525.Az

Futbol sevgisinin sirri


 

Futbol sevgisinin sirri<b style="color:red"></b>

Bu oyuna görə nikahlar pozulur, münasibətlər gərginləşir, “ya mən, ya futbol” seçimi etdirən qadınlar uduzur. Bəziləri isə kişinin ürəyinə gedən yolun mədəsindən yox, məhz futboldan keçdiyinə inanaraq yerini möhkəmlədir.

Yenə həmin dönəmdir. Rusiyada futbol üzrə növbəti Dünya çempionatı keçirilir. Futbol insana azadlıq hissi yaşadan çox az oyunlardandır. İstəyən söyür, istəyən sitəm edir, istəyən var gücü ilə qışqırır. Fərqi yoxdur, azarkeşin lap 100-120 kilo çəkisi olsun, qol vurulduğu an sevincindən o ağırlıqda bədənini quş xəfifliyi ilə havaya uçurdur. Bəziləri daha gözüqara olur; evini, avtomobilini satıb bir ətək pulu iddiaya qoymaqdan, hətta iri məbləğdə borca girməkdən də çəkinmir. Ölkədə və dünyada baş verən ən ciddi hadisələr belə, futboldan sonra müzakirə edilir. Bu oyun insanı həm coşdurur, həm də nəhayətsiz qüssəyə qərq edir! Sədaqətin ən yüksək zirvəsini də bu oyunda görmək mümkündür. Komanda uğursuz oyun göstərsə də, azarkeşin sevgisi azalmır. Lap hər oyun uduzsa da, doğma komandasını dəstəkləməkdən, yanında olmaqdan vaz keçmir!  Bu ərəfələr iri ekranlı televizoru olan kafelər aşıb-daşır, başqa vaxt evdən qaçaq düşən kişilər yerini divanda məhkəmlədir, bəziləri isə dünyanın öz oxu yox, futbol ətrafında fırlandığına inanır.

Deməli, bu qədər insanı eyni anda eyforiyaya qapdıran oyun dodaq büzüb “22 kişi bir topun arxasınca qaçır” deməkdən ibarət deyil! Yaxşı, bəs sirr nədədir? Hansı üstünlüyü bu oyunu insanların həyat tərzinə çevirə bilir?

Futbol hadisədir, həm də ən universal hadisələrdəndir. Hər an nəyinsə baş verə biləcəyi, həyəcanlı oyundur. Yaşıl ot örtüyünün üzərində  özünəməxsus estetikası ilə insan beynini sehirləyir, aidlik hissi yaradır, şüura birlik olmağı aşılayır, vaxt keçdikcə insanın damarlarına qədər yeriyib, morfin effekti yaradır. Həm də bəsit oyundur və buna görə də hər kateqoriyadan olan insana dahilik hissi yaşatmağı bacarır; azarkeş ən yaxşı komandanı, taktikanı, oyunçu dəyişikliklərini, zəifi, güclünü özü müəyyənləşdirir. Stadionun ən arxa oturacağından futbolçuya səslənir, əlini uzadaraq topu kimə və hansı istiqamətə atmaq göstərişi verir. İstəyinin əksi olduqda isə hirslənir, əlini bir-birinə vurur, boğazından damarları, üzündən kapliyarları qabarana qədər qışqırır. yan-yörəsindəkilərə gileylənənlər də çox olur; elə yox, belə olmalıydı, bu futbolçu mərkəz müdafiəçisi deyil, ön liberoda oynaması lazım idi, bu dəfə yox, o biri oyunda meydana buraxılmalı idi...

Futbol həyata bənzəyir. Ən böyük fərqi isə odur ki, burada bir məqsəd üçün 11 güc səfərbər olub mübarizə aparır, həyatda isə insan bunu təkbaşına edir. Adamların uzun müddət vuruşduğu məqsədə yaşıl örtüyün üzərindəkilər 90 dəqiqə ərzində nail olmağa çalışırlar. Bu, insanlara stimul verir, ümidsizlikdən arındırır. Futbolun içərisində sevgi, nifrət, qəzəb, hiddət, şans, şanssızlıq var. Hətta ölümdən də sığortalanmayıb. Sevincdən ürəyi dayanan azarkeş də olub, 60-cı dəqiqədə nəfəsi dayanıb gözlərini əbədi qapadan futbolçu da. İnsan həyatı kimi futbolda da hər şey bir göz qırpımında baş verir.

Burada da güc pul ilə ölçülür, amma hər zaman qazanmır, bəzən bəxt qalib gəlir. Komadan çıxana da, saraydan gələnə də bu oyunun qapıları açıqdır. Ümid və xəyallar tükənmir. Bir neçə dəqiqə ərzində sevinc, çaşqınlıq, heyrət, təəccüb yaşamaq mümkündür.

Futbol, bayaq da demişdik, insanlara azadlıq hissini yaşadan nadir oyunlardandır. Adi günlərdə qarşı-qarşıya gəlməyən ən müxtəlif təbəqənin nümayəndələri burada yan-yana dayanırlar, stadionda əyləşən fəhlənin də, oliqarxın da ortaq nöqtəsi bir olur. Onlar bir məqsəd üçün eyni anda sevinirlər,  məğlubiyyətə bənzər formada üzülürlər. Futbol sadəcə, stadiondakı insanları yox, müxtəlif irqə, dinə, siyasi baxışa sahib olan xalqları da birləşdirir, sərhədlərin üstündən xətt çəkir, məsafələri sıfıra endirir!

Futbol birləşdirici gücdür, oyuna tək getdiyiniz halda, izləyərkən danışacaq, müzakirə edəcək, fikirlərinizi bölüşəcək xeyli insan qazanırsınız. 90 dəqiqə ərzində hər şeyi unudursunuz. Fərqi yoxdur, siz oyunu canlı və ya televiziya vasitəsi ilə izləyirsiniz, istənilən halda duyğu dəyişmir, şövq itmir, hərarət soyumur. İnsan, qısa müddətə olsa da, hər şeyi unudur, yenilənir! Futbol həm də  reabilitasiya vasitəsidir. Ayrılığa, sevgisizliyə yaxşı təsir edir, ağrıları keyidir, monoton həyata rəng qatır.

Müasir insanlar özlərini futbolda tapırlar, müxtəlif ehtiyac və istəkləri, asan və lazımlı olan ziddiyyəti bu oyunda görürlər. Yəqin elə buna görədir bu oyunun kütlə üçün mistik sığınacaq məkanı halına gəlməsi!

 





23.06.2018    çap et  çap et