525.Az

Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu - Fotolar


 

Kamran Nəzirlinin 60 illik yubileyi qeyd olundu - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış yazıçı, publisist və tərcüməçi Kamran Nəzirlinin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə tanınmış yazıçılar, şairlər, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid K.Nəzirli ilə ilk tanışlığından söz açıb, deyib ki, həmin günlərdən 30 ilə yaxın zaman keçməsinə baxmayaraq, hələ də ilıq, şirin xatirə kimi xatırlanır. R.Məcid yubilyarın ədəbiyyat və mətbuatımızın inkişafındakı xidmətlərindən danışıb. Vurğulayıb ki, yazıçının fəaliyyəti və humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir. K.Nəzirli hekayə, povest, pyes və oçerklərində müasirlərimizin həyatını qələmə alaraq mənəvi dəyərlərə, klassik ənənələrə sadiq qalmaqla, maraqlı və yaddaqalan əsərlər yaradıb. Onun "Sevgi nağılı", "Doğmalar arasında", "Şeytan ışığı", "Komada olan adam", "Qoca uşaq", "Ağ ev", "Miras", "Dördüncü möhür", "Qağayılar yuva salanda", "Xoşbəxt quşlar" və digər kitabları maraqla qarşılanıb. Yazıçının Azərbaycanda nəşr edilən bədii, elmi-publisistik əsərləri ilə yanaşı, ABŞ, Rusiya, Türkiyə, Belarus, Hollandiya, Ukrayna, Koreya, Moldova, Gürcüstan və Özbəkistanda çıxan ədəbi almanax, jurnal və qəzetlərdə dərc olunmuş pyesləri ayrı-ayrı ölkələrin teatrlarında səhnəyə qoyulub. Yazıçını yubileyi münasibətilə təbrik edən R.Məcid ona yaradıcılıq uğurları arzulayıb.

AYB-nin sədr müavini Nazim İbrahimov yazıçının şəxsiyyəti və əsərləri haqqında düşüncələrini bölüşüb. Bildirib ki, K.Nəzirli yaradıcılığı və şəxsiyyəti bir-birini tamamlayan yazıçıdır. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə edilib. K.Nəzirli Cek London, Con Qolsuorsi, Herman Melvil, Marqarit Midçell, Oskar Uayld və digər yazıçıların əsərlərini orijinaldan dilimizə çevirən peşəkar tərcüməçilərdən biridir. Bu əsərlər "Dünya ədəbiyyatı kitabxanası" seriyasından buraxılan kitablara daxil edilib. K.Nəzirli Azərbaycan ədəbiyyatının görkəmli simalarının - Rəsul Rza, Nigar Rəfibəyli, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Əli Kərim, Cabir Novruz, Nəbi Xəzri, Xəlil Rza, Musa Yaqub, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı və digərlərinin şeirlərini ingilis dilinə tərcümə edərək xarici ölkələrdə nəşri və yayılması istiqamətində böyük işlər görüb. O, Azərbaycan Yazıçılar Birliyinin, Belarus Yazıçılar İttifaqının, bir sıra yaradıcı beynəlxalq təşkilatların üzvüdür. K.Nəzirlinin Azərbaycan-Belarus ədəbi əlaqələrinin inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri var.

Yaradıcı insanların çox əzabkeş və ağır taleyə malik insanlar olduğunu deyən AYB-nin katibi İlqar Fəhmi çıxışında deyib ki, elə insanlar var, onların yubileyinə az qala 10 il öncədən hazırlaşırsan: "Çünki onların şəxsiyyəti və yaradıcılığı buna imkan yaradır. Kamran Nəzirli məhz belə yaradıcı şəxslərdəndir.  Biz Kamran müəllimi gəncliyində yazdığı kiçik hekayələrindən tanıyıb sevmişik. Onun əsərlərində heç zaman yaşını müəyyən etmək olmur".

