525.Az

İslam mədəniyyətinin yeni paytaxtı - Naxçıvan


 

MƏDƏNİYYƏT NAZİRİ ƏBÜLFƏS QARAYEV BU MÜNASİBƏTLƏ ÖLKƏMİZDƏ SƏFƏRDƏ OLAN XARİCİ HƏMKARLARI İLƏ GÖRÜŞÜB

İslam mədəniyyətinin yeni paytaxtı - <b style="color:red">Naxçıvan</b>

2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Sərəncamda deyilir: "Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır".

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı cari il iyunun 20-də Naxçıvanda təntənəli mərasim keçirilib. Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətləri iştirak ediblər.

İyunun 19-da mədəniyyət naziri Əbülfəs Qarayev Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistanın, Özbəkistanın və Əlcəzairin mədəniyyət nazirləri ilə ayrı-ayrılıqda görüşüb.

Bu görüşlərdə nazir Ə.Qarayev bildirib ki, Naxçıvan Azərbaycanın qədim məskənlərindən biri olmaqla bərabər, həm də özündə ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini əks etdirir. O qeyd edib ki, belə bir tədbirdə bu ölkələrin də bizimlə birlikdə olması Azərbaycan dövlətinə qarşı hörmətin, dostluğun təzahürüdür. “İnanırıq ki, bu səfərinizdən məmnun qalacaq, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanacaqsınız", - deyə Ə.Qarayev bildirib.

Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Solinin aktiv fəaliyyətini qeyd edən nazir diplomatın mədəniyyət sahəsinə göstərdiyi diqqətə və məhsuldar əməkdaşlığa verdiyi töhfələrə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, dövlət başçılarının birgə səyləri və dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün daha geniş imkanlar yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Tacikistanın mədəniyyət naziri Şamsiddin Şodibek özlərini Azərbaycanda qonaq kimi deyil, evlərindəki kimi hiss etdiklərini vurğulayıb. Tacikistanda həyata keçirilən yerli və beynəlxalq mədəni layihələr haqqında məlumat verən nazir ölkəsinin ev sahibliyi etdiyi muğam festivallarında Azərbaycan xanəndələrinin mütəmadi iştirakını yüksək dəyərləndirib. Bildirib ki, dostluq, qardaşlıq zəminində inkişaf edən münasibətlər bundan sonra da davamlı olacaq.

Azərbaycana səfərləri zamanı "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzini ziyarət etdiklərini diqqətə çatdıran qonaq qeyd edib ki, xalqlarımız arasındakı tarixi köklər, musiqi və sənət sahəsindəki oxşarlıqlar onları bir-birinə daha yaxın edir.

Əlcəzairin mədəniyyət naziri Azzedine Mihoubi deyib ki, əlcəzairlilər Azərbaycanın tarixi və mədəniyyəti haqqında məlumatlı olsalar da, ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər barədə daha çox bilgilərə malikdirlər. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan tərəfini təbrik edən A.Mihoubi ölkəmizə gəlişinin digər səbəbinin də bu mötəbər tarixi hadisə olduğunu vurğulayıb. O, səfərinin məhsuldar olacağına ümidvar olduğunu qeyd edib, münasibətlərin mədəniyyət sahəsi ilə yanaşı, iqtisadi-siyasi sahələrə də sirayət edəcəyini diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyət sahəsindəki uğurları, beynəlxalq qurumlarla əlaqələri haqqında qonağı məlumatlandıran Əbülfəs Qarayev Əlcəzair nümayəndə heyətinin ölkəmizə ilk səfərinin əlamətdar tarixi hadisələrlə üst-üstə düşməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, səfər əlaqələrin bundan sonrakı inkişafına müsbət təsir göstərək. Azərbaycan ilə Əlcəzair arasında mədəni əlaqələrlə bağlı sazişin imzalanması üçün müvafiq işlərin aparılacağını diqqətə çatdıran Əbülfəs Qarayev bu razılaşmanın əlaqələrin daha dinamik inkişafına yol açacağına ümid bəslədiyini deyib.

Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərdə iştirakından məmnunluğunu bildirib. Diqqətə çatdırılıb ki, Özbəkistan həm beynəlxalq təşkilatlarla, həm də qonşu dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır. O, Özbəkistan rəhbərliyinin də bu əlaqələrin inkişafı üçün səy göstərdiyini vurğulayıb.

Əbülfəs Qarayev qonağa Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, İSESCO və TÜRKSOY ilə reallaşdırılan birgə layihələr haqqında məlumat verib.

Görüşlərdə ölkələr arasında mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

Məlumat üçün qeyd edək ki, "Naxçıvan İslam mədəniyyətinin paytaxtı - 2018" mədəniyyət ili çərçivəsində ISESCO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq cari il iyunun 20-21-də Bakıda "Mədəniyyət sənayesində investisiyanın vacibliyi və onun gənclər arasında işsizliyin azaldılmasında rolu" üzrə milli seminar təşkil olunub. Həmçinin, iyunun 21-22-də Naxçıvan şəhərində "Üzv ölkələrdə ISESCO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi" üzrə ekspertlərin görüşü keçiriləcək.

Şahanə MÜŞFİQ

 





21.06.2018    çap et  çap et