525.Az

Paşinyan ermənilərin ümidlərini necə puç edir?


 

Paşinyan ermənilərin ümidlərini necə puç edir?<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair 20 ildən artıqdır aparılan danışıqlarda işğalçı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində hər hansı bir irəliləyiş əldə etmək mümkün olmayıb.

Serj Sarkisyan rejimi on il ərzində müxtəlif bəhanələrlə status-kvonun saxlanmasına çalışdı, münaqişəni uzatmaqla həm də hakimiyyətinin ömrünü uzatdığını zənn etdi. Öz mənafeyi naminə Qarabağ kartından istifadə edən Sarkisyan rejimi sonda iflasa uğradı. Ölkəni bürüyən korrupsiya, işsizlik, ağır sosial durum, xarici borclar, çökmüş iqtisadiyyat erməni xalqını təngə gətirdiyindən meydana atılan Nikol Paşinyanın vədlərinə inanaraq ona dəstək verdi. Amma deyəsən, erməni xalqı artıq yanıldığının fərqindədir. Bir aydan çoxdur baş nazir kürsüsünə əyləşən Nikol Paşinyan erməni xalqının ümdini doğruldacaq heç bir addım atmayıb. Ancaq kadr islahatları aparıb ki, bu da təbiidir. Çünki Sarkisyanın kadrlarını vəzifədə saxlayıb, onlarla işləyəcək deyildir. Bir də, gördüyü "iş" Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sələflərindən daha radikal bəyanatlar verməkdir. Bununla əlbəttə ki, nəyəsə nail olmağa çalışır, amma yanılır. Çünki erməni xalqı belə bəyanatlardan artıq doyub. Sarkisyan rejiminin çökməsinin səbəblərindən biri də məhz bu oldu. Amma görünür, Paşinyan dövlət idarəçiliyindəki səriştəsizliyini, bacarıqsızlığını, siyasi gedişlər edə bilməməsini Qarabağ kartı ilə sığortalamağa çalışır. 

Məlumat üçün bildirək ki, ötən həftə Paşinyanın parlamentə təqdim etdiyi proqramı da sərt tənqid olundu. Ermənistan parlamentinin respublikaçı vitse-spikeri Eduard Şarmazanov proqramda məqsədlər, arzular, istəklər olduğunu, amma bunun ciddi bir siyasi xarakter daşımadığını deyib: "Sadalanan məqsədlərin və arzuların həyata keçirilməsi üçün heç bir vasitə, konkret addımlar, gözlənilən nəticələrin əldə edilməsi vaxtı göstərilməyib".

Şarmazanov əlavə edib ki, Paşinyan Ermənistanda mərhələli şəkildə inkişaf gözlənildiyini deyib, amma bu sənəddə iqtisadi artım sürəti üçün hər hansı bir vaxt göstərilməyib: "Həmçinin, hökumətin proqramında Ermənistanda yoxsulluğun səviyyəsinin hansı həddə qədər  azalacağı, yeni iş yerlərinin açılması, sənayenin inkişafı haqqında demək olar ki, heç bir söz yoxdur. Belə olan halda, yeni iş yerləri necə açılacaq. Sənəddə vurğulanır ki, kənd təsərrüfatını inqilabi temp ilə inkişaf etdirmək lazımdır. Üzr istəyirəm, amma bu nə deməkdir?"

O, sənədin xarici siyasət hissəsinə də toxunub və yeni hökumətin və onun liderinin  əvvəlki hökumətlərin xarici siyasət kursunu davam etdirdiyini deyib: "Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı heç bir çağırış yoxdur, üstəlik, KTMT ilə əlaqələrin dərinləşməsi təşviq edilir. Avropa İttifaqı ilə tərəfdaşlığın dərinləşməsi hökumətin ən vacib xarici siyasət istiqamətlərindən biri kimi vurğulanır. Ancaq Fransa, Almaniya, Yunanıstan və Kipr kimi Aİ ölkələri ilə əlaqələr barədə heç nə yoxdur. İran və Gürcüstan barədə də həmçinin.  Sənəddə ayrıca "Azad, layiqli və xoşbəxt vətəndaş" adlı bir fəsil də var. Biz hamımız vətəndaşlarımızın azad, ləyaqətli və xoşbəxt olmasını istəyirik. Ancaq xahiş edirəm deyin, xoşbəxt bir vətəndaşın hansı dəyər sistemi olmalıdır, milli, universal və xristian dəyərləri haqqında heç bir söz yoxdur, niyə?

