525.Az

Parisdə “Ekspo 2025”ə ev sahibliyinə namizədliklə bağlı təqdimatlar


 

NOVRUZ MƏMMƏDOV: “BAKININ ÜMUMDÜNYA SƏRGİSİNƏ EV SAHİBİ SEÇİLMƏK ŞANSI DAHA ÇOXDUR”

Parisdə “Ekspo 2025”ə ev sahibliyinə namizədliklə bağlı təqdimatlar <b style="color:red"></b>

İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliklə bağlı təqdimatlar olub.

AZƏRTAC-ın məlumatına görə, sessiyada Azərbaycanın baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti üzvlərinin Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimatları dinlənilib.

Təqdimat Novruz Məmmədovun çıxışı ilə başlayıb.

Baş nazir çıxışında Bakının namizədliyinin hökumətimiz və cəmiyyətimiz tərəfindən tam dəstəkləndiyini vurğulayıb. Bildirib ki, bu dəstək Bakının doğru zamanda doğru məkan olduğunu göstərir.

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməyə tam hazır olduğunu bildirən Azərbaycanın baş naziri deyib ki, universal sərgilər beynəlxalq əməkdaşlıq üçün böyük fürsət yaradan müxtəlifliyin nadir nümayişidir: “Azərbaycan Respublikası Beynəlxalq Sərgilər Bürosunun dəyərlərini və görüşlərini bölüşür. Azərbaycan Ümumdünya Sərgisi və Beynəlxalq Sərgilər Bürosu ilə birgə tarix yazmağa hazırdır. Azərbaycan Beynəlxalq Sərgilər Bürosunun ən etibarlı tərəfdaşı olacağına təminat verir. Bu məsuliyyəti asan hesab etmirik. Ümumdünya Sərgisinə ev sahibliyi etmək Azərbaycan üçün prioritetdir. “Ekspo 2025”ə ev sahibliyi xalqımızın potensialının reallaşması üçün yaxşı fürsət olacaq”.

Qeyd olunub ki, Azərbaycan qitələrin və sivilizasiyaların kəsişməsində yerləşir: “Ölkəmiz əsrlər boyu Qərb və Şərq, Şimal və Cənub arasında siyasət, iqtisadiyyat və ticarət körpüsü olub. İki min il ərzində qədim İpək Yolu müasir Azərbaycan torpaqlarından keçib və keçir. Ümumdünya Sərgisini keçirməklə ölkəmiz mədəniyyətlərarası dialoqa, tolerantlığa daha böyük töhfə verə bilər. Əsrlər boyunca Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh və qarşılıqlı hörmət mühitində birgə yaşayıblar. Cəmiyyətimiz, dövlətimiz dünyəvidir və biz bundan qürur duyuruq”.

Vurğulanıb ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası beynəlxalq mübadilələr mərkəzinə çevrilib: “Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ən yaxşı qarşılıqlı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaratmışıq. Bu platforma bu gün dünyanın üzləşdiyi bəzi problemləri həll etməyə imkan verir. Belə platformalara BMT, UNESCO, Avropa Şurası tərəfindən dəstəklənən, iki ildən bir keçirilən Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərik”.

“Bakı Ekspo 2025” milli inkişafın aparıcı amili olan insan kapitalının inkişafına sərmayə yatırmaq kimi milli strategiyamıza tam uyğundur. 1991-ci ildə müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan fövqəladə bir inkişaf yolu keçib. İnklüziv və davamlı inkişaf ölkəmizin forma və istiqamətini dəyişib. “Ekspo” sərgisi bu müstəsna inkişafı dünyaya təqdim etməyə imkan verəcək.

“İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusunu təklif etmək qərarına gəldikdə isə o, təcrübəmizə və daha da inkişaf etmək istiqamətində gördüyümüz işlərə əsaslanır. Səylərimiz dərin izlər qoyub. 2015-ci ildə əhalinin rifahının yaxşılaşdırılmasına, eləcə də BMT-nin Minilliyin İnkişaf Məqsədlərində nəzərdə tutulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirməsinə görə Azərbaycan Cənub-Cənub mükafatına layiq görülüb. Tariximiz boyunca İpək Yolu səyahətçilərinin axını Azərbaycana misilsiz tolerantlıq, zəngin mədəniyyət və əsl yaradıcılığı ilə tanınan nadir bir ölkə nüfuzu qazandırıb. Namizədliyimiz qəbul olunduğu təqdirdə, Şərqi Avropa, Qafqaz və Xəzər dənizi regionlarında Bakı Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq”, - deyə baş nazir bildirib.

Əlavə edilib ki, “Bakı 2025” sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni məkanda yeni auditoriya cəlb etmək imkanı yaradacaq, yeni regionda, yeni bir dövrdə yeni tarixlər yazmaq şansı verəcək: “Bu, Azərbaycan xalqına Beynəlxalq Sərgilər Bürosuna onun ən yaxşı tərəfdaşlarından biri olduğunu göstərməyə imkan verəcək.

