525.Az

Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər


 

Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər<b style="color:red"></b>

1918-ci ildə Naxçıvanda ağır tarixi-siyasi şərait yaranmışdı. Köməyə gəlmiş Osmanlı ordu hissələri Naxçıvanı tərk edib getdikdən sonra Naxçıvan işğalçı, qəddar erməni daşnakları ilə üz-üzə qalmışdı.

Belə bir siyasi durum Naxçıvanın hərbi işə bağlı  vətənpərvər insanlarını bir yerə toplaya bilmişdi. Bu qürurlu insanlar anlayırdılar ki, güclü dövlət qurumuna və nizami hərbi döyüş taborlarının təşkilinə böyük ehtiyac vardır. Ona görə də 1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradıldı. Onun müdafiə etmək istədiyi Azərbaycan torpaqları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad mahalları, həmçinin, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər yerlər idi. Araz-Türk Respublikasına aid sənədlərin əksəriyyəti sovet hökuməti tərəfindən məhv edildiyindən onun haqqında yazılanlar qaneedici deyil.

Naxçıvan Araz-Türk Respublikasının yaradılması tarixi haqqında bəzi tədqiqatçılar nədənsə yaranma tarixini, yerini və yaradıcılarını qarışıq salırlar. Amma Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 314-cü fondunda qorunan bir arxiv sənədi həqiqəti bir daha təsdiqləyir. Bu tarixi sənəd Ordubad milli komitəsinin sədri Mir Hidayət Seyidovun (Seyidzadənin) 22 dekabr 1918-ci ildə Azərbaycan Nazirlər Şurasının sədrinə göndərdiyi məktubdur. Xatırladaq ki, Mir Hidayət bəy Seyidov 1918-ci il mayın 28-də Tiflisdə Milli İstiqlal bəyannaməsini, imzalayan vətənpərvər şəxsiyyətlərdən biridir. Və həm də İrəvanın ermənilərə verilməsinə etiraz eyləyən üç nəfərdən biridir.

O yazır: “Türklərin Qafqazdan gedişindən sonra bizim vəziyyətimiz əvvəlkindən də pis oldu. Tiflis və Gəncəyə gedən yollar bağlandı, şəhərin ərzaqla təmin olunması dayandırıldı. Məhz buna görə də 500 nəfərdən ibarət dəstəmizi ləğv etdik, yalnız bir rotanı saxladıq. Çatışmazlıq bizim təşkilatımızı əsaslı şəkildə zəiflətdi, biz kimə tabe olduğumuzu, kimdən göstəriş aldığımızı bilmədik. Naxçıvan qəzasında və Şərurda müsəlmanlar da belə vəziyyətə düşdülər, məhz buna görə də biz bir müsəlman hökuməti, Araz hökumətini yaratmağı qərara aldıq. Əslində, bu hökumət Naxçıvan və Şərur müsəlmanları tərəfindən yaradılmışdır və bizə də Gəncədən xəbərin gəlməsini, həmçinin, Araz hökumətinin də eyni istiqamətdə hərəkət etməsini nəzərə alaraq öz razılığımızı bildirdik. Araz hökuməti yenicə yaranıb. Onun hansı formaya düşəcəyi məlum deyil. Son vaxtlar ermənilər yenə də Zəngəzur qəzasına, bizə, yəni Şərura və İrəvan qəzası müsəlmanlarına qarşı düşmənçiliyə başlayıblar. Onlar bizim kəndlərimizə qaçmaqla xilas olublar. Zəngəzur qəzasında 20-yə qədər kəndin əhalisi öz doğma yerlərini tərk edib, İrana, Qarabağa və bizə (Naxçıvana) qaçmaqla xilas olublar. Ermənilər çalışırlar ki, Ararat dövləti Türkiyə sərhədlərindən başlayaraq Şuşaya qədər gedib çatsın, həmin yerlərdə isə bir nəfər də olsa müsəlman türkü yaşamasın.

Andronikin dəstəsi Zəngəzur tərəfdən hücuma hazırlaşır. Belə bir ağır gündə bizim fəaliyyətimiz barədə düşünməyinizi, bizim üçün hərəkət planı tərtib etməyinizi xahiş edirik. Xahiş edirik ki, kiminlə vuruşduğumuz bizə izah edilsin (rəsmi düşmənlə yaxud quldur dəstəsi ilə)”.

