525.Az

“15 iyun - Milli Qurtuluş günüdür” adlı sərgi keçirildi


 

“15 iyun - Milli Qurtuluş günüdür” adlı sərgi keçirildi<b style="color:red"></b>

İyunun 14-də Milli Kitabxanada “15 iyun  - Milli Qurtuluş günüdür” adlı geniş kitab sərgisinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözüylə açan Milli Kitabxananın direktoru Kərim Tahirov söyləyib ki, 1993-cü ildə Azərbaycanın xilası yolunda fədakarlıq nümunələri göstərən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə gəlmiş, ölkəmizi çətin vəziyyətdən çıxarmağa müvəffəq olmuşdur. Professor qeyd edib ki, Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulmuş, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olmuşdu. O, Ulu öndərin dünyada layiqli hörmət və böyük nüfuz qazandığını, onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin etdiyini söyləyib. Onu da qeyd edib ki, məhz dahi liderin uğurlu siyasəti nəticəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

AMEA-nın Fəlsəfə İnstitutu Davamlı İnkişafın Fəlsəfəsi şöbəsinin müdiri professor Sakit Hüseynov çıxışında Azərbaycançılıq məfkurəsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Ulu öndərin ictimai-siyasi fəaliyyətinə nəzər salan professor 1969-1986-cı illəri sovet rejimi dövrü, 1987-1990-cı illəri keçid dövrü, 1991-2003-cü illəri Azərbaycanın dövlət müstəqilliyinin bərpası dövrü kimi səciyyələndirib, Heydər Əliyevin siyasətdə atdığı qəti və inamlı addımları təhlil edib. Ulu öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşısında sonsuz xidmətlərindən danışaraq onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açıb.

Sərgidə Ulu öndər, dahi lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və digər dillərdə 200-ə yaxın ədəbiyyat nümayiş olunub.

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Şahanə MÜŞFİQ

 





15.06.2018    çap et  çap et