525.Az

Sürprizlərin "Loqos"u... "Loqos"un sürprizləri


 

Sürprizlərin "Loqos"u... "Loqos"un sürprizləri<b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə artıq iki aya yaxındır davam edən "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsindən, yəqin ki, xəbəriniz var.
 
Layihənin əsas məqsədi jurnalistləri psixoloji mövzuda maarifləndirmək, eyni zamanda, "Loqos"u mətbuata daha yaxından tanıtmaqdır. Bir qrup gənc jurnalistlə bərabər bizim də iştirak etdiyimiz layihə çərçivəsində "Loqos" həm Bakıda, həm də digər bölgələrdəki filiallarında müxtəlif mövzularda çox maraqlı və bir-birindən faydalı təlimlər həyata keçirdi.

Layihənin sonuncu təlimi isə iyunun 23-də "Loqos"un Xaçmaz filialında oldu.

Qısa yollar...uzun söhbətlər

Əgər yadınızdadırsa, düz iki həftə öncə Gəncə səfəri sonrası artıq dostu olduğumuz "Loqos" və layihə iştirakçılarıyla "gələn görüşə qədər" deyib sağollaşmışdıq. Həmin görüş nəhayət baş tutdu və budur, biz, demək olar ki, eyni qrupla (aramıza 1-2 nəfər yeni qoşulanlar da var) Bakıdan elə də uzaq olmayan Xaçmaza yola düşürük. Yenə də qrupumuzun rəhbəri "Loqos"un baş psixoloqu Elmira Mirzoyeva və "Loqos" jurnalının baş redaktoru Rəhilə Gülgündür. Yazının növbəti abzaslarında hər iki xanım haqqında daha geniş danışmağı özümə borc bilirəm.

Artıq sizə də yaxşı tanış olan tanışma ənənəmiz burada da öz sözünü deyir: biz bir-birimizə qarşı çox xoş niyyətliyik. Bu dəfə də Dövlət Himnimizlə başlanan səfərimiz böyük coşğu və maraqlı söhbətlərlə davam edir. Yenə də fürsətdən istifadə edib Elmira xanımı sual yağışına tuturuq, o da böyük səbri və səlis, bir az da məzəli, şirin nitqiylə suallarımızı cavablandırır. İki saatlıq yol iki saatlıq psixoloji təlimə çevrilir. Ənənəyə uyğun olaraq, yenə də ara-sıra gözəl mahnılarımızdan oxuyuruq. Gah "Biz mehriban ailəyik" deyirik, gah "Azərbaycan", gah vətən oxuyuruq, gah da keçən səfərdən yaddaşımızda iz buraxan Gəncəni xatırlayırıq. Etiraf edim ki, ötən dəfə aramızda olan bəzi yoldaşların yoxluğu avtobusda səs-küyün, coşğunun azalmağına səbəb olub. Mahnıları oxumaq isə sözləri digərlərindən daha yaxşı bildiyimiz üçün mənlə "Loqos"un mətbuat  və nəşrlər şöbəsinin rəhbəri Gülgün Quliyevanın üzərinə düşüb. Amma nə qədər ediriksə, Xaçmaz haqqında mahnı yadımıza düşmür ki, düşmür. Deyəsən, axı heç yoxdur. Nə əcəb?! Bu suala çox da başımızı yormayıb yenidən Elmira xanımı dinləyirik. Onun və Rəhilə xanımın gözəl enerjisi hamımızı indidən səfər ab-havasına kökləyir.

Qrupumuzun anası

Rəhilə xanım sevimli şairimiz Vaqif Bəhmənlinin həyat yoldaşı, illərlə təcrübəsi olan jurnalist, "Loqos" jurnalının baş redaktorudur. Artıq müəyyən müddətdir tanışlığımız zamanında hər dəfə bu xanım məni heyrətə salır: özünün saflığı, duruluğu, insansevərliyi, xanımlığı, analığı, böyüklüyü ilə. Onunla yola çıxmaq isə həm böyük şans, həm də çox gözəl zövqdür. Heç mübaliğəsiz deyə bilərəm ki, Rəhilə xanımın rəhbərliyi ilə nəinki Gəncəyə, Xaçmaza, hətta dünyanın o üzünə qədər gedib çıxarsan, yorulmazsan, inciməzsən də. Çünki o, öz qayğıkeşliyi, mehribanlığı, bitib-tükənməyən enerjisi ilə heç kəsi yorulmağa qoymur. Rəhilə xanımı özəl edən səbəblərdən biri də hər sahə haqqında geniş məlumatlılığıdır. Ədəbiyyat, jurnalistika, psixologiya, ailə, yəni bizi maraqlandıran bütün sahələr haqqında çox rahat söhbət etmək olar.

