525.Az

“Uzaq və yaxın Polşa” kitabının təqdimatı keçirildi


 

“Uzaq və yaxın Polşa” kitabının təqdimatı keçirildi <b style="color:red"></b>

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında publisist Rövşən Ağayevin “Uzaq və yaxın Polşa” (Polska daleka i bliska) kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri Bayram Səfərov “Uzaq və yaxın Polşa” kitabını Azərbaycan ilə Polşa arasında dostluq və qardaşlıq əlaqələrinə növbəti töhfə kimi dəyərləndirib.

Xalqlarımız arasında əlaqələrin tarixindən və bu günündən ətraflı danışan B.Səfərov adıçəkilən əsərdə məhz həmin dostluğun tərənnüm olunduğunu vurğulayıb. O qeyd edib ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslərin, o cümlədən, Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, mühəndis Pavel Potoskinin, general Süleyman bəy Sulkeviçin və başqaların mühüm rolu olub: “Bu kitab Azərbaycan gənclərinin Polşanı tanımasında və sevməsində önəmli rol oynayacaq”.

B.Səfərov həmin əsərdə Azərbaycanın Şuşa şəhəri haqqında gözəl təəssüratlarla rastlaşdığını, Şuşadan olan görkəmli şəxsiyyətlərin Polşadakı həyatı ilə bağlı maraqlı yazıların olduğunu diqqətə çatdıraraq, bildirib ki, Polşada general Səməd bəy Mehmandarovun xidmət illəri, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun qrammofon valları yazdırmaları, Rəşid Behbudovun konsertləri, şərqşünas alim Teodor Şumovskinin Qarabağla bağlı zəngin tədqiqatları oxucuda geniş təsəvvür yaradır.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Ziyad Səmədzadə, Elman Məmmədov, Flora Qasımova, Xalq yazıçısı Çingiz Abdullayevvə digərləri kitabının XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər mühüm hadisələri əhatə edən dəyərli nəşr olduğunu söyləyib, Azərbaycan-Polşa əlaqələrinin inkişafına bu kitabın dəyərli töhfə olduğunu bildiriblər. Çıxış edənlər polyakların Azərbaycana həmişə doğma vətən kimi yanaşdıqlarını, bu əsərin yazıçının təxəyyülündən deyil, real insanların həyatından doğan tarixi faktlara söykəndiyini diqqətə çatdırıb, əsərin bədii və siyasi məziyyətlərini, ciddi siyasi məzmuna malik olduğunu vurğulayıblar.

Kitabın müəllifi Rövşən Ağayev tədbir təşkilatçılarına və iştirakçılarına, nəşrin işıq üzü görməsində göstərdiyi dəstəyə görə Slavyan Universitetinin rəhbərliyinə, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”na, İrşad” Araşdırmalar Mərkəzinə, həmçinin, “KÖVSƏR” mətbəəsinə minnətdarlığını bildirib.

Daha sonra müəllif əsərinin ideyasının iki xalqın tarixən bir-birinə yaxınlığını diqqətə çatdırmaq olduğunu vurğulayıb: “Polşalıların Azərbaycandakı həyatı bizim xalqımızın, azərbaycanlıların Polşadakı həyatı isə polyak xalqının tarixinin ayrılmaz hissəsidir. Azərbaycanın müstəqil dövlət olduğu indiki şəraitdə bu münasibətlərin öyrənilməsi son dərəcə vacibdir. Bu, bizim tariximizdir”.

Tədbirdə Polşa və Azərbaycan haqqında fotolar nümayiş etdirilib.

C.ABASOV

 





15.06.2018    çap et  çap et