Bu sənəddən də aydın olur ki, Araz-Türk Respublikası Naxçıvanda naxçıvanlılar və şərurlular tərəfindən yaradılmışdır. Qeyd edək ki, 1918-1920-ci illərdə istər Naxçıvan Müsəlman Milli Şurasında, sonralar Müdafiə Komitəsində və Araz-Türk Respublikasında rəhbərliyi Cəfərqulu xan Naxçıvanski etmişdir. Hətta Milli Şuraya və Araz-Türk Respublikasına təsadüfi adamlar az müddətə rəhbərlik etsələr də, Naxçıvana rəhbərlik Cəfərqulu xanın ixtiyarında olmuşdur. O, özü bu haqda 1920-ci ildə Revkomda söyləmişdir. Bu haqda bir az sonra.

Yəni respublikanın yaranması haqqında bir neçə monoqrafiyalarda və “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda yazılmışdır. Yazılanlara əsasən demək olar ki, Araz-Türk Respublikasının yaradılmasının əsas səbəbi erməni daşnaklarının Naxçıvana dair əsassız ərazi iddialarının qarşısını almaq olmuşdur. Yeri gəlmişkən, Araz-Türk Cümhuriyyətinin yarandığı gündən axıradək əsas məqsədlərindən biri də Qafqazda baş verən siyasi proseslər və hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvanın Azərbaycana birləşməsinə nail olmaqdan ibarət olub.

Naxçıvan diyarını işğalçı daşnaklardan müdafiə etmək üçün tez bir zamanda silahlı qüvvələr-könüllü xalq dəstələri-taborlar yaradılmağa başlandı. Sənədlərdə olan məlumatlara görə, xalq dəstələrinin sayı 20-yə çatırdı. Həmin taborlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları Ordubad, Mehri, Vedibasar və digər ərazilərdə yerləşdirilmişdi. Taborların yaradılmasında Osmanlı dövlətinin 9-cu ordu komandanı Yaqub Şevgi paşanın və 9-cu diviziya komandiri, polkovnik Rüştü bəyin böyük xidmətləri olmuşdur. Müəyyən səbəblər üzündən Araz-Türk Cümhuriyyəti mart ayında süquta uğradı. Amma buna baxmayaraq, çox azacıq bir müddətdə fəaliyyət göstərən bu dövlət qurumu Naxçıvanın erməni daşnaklarının əlinə keçməsinə imkan vermədi. Elə döyüşlər apardı ki, bu gün onları təsvir edəndə həmyerlilərimizin hünərinə, şücaətinə heyran qalmaya bilmirsən. Çox təəssüf ki, bəzi nəşrlərdə Naxçıvanskilərin tarixi xidməti, qəhrəmanlığı az qala danılır. Məsələn, Bakıda nəşr edilən ensiklopediyaların birində yazılıb: “...Kalbalı xan 400 nəfərədək olan Naxçıvan dəstəsini toplayıb Şərur əhalisinin köməyinə getmiş, erməniləri darmadağın etdikdən sonra bölgədə Cəfərqulu xan, Kalbalı xan və Kərim xan İrəvanskidən ibarət diktatura hökuməti yaranmışdı”. Doğrudanmı belə olub?! Sənədlər əsasında Naxçıvanskilərin Araz-Türk Respublikasında və eləcə də sonrakı dövrdə hərbi fəaliyyətlərini birlikdə izləyək.

1918-1920-ci illərə aid sənədləri araşdırarkən aşkar oldu ki, Cəfərqulu xan, Rəhim xan, Sərvər xan, Məmmədəli xan, III Kalbalı xan, İskəndər xan, Kamran xan, Əkbər xan, Bəhram xan, Fətəli xan, Murad xan, Yunis xan və Əziz xan Naxçıvanskilər Naxçıvanın müdafiəsində böyük şücaətlər göstərmişlər. Lakin sovet hakimiyyəti illərində yazılmış elmi monoqrafiyaların əksəriyyətində Naxçıvanskilər həmişə mənfi xarakterli insanlar kimi xarakterizə edilirdi. Ancaq Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra gizli arxiv fondlarında saxlanılan sənədlər əsl həqiqəti üzə çıxardı. Hətta həmin illərdə məcburən tariximizi təhrif edənlər 1990-cı ildən sonra səhvlərini etiraf etdilər.