Deyirlər, fiziki yaşının neçə olmasından asılı olmayaraq, özünü hansı yaşda hiss edirsənsə, ruhunun yaşı neçədirsə, deməli, həmin yaşdasan. Rəhilə xanımı elə qıraqdan müşahidə etmək onun necə gənc ruhlu olduğunu görməyə kifayət edir. Nə yaşanır yaşansın üzündəki təbəssüm, gözlərindəki işıq və dilindəki "hər şey yaxşıdır və yaxşı olacaq" kəlməsi heç solmur, qarşısındakını da diri və enerjili saxlamağa kömək edir.

Onunla olduğumuz hər anda böyük bir sevgi və minnətdarlıq doldurur içimizi.

Xaçmazın "Loqos"unda



Nəhayət, iki saatlıq səfərimiz yekunlaşır və biz artıq "Loqos"un Xaçmaz filialının önündəyik. Hələ avtobusdan düşməmiş qapının ağzına yığışan insanlar üzümüzə təbəssüm, içimizə sevinc doldurur. Bizi necə böyük coşğuyla, həvəslə gözləyirmişlər...

Hələ tanımadığımız, bir azdan tanış olub hətta bir neçə saat içərisində doğmalaşacağımız insanlar ilk baxışdan səmimiyyət və güvən duyğusu ötürürlər. Qapıdan girər-girməz Bakıda və Gəncədə olduğu kimi, burada da övladlarını müalicəyə gətirən valideynlərlə qarşılaşırıq. Sən demə, burada da insanların ən çox güvəndikləri və pənah apardıqları yer "Loqos" imiş. Burada da ürəyimi riqqətə gətirən valideynlərin üzündəki gülüş və işıq olur. Sanki heç problemləri yoxmuş kimi hamısı təbəssümlə baxır, hətta öz evlərindəki kimi bizə "Xoş gəldiniz" də deyirlər.

Ayaqüstü salamlaşmadan sonra filialın geniş, təmiz, işıqlı binası ilə tanış oluruq. Divarlar boyunca bizi filialın açılışından şəkillər, əməkdaşların fotoları, açılan hər otağın qapısında isə bir mehriban sima qarşılayır.

İlk tanış olduğumuz "Loqos"un Xaçmaz filialının rəhbəri, psixoloq Ayşə Məmmədova olur. Bu gözəl və xoş simalı xanım filial haqqında geniş məlumat verir. Öyrənirik ki, cəmi bir il öncə burada fəaliyyətə başlayan "Loqos" bu qısa zamanda nəinki Xaçmazın, eləcə də ətraf rayonların ümid yerinə çevrilib. Əvvəlcə uşaqlar üçün nəzərdə tutulsa da, artıq yeniyetmələr, hətta böyüklər də müraciət edirlər. Burada insanlara psixoloji dəstəkdən əlavə, loqopedik xidmət də göstərilir.

Təlim zamanı...

Tanışlıqdan sonra zaman gəlib çatır təlimə. Buradakı mövzu da olduqca maraqlı və faydalıdır. Bu dəfə uşaqlarda davranış pozğunluğundan danışacağıq. Təlimi filialın peşəkar psixoloqu Ülviyyə Əlifxanova keçir. Ülviyyə xanım həm də on ildir ki, məktəb psixoloqu işləyir. Ona görə də onun bu sahədə bilgisi və təcrübəsi kifayət qədərdir. Bunlar təlim zamanı özünü daha yaxşı biruzə verdi. Təlimin əsas özəlliyi isə o idi ki, Ülviyyə xanım təkbaşına mövzunu mühazirə kimi aparmır, öncədən hazırladığı slaydlar və kiçik səhnəciklərlə daha da maraq qatırdı. Bu işdə ona Ayşə xanım və filialın digər əməkdaşları da yardımçı olurdular.

