gəlirsə, etmək istəyirsən. Bilgə mənim üçün ustaddır.

- Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tanıtım çarxlarını çəkmisiniz. Demək olar ki, Türkiyə turizminin inkişafında imzanız var. Necə hissdir?

- 2003-cü ildə başlayan, 2010-cu ilə qədər davam edən bir dönəmdir. Layihələri qazandıq. Dördə yaxın nazirliklə işləmək şansımız oldu. Burada sadəcə, reklam filmlərindən bəhs etmək düzgün deyil. Türkiyənin 81 bölgəsində həm tarixini, həm mədəniyyətini, həm də təbiətini əks etdirən fotolar çəkdik. Türkiyə turizmi ilə zəngin ölkədir. Belə olduqda oranın qumunu, dənizini, günəşini turistlərə satmaq mümkün olur. Satmaq yanlış başa düşülməsin, PR-ı nəzərdə tuturam. Çəkilişlər başlamazdan əvvəl təxmini 13 milyon 600 min civarında olan turist sayı 27 milyona qədər qalxdı. 7 ildə əldə edilən yüksək say idi. Bunda əməyim, qatqım olduğu üçün son dərəcə xoşbəxtəm. Təvazükar insanam. Getdiyim yerlərdə, qatıldığım mərasimlərdə sadəcə, adımı deyirəm. Hansı işlə məşğul olduğumu demək adətim deyil. Amma bəzən elə olur ki, bu işləri,  filmləri ərsəyə gətirməyimi qürurla söyləmək ehtiyacı hiss edirəm. Əslində, səkkiz ildən sonra sizin bu sualı mənə verməyinizə şad oldum, illər əvvəli öyrənib gəldiyinizə isə təəccübləndim. Təşəkkür edirəm.

- Bir az da yaşadığınız, yaratdığınız və mənim həssas yerim olan Bakı ilə bağlı danışaq. İstanbuldan köçüb Bakıya uyğunlaşmaq çətin olmadı ki?

- Azərbaycan insanın istiqanlılığı, təbəssümü şəhərin cizgilərinə yansıyır. Burada getdiyim ölkələrin paytaxtlarında görmədiyim bir duyğu var. Küçədə kiməsə sual verəndə cavablandırırlar, sualdan sual doğur, söhbət uzanır. Maraqlanırlar, münasibət qurmağa çalışırlar. İnsan münasibətlərinin bu cür olduğu yerlərdə divarlar çox da əhəmiyyət kəsb etmir. Bu ölkə insanları ilə bütövdür, Azərbaycanı insanlarından ayrı düşünə bilmirəm. Çox ölkədə olmuşam, azərbaycanlılar qəbul etməsə də, dəqiq bir müşahidəm var - bu xalq çox pozitivdir. Hansı ki, başqa ölkələrdə bu pozitivliyi belə güclü hiss etməmişəm. Həm ölkə üçün, həm də xaricdən gələnlər üçün bu avantajdır. Çox gözəl bir bağa girirsən, bu vaxt bağban gəlir, bəlkə çox kasıbdır, ağzında bir dişi yoxdur, amma sənə doğru gülə-gülə gəlir. Bu məqamda insan onun bir parçası olduğunu düşünərək, özünü rahat hiss edir! Bu şəhərin memarlığı, heykəlləri, konsert zalları, teatr binaları gözəldir, amma onları var edən insanlarıdır! Bir marketə gedib alış-veriş edəndə, pulunuz əskikdirsə və satıcı sizi tanımırsa, deyir get, sonra gətirərsən! Bu, güvəndir. Sadəcə, qarşısındakına yox, özünə, öz dövlətinə inamıdır. Bunu başqa ölkələrdə görmək mümkün deyil.

- Hər gözəlin bir eybi var, indi deyirsiniz Bakı eyibsizdir?

- Yox, eyibsiz deyil. Binaların üstündəki kondisionerləri böyük qüsurdur. Bu cür memarlığın üstündəki həmin qutular yamaq kimi görünür!

- Əminəm ki, təcrübənizdən gənclər də yararlanmaq istəyər. Kino mövzusunda ustad dərsləri keçməyi düşünürsünüz?

- Ötən yay burada film çəkəndə günorta yeməyində 160 nəfər vardı. Onların hamısı vaxtaşırı ələndi. Əlimizdə 5-6 nəfər qaldı. Bu, məndə belə bir fikir yaratdı, maraq, həvəs var, amma texniki zəifliklər bunun ortaya çıxmasına mane olur. Texniki zəifliklər deyəndə avadanlıqları nəzərdə tutmuram. İşə yanaşmaları zəifdir və bu, əskiklikləri qabardır. Təşkil edəcəyimiz kurslar akademiya, məktəb deyil, sertifikatlı peşəkarlar yetişdirməyə dəstəkdir. Onlara qabıqlarından çıxmaqları üçün kömək etmək istəyirik.

- Teatrla bağlı planlarınız nə yerdədir?

- Belçikalı yazıçı Filip Blarbondun pyesi əsasında "Natalia"nı səhənləşdirəcəyik. Tamaşa sentyabrdan etibarən həftədə üç dəfə Rəşid Behbudov adına Mahnı teatrında oynanılacaq. "18+" olan bu tamaşa qadınlardan bəhs edir. Pyesdə onların haqq və hüququndan, problemlərindən danışılır. Qəribə olan isə rejissorun kişi olmasıdır (gülür).

Türkan TURAN

 





14.06.2018    çap et  çap et