525.Az

Təhsil Nazirliyi hesabat tədbiri keçirdi


 

CEYHUN BAYRAMOV: "2017-2018-Cİ TƏDRİS İLİ ÖLKƏMİZ ÜÇÜN ÇOX UĞURLU BİR TƏHSİL İLİ OLUB"

Təhsil Nazirliyi hesabat tədbiri keçirdi<b style="color:red"></b>

Dünən Bakıda Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media rəhbərləri və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara məlumat verib. O bildirib ki, dövlət büdcəsi hesabına məktəbə hazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib: "2020-ci ilədək məktəbəhazırlıqda əhatəliliyin 90 faizə çatdırılması nəzərdə tutulub". Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.

E.Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb: "Təmayüllü siniflərin açıldığı məktəblər seçilərkən həmin məktəbin təmayülləşməyə cəlb olunan məktəblər içərisində həm əlverişli coğrafi mövqedə yerləşməsi, yol-infrastrukturu nəzərə alınmış, həm də buraxılış və qəbul imtahanlarında yüksək nəticələri olan, peşəkar, təcrübəli müəllimlərə malik məktəblərə daha çox üstünlük verilmişdir".

Şöbə müdiri onu da qeyd edib ki, 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb".

E. Əmrullayevin söylədiyinə görə, 2017-ci tədris ilində Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan Muxtar Respublikası daxil olmaqla isə 298 nəfər qalib elan edilib. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub: "2013-2017-ci illər arasında şagirdlərimiz iştirak etdikləri Beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 21 gümüş 85 bürünc medal olmaqla, ümumilikdə 109 medalla mükafatlandırılıblar. Azərbaycan məktəbliləri 1994-cü ildən beynəlxalq olimpiadalarda cəmi 314, onlardan 28-i qızıl, 80-i gümüş və 206-sı bürünc medal qazanıblar".

E.Əmrullayevin sözlərinə əsasən, 2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. 2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib: "Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur".

O deyib ki, 2018-ci ilin aprel ayında müddətli əmək müqaviləsi ilə işləyən 477 nəfər ilə müddətsiz əmək müqaviləsi bağlanılıb. 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan və ümumi təhsil müəssisəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması üçün keçirilən müsahibələrin nəticəsinə əsasən, 477 nəfər müəllim ilə müddətsiz əmək müqaviləsi bağlanılıb: "Müəllimlərin yerdəyişməsində mühüm yenilik olub. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq edilməklə həyata keçirilir. Namizədlər işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak edibsə, ona müsabiqəyə qatılmaq istədiyi balı seçmək imkanı verilir. Həmçinin, güzəştli kateqoriyalara əvvəlcədən müəyyən edilən bal artımı tətbiq olunub. 2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçibsə, 2017-ci ildə bu rəqəm 1370 olub".

E.Əmrullayev əlavə edib ki, peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib. "Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi" Texniki Yardım layihəsinin və regionlarda (Gəncə, Bərdə, Qax, İsmayıllı, Qəbələ və Cəlilabad) peşə təhsili müəssisələrinin fəaliyyətinə dəstək məqsədilə Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzi fəaliyyətə başlayacaq. 2018-ci il yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi olub. Peşə təhsili müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Bakı və Gəncə şəhərlərində yerləşən peşə təhsili müəssisələrində quraşdırılması üçün Çindən 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri ölkəmizə gətirilib: "Avropa İttifaqı peşə təhsilində baş verən dəyişikliklərdən razıdır. Avropa İttifaqı 2018-ci il üçün Azərbaycan üzrə biznes mühiti hesabatını dərc edib. Hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması qeyd edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur".

"Təhsil sistemi-vəzifələr və hədəflər" mövzusunda təqdimatla çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, 2017-2018-ci tədris ili ölkəmiz üçün çox uğurlu bir təhsil ili olub: "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyinin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli olmasının gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaradır".

Nazir bildirib ki, son illər ərzində ali təhsil sistemində beynəlxalq səviyyədə akkreditasiya olunan, dünyanın xarici ali təhsil müəssisələri ilə ikili diplom tətbiq edilən birgə proqramların sayı artmaqdadır.

Nazir qeyd edib ki, bu tipli proqramların dünyanın aparıcı ali təhsil müəssisələrində tətbiq edilməsi azərbaycanlı tələbələrə məhz beynəlxalq səviyyədə akkreditasiya olunmuş proqramlar nəticəsində həmin xarici ali məktəblərə qəbul imkanları verir: "Belə olan təqdirdə, biz azərbaycanlı tələbələrə bu imkanları yaratmadıqda onlar üçün süni maneələr törədirik. Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir".

C.Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, 2018-2019-cu tədris ilində tam orta təhsil səviyyəsində keçiriləcək qəbul imtahanlarında yeni model tətbiq olunacaq. Bununla bağlı bir sıra hazırlıqlar görülüb. Hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə birlikdə iş aparılır: "Növbəti dövrdə də Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlığımız davam edəcək". Nazir gələn ildən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək”.

Nazirin sözlərinə görə, növbəti tədris ili nazirlik üçün xüsusi tədris ilidir. Çünki orta məktəblərdə şagirdlərin dərs və imtahan yükünü azaltmağı nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə qaydaları 2018-2019-cu tədris ilindən tətbiq ediləcək: "Hazırda məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb. Yaxın aylarda bununla bağlı qərar veriləcək. Yeni məktəbdaxili qiymətləndirmədə xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə nəzərdə tutulub".

