525.Az

Yeni layihələrin müjdəçiləri...


 

Yeni layihələrin müjdəçiləri...  <b style="color:red"></b>

Azərbaycan və Türkiyə regionun enerji xəritəsini zənginləşdirən tarix yazmaqda davam edir 

Son günlər qardaş ölkələr - Türkiyə və Azərbaycanın həyatında 2 mühüm iqtisadi-siyasi hadisə ilə yadda qaldı.

İyunun 11-də Türkiyənin İstanbul şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “SOCAR-Türkiyə” şirkətinin yeni inzibati binasının, iyunun 12-də isə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimləri keçirildi. Hər iki hadisə ilə Azərbaycan və Türkiyə bir daha sarsılmaz qardaşlığın təntənəsini və iqtisadi qüdrətini, qarşıya qoyduqları hədəflərə çatmaqda nə qədər qətiyyətli və inadlı olduqlarını dünyaya nümayiş etdirdilər.  

“SOCAR-Türkiyə” – sərmayələrin beyin mərkəzi... 

İldönümünün 10-cu ilində yeni inzibati binaya daşınan “SOCAR-Türkiyə”nin müasir dizaynla yaradılmış ofisinin açılışı Azərbaycanın Türkiyəyə açılan böyük sərmayə qapısı olmasının rəmzi mənası kimi də səciyyələndirilə bilər. Yeni ofis binasının açılışı münasibəti ilə təşkil olunmuş tədbirə qatılmış “SOCAR” prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Türkiyədəki  səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, "SOCAR Turkey Enerji A.Ş"nın İdarə Heyətinin rəhbəri Vaqif Əliyev, "SOCAR Turkey Enerji A. Ş"nın baş direktoru Zaur Qəhrəmanov, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin fikirlərində də Azərbaycan və Türkiyənin birgə iqtisadi nailiyyətlərə imza atmaqda, yeni hədəflərə irəliləməkdə artan səylərinə  diqqət yönəldilmişdi.

Yeni ofis Azərbaycan sərmayələrinin Türkiyə iqtisadiyyatına yönəldilməsində yeni uğur simvolu olacaq. “SOCAR”-ın prezidenti Rövnəq Abdullayevin bildirdiyi kimi, böyük əmək sərf olunaraq inşa edilən və Azərbaycan investisiyalarının mərkəzi olan yeni ofis binası iki qardaş ölkə arasında daim artan iqtisadi və mədəni işbirliyinin mərkəzinə çevriləcək. Azərbaycan investorlarının Türkiyədə var gücü ilə çalışmasına stimul verəcək. 2008-ci ildən indiyədək Türkiyədə sərmayələri ilbəil artıran “SOCAR” ən böyük xarici investorlardan biri kimi yatırımları yaxın müddətdə 19,5 milyard dollara çatdıracaq. Sərmayə planına uyğun olaraq ilin sonuna qədər “STAR Rafineri”, “Petlim Konteyner Limanı” və “Petkim RES”-in açılışları nəzərdə tutulub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim iki qardaş ölkə arasında uğurla həyata keçirilən layihələrin əhəmiyyətindən və iqtisadi inkişafa verdiyi töhfədən danışıb. Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver isə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixinə nəzər salaraq Cümhuriyyətin yaranmasını müsəlman-türk dünyasında dünyəvi dövlət quruculuğunda böyük tarixi hadisə kimi dəyərləndirib. Demokratik və milli dövlətçilik ənənələrinin müasir dövlətimizdə qorunmasından danışan Akkan Suver qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri ümummilli lider Heydər Əliyev və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün ideyaları əsasında dinamik inkişafdadır. Ulu öndərin siyasi iradəsi ilə “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilis-Ceyhan kəmərinin çəkilişinə dair sazişin imzalanması, Türkiyə ilə güclü regional layihələrin gerçəkləşdirilməsi qardaşlığın təntənəsinə çevrilib. Bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi münasibətləri və siyasi iradələri böyük gücə malikdir. 

TANAP – enerjinin İpək yolu  

İyunun 12-də Azərbaycan və Türkiyə Avrasiya məkanı üçün yeni yüksəliş və uzunömürlü rifah layihəsi olan Trans-Anadolu Qaz Kəməri (TANAP) xəttini istifadəyə verməklə regionda yeni tarix yazdılar. Ötən müddətdə dünyanın ən nəhəng tranzit layihələrini - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qarsı gerçəkləşdirən Azərbaycan və Türkiyə yeni strateji layihəni istifadəyə verməklə bölgənin taleyini dəyişdirəcək, regionun tarixində daha bir möhtəşəm geosiyasi-iqtisadi hadisənin müəllifinə çevrildi.

