525.Az

Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər


 

Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Araz-Türk Respublikasının fəaliyyəti dövründə, həmçinin, 1918-1920-ci illərdə general-mayor III Kalbalı xan Naxçıvanskinin döyüş hünərlərindən bəhs edən sənədlər çoxdur.
 
Bunların əksəriyyəti A.Hacıyevin monoqrafiyasında da öz əksini tapıb. ADR-in İrəvandakı nümayəndəsi Məhəmməd xan Təkinski 30 may 1919-cu il teleqramında yazırdı: "Kalbalı xan Naxçıvanski Xatisarovun dəvətinə "Mən Ermənistanı tanımıram!", - deyərək getmədi".

Naxçıvandakı müsavatçı general qubernator S.Cəmillinski isə mərkəzə-Bakıya xəbər verirdi: Kalbalı xan zalım, kəmağıl, yarıdəlidir və sair. S.Cəmillinski Naxçıvanskilərin cəsur hərbiçilər olmasına qısqanc yanaşırdı. Özü hüquqşünas idi.

1919-cu ilin avqustunda ermənilərin azğınlığını görən Kalbalı xan ingilislərə məhəl qoymayaraq döyüşə başlamaq əmri verir. Sənədlərdə yazılır ki, iki gün müddətində Naxçıvanda döyüşlər getdi. Üçüncü gün erməni kazarmaları hücumla alındı. Ermənilər bir neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. Naxçıvan xalq qoşununun qələbəsi haqqında Müsavat partiyasının informasiya bürosu 1919-cu il avqustun 30-da xəbər verirdi ki, Naxçıvan şəhəri erməni işğalçılarından təmizləndi. Ermənilər 800 əsgər və 8 zabiti əsir verdilər. Bütün bu qələbələrin başında III Kalbalı xan Naxçıvanski dururdu. Doğma anası bildiyi Naxçıvanın müs-təqilliyi uğrunda döyüşürdü. Erməni daşnaklarına baş əymirdi, sınmırdı.

Amma çox təəssüf ki, taleyin qəribə istəkləri də olur. Qeyd edək ki, Naxçıvan İnqilab Komitəsinin (Revkomun) 29 avqust 1920-ci il tarixli növbədənkənar iclasında Cəfərqulu xan Naxçıvanski, Rəhim xan Naxçıvanski qardaşlarının, o cümlədən, onların yaxın qohumları Kiyev Universitetinin hüquq fakültəsini bitirən məşhur vəkil İbrahim bəy Kəngərlinin Naxçıvandan sürgün edilmələri haqda sənəd Naxçıvan MR Dövlət Arxivində saxlanılır. O sənədlər bir çox qaranlıq məsələlərə aydınlıq gətirir.

Məsələn, Naxçıvanda xeyriyyəçiliyi ilə məşhur olan Rəhim xan Naxçıvanski İnqilab Komitəsinə yazır: "42 ildir ki, Naxçıvanda yaşayıram. Təsdiq edərlər ki, bu müddətdə milliyyətlərindən asılı olmayaraq evimdə qonaqlar qəbul edib onların xidmətində dayanmışam. Son 3 ildə 400 rus dəmiryolçusuna, qaçqınlara hamilik etmişəm. Faktiki müflisləşmişəm. Xahiş edirəm Bakıya aparacağım yükün bir neçə pud artırılmasına köməklik edəsiniz". Ancaq onun xahişi qəbul olunmur.

Cəfərqulu xan isə Revkom millətçilikdə və daşnaklara qarşı vuruşmaqda ittiham edirdi. Çox qəribə deyilmi?!

Cəfərqulu xan isə ona qarşı sürülən ittihamları qətiyyətlə rədd edir və deyir: "Milli Şuranın sədri kimi biz bolşeviklərin Naxçıvana gəlişinə çalışmışıq. Mən və oğlum Kalbalı xan erməni silahlılarına qarşı mübarizəyə rəhbərlik etdiyimizdən, biz digər işlərlə məşğul ola bilməzdik".

