525.Az

Möhtəşəm yüz il


 

Möhtəşəm yüz il<b style="color:red"></b>

Sual versəydilər ki, ömrünün hansı çağında, hansı dəqiqəsində əsl mənada xoşbəxt olmusan, dərd-sərdən, qayğılardan, peşmançılıqlardan tamam ayrılıb sevindiyindən göyün yeddinci qatına qalxmısan, yəqin fikirləşmədən, götür-qoy etmədən deyərdim ki, elə indi, bax, bu mənzərəni bir addımlıqda izlədiyim dəqiqədə, üzümü səmaya tutub, göz-gözə gəldiyim əsrarəngizliyi gördüyüm saniyədə.
 
Adamın iliyinə işləyən şaxta kimi gah dondururdu, gah da daha dərinlərə enərək içi-içalatı sızıldadır, sümükləri gizildədirdi! Bu hiss sanki indiyə qədər duymadığım, dərk eləmədiyim ürək döyüntüsü, damarlarımda yaranmış yeni qan dövranı kimi mənə bağışlanmışdı. Başımı qaldırıb enli gövdəli ağacların yaşıl budaqları arasından göyləri süzürdüm! Mavi səmanın bayrağa qarışmış rəngi, həmin rənglərdən aldığım güc vücuduma dolurdu.

Bu məqamda çiynimdən dağ götürülürdü, nəfəsim ciyərlərimdən rahat və sərin çıxırdı, ürək döyüntüm əvvəlki qaydasına düşürdü. Bir-birini qovan fərqli duyğuları iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə keçirilən təntənəli, möhtəşəm, unudulmaz hərbi paradı izləyərkən yaşadım.

Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Silahlı Qüvvələrinin hərbiçilərindən ibarət 4000 nəfərədək şəxsi heyətin iştirak etdiyi paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi.

Bütün bu sehir qüruru, fərəhi, sevinci kilidli qapılar arxasından gün üzünə çıxarmışdı. Köpüyü üzündə, təravəti üstündə, aydınlığı içində idi. Saatlar irəlilədikcə fəxarət hissi yaradan paradın sona çatması kədərləndirirdi, axı kim istəyər onu göyün yeddinci qatında saxlayan xoşbəxtlik sona yetsin? Mümkün qədər uzatmaq, hətta nəhayətsizləşdirmək istəyirdim. Hərbiçilərin addımlaması ilğım kimi sayrışmaya bənzəyirdi. Həmin addımların qətiyyətli səsi eşidildikcə, sanki, öləziyən ümidlərin dibinə su tökülürdü. Pilotlar göyün üzündə, gün işığının şəfəqləri altında elə gözəl bərq vururdu ki, adamın vücudu sanki yaralardan arınırdı. Öz-özümə "necə gözəldir, İlahi" deyə, dilimin ucunda bəlkə yüz dəfə təkrarlayırdım!
 
Fikirləşirdim ki, dünyada boz rəng üstünlük təşkil etsə də, müharibələrin ardı-arası kəsilməsə də, savaş, hətta qaçınılmaz məğlubiyyətlər olsa da, bircə bu ovsunlayan görüntünün eşqinə dözüb yaşamağa dəyər! Şahidi olduğum coşğu gözümdə yaşa dönərək yanaqlarımdan axmağa başladı. Bu yaşlar bir az Xocalı, bir az Şuşa, bir az Ağdam, bir az Laçın, bütövlükdə isə Qarabağ üçün süzülürdü! Bu güclə nələr etmək olmaz ki? Ordunun nizamı, əsgərlərin sıralanması göydən yağan oda baxmayaraq, insanın içini sərinlədirdi. Əmin edirdi ki, kürəyimizi söykəsək, boşluğa yıxılmayacağıq! Paradın möhtəşəmliyi bulanıq şüurları təmizləyirdi, hirsli-hikkəli ürəkləri sakitləşdirirdi. Neftçilər prospektindən üzü Azneft dairəsinə doğru şütüyən hərbi texnikalar izləyənləri coşdururdu. İnsanlar məğrur duruşlu hərbiçilərə əl yelləyir, vargücü ilə alqışlayır, gicgahlarındakı damarlar şişənə qədər qışqırıb, onlara güvəndiklərini deyir, Qarabağ işğaldan azad etməyə çağırırdılar.
 
Qarmaqarışıq səslərin içində sanki dünyanın rəngi, qoxusu, görünüşü dəyişirdi. Sonuncu dəfə insanların kütləvi şəkildə nəyə sevinib, həyəcanlanmasını unutmuşdum, bəlkə də, buna görə idi onların sevgi seli qarşısında sümüklərimin titrəməsi! Ağsaqqal da, qarasaqqal da - hamı məmləkətinə dönüb yayın istisini, qışın çovğununu öz evində, öz doğma torpağında hiss etmək istəyir.

Görünən isə budur ki, o gün elə də uzaqda deyil! Azərbaycanımızın inkişafı, yüksəlişi, müvəffəqiyyəti, azadlığı Ordumuzun gücündə, qüdrətindədir. Möhtəşəm 100-cü il bunu bir daha sübut etdi və Qarabağla bağlı inamımızı möhkəmlətdi!

 





28.06.2018    çap et  çap et