525.Az

Cənub Qaz Dəhlizinə beynəlxalq maraq artır


 

AZƏRBAYCANIN TƏŞƏBBÜSKARLIĞI İLƏ HƏYATA KEÇİRİLƏN VƏ ARTIQ REALLIĞA ÇEVRİLƏN LAYİHƏ BÜTÜN DÜNYANIN DİQQƏTİNİ ÖZÜNƏ CƏLB EDƏ BİLİB

<b style="color:red">Cənub Qaz Dəhlizinə beynəlxalq maraq artır</b>

Məlum olduğu kimi, iyunun 12-də Türkiyədə, Əskişəhərdə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) təntənəli açılış mərasimi keçirilib.

“Şahdəniz-2” yatağından hasil olunan təbii qaz Cənubi Qafqaz Boru Kəməri vastiləsilə Gürcüstandan keçərək Türkiyədə TANAP-a ötürülüb. Bununla çoxları üçün inanılmaz görünən nəhəng enerji layihəsi Azərbaycan və Türkiyənin işbirliyi ilə reallığa çevrilib.

TANAP-ın əhəmiyyətindən danışan “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, iyunun 12-də Azərbaycan dünya enerji tarixində daha bir möhtəşəm uğura imza atıb: “Bu tarixi hadisə həm Azərbaycan-Türkiyə dostluq və qardaşlığının ən yüksək səviyyəyə çatdığını, həm də Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində etibarlı tərəfdaşa çevrildiyini nümayiş etdirir”. V.Rəhimzadənin sözlərinə görə, TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı ölkələrimiz, bölgəmiz və Avrasiya üçün önəmlidir: “Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir” deyən dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, iki qardaş ölkə XXI əsrin enerji tarixini birlikdə yazır”.

Baş redaktor bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və qlobal layihələr uzaqgörən və düşünülmüş siyasətin, güclü siyasi iradənin nəticəsində mümkün olub: “Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” çoxlarına əfsanə kimi görünsə də, uğurla reallaşdırıldı. Bu tarixi sənədin bəhrəsi kimi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri açıldı. Təbii ki, bu uzaqgörən siyasət davam etdirildi. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində 2014-cü ildə XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu, bu günlərdə isə bu meqalayihənin təntənəli sürətdə açılış mərasimi keçirildi. Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP-ın istifadəyə verilməsi isə bu möhtəşəm uğurların davamıdır”.

V.Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan və Türkiyənin birgə səyləri regionda inkişafa, sülh və təhlükəsizliyə mühüm töhfələr verir: “TANAP-ın istifadəyə verilməsi Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən prezident İlham Əliyev bildirib ki, bu gün bu tarixi gündə də biz birlikdəyik. “Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır” deyən dövlətimizin başçısı dünyaya mühüm mesajlar verib. Sözsüz ki, bu, bir daha onu göstərir ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkə olmaqla yanaşı, strateji müttəfiqdirlər və bütün məsələlərdə, bütün sferalarda bir-birilərini dəstəkləyir. Bu mənada, Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə çəkir”.

Siyasi şərhçi Arzu Nağıyev isə qeyd edib ki, TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. O, SİA-ya bildirib ki, Türkiyə, Ukrayna, Serbiya və digər dövlət rəhbərlərinin açılış mərasimində iştirakı bu layihəyə necə önəm verildiyini göstərir.

O bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan qazının məhz Cənub Qaz Dəhlizi vasitəsilə TANAP layihəsi çərçivəsində Avropaya çatdırılması və onun TAP xəttinə qoşulması müsbət bir haldır: “Şahdəniz” qazının bu gün Avropaya çatdırılması 20 il bundan əvvəl təsəvvürə gəlməyən bir hadisə idi. Bu gün artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında mühüm rol oynayan bir dövlətə çevrilib. Prezident İlham Əliyevin də dediyi kimi, TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Azərbaycan artıq alternativ olaraq, böyük dövlətlərlə eyni müstəvidə adı çəkilən bir dövlətə çevrilir. Bu həm siyasi, həm iqtisadi cəhətdən çox mühüm əhəmiyyət kəsb edir”.

Hazırda Cənub Qaz Dəhlizinə dünya ölkələrinin marağı daha da artmaqdadır. Azərbaycanın təşəbbüskarlığı ilə həyata keçirilən və artıq reallığa çevrilən bu layihə bütün dünyanın diqqətini özünə cəlb edə bilib.

Azərbaycanda Avropa İttifaqı nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin işə salınması Azərbaycan və Avropa İttifaqı üçün xoşbəxt məqamdır. O, “Trend”ə bildirib ki, TANAP-ın buraxılışı tərəflərin Azərbaycan qazını iki ildən sonra Avropa bazarlarına gətirəcək “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi üzrə birgə işə sadiq olduqlarını aydın şəkildə göstərib: “Azərbaycanı təbrik edirəm, bu uzaqgörən ideyanın sahiblərini təbrik edirəm. Hesab edirəm ki, münasibətlərin inkişafında növbəti addım nəqliyyat kimi sahələrdə daha inteqrativ layihələr olacaq, çünki Azərbaycan nəqliyyat qovşağı qismində daha böyük rol oynamaq niyyətindədir. Biz Avropa İttifaqı və Azərbaycan arasında çox vacib olan nəqliyyat sektoru üzrə strateji dialoqa başlamışıq. “Cənub Qaz Dəhlizi” artıq buradadır, o, reallıqdır, Avropa İttifaqı ilə Azərbaycanı birləşdirir. Biz xalqlarımızı və ticarət maraqlarımızı birləşdirən daha çox layihə həyata keçirməyə səy göstərməliyik”.

D.Daniilidis qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan strateji enerji tərəfdaşlarıdır: “Enerji tərəfdaşlığı haqqında anlaşma memorandumu var, hazırda isə biz daha hərtərəfli olan və əvvəlkindən daha çox sahələri əhatə edən yeni sazişi üzrə danışıqlar aparırıq. Azərbaycan son illərdə çox dəyişib, Avropa İttifaqı da dəyişib. Buna görə də, gəlin, yeni saziş məsələsində nikbin olaq. Mən ümid edirəm ki, bu saziş xalqlar, şirkətlər və administrasiyalar arasında daha güclü inteqrasiyanı təmin edəcək”.

ABŞ Dövlət Departamentindən isə bildirilib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi qitənin enerji bazarlarının dayanıqlılığını artıracaq: “Bu layihə Avropanın enerji bazarlarının dayanıqlılığını yüksəldəcək və qaz idxalı üzrə bir mənbədən asılılığı azaldacaq”.

Qeyd olunub ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir: “Belə ki, bu boru kəməri qitəyə yeni marşrutla keçməklə Avropaya tamamilə yeni qaz mənbəyi təqdim edəcək”.

Ceyhun ABASOV

 





17.06.2018    çap et  çap et