Cəfərqulu xanın İnqilab Komitəsinə 1920-ci il avqustun 28-də yazdığı məktub indiyədək bir sıra tədqiqatçıların üstündən sükutla keçdikləri məsələni aşkara çıxarır. O yazır: "Məni bolşevizm əleyhinə və Denikinə işləməkdə günahlandıraraq Naxçıvan İnqilab Komitəsi Bakıya sürgün edərək Mərkəzi İcraiyyə Komitəsinin sərəncamına məhkum edib. İttihamları qətiyyətlə rədd edirəm. Naxçıvan Milli Şurasının sədri kimi biz bolşeviklərin Naxçıvana gəlişinə çalışmışıq. Zəngəzurda Qırmızı Ordunu qarşılamaq üçün nümayəndə heyətini mən göndərmişəm. Xahiş edirəm bunları nəzərə alıb ittihamları üzərimdən götürəsiniz".

Bax, burada bolşevik ordusunu qarşılamaq üçün Zəngəzurun Əngələvit kəndində gedən nümayəndələrdən söhbət gedir. İndiyədək tədqiqatçılar onların Cəfərqulu xan tərəfindən göndərilməsini yazmırlar.

Bütün bu faktlar təsdiqləyir ki, Naxçıvana 1918-1920-ci illərdə rəhbərliyi Cəfərqulu xan etmişdir.

Çox təəssüf ki, bu igid, yaşlı hərbiçilərin xahişləri nəzərə alınmamış və onları Bakı adı ilə Şuşaya aparıb həbsxanada saxlamışlar və Qarabağ atçılıq zavodunda işlətmişlər. Yalnız 1922-ci ildə onlar hansı möcüzə ilə həbsdən çıxmış və Bakıya getmişlər. Bəlkə də Cəfərqulu xanın oğlu Cəmşid Naxçıvanski kömək edib. Biz, yazıçı Əli Səbri Qasımovun yazdığı xatirələrdən öyrənirik ki, onları Bakıda görmüş, aparıb evində qonaq etmiş və hökumətin razılığını alıb İrana-Ənzəliyə yola salıb. Gürcüstanın Milli Nazirliyinin arxivindəki sənəddən də aydın olur ki, müsavatçı Cəfərqulu xan Naxçıvanski İranda axtarılır.

Sənəd 1930-cu ildə yazılıb.

Gördüyümüz kimi, 1918-1920-ci illərdə Naxçıvanı müdafiə edənlər, onun azadlığı uğrunda döyüşənləri amansızcasına təqib etmiş, sürgünə göndərmiş, yaxud da əlüstü güllələmişlər.

S.Cəmillinskinin şikayətləndiyi hərbiçilərdən biri də Sələsüz taborunun komandiri Fətəli xan Naxçıvanski idi. O yazırdı: "Bu cənablar Kalbalı xana sədaqətlərini açıq-aydın göstərirlər, mənim başımın üstündən ona xidməti məruzələr edir, ondan əmr və göstərişlər alırlar..." Səməd bəy Cəmillinski unudurdu ki, bunlar yaxın qohum olmaqlarından əvvəl çox bacarıqlı hərbiçilər idi və hamısı da birinci Dünya müharibəsinin od-alovu içindən çıxmışdılar. Məqsədləri Naxçıvanı qorumaq idi.

Yeri gəlmişkən, Fətəli xan Bəhman xan oğlu Naxçıvanski 1887-ci ildə doğulub. O da hərbi təhsil almışdı. 1919-cu ildə ermənilərə qarşı rəşadətlə vuruşub. 29 mart 1919-cu ildə Azərbaycan Hərbi Nazirliyinin əmri ilə ona praporşik rütbəsi verilmişdi.

Naxçıvanın müdafiəsində Bəhram xanın və onun İrəvan gimnaziyasını qızıl medalla bitirən oğlu Əziz xanın da böyük xidmətləri olmuşdur. Əziz xanın fotoşəklini xalası oğlu, həmçinin, ata tərəfdən çoxşaxəli qohumluqları olan, əmioğlu dediyi Cəmşid Naxçıvanskinin albomunda tapdıq.

Araz-Türk Respublikasında fəallıq göstərən, döyüşlərdə qorxmayan, düşmənlə üz-üzə vuruşan Kamran xan Naxçıvanski zarafatcıl və şən adam idi. Əziz Şərif yazır ki, o, tez-tez Tiflisdə "Molla Nəsrəddin" jurnalının redaksiyasına gəlirdi... Kamran xanı erməni daşnakları öldürüblər.

