525.Az

Sözün köhnə kişisi


 

Sözün köhnə kişisi<b style="color:red"></b>

Türkiyənin “Təmrin” dərgisi növbəti sayını sevilən yazıçımız Əlabbasın  həyat və yaradıcılığına həsr edib. Jurnaldan bir yazını oxucuların diqqətinə çatdırırıq. 

Yazıçı Əlabbasla bir ədəbi tədbirdə tanış olmuşam. Elə ilk tanışlıqdan da ünsiyyətimiz tutub. Onun səmimiyyəti münasibətlərimizin tezliklə daha da istiləşməsinə, dostluğa çevrilməsinə səbəb olub.

Sonra Əlabbasın yaradıcılığı ilə yaxından maraqlanmağa, əsərlərini bir-birinin ardınca maraqla, həvəslə oxumağa başlamışam. Hər birində, ən kiçik yazısında belə həmişə ürəyinin döyüntüsünü duymuşam.

İlk qələm təcrübələrindən biri olan “Köhnə kişi” povestini oxuyanda, yaxşı mənada, təəccüblənmişəm. İyirmi yaşında bu cür mükəmməl bir əsər yaratdığına inanmağım gəlməyib. Bunun sadə bir səbəbi olduğunu, Əlabbasın qələminin həmyaşıdlarının bir çoxunun qələmindən daha erkən, daha tez püxtələşdiyini başa düşmüşəm.

Əlabbas, həqiqətən, usta bir yazıçıdı. Ədəbi dilin incəliklərinə, imkanlarına dərindən bələddi. Onun yazılarının dili sadə, oxunaqlı, olduqca zəngindi. O, sözə vicdanla yanaşır, onu canlı kimi hiss edir. Əsərlərini oxuduqca bunu görməmək mümkün deyil. Burda bir dil mütəxəssisinin fikrini xatırlatmaq yerinə düşər: “Bir yazıçı olaraq Əlabbas daha çox dil hadisəsidi”.

Əlabbasın əsərlərindəki hadisələr dolğun, dinamik, obrazları isə həddən artıq canlı, yetkindi. Dialoqları təbii, tutumlu, məntiqlidi. Onlarda mənasız, artıq sözə rast gəlməzsən.

Mən bu kiçik yazımda dostumun əsərlərini təhlil etməyi qarşıma məqsəd qoymamışam. Əvvəla, ona görə ki, tənqidçi deyiləm, bunu bacarmaram. İkincisi də, Əlabbasın əsərləri haqqında tənqidçilərimiz heç də az yazmayıblar.

Sayğıdəyər aydınlarımızdan Sabir Bəşirovun onun barəsində yazdığı kitab hələ 2005-ci ildə işıq üzü görüb. Sabir bəyin həmin kitabda Əlabbası obrazlı bir ifadə ilə, “sözün köhnə kişisi” adlandırması, yazıçı dostumun həm əsərlərinə, həm də özünə verilən böyük, dəqiq qiymət, dəyərdi. Əlabbasın halal haqqıdı.

Tanınmış qələm sahiblərinin gözəl yazıçımız Əlabbas haqqındakı fikir və düşüncələrinin toplandığı “Altmışıncı aşırım” adlı kitab da çox sanballıdı.      

Bəli, bunlar mənim, sadəcə, dost qeydlərimdi. Bir insan kimi Əlabbasın ən üzdə olan, aydın görünən tərəflərindən biri də tanıdığı, yaxınlıq etdiyi yazıçı və şairləri  bir araya gətirmək, necə deyərlər, bir-birilə dostlaşdırmaq bacarığıdı. Dostların xeyir-şərində Əlabbas həmişə seçilir. Lazım gələndə o, dostlarının çətinə düşən işlərini asanlaşdırmağı, aşırmağı, hərdən, hətta onlara əl tutmağı belə əsirgəmir. Paxıllıq, gözügötürməzlik, başqasının uğuruna sevinməmək onun təbiətinə yaddı.

Yazıçı dostlarım arasında o, eyni zamanda, ən yaxşı ilk oxucularımdan biridi. Yazılarımı çapa verməzdən qabaq oxuması üçün tez-tez ona göndərirəm. Onlar haqqında fikrini öyrənirəm. İradlarına, təkliflərinə hörmətlə, sayğı ilə yanaşıram.

Mən burda bizim, xüsusən, üçlükdə Əlabbas, Aslan Quliyev və mənim imkan düşən kimi görüşüb dərdləşməyimizi, əylənməyimizi, nərd oynamağımızı yada salmaya bilmirəm. Bu oyunlar rəsmi yarışlar qədər çox qızğın keçir.

Əlabbas gözəl ailə başçısıdı. İki qızı, bir oğlu, dörd nəvəsi var.     

Burda mən yazıçı dostumun haqqında hamının bildiyi məlumatları da bir daha xatırlatmağa ehtiyac duyuram. Necə deyərlər, təkrar biliyin anasıdı.

Əlabbas Bağırov 5 may 1957-ci ildə Şahbuz rayonunun Nursu kəndində doğulub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət elə həmin rayonda müəllimlik edib. Sonra Bakıya köçüb. Müxtəlif işlərdə çalışıb. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində mətbuat xidmətinin rəhbəridi.

Əlabbas bədii-publisistik yaradıcılıqla 1973-cü ildən məşğuldu. Ədəbiyyata 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Kişilik” hekayəsi ilə qədəm qoyub. 1990-cı illərin əvvəllərində “Səhər”, “Səs” və başqa qəzetlərdə müxtəlif janrlarda xeyli yazısı, “Azərbaycan”, “Ulduz” və “Literaturnıy Azerbaydjan” dərgilərində hekayə, povest və romanları işıq üzü görüb.

1989-cu ildə “Yazıçı” nəşriyyatında  “Gümüşü gecələr”, “Gənclik” nəşriyyatında “Doğma ocaq” adlı ilk kitabları çap olunub. 1990-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdü.

1993-cü ildə “Güdaz”, 2001-ci ildə “Uçurum”, 2004-cü ildə “Qiyamçı”, 2007-ci ildə “Sonun başlanğıcı”, 2008-ci ildə “Mən Qarateli sevirdim”, 2010-cu ildə “Qaraqovaq çölləri” kitabları çap olunub.

2017-ci ildə Əlabbas altmış yaşını başa vurdu. Bu münasibətlə “Dağların duman çağı”, “Şəbi-hicran” və “Köhnə kişi” kitablarını oxucuların ixtiyarına verdi.

Əlabbasın əsərləri Türkiyə türkcəsinə, ingilis, rus, qırğız dillərinə tərcümə olunub.

Bir dost kimi, yazıçı  Əlabbasa, “sözün köhnə kişisinə” möhkəm cansağlığı, ailə səadəti, yaradıcılığında daha böyük uğurlar arzulayıram.

Eyvaz ZEYNALOV

 





25.06.2018    çap et  çap et