525.Az

"İşsizlərə verilən yardımın artırılmasına ehtiyac var"


 

"İşsizlərə verilən yardımın artırılmasına ehtiyac var"<b style="color:red"></b>

Son illər baş verən devalivasiyalardan sonra bir sıra iş yerlərinin bağlanması işsizlərin sayını artırıb.

İşsiz qalmış əhalinin əksər hissəsi iş tapa bilmədikdə problemi həll etmək məqsədi ilə yerli Məşğulluq idarələrinə üz tutur. Lakin müraciət edənlərin bir çoxu qeydiyyata alınsa da, işsizlik problemi həllini tapmır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə Məşğulluq idarələrində işsiz statusu almış şəxslər 2015-ci ildə 28,9 nəfər, 2016-cı ildə 32,972  nəfər, əlavə boş iş yerlərinin tutulması üçün işçi qüvvəsinə olan tələbat 11086 nəfər, işsizliyə görə müavinət alanların sayı isə 1857 nəfər göstərilib. 2017-ci ilin may ayının statistikasına görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35,9 min nəfər olub ki, onların 37,3%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 263,8 manat olub.

Məşğulluq İdarələrinə müraciət edən işsizlərin bir qisminin işlə təmin olunduğunu deyən iqtisadçı eskpert Vüqar Bayramov hesab edir ki, Məşğulluq İdarələri əmək bazarını öyrənir, tətbiq edir, əmək bazarının mövcud səviyyəsini qiymətləndirir, hər hansı bir formada işsizlərə köməklik göstərməyə çalışır: "Əgər Məşğulluq idarələri onlara müraciət edən işsizləri işlə təmin etmir desək, yanlış olardı. Əlbəttə, onlar müraciət edənlərin bir qismini işlə təmin etməyə çalışırlar. Məşğulluq idarələri yalnız əllərində olan mövcud iş yerlərini təklif edirlər. Məşğulluq İdarələri iş yeri yarada bilməz ki. İşsiz qalan bəzi vətəndaş çox vaxt onlara təklif olunan işi bəyənmir. Təklif edilən iş ya onun sahəsinə uyğun olmur, ya da verilən əmək haqqı onun dolanışığı üçün bəs eləmir. Belə olan halda da işsiz statusu alanları sayı çoxalır. Buna görə də bəzən Məşğulluq idarələrinin ehtiyacı olanları işlə təmin edə bilməməsi kimi yanlış fikirlər ortaya çıxır. Deyə bilərik ki, ölkədə baş verən devalivasiyalar nəticəsində iş yerlərinin sayı azaldığı üçün məşğulluq idarələrinin əlində olan iş təklifləri də azalır. Hazırda iş axtaranların sayı çoxdur. Xüsusən də inşaat sektorunda iş axtaranların sayı artıb. Rəsmi statistikada da iş yerlərinin azalması qeyd olunur. Məsələn, rəsmi statistikada otuz min iş yerinin bağlandığı deyilir. Bu da o deməkdir ki, otuz min işsiz iş axtarır. Bunun üçün də yeni və daimi iş yerlərinin yaradılması lazımdır. Bu baxımdan iş yerlərinin sayı ilə iş axtaranlar arasında disbalans olduğuna görə məşğulluğun təmin edilməsində çətinlik yaranır. Hər bir iş axtaranın özü üçün münasib saydığı bir işi var. Bəzən də olur ki, əmək haqqı az olur deyə iş axtaranlar iş yerindən imtina edirlər. İşsizlərə verilən yardımın artırılmasına, müddətinin uzadılmasına, yəni işsizlərə uzun müddət yardım edilməsinə ehtiyac var ki, onların sosial vəziyyəti pisləşməsin. Məşğulluq idarələri məşğulluq siyasətini təkmilləşdirməlidir. Belə halda müəyyən qədər işsizlik faizini aşağı salmaq olar".

İqtisadçı Samir Əliyev isə deyir ki, dünyanın bir sıra ölkələrində göstərilən işsizlik faizi ilə Azərbaycanda da işsizlik faizi demək olar ki, eynilik təşkil edir: "Burada əsas rəsmi işsiz statusu almışların sayı əsas götürülür. Azərbaycanda da işsiz o adam hesab edilir ki, onlar Məşğulluq İdarələrinə müraciət edib qeydiyyata alınıblar. Məlumdur ki, işsizlik statusu daşıyan şəxsə müəyyən miqdarda müavinət verilir. Bu gün ölkədə işsizlik statusu almaq üçün müəyyən edilən meyarlar bir çox real işsiz olan insanların işsizlik statusu almasına imkan vermir. Tutaq ki, bölgələrdə insanların müəyyən pay torpaqları var. O insanlar artıq bir sahibkar kimi qeydə alınırlar. Bəzi müraciət edən şəxslərə də cüzi maaşlı işlər təklif edilir. O da təbii ki, qəbul edə bilmir və bu da səbəb olur ki, o şəxsi işsiz kimi qeydə almasınlar. Bu səbəblərə görə ölkədə rəsmi işsizlərlə real işsizlərin sayı arasında uçurum yaranır".

Xatırladaq ki, hazırda Azərbaycanda işsizlərin sosial müdafiəsi üsullarından biri işsizliyə görə müavinətdir. "Məşğulluq haqqında" qanuna görə, işsizlik statusunu məşğulluq mərkəzlərində almaq olar. Əgər bu mərkəzdə qeydiyyata alınan şəxs 10 gün ərzində işə təklif almırsa, ona rəsmi olaraq işsiz statusu verilir və işsizlikdən müavinət ödənilməsinə başlanılır. İşsizlik müavinətinin məbləği müxtəlif kriteriyalar əsasında hesablanır.

Ruzbeh MƏMMƏD

 





14.06.2018    çap et  çap et