Təlim əsnasında biz uşaqlarda ailədən və cəmiyyətdən qaynaqlanan davranış pozğunluqları, bunların əlamətləri, müxtəlif ailə tipləri, hiperaktiv uşaqlar, valideynlərin diqqət etməli olduqları əsas məsələlər, depressiya, fobiyalar və bunlardan qurtulmağın yolları haqqında geniş məlumatlar əldə etdik. Hələ təlimin sonunda keçirilən kiçik qrup-terapiya nəticəsində özümüzün qorxularımız və bu qorxuların xarakterimiz haqqında dediklərini də öyrəndik. Bizim suallarımız və Ülviyyə xanımla, hərdən yerindəcə söhbətə dəqiq mülahizələri ilə müdaxilə edən Ayşə xanımın məlumatları sayəsində bu söhbət daha da uzana bilərdi, amma təlim üçün ayrılan vaxt bu qədər idi, "Loqos"un bizə hazırladığı proqram isə olduqca zəngin.

Bu təlimin ardınca loqoped Aytac Nemətova bizə nitq qüsurları haqqında geniş məlumat verdi. Əslində, zamanımızın az olmağına baxmayaraq, bu xanımın geniş savadı, təcrübəsi və aydın izahı sayəsində söhbət o qədər maraqlı alındı ki, bizi gözləyən digər işlərimizi və proqramda yer alan məşğuliyyətləri hesaba qatmadan suallarımızla söhbətimizi daha da uzadırdıq. Aytac xanım isə hər sualımıza öncədən hazırlaşıbmış kimi çox dəqiq və səlis cavablarıyla bizi həm sevindirir, həm də təəccübləndirirdi. Əlbəttə, bu cür savadlı və hazırlıqlı mütəxəssislərin yalnız paytaxtda deyil, paytaxtdan kənarda da xalqın xidmətində olması bizi çox sevindirirdi. "Loqos"un rəhbəri Təranə xanım Məmmədova heç də əbəs yerə demirmiş ki, biz paytaxtdan da çox bölgə filiallarımızda daha savadlı və təcrübəli mütəxəssislərimizin olmağına çalışırıq.

"Xaçmaz...bura gələn burdan qaçmaz..."



Hər iki təlimdən bol məlumat və xoş ovqatla ayrılıb bizi gətirən avtobusla yola düzəlirik. Hara gedəcəyimiz isə "Loqos"un bizim üçün hazırladığı növbəti sürprizdir. Bu dəfə Ayşə xanımla Ülviyyə xanım da yol yoldaşımızdır. Biz jurnalist, onlar psixoloq. Suallar bitərmi? 15 dəqiqəlik avtobus səfərimiz də təlimin davamına oxşayır.

Yolda hər iki xanım Xaçmaz haqqında məlumat da verirlər. Hər ikisi buraya Bakıdan gəliblər, amma buranı o qədər çox seviblər ki, doğmalaşıb qalıblar. Ülviyyə xanım zarafatla deyir "bura Xaçmazdı, bura gələn burdan qaçmaz"... Hamımız gülürük, amma haqlı olduğuna heç bir şübhəmiz yoxdur.

Nəhayət, yolu səhv sala-sala, yolda soruşa-soruşa gedib Xaçmazın Dədəli kəndinə çıxırıq. Əsl ziyafət burda imiş ki... Filialın digər əməkdaşları - gülərüz, mehriban xanımlar və zəhmətkeş bəylər də bizi burda gözləyirmiş. Hər şeydən öncə Xaçmazın füsunkar təbiətinə valeh olmamaq mümkün deyil. İstidir, ancaq sərin meh yanağına sığal çəkir, səssizlikdir, quşların nəğməsi qulaqlarını oxşayır. Kənarda qalanmış ocağın qoxusu burnuna, göz oxşadıqca uzanan yaşıllıq gözlərinə, Şimal bölgəsinə xas təamlar isə damağına bayram ziyafəti bəxş edir.

Süfrə arxasında deyib-gülüb, bir-birimizə daha da doğmalaşandan sonra hamımız birgə kəndi gəzməyə çıxırıq. Yol boyunca uzanan fındıq, alça, gilas ağacları hələ uzaqdan adama gəl-gəl deyir. Həqiqətən də Vətənimin hər yeri gözəldir.

Fındıq bağı... Relaks terapiya... Və Elmira Mirzoyevanın bitməyən enerjisi...