Araz-Türk Respublikasının tarixindən səhifələrin çox az bir qismini sizinlə birlikdə vərəqlədik və gördük ki, bu illərdə də Naxçıvans kilər ulu əcdadları kimi Naxçıvanın düşmən əlinə keçməməsi üçün canlarını və var-dövlətlərini əsirgəməyiblər. Onlar vətənə olan sevgilərini hay-küylə yox, döyüş hünərləri ilə bildiriblər.

Burada bir haşiyəyə çıxmaq məcburiyyətindəyik.

Bəzən deyirlər ki, Naxçıvan Araz-Türk Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında əlaqə olmayıb və s. Biz bu məsələ ilə də bağlı xeyli axtarışlar apardıq və gördük ki, əksinə, imkan daxilində Naxçıvanla əlaqə yaradılıb. Buna ən yaxşı nümunələrdən biri Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, Artilleriya generalı  Səməd bəy Mehmandarovun 29 mart 1919-cu ildə imzaladığı 155 N-li əmrdir.

Bu əmr mərhum tarixçi Əli Əliyevin şəxs arxivindəndir. Həmin əmrdə Şərur və Naxçıvan qəzalarını erməni daşnaklarından azad edən döyüşçülər hərbi rütbə ilə təltif edilmişlər.

Piyada ordunun praporşik hərbi rütbəsi alanlar: Heydər ağa Bənəniyarski, Fətəli xan Naxçıvanski, Məsuməli Bənəniyarski, Qəhrəman bəy Kəngərli, Ələkbər Namazov, Həsən Musayev, Cabbar bəy Kələntərov, Adil bəy Qənbərli, Davud xan Naxçıvanski, Hüseyn xan İrəvanski, Allahyar xan İrəvanski.

Milis praporşiki rütbəsi alanlar: Hacı Xəlil İmanov, Vəli ağa Allahverdiyev, Kərbəlayı Muxtar Hacıyev, Əmirəli Bənəniyarski, Kərbəlayı Kərim Rzayev, Mirzə Zeynəddinski, Məmmədrza bəy Allahverdiyev, Məşədi Ələkbər bəy Camalbəyov, Əli bəy Əzimbəyov, Süleyman ağa Kəngərli, Əli Ağayev, Cəfər bəy Rzayev, Saleh Ələkbərov, Məmmədrəhim Hüseynov, Muxtar Nəsirov.

Naxçıvanı yağılardan, ən vəhşi quldur daşnaklardan qoruyan belə yüzlərlə igid naxçıvanlı döyüşçülər məhv edildilər, sürgünlərdə yaşamalı oldular. Sovet hökuməti isə onları unutdurmaq üçün hansı üsullara əl atmadılar. Ancaq xalqımız igid döyüşçüləri unutmadı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının da yaşanan tarixi çox incəliklə və həssaslıqla öyrənilməyə başlandı. Naxçıvan tarixinin hər bir qəhrəmanlıq səhifəsinə çox diqqətli olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu qəhrəman döyüşçülərə yüksək qiymət verərək demişdir: "İstər XIX əsrdə, istərsə də XX əsrin əvvəllərində Naxçıvana ermənilərin yerləşdirilməsi prosesi davam etdirilsə də, ermənilər tərəfindən Naxçıvanda qırğınlar törədilsə də, Naxçıvan əhalisi heç vaxt azadlıq əzmini itirməmiş, həmişə öz sözünü deməyi bacarmış, düşmənin layiqli cavabını vermiş, hətta naxçıvanlıların qəhrəmanlığı ermənilərin tarixi sənədlərində də öz əksini tapmışdır".

İnanırıq ki, hər dəfə Araz-Türk Respublikasının tarixini, ümumilikdə 1918-1920-ci illərdəki hərbi-siyasi hadisələri araşdırarkən Naxçıvanskilərin yeni-yeni hünərlərinin şahidi olacağıq.

Musa Rəhimoğlu (QULİYEV)
AMEA Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfi doktoru 

 





26.06.2018    çap et  çap et