Professor Qəzənfər Paşayev çıxışında yubilyarın müxtəlif hekayələrinin fonunda onun yaradıcılığını xarakterizə edib. Deyib ki, yazıçının dünyası, mənəvi aləmi onun yazılarında görünür: "İstedad İlahidən gələn bir paydır. Baxır, kim bu paydan necə istifadə edir. Kamran müəllim çox istedadlı və təvazökar insandır. O, həm də ədəbi əlaqələr yolunda işləyən adamdır. Bu da özü böyük zəhmət tələb edən zəhmətli işdir".

Tanınmış şair Ramiz Rövşən çıxışında Kamran Nəzirlinin çoxyönlü fəaliyyətinə diqqət çəkib. Deyib ki, o, kifayət qədər dünya ədəbiyyatına bələddir və bu bələdliyi Azərbaycan ədəbiyyatına da öz töhfəsini verir: "Kamranın mövzuları bəzən Azərbaycan sərhədlərindən çıxır, milli ilə dünyanın qəribə çalarlarını özündə birləşdirir. Ancaq bu hekayələrinin hamısında yenə də tənhalıq var. Hətta bu tənhalıq insanın tənhalığından çıxıb şəhərin, ölkənin millətin tənhalığına çevrilir".

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli yubilyarın bədii tərcümə və ədəbi əlaqələr sahəsindəki fəaliyyətindən söz açaraq, onun bu istiqamətdə çox ciddi uğurlar qazandığını vurğulayıb. S.Hüseynli AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlunun adından bu qurumun "Ustad" fəxri diplomunu və xatirə hədiyyəsini yubilyara təqdim edib.

K.Nəzirlinin bütün yaradıcılığını sistemli şəkildə oxuduğunu deyən şair Vaqif Bəhmənli deyib ki, onun hekayələrində, əsərlərində insanlar milli mənsubiyyətindən asılı olmayaraq, eyni səlahiyyətə malikdirlər və onların heç biri yamaq kimi görünmür. Bu da onun dünya ədəbiyyatına və insanına dərindən  bələd olmağından irəli gəlir.

Şair Kəmalə Abıyeva çıxışında deyib ki, K.Nəzirli bir sıra yazıçı və şairlərimizin əsərlərinin MDB üzrə beynəlxalq ədəbiyyat portalında, eləcə də Belarusda çıxan ədəbi jurnal və almanaxlarda dərc olunmasında fəal iştirak edir, həm də Belarus ədəbiyyatı nümunələrini dilimizə çevirərək nəşrinə nail olur. Ölkəmizi elmi konfranslarda, ədəbi festival və simpoziumlarda layiqincə təmsil edir.

Daha sonra tənqidçi Vaqif Yusifli, şairlər Xanım İsmayılqızı, Musa Ələkbərli, Fərqanə Mehdiyeva, rəssam Firudin Quliyev və başqaları çıxış edərək yazıçının yaradıcılığından, peşə fəaliyyətindən danışıblar.

Bildirilib ki, K.Nəzirli publisist və jurnalist kimi uzun müddət Azərbaycan mətbuatında uğurla çalışıb, jurnalistikamızın inkişafına öz töhfəsini verib. "Cəmiyyət siyasətin güzgüsüdür" publisistik kitabına görə Həsən bəy Zərdabi Mükafatına layiq görülüb. Ədəbi yaradıcılığına görə Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatını, "Mo Dik" romanının tərcüməsinə görə ABŞ-ın ölkəmizdəki səfirliyinin xüsusi ödülünü, Minsk şəhərində keçirilən MDB üzrə beynəlxalq "Rodnoy dom" ədəbiyyat müsabiqəsinin "Qran-Pri" mükafatını qazanıb.

Tədbir çərçivəsində K.Nəzirlinin "Babalar nağıl danışmırlar" hekayələr kitabının və "Dördüncü möhür" romanın təqdimatı olub.

Sonda yubilyar tədbirin təşkilatçlarına, iştirakçılara və onun haqqında fikir söyləyənlərə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





21.06.2018    çap et  çap et