525.Az

Parisdə “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda konfrans - Fotolar


 

Parisdə “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda konfrans - <b style="color:red">Fotolar</b>

Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində “Türk dünyası: maarifçilik və identiklik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Azərbaycan, Türkiyə və Qazaxıstanın Fransadakı səfirliklərinin, UNESCO yanında daimi nümayəndəliyimizin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə institutunun və Fransanın Nis Sofia Antipolis Universitetinin dəstəyi ilə keçirilib.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Gunay Əfəndiyeva mövzunun əhəmiyyətinə toxunaraq, türkdilli dövlətlərin mədəniyyət və irsi dünya sivilizasiyasının ayrılmaz parçası olduğunu bildirib. O qeyd edib ki, türkdilli dövlətlər xalq yaradıcılığına və yazılı ədəbiyyata bir çox yeniliklər gətirib, beynəlxalq aləmdə bəşəri uğurlar əldə edib: “Kitabi Dədə Qorqud”, “Koroğlu”, “Manas” kimi tarixi irs nümunələri bütün Türk dünyasının sərvətidir, türkdilli dövlətlərin milli abidələridir”.

G.Əfəndiyeva bildirib ki, ümumtürk mədəniyyəti dünya mədəniyyətinə böyük töhfələr verib, türkdilli xalqların dahi şəxsiyyətləri – mütəfəkkirləri, yazar-şairləri, alimləri bəşəri nailiyyətlər qazanıb. O, Türk dünyasında qadının şərəfli yerindən, diplomatiyada onların rolundan söz açıb və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında geniş məlumat verib.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyəti, onun tarixi, həyata keçirdiyi islahatlardan və dövlət rəmzlərinin qəbul edilməsindən danışıb. O, 1991-ci ildə müstəqilliyini bərpa edən ölkəmizin üzləşdiyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyətin stabilləşdiyini, iqtisadiyyatın dirçəldiyini deyib.

Eyni zamanda, prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Qərblə əlaqələrinin və əməkdaşlığının genişləndiyi diqqətə çatdırılıb.

Səfir birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafına, eləcə də mədəniyyətimizin təşviqinə töhfələrindən bəhs edib.

Qazaxıstanın Fransadakı səfiri Jan Qalıyev türkdilli ölkələr arasında siyasi, iqtisadi və mədəniyyət əlaqələrindən, ölkəsində bu istiqamətdə görülən işlərdən danışıb. Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Bolaşak” təqaüd, latın əlifbasına keçidlə bağlı “İctimai şüurun müasirləşdirilməsi” proqramlarından danışıb.

Türkiyənin Fransadakı səfiri İsmayıl Hakkı Musa ölkəsinin türkdilli ölkələrlə münasibətlərə böyük əhəmiyyət verməsindən və bu ölkələrdə qədim türk abidələrinin bərpasına töhfələrindən söz açıb. Səfir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, bu tədbirlərin Türk dünyasının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığını bildirib.

Konfransın ikinci hissəsində Fransanın Nis Sofia Antipolis Universitetinin siyasi elmlər və hüquq fakültəsinin dekanı Kristian Vallar, fakültənin dekan müavini Ksavye Latur, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zöhrə Əliyeva çıxış edərək XIX-XX əsrlərdə Azərbaycan maarifində kimlik məsələsi, hüquq və Vətən xidmətində vətəndaş təhsili, Azərbaycandakı maarifçilik ideyaları, milli təhsil və inteqrasiya, eləcə də türkdilli ölkələr arasında əməkdaşlıq kimi mövzular ətrafında çıxış ediblər.

Konfransdan sonra Azərbaycan İncəsənət Akademiyasnın professoru, rəssam Cəmilə Həşimovanın əsərlərindən ibarət “Türk dünyasının cənnət bağları” adlı sərginin açılış mərasimi olub. Sərgidə türkdilli ölkələrin nümayəndələri - Azərbaycandan Səddam Novruzbəyov (balaban, tütək), Qazaxıstandan Aygerim Yersainova (kobız) və Türkiyədən Sərxan Uyar (saz, kaval) milli çalğı alətlərində xalq musiqilərini səsləndiriblər. Tədbir iştirakçıları milli şirniyyatlara qonaq ediliblər. 

C.ABASOV

 





20.06.2018    çap et  çap et