525.Az

“Kardeş kalemler”in yeni sayında...


 

“Kardeş kalemler”in yeni sayında...<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin mətbu orqanı “Kardeş kalemler”in iyun sayı çap olunub. Hər zaman olduğu kimi, bu sayda da oxucular Türk Dünyasının dörd bir tərəfindən maraqlı yazılar, xəbərlərlə tanış ola biləcəklər.

Dərginin ilk sorağı Tatarıstandandır. Açılışı şair Zinnur Mansurov “Qartal kölgəsi” şeiri ilə edib. Həmçinin, Ramilya Yarullina İldırım “Ayaz İshaki: Millətinin inkırazında tatar mirzələrinin rolu” araşdırma yazısı ilə bu bölmədə yer alıb.

Bu ay Azərbaycan dərgidə iki yazarla təmsil olunub. Ölkəmizdən ilk yazı gənc şair Şahanə Müşfiqə aiddir. Onun qısa bioqrafiyasını müxtəlif mövzulu şeirləri izləyib. Yazıçı-dramaturq Hidayət Orucov “İllər və düşüncələr” dəftərindən “Türkiyə, mən sənin nəyini sevdim?!” - deyə sual edib. Yazını Türkiyə türkcəsinə dr.Seyfəddin Altaylı çevirib.

Qazaxıstandan şair Mərcan Aiek şeirləri, Batı Trakyadan Rəhmi Əli “Türk Dünyasında ilin ədəbiyyat adamı-2018. Anılarla yaşamaq” məqaləsi ilə qatılıb.

Türkiyədən Oğuzxan Yetiştinin “Qaqauz dilində yayımlanan ilk qəzet: “Ana sözü”, Yarən Şəbnəm Kılıçın “Heymeymoro”, Haluk Koçun “Türk dünyasının qüruru ata yurdunda...” məqalələri, Əminə Dumanın “Şəkərin uşaqları” hekayəsi, Ataman Kalebozanın “Tanrının ovcundakı yerə səfər” reportajı çap olunub.

Asenbek Stamov “Buva, sən nə zaman öləcəksən?” (tərcümə Cuma Bolat), Bekkazı Elebesov “Qara sevda” (tərcümə Muhittin Gümüş və Burul Elebesova) hekayələri ilə Qırğızıstandan qatılıblar.  “Xəbər” rubrikasında professor Əziz Sancarın Əhməd Yəsəvi Universitetindəki görüşündən, Ankarada keçirilən II Beynəlxalq Xoca Əhməd Yəsəvi simpoziumundan, “Türk dili UNİESCO-da”, Avrasiya Yazarlar Birliyinin UNİESCO-nun İdarə heyətinə seçilməsindən, “Türk dünyası və Avrasiya Yazarlar Birliyi” konfransından, Kastamonuda keçirilən “Türküstan” sərgisindən reportajlar yer alıb.

MEHRİ

 





15.06.2018    çap et  çap et