C.Bayramovun dediyinə görə, növbəti tədris ilində ümumtəhsil müəssisələrində sertifikasiya mexanizmi tətbiq ediləcək. Sertifikasiya yalnız dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə aid olacaq: "Yəni söhbət bütün təhsil sistemindən deyil, yalnız dövlət müəssisələrində çalışan müəllimlərdən gedir. Bu sistemin tətbiqi müəllimlərin daim öz üzərilərində çalışması üçün vacibdir".

Nazir deyib ki, ötən dövrdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, onların mövcud ehtiyacları müəyyən edilib, ilk növbədə zəif nəticə göstərmiş müəllimlər üçün ixtisasartırma təlimləri təşkil edilib: "Bütün bu mərhələlərdən sonra sertifikasiya mexanizminin tətbiqi təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacibdir. İnanırıq ki, sertifikasiya mexanizminin tətbiq edilməsi, müəllimlərdə məsuliyyət, daim özünü inkişaf etdirmək bacarıqlarını inkişaf etdirəcək". C.Bayramov qeyd edib ki, sertifikasiyanın nəticələri bir sıra qərarların verilməsində vəzifədə irəli çəkilmə, rəğbətləndirmə tədbirləri, fəxri adların verilməsi kimi qərarların verilməsində də obyektivliyin təmin edilməsində mühüm rol oynayacaq: "Bu mexanizm ilk növbədə hazırlanmalı, qaydalar, tədricən, mövcud olan reallıqlar nəzərə alınmaqla tətbiq edilməlidir".

Nazir qeyd edib ki, sevindirici məqam odur ki, Beynəlxalq qiymətləndirmə proqramında (PIRLS) nəticələr yüksəlib. 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. "PIRLS 2011" tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə "mükəmməl" və "yüksək" səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. "Aşağı" səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib: "PİRLS 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6.000-dən çox IV sinif şagirdi, 340 müəllim və 6.000-dən çox valideyn iştirak edib.  PİSA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı  tədqiqatı  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarıqlarını yoxlayır. 2016-cı ildə Azərbaycan növbəti PİSA 2018 tədqiqatında iştirak etməyə müraciət etmiş və hazırlıq işlərinə başlanılmışdır.   2017-ci ildə Bakı şəhəri üzrə 60 məktəbin Azərbaycan və rus bölmələrində təhsil alan 15 yaşlı şagirdləri PİSA tədqiqatının pilot mərhələsində iştirak ediblər. Yekun nəticələr gələn il açıqlanacaq. Təhsil İnstitutu tərəfindən TİMSS 2019  Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb. Tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla, ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. TİMSS-in 2019-cu il araşdırmasında Azərbaycan da iştirak edəcək. İnanıram ki, nəticələr qənaətbəxş olacaq".

"Təhsil haqqında" qanunda edilən dəyişiklikləri diqqətə çatdıran nazir bildirib ki, ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur. Həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Nazir, həmçinin, növbəti tədris ilində də müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirib: "Müəllim nüfuzunun artırılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulub". C.Bayramovun sözlərinə əsasən, Transfer.edu.az portalı ilə köçürülmələr davam etdirilib. Transfer.edu.az portalı vasitəsi ilə 2018-ci ildə bakalavriat və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib: "225 nəfər Azərbaycan vətəndaşı hökümətlərarası müqavilələr çərçivəsində xaricdə təhsil almaq hüququ qazanıb. 2017-2018-ci tədris ilində hökumətlərarası müqavilələr çərçivəsində 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər isə Rumıniyada dövlət xətti ilə təhsil almaq hüququ qazanıb. 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib".

Təhsil naziri deyib ki, ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində Azərbaycan universitetləri təmsil olunub. Böyük Britaniyanın "Quacquarelli Symonds" (QS) agentliyinin İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə reytinq cədvəlində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasında qərarlaşıb: Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).

AMEA prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, Azərbaycanın ali məktəblərin statusları bir-birindən fərqlənməlidir: "Bunun üçün xarici ölkələrin təcrübəsi nəzərə alınaraq təhlillər aparılmalıdır". A.Əlizadənin dediyinə görə, Azərbaycanın ali məktəblərində bir qədər orta təhsil davam etdirilir: "Bu sahədə dəyişikliklərin edilməsi üçün AMEA ilə birlikdə müzakirələr aparmaq lazımdır". Akdemiya prezidenti bildirib ki, AMEA-da magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS-dən istifadə olunur: "Hesab edirəm ki, ali təhsil müəssisələrində də TOEFL və IELTS-dən imtahan keçirilməlidir. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür".

Baş nazirin müavini Əli Əhmədov isə bildirib ki, ötən 5 il ərzində təhsil sahəsində aparılan islahatlar mühüm keyfiyyət mərhələsinə qədəm qoyub: "Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir".  Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar. Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir". Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib: "Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbədir. Bu, çox aşağı göstəricidir". Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır. Ə.Əhmədov əlavə edib ki, hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir: "Dövlətin təhsilə diqqət və qayğısının artırılmasına ehtiyac var. Ölkədə insan kapitalının rolunun artırılması təhsilin keyfiyyətinin yüksəldilməsindən kənarda dura bilməz". Ə.Əhmədov deyib ki, diaqnostik qiymətləndirilmə nəticəsində müəllimlərin maaşı artıb: "Maaşın artırılması müəllimlərin nüfuzunun artmasına təsir edir. Təhsilin cəmiyyət üçün dəyər kimi nüfuzunun artırılması vacibdir".

S.QARAYEVA

 





22.06.2018    çap et  çap et