525.Az

Cümhuriyyətimizin xilası və ordu quruculuğumuz naminə fədakarlıq örnəyi


 

SİBİR SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ GƏLƏN VƏ BURADA MİLLİ MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Cümhuriyyətimizin xilası və ordu quruculuğumuz naminə fədakarlıq örnəyi<b style="color:red"></b>

"525-ci qəzet"in diqqətli oxucuları, yəqin Hüsaməddin Tuğac adlı türk zabitinin Azərbaycanın istiqlal mübarizəsinə qoşularaq, bu yöndə olduqca vacib məsələlərin həllində əhəmiyyətli rol oynaması haqda müəyyən məlumatlara malikdirlər.

Çünki Birinci Dünya Müharibəsi olaylarının axarında taleyin hökmü ilə Azərbaycana gələn və buradakı milli mücadiləyə, Türkiyəyə döndükdən sonra isə Qazi Mustafa Kamal Atatürkün öndərliyində istiqlal savaşına qatılan bu şəxsin bir millətin iki dövlətinə xidmətdə keçən ömrü haqda 6 il əvvəl, qəzetimizin 2012-ci il 25 avqust tarixli nömrəsində "İki cümhuriyyətin əsgəri" adlı yazıda bəhs etmişdik. Azərbaycan Xalq Cümhuriyyətinin, həmçinin, Ordumuzun bir əsrlik yubileyi ilə əlaqədar olaraq, eləcə də Hüsaməddin Tuğacın özünün vaxtilə dərc etdirdiyi xatirələrində yer almış, Azərbaycanla bağlı maraq doğuracaq məsələlərin daha ətraflı şərhinə ehtiyac duyaraq, bu mövzuya bir daha üz tutmağı faydalı saydıq. Xüsusən MƏHZ HƏMİN ŞƏXSİN ERMƏNİLƏRİN QAFQAZDAKI QƏTLİAM PLANLARINA DAİR RAPORTU ÜZRƏ TÜRK ORDUSUNUN TƏCİLİ HƏRƏKƏTƏ KEÇMƏSİ HAQDA İLK DƏFƏ TANIŞ OLACAĞINIZ FAKTLAR Türkiyə və Azərbaycanın müştərək hərbi tarixinin daha bir qiymətli nümunəsidir. O da maraqlıdır ki, Hüsaməddin, sən demə, əslən elə Azərbaycan yurdundan, daha dəqiq, Şəmkirin Qaracəmirli (Qaraca Əmirli) kəndindən imiş. Bu kənddəki Hacıismayıl oğulları nəslindən olan atası Əhməd həcdən dönərkən, Türkiyədə qalıb və orda ailə qurub. Bu faktlar Hüsaməddin Tuğacın özünün xatirələrində - onun 1966-cı ildə Ankarada çap etdirdiyi, elə bu yazıda da xeyli iqtibas edəcəyimiz "Bir nəslin dramı" kitabında da yer alıb.

Sarıqamış-Sibir-