Xaçmaz səfərimizin ən yaddaqalan və illərlə dadı damağımızdan getməyəcək anlarından biri də Elmira xanımın apardığı qrup terapiyası oldu. Açıq havada, mavi səmanın, yaşıl ağacların altında, geniş fındıq bağında sərin mehin müşayiətilə aylardan bəri üstümüzdə yığılıb qalmış yorğunluğu atmağın, rahatlıq tapmağın yolunu praktiki şəkildə öyrənirik. Terapiyanın adı "Ən gözəl və ən təhlükəsiz yer"dir. Hər birimiz Elmira xanımın o məlahətli səsiylə uzandığımız fındıq ağacının altında özümüzü ən gözəl və ən təhlükəsiz yerdə hiss edərək rahatlamağın sirrini öyrəndik. Həm də öyrəndik ki, bu metod cəmi 15-20 dəqiqənin içərisində ayların, hətta illərin yorğunluğundan qurtulmaq üçün ən effektiv üsul imiş.

Bizim Elmira xanımdan öyrənəcəyimiz hələ çox şey var...



Məsələn, bütün hallarda bol enerjili olmağı bacarmaq, hadisələrə pozitiv yanaşmaq... Terapiyanın ardıyca Elmira xanımın istəyi ilə hamımız bağın ortasındaca özümüzə olan sevgimizi elə özümüzə də səsli şəkildə göstərməliyik: "Mən!" deyə qışqıraraq. Əslində, bunda bir ayrı məqsəd də var: qışqıraraq həm əzələlərini, həm də ruhunu oyatmaq, stressini atıb yox etmək. Çox böyük köməyi varmış. Ara-sıra mütləq istifadə edəcəyəm, siz də yoxlayın!

Bundan sonra qrup rəhbərimiz bizə başqa bir oyun öyrədir: "Molekul" oyunu. Bu oyun sayəsində biz bir olmağı, birləşməyi, yenicə tanış olmağımıza baxmayaraq, bir-birimizə doğru qaçmağı, ehtiyacımız olanda bir-birimizin əlindən bərk-bərk tutmağı öyrənirik. Həm də bolluca gülürük, şənlənirik.

Terapiya və oyunlardan sonra yenidən qayıdırıq ziyafət yerinə. Burda isə bizi gözəl samovar çayı və özəl Şimal şirniyyatları gözləyir.

Və sonda...

Yerdə, xalça üstündəki deyib-gülməkli, bol söhbətli və şirin anlarla dolu çay süfrəsinin ardından gözəl ev sahibləri, gülərüz və mehriban xaçmazlılarla vidalaşıb Bakıya yola düşürük. Geri dönüşümüz də enerjili və coşğuludur. Bakıya çatmağımıza az qalmış düşdüyümüz tıxac isə sevincimizdən oğurlamağa cəhd edir. Tıxacın böyüklüyünü görən həmkarım Fərid Hüseyn arxa oturacaqdan gülə-gülə səslənir: "Deyirəm axı, belə gözəl bir gün bu cür asanlıqla bitə bilməzdi". Ancaq saat yarımlıq ləngiməyimiz belə enerjimizdən, səfərin xoş təəssüratından heç nə ala bilmir.

Beləcə, "Loqos"la çıxdığımız növbəti səfərimiz də xoş anlar, bol gülüş və faydalı söhbətlərlə yaddaşımıza əbədi həkk olur. Layihə isə hələ də davam edir. Xaçmazda bir söhbət əsnasında da dediyim kimi, "Loqos"un olduğu hər yer gözəldir. Bu faydalı layihə və yaratdığı bu cür imkanlara görə başda Təranə xanım Məmmədova olmaqla, bütün "Loqos" ailəsinə təşəkkür edir və hər zaman dostunuz olmaqdan böyük qürur duyuruq deyirik!

P.S. Hələ Xaçmaza getməmişdən öncə aylardır davam edən "Xalqın şairi" televiziya müsabiqəsinin həmin gün finalı olduğundan xəbərdar idik. Mənim və Fərid Hüseynin də tanıdığımız dostlarımızdan layihədə iştirak edib final mərhələsinə keçənlər olduğundan nəticə ikimiz üçün də maraqlı idi. Ona görə də səfər boyunca sosial şəbəkələri izləyib bir xəbər bilməyə çalışırdıq. Xəbəri isə Bakıya geri qayıdarkən aldıq. İkimizin də dostu, gözəl şair Şəhriyar del Gerani qalib olmuşdu. Elə yoldaca zəng edib dostumuzu təbrik etsək də, Xaçmaz səfərimiz bir də bu hadisəylə yadda qaldığından bu yazımızda da onu xatırlayaraq, bir daha təbik edir və daha böyük uğurlar diləyirik!

 





26.06.2018    çap et  çap et