TANAP ilk dəfə gündəmə gələndə bəzi dairələr bunu yuxu, reallaşması qeyri-mümkün hesab edirdi. Ancaq Azərbaycan və Türkiyə layihəni gerçəkləşdirməkdə, əzmkar, qətiyyətli və inamlı idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əskişəhər bölgəsində keçirilən TANAP-ın təntənəli mərasimində bəyan etdiyi kimi amma biz dözdük, səbr etdik. “Doğru hesab etdiyimiz yolda səbrlə, ancaq israrla davam etdik. Türkiyə və Azərbaycanın qarşılıqlı etimadı sayəsində hədəfimizə çatdıq. İndiyə qədər böyük uğurlara imza atdıq. TANAP birgə əməyimizin son bəhrəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü, qardaş ölkələrin növbəti zəfəridir: “TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur”. 

Qarşıda yeni uğur hekayələri var... 

TANAP-la ilk qaz axını başlayıb və mavi yanacaq Türkiyəyə axmaqdadır. Uzunluğu 1805 kilometr olan boru kəmərindən Türkiyənin qazpaylama sisteminə iki qol ayrılıb və onun illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Azərbaycan və Türkiyə TANAP-ın davamı olan daha yeni möhtəşəm uğurlara çatmaq üçün birgə irəliləyir. Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi "İndi sırada böyük hədəflər, yeni layihələr və uğur hekayələri var. TANAP yeni planlar və layihələrin müjdəcisi olacaq".

Qarşıda Avropanı ağuşuna alacaq nəhəng enerji arteriyası olan TAP layihəsi işə düşəcək. Yaxın 2 il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Regionda əməkdaşlıq formulunun coğrafiyası 10-dan artıq ölkəni əhatə edəcək. 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyədən ibarət üçtərəfli əməkdaşlıq formatı TANAP-la yeddiyə çatıbsa, 2020-ci ildə 15-ə yaxın dövlətin əməkdaşlıq formatı ilə Avropada ən zəngin enerji xəritəsini tərtib etmiş olacaq. «Şahdəniz», «Ümid», «Abşeron», «Alov», «İnam» və digər zəngin qaz yataqlarından nəql olunan Azərbaycan qazı Avropanı isidəcək.

Azərbaycan və Türkiyənin dünyanın enerji xəritəsinə yeni tablo, rəngarənglik gətirməsini Avropa İttifaqı da nikbin davranış və inamla qəbul edir. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin qeyd etdiyi kimi, “TANAP” kəmərinin Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsidir. Bu layihə Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir. Biz hamımız Xəzər regionu və Avropa İttifaqı bazarının arasındakı bu “körpü”dən yararlana bilərik. Bu, uğur qazanmaq üçün birgə maraq doğurur.

TANAP layihəsinin üfüqləri o qədər genişdir ki, burada hər bir təchizatçıya geniş yer var, o cümlədən Rusiya və İran da bu layihəyə qoşulmaqla nəhəng bir qaz platforması yaratmış ola bilər. Yəni, bu marşrutlar şəbəkəsi ilə Avropaya il ərzində 5-dən çox ölkənin qaz ehtiyatlarını nəql etmək olar. 

“Bizim gücümüz birliyimizdədir...” 

TANAP layihəsi Türkiyə-Azərbaycan dostluğunun sarsılmaz bir formada inkişafına töhfə verməklə qarşıdakı illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzinin yaranacağını da ehtiva edir. Cənab İlham Əliyevin vurğuladığı kimi, Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə dünya çapında böyük gücə çevrilir və dünyanın gündəliyini müəyyən edir. Azərbaycan bundan qürur duyur və daha da güclənəcək: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir” deyən İlham Əliyev bu mesayı ilə həm də işğalçı Ermənistana, işğalı və terroru dəstəkləyənlərə “Nə qədər gec deyil, yanlış yoldan geri dönün” işarəsini nümayiş etdirdi.

Ərdoğanın söylədiyi kimi, bu cür qlobal layihələrlə enerjinin müharibə deyil, işbirliyi üçün əsas yaratdığını dünyaya göstərdik. Türkiyə tranzit ölkədən bölgənin taleyini həll edən dövlətə çevrilir və regionda sülh, təhlükəszilik, dostluq platformasını möhkəmləndirir. Bu əməkdaşlıqda yer alıb dostluq etməyi bacaranlar daha böyük uğurlara sahib olacaq, dost əlini geri çevirənlər isə məyus olmaqdan və regional təcridin acı fəsadlarını yaşamaqdan başqa yol tapmayacaq.

 





16.06.2018    çap et  çap et