Bakı ölkəmizin dünyaya təqdim etdiyi töhfələrin qürurlu simvolu kimi daim inkişaf edir. Şəhər dəniz sahilində və sivilizasiyaların qovuşduğu bir məkanda sürətlə inkişaf edir. Bakı Şərq ilə Qərbin görüşdüyü, keçmişin gələcəklə qarşılaşdığı şəhərdir, yeni tarixi yazmağa hazır olan məkandır. Bakı yeni dövrdə Qafqaz regionunun ən böyük və ən sürətlə inkişaf edən şəhəridir.

Bakının Ümumdünya Sərgisinə ev sahibliyi etmək istəyimiz səmimidir və qəlbimizin dərinliyindən gəlir. Təklif etdiyimiz mövzu vacibdir və əsl qlobal əhəmiyyət daşıyır. Azərbaycan sərgi məkanının tikintisi və idarə olunması üçün bütün lazımi vəsaitləri təmin etməyə və Beynəlxalq Sərgilər Bürosunun qaydalarına riayət etməyə hazırdır. Əminik ki, Bakı Ümumdünya Sərgisi üçün ən yaxşı şəhərdir. Bakının qələbə zamanı çatıb”.

Sonra Azərbaycan Respublikasının maliyyə naziri, “Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun rəhbəri Samir Şərifov sərgi iştirakçılarının rahatlığı, xarici vətəndaşlar üçün yaradılan şəraitdən, “ASAN Viza” rejimindən, ölkəmizin ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən danışıb, 40 mindən çox könüllünün həmin tədbirlər zamanı göstərdiyi xidməti diqqətə çatdırıb.

“Bakı Ekspo 2025” Ümumdünya Sərgisinin işçi qrupunun üzvü Məryəm Qafarzadə Bakı şəhərinin “Ekspo 2025” sərgisinə seçdiyi mövzu ilə bağlı ətraflı məlumat verib.

Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov “Ekspo” hərəkatının fəal üzvü olan Bakıda “Ekspo 2025” üçün seçilən məkan haqqında danışıb. O bildirib ki, Bakının beynəlxalq hava limanına yaxın, bütün nəqliyyat infrastrukturu ilə təmin edilmiş 200 hektarlıq məkanda böyük “Ekspo” kəndi salınacaq. “Ekspo 2025” sərgisinin qurulacağı sahə barədə danışan birinci vitse-prezidentin köməkçisi deyib ki, ərazi rəmzi olaraq səkkizguşəlidir: “Gələcək üçün ümid və istək nümunəsi olan bu rəmz Azərbaycanın müxtəlifliyini tərənnüm edir”.

Təqdimat zamanı Azərbaycan haqqında və Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması barədə hazırlanmış filmlər nümayiş etdirilib. Filmlərdə bəşəriyyət üçün çox vacib olan insan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması mövzusunu 2025-ci ildə Bakıda müzakirə etməyə dəvət səslənib.

Səfər çərçivəsində baş nazir N.Məmmədov Beynəlxalq Sərgilər Bürosunun prezidenti Stin Kristensen, baş katibi Visente Lossertales, baş katibin müavini Dimitri Kerkentzes və bürodakı nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Baş nazir Novruz Məmmədov, həmçinin, Fransanın M6 və “Euronews” televiziya kanallarına müsahibə verib.

Daha sonra təqdimatla bağlı AZƏRTAC-a açıqlamasında N.Məmmədov qeyd edib ki, 2025-ci ildə Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Azərbaycan Respublikasının təqdimatı çox maraqlı olub: “Ölkəmizin təqdimatı yüksək səviyyədə təşkil edilib”.

N.Məmmədov bildirib ki, belə böyük universal sərgilərin təşkili planetimizin həyatında mühüm hadisədir: “Belə bir sərgini təşkil etmək hüququ qazanan ölkə öz imkanları haqqında dünyaya, beynəlxalq birliyin üzvlərinə ətraflı məlumat vermək imkanı əldə edir. Belə böyük sərgilər uzunmüddətli olur. Onlara xüsusi hazırlaşmaq lazımdır”.

Baş nazir deyib ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, müstəqillik illərində çox böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib: “Bizim bu sahədə zəngin təcrübəmiz var. Hər üç namizəd şəhərin təqdimatı arasında Azərbaycanın təqdimatı daha uğurlu, maraqlı və perspektivli idi. Ölkəmizin irəli sürdüyü mövzu, bu mövzu ətrafında qaldırılan məsələlər olduqca əhəmiyyətlidir və diqqəti daha çox cəlb edir. Bu baxımdan hesab edirəm ki, ölkəmizin seçilmək şansı daha çoxdur”.

N.Məmmədov noyabrda baş tutacaq səsvermənin Azərbaycan üçün uğurlu olacağına inanır: “Ümumiyyətlə, belə bir mühüm tədbirdə Azərbaycanın iştirakının özü elə böyük hadisədir. Ancaq tam uğurumuz üçün hələ çox çalışmalıyıq”.

Qeyd edək ki, Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının növbəti sessiyası 2018-ci ilin noyabr ayında keçiriləcək. Bu sessiyada Beynəlxalq Sərgilər Bürosuna üzv dövlətlərin nümayəndələri gizli səsvermə yolu ilə 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi edəcək şəhəri müəyyənləşdirəcəklər.

 





17.06.2018    çap et  çap et