525.Az

Sahibə Qafarova: "Ermənistan Günnüt əməliyyatından dərs almalıdır"


 

Sahibə Qafarova: "Ermənistan Günnüt əməliyyatından dərs almalıdır"<b style="color:red"></b>

"Qarabağ münaqişəsinin yeganə həlli yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir. Bu gün Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması heç kimdə şübhə doğurmur. Bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır".
 
Bunu Azərbaycanın AŞPA-dakı və "Avronest" PA-dakı nümayəndə heyətlərinin üzvü Sahibə Qafarova deyib.

O qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağda mövcud olan separatçı, kriminal rejimi tanımır. 

Onun sözlərinə görə, şübhə yoxdur ki, bütün bunlar ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatiyanın parlaq nəticələridir:

"Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, Azərbaycanın işğal altındakı torpaqları azad olunacaq. Bu məsələdə Azərbaycan öz istədiyinə nail olacaq, ədalət bərpa ediləcək. Tarixi həqiqətlər, beynəlxalq hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, Azərbaycanın iqtisadi gücü, hərbi potensialı və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir".

Deputat qeyd edib ki, erməni xalqı bu gerçəkliyi nə qədər tez dərk edərsə, bir o qədər onun xeyrinə olar:

"Bu gün Ermənistandakı ağır böhranın kökündə bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti dayanır. Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Azərbaycan torpaqlarını işğal etməsi Ermənistana heç nə qazandırmayıb, əksinə, bu dövlət işğalçılıq siyasətinin ağır fəsadlarını yaşayır. Bütün regional layihələrdən, mühüm enerji və nəqliyyat dəhlizlərindən kənarda qalan, heç bir iqtisadi perspektivi olmayan Ermənistan Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində dalana çevrilib. Təbii ki, bunda ölkəyə rəhbərlik etmiş kriminal ünsürlərin, o cümlədən, Ermənistanın keçmiş rəhbərlərinin rolu olub".

Kamil HƏMZƏOĞLU

 





14.06.2018    çap et  çap et