1918-1920-ci illərdə Cəfərqulu xan və Rəhim xan qardaşları öz hərbçi oğullarını ətraflarına yığaraq Naxçıvanın müdafiəsi üçün əllərindən gələni əsirgəmirdilər. Cəfərqulu xanın Naxçıvanın müdafiəsində etdiyi işlər danılmazdır. Hərdən belə fikirlər söyləyirlər ki, o, Naxçıvanı başqa dövlətə birləşdirmək istəyirmiş. Bütün bunlar yanlış və əsassızdır. Çünki onun arxivlərdə ADR hökumətinə və hökumətin başqa ölkələrdəki nümayəndələrinə yazdığı məktublar tamam ayrı mətləbləri, həqiqəti üzə çıxarır.

Məsələn, Naxçıvan, Şərur və Ordubaddan İstanbula-hərbi zabit məktəblərinə oxumağa göndərilmiş tələbələrin xeyli hissəsi Tiflisdə erməni hücumuna məruz qaldıqları üçün onun 1919-cu il martın 14-də Gürcüstan hökuməti yanında Azərbaycan nümayəndəsi Məmməd Yusif Cəfərova yazdığı xahiş məktubu bir daha sübut edir ki, Cəfərqulu xan Naxçıvanı və onun sakinlərini nə qədər ürəkdən sevirmiş: “Bizim diyarın rəsmi olaraq Azərbaycan Respublikasına birləşməsi mənə haqq verir ki, respublikamızın nümayəndəsi kimi sizdən xahiş edim...”

İrəvandan Naxçıvana gələn qaçqınların əzab-əziyyətlərinə dözə bilməyən Cəfərqulu xan və qardaşı Rəhim xan onlara hər cür köməklik göstərir, yardım edirdilər. Cəfərqulu xan M.Y.Cəfərova şikayət edirdi. “Sayı artıq 100 minə çatan bədbəxt qaçqınların vəziyyətinin insanı sarsıdan və ürək parçalayan səhnəsi və şəkli heç bir təsvirə gəlmir. Əgər Azərbaycan hökumətinə də olmasa, biz kimə müraciət etməliyik...

Çox hörmətli Məmməd Yusif, sizi əmin edirəm ki, əgər yaxın vaxtlarda sizin köməyiniz gəlməsə və Azərbaycan hökuməti bizim diyara xüsusi diqqət yetirməsə, yaxın gələcəkdə burada bir müsəlman qalmayacaqdır. Bizim vəziyyətimizi başa düşməkdən imtina etməyəcəyinizi bilirəm və xahiş edirəm hökumətimizə xəbər verin ki, diyarımız üçün mənəvi və maddi yardım göstərmək zəruridir”. Cəfərqulu xanın bir neçə sayda belə məktubları onun əsl məqsəd və qayəsini açır. Bizcə, artıq izahata ehtiyac yoxdur. 1918-1920-ci illərdə adı çox hallandırılanlar-dan biridə Cəfərqulu xanın oğlu, cəsur döyüşçü, general-mayor II Kalbalı xandır.

Tarixçi alim Əli Əliyev xatirələrində yazır: “Fevralın (1919) əvvəllərində Naxçıvandan Kalbalı xanın (Cəmşid Naxçıvanskinin böyük qardaşı, müdafiə komitəsinin sədri) qoşunu köməyə gəlir. Xan qabaqda, atlılar, piyadalar, topçular arxasınca Vəlidağa-Doluxanyanla döyüşə gedir. Onun cəngavər əsgərlərinə baxanda adamın ürəyi qürurla dolurdu. Nə qədər möhkəm və intizamlı idilər! Biz də xanın qüdrətli addımlarla, marşla yeriyən qoşununun arxasınca kəndə qayıtdıq. Bir neçə gündən sonra kəndə şad xəbər gəldi. Kalbalı xanın qoşunları Vəlidağda daşnak qoşunlarını möhkəmcə əzişdirib, Sədərəkdən uzaqlaşdırıblar. Həm də xeyli silah əldə ediblər. Bundan sonra sərhəd kəndlərinə çoxlu müdafiəçilər gəldi”. (Bax: Ə.Əliyev “Biz əzablı ömür yaşadıq”, 1994, səh.8).

(Ardı var)

Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfi doktoru

 





25.06.2018    çap et  çap et