525.Az

Kişilərdən doğulan qadınlar


 

Kişilərdən doğulan qadınlar<b style="color:red"></b>

Kim deyir ki, kişilər doğmur? Kişilər də doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur.

Bir az cəsarətindən, ən çox sevgisindən, bir xeyli də verdiyi güvəndən dünyaya gəlirlər. Necə ki, analar sancını, ağrını, əzabı, gələcək bütün fəlakətləri bilə-bilə uşaq dünyaya gətirirlər, eləcə də həmin kişilər bu riski gözə alır. Hər kişi bunu bacarmır. Bəziləri ömürboyu sonsuz olur.

Gabriel də hamı kimi anasından doğulmuşdu. Böyük bacısı ilə birlikdə rəqs edib, mahnı söylədikləri bir kafedə varlı zabit Etyenlə tanış olmasıyla başlayır, onun eşq həyatı...

Bacısı sevdiyi insana qoşulub yaşadıqları qəsəbəni tərk edir və bu, Parisə üz tutmaq üçün Gabrielə əla bəhanə olur. Qapıdan qovulub, bacadan girdiyi Etyenin malikanəsində yaşamağa nail olur.

Əvvəllər yalnız gecəlik sevişmə üçün onu evində saxlamağa razı olan və dostlarının qarşısına çıxarmaqdan utanan Etyen, bir müddət sonra ən böyük hobbisi olan atçılığı mükəmməl öyrənən gənc qadına bağlanmağa başlayır.

Yaşadığı malikanə onlarla qadın görməsinə rəğmən, orada ən uzun qalan Gabriel olur. Hər gecə içən, kef məclisləri təşkil edən, əyləncə içərisində ömür sürən Etyen bir müddət sonra Gabrielə xaos kimi görünür.

İnsanın ümidi öləziyəndə hər şeyi qəbul edir. Qapqara buludların arasında iynə ucu qədər işıq görəndə isə bütün dünyasını ona bağlayır. Gabriel üçün o işıq zülmət kimi gecənin birində yandı, Royla bərabər.

İngilis əsilli Roy Etyenin dostu, Gabrieli isə eşqlə tanış edən kişi olub. Etyen bunu hiss edir, qısqansa da büruzə vermir. Hətta Royun Gabrieli iki günlük ondan “borc almasına” və qısa tətilə aparmasına etiraz etmir.

Gabriel iki günü iki min il kimi yaşadı. Malikanədə keçirdiyi 3 ilin ardından yaşadığı anlar ona dünyanın heç də boğucu yer olmadığını xatırlatdı. Gənc və yaraşıqlı ingilislə insanların içində əl-ələ, qol-qola, rəqs edərək keçirdiyi bu tətil gənc qadının Roya dəli-divanə kimi aşiq olması ilə nəticələnir.

Sonra da deyirlər qadınlar nə istəyir? Nə istəyəcək? - sevgi, güvən, cəsarətlə əlindən tutulmasından başqa... Heç bir qadına hüceyrələrini tək-tək öldürən kişi ilə birlikdə olmaq xoş deyil. Kişinin məhv etmək miqyası böyüdükcə, qadın ox kimi dartılıb, özünü onun yanından ən uzaq hədəfə atır.

Gabrielə aşiq olduğunu hiss edən Roy, iki gündən sonra onu Etyenə təslim edir. Artıq əmin idi, bir-birinə bənzəyən insanların içində sevə biləcəyi yeganə qadını tapmışdı. Etyen bir vaxtlar evində saxlamaqdan imtina etdiyi, çevrəsindən gizlətdiyi qadının başqasını dəlicəsinə sevdiyini görəndə təlaşlanır.

Çox kişi belədir. Əvvəllər əhəmiyyət vermədiyi qadının başqası tərəfindən sevildiyini, əl üstündə tutulduğunu görəndə, dəyərini dərk edir, amma qatar çoxdan uzaqlaşmış olur. Etyen də belə kişilərdən idi. Gabrieli birdəfəlik itirdiyini hiss edəndə, ona evlilik təklif edir. Halbuki bunun gənc qız üçün zərrə qədər əhəmiyyəti olmur. Çünki o, ilk dəfə özünə dəyər verən, qadınlığını hiss etdirən, sevgini gül kimi başına ələyən kişini artıq tapmışdı.

