525.Az

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü


 

Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü <b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, ulu öndərin ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etməsindən danışıb. Rektor bildirib ki, ümummilli lider müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi yeni ideologiyanın əsasının qoyub.

A.Məhərrəmov vurğulayıb ki, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüququ verib, öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi olduğunu deyən rektor bildirib ki, Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Rektor Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqın rifahı naminə faydalanacağına əminliyini ifadə edib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və digər çıxış edənlər Milli Qurtuluş Günü ilə bağlı fikirlərini bölüşüb, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən, dövlətçilik və azərbaycançılıq ideologiyasından danışıblar.

S.QARAYEVA

 





14.06.2018    çap et  çap et