Şarmazanov, həmçinin, sərhədyanı icmaların məsələsinə də toxunaraq qeyd edib ki, ölkənin  Azərbaycan tərəfindən daim təhlükə altında olan sərhəd sahələrinə malik olmasına baxmayaraq, hökumət bu məsələdəki siyasəti barədə bir söz demir.

Respublikaçı vitse-spiker "bu, hökumətin proqramıdır, yoxsa bir fincan kofe ətrafında söhbət", deyə sual edib.

Paşinyan hakimiyyətə gələndə, ekspertlər onun idarəçilikdə, siyasətdə zəif bir fiqur olduğunu və hansısa yeniliklər edə bilməyəcəyini vurğulayırdılar. Ötən müddət bu proqnozun düzgünlüyünü ortaya qoyur. Əsas gücü, ritorikanı Qarabağ münaqişəsinin üstündə cəmləyən Paşinyan, ölkəsini bürüyən ciddi problemlərin həlli stiqamətində hər hansı addım atmır.

Əvəzində, Dağlıq Qarabağdakı separatçı qurumun tərəf kimi danışıqlarda iştirakı barədə bəyanatlar verməkdədir.

Onun bu açıqlamaları artıq rəsmi Bakı tərəfindən cavablandırılıb. Azərbaycan XİN Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndirilib.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir... Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər. Dağlıq Qarabağda cərəyan edən son proseslər bir daha nümayiş etdirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması mütəşəkkil cinayətkar qruplaşma və mafiya strukturunun total əsarəti və istismarındadır", deyə XİN bəyan edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da məsələyə münasibət bildirib. O deyib ki, bu qərar Yerevan və Bakının razılığı ilə olmalıdır: "Moskvanın Dağlıq Qarabağ münaqişəsində mövqeyi dəyişməz olaraq qalır. Problem ATƏT-in Minsk qrupu vasitəsilə həll edilməlidir. Biz bunun ən yaxşı format olmasında əminik".

Lavrov vurğulayıb ki, əgər tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda təmsil olunmasında razılığa gəlsələr, bu, onların qərarı olacaq və biz hörmətlə yanaşacağıq.

Rusiyalı ekspert Vladimir Lepexin hesab edir ki, Paşinyan ziddiyyətli açıqlamalar verir: "Bir tərəfdən Ermənistanın baş naziri deyir ki, "müxtəlif qüvvələr"in Dağlıq Qarabağda sabitliyi pozmasına imkan verməyəcək, digər tərəfdən isə özü bu yaxınlarda mitinqlərdə Qarabağ klanı hakimiyyətinin əleyhinə çıxış etmişdi. Amma indi Paşinyan, daha doğrusu, onun arxasında dayanan qərbin xüsusi xidmət orqanları üçün Qarabağda bu klanın qalması faydalıdır.

Bu klan Qarabağdan hara gedəcək - axı onlar qarabağlıdırlar. Yerevanda vəziyyətə nəzarət edən eyni insanlar indi Xankəndində də vəziyyətə nəzarət etmək üçün Dağlıq Qarabağdakı separatçı qurumun hazırkı liderlərinin təsir imkanlarını azaltmaları əhəmiyyətli idi. Bu,  Serj Sarkisyan və başqaları idi. Bu məqsədə də nail olundu".

PƏRVANƏ

 





14.06.2018    çap et  çap et