Getməyə qərar verən və ya gedən qadının ayaqları altına sərvət töksən də, qayıdan deyil. Qadın sevdiyi kişi tərəfindən sevilmək istəyir. Ancaq gözlədiyi sevgini ala bilmirsə, üstəlik, dəyər görmürsə, həmin qadın dünyanın altını üstünə çevirəcək gücə sahib olacaq qədər təhlükəyə çevrilir.

Gün keçdikcə Gabriel də Etyenin qorxusuna çevrilirdi. Çünki onun evlilik, atelye açmaq təkliflərini rədd edən qadın Roydan başqa heç nə düşünmürdü. Etyen gənc qızın həyatını sarsıdan, əlindəki sonuncu qisas zərbəsini işə salır. Royun onunla evlənməyəcəyini, İngiltərənin ən zəngin ailəsindən birinin qızı ilə nişanlı olduğunu, yaxın günlərdə ailə həyatı quracağını deyir.

Dünya Gabrielin başına çökür. Ümidsizliyin, məğlubiyyətin, çarəsizliyin içində qıvrılır. Həmin gün özünə söz verir: “...heç vaxt evlənməyəcəm!”

Royla görüşür, hər şeyi bildiyini deyir. Roy isə onu sevdiyini, ölənə qədər bunun belə davam edəcəyini söyləyir. Belə də olur! Gabriel onun sevgilisi olmağı qəbul edir.

Roy ona moda sahəsində çox qabiliyyətli olduğunu, Parisdə kiçik bir atelye açacağını bildirir. Gabriel öz pulunu qazanır, bəzəkli tort kimi şlyapa geyinən, dəbdəbəli pərdə kimi gəzən qadınların tərzini dəyişir. Sevgilisi isə dayanmadan onu ruhlandırır, daha böyük işlərə imza ata biləcəyinə inandırır.

Budur, bir qadının kişi tərəfindən dünyaya gətirilməsi bu cür reallaşır. Ona güc verir, inandırır, dəstək olur, qayğı göstərir, təkcə özündə yox, hamının gözündə ucaldır. Bu qadınlar kişi sevgisindən doğulanlardır.

Royla Gabrieli bir-birinə bağlayan tellər sadəcə sevgi və biznes olmur. Oxuduğu kitablar, çılğın ehtiras, bitib-tükənməyən planları olur.

“Ehtiraslı Paris günləri”nin birində gənc sevgililər son dəfə görüşürlər. Roy birlikdə keçirəcəkləri bir aylıq tətil müjdəsini verdikdən sonra, yeni aldığı avtomobili ilə bir günlük İngiltərəyə üz tutur. Bir gün bir ömür olur. Roy avtomobil qəzasında həyatını itirir.

Gənc qadın ağrısı iliyinə qədər işləmiş nakam eşqin iztirabını içində yaşaya-yaşaya iynəyə, sapa, parçaya sarılır, gecə-gündüz, yorulmadan çalışır və dünya səviyyəsində stilist olur.

Dünyanın ən parlaq, təmtəraqlı modelyeri Coco Chanel belə doğulur.

Roydan sonra rusiyalı bəstəkar İqor Stravinsky ilə sevgili olur. Ayrıldıqdan sonra İngiltərənin ən nüfuzlu adamı Westminsterlə nişanlanır. Ancaq o nişan da, “həyatı boyunca evlənə bilməyən bu qadına” səadət gətirmir.

Coco Chanel bu hadisədən 7 il sonra memar Paul İrib ilə evlənməyə qərar verir. Bilirsiniz nə olur? Toya bir neçə gün qalmış İrib ölür.

Həyat onun dəlicəsinə sevdiyi Royun vaxtında verdiyi sözə xəyanət etməyə imkan vermir. Və Chanel evlənmək fikrini biryolluq yaddan çıxarır.

Chanel Royun boşluğunu heç vaxt doldura bilmir. Qaysaqlanmış, lakin bir balaca toxunan kimi qanayan yara kimi ömür boyu vücudunda qalır. Kiminin gəlişi, kiminin də gedişi fəlakət olur. Royun gedişi ikincilərdən idi.

Kim deyir ki, kişilər doğmur? Kişilər də, doğur: sevgi dolu, uğurlu, dünyaya meydan oxuyan güclü qadınlar məhz kişilər tərəfindən doğulur. Chanel kimi!

 





15.06.2018    çap et  çap et