525.Az

“Kişi ağlamaz” deyirlər!


 

“Kişi ağlamaz” deyirlər!<b style="color:red"></b>

Mənim həyata baxışıma folklorumuzun, sözün həqiqi mənasında, böyük təsiri var. Bir çox hallarda ətrafımdakı insanlara, eşidib-gördüyüm hadisələrə folklorumuzun gözü ilə yanaşıram.

Son dövrlər şəxsiyyətin cəmiyyətə, yaxud da cəmiyyətin şəxsiyyətə təsiri artdığından, mənim insanları dəyərləndirmə meyarım birbaşa folklorumuzdan asılılığımı göstərir.

Hələ uşaqlıq dövründən hamımızın tez-tez eşitdiyimiz bir kəlam var: “Kişi ağlamaz”. Ola bilsin, biz insan olaraq bir-birimizə təskinlik vermək, psixoloji dəstək olmaq üçün bu kəlamdan istifadə edirik...

Yaxşı yadımdadır, məktəbdə futbol oynayanda qolum sınmışdı. Allah rəhmət etsin, Möhübbəddin əmim tanınmış sınıqçı idi, qolumu sarıyanda mənə ilk sözü də bu oldu: “Ay oğul, bəsdi! Adamlar görür axı, heç kişi də ağlayarmı?” Qolumu sarıdı, zarafatla da dedi ki, əvvəl qolun əyriymiş, bax indi düzəldi, di dur get.

Vallah onda ağrıkəsici də yox idi, amma mənə sözün təsiri min ağrıkəsicidən daha çox faydalı oldu. İndi niyə bu kəlamın arxasınca düşmüşəm, onu müzakirə edirəm? Nədir və yaxud da kimdir səbəbkar?

Çox hörmət bəslədiyim, tanınmış jurnalist, professor Qulu Məhərrəmlinin, eləcə də dəyərli qələm sahibi, şair Vaqif Bəhmənlinin Modern.az-ın “Mənim kəndim” layihəsində işıqlandırılan müsahibələrini, düşüncələrini, uşaqlıq xatirələrini oxuduqda ilk demək istədiyim də bu söz oldu: Bəs deyirlər, “Kişi ağlamaz”, niyə tanıdığım qürur və əyilməzlik simvolu olan bu insanların göz yaşlarını duyuram, görürəm? Özüm-özümə sual verirəm, bəlkə kişilər zəifləyib və yaxud kəlamın təsiri azalıb?!

Rəhmətlik atam can üstündəydi, vəsiyyət elədi: “Oğullarım, yarananın hamısı bir gün köçəcək... Şükür ki, bütün arzu və istəklərimə çatmışam, hər birinizin evi-eşiyi, övladları, işi-gücü var! İnanmıram ki, mənim ölümüm sizə atasızlıq yaşatsın, şükür, hər biriniz artıq atasınız, babasınız! Bilin ki, insan atadan-anadan yetim qalmır, insan Vətəndən yetim qalır, Torpaqdan yetim qalır! Bax, bizim hamımız 1993-cü ildən yetimik! İstərdim ki, Hacı Qaraman ziyarətgahında, atamın yanında dəfn olunum. Bu da, Allah özü bilir ki, nə sizlikdi, nə mənlik...” Kəlmeyi-şəhadət gətirəndən sonra gözlərini yumdu və sanki filmlərdə olduğu kimi, bir anda dünyasını dəyişdi! Atamın həmin anda gözlərində bir damla yaş gördüm!..

Əziz Qulu müəllim, ay qadasın aldığım Vaqif müəllim, nə qədər göz yaşlarınızı gizlətsəniz də, bilinir axı, ürəyinizin hər döyüntüsündə, yerişinizin hər addımında ağlaya-ağlaya gedirsiniz. Vallah-billah, nə qədər gizlətsəniz də, görünəcək, o vaxta kimi ki, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Ağdama, Şuşaya, Kəlbəcərə qayıdacağıq.

Dillər Universitetində Respublika Elmi konfransı keçirilirdi. Universitetin rektoru, akademik Kamal Abdulla iştirakçıların təqdimatı zamanı Cocuq Mərcanlı məktəbinin direktorlarının adını çəkəndə çox çalışdı ki, göz yaşlarını gizlətsin, yox, Vallah yox, bacarmadı! Axı mümkün deyil, içində Vətən, Torpaq dəyəri, həsrəti olan insan bunu gizlədə bilməz, o ki qaldı yaradıcı insan ola... Bacarmaz! Bacarmadı da!

Mən Ramiz Rövşənin şeirlərini, Aqil Abbasın günümüzün hadisələrini ürək yanğısı ilə müzakirə obyektinə çevirən yazılarını oxuyanda necə düşünməyim ki, bu insanlar ağlayırlar. Ağlayırlar, vallah ağlayırlar!

Bir dəfə dostum dedi ki, a qardaş, vallah adam lap qadın kimi, qışqıra-qışqıra ağlamaq istəyir. Doğrudanmı, ağlamaq üçün mütləq qadın olmaq gərəkdir? Düşündürücü qiymətləndirmədir.

Azərbaycan kino sahəsində parlaq iz buraxmış “Bizim Cəbiş müəllim” filmində yadımda qalan ən silinməz an Cəbiş müəllimin eynəyinin altında gizlənmiş göz yaşları sayıla bilər, desəm, məni qınamazlar. Şəhid olmuş qonşusunun, dostunun itkisinə necə ağlamasın?

İdman yarışlarında uduzan komandanın üzvləri məğlubiyyət acısı yaşayaraq ağlayır, həmçinin, qalib komandanın üzvləri sevincindən hönkürür... Amma yenə “kişi ağlamaz” deyirlər.

Qoy bütün kişilərimiz Qarabağ torpağında müqəddəs simvollar daşıyıcısı olan üç rəngli, ay ulduzlu Bayrağımız dalğalanan anda ağlasınlar! Onda bizə heç kim deməz ki, kişi ağlamaz! Xankəndinədək, Şuşayadək qışqıra-qışqıra, hönkür-hönkür ağlaya-ağlaya, sevinc göz yaşları tökə-tökə gedərik, kişilər! İnşallah!

Əzim ƏLİOĞLU

 





19.06.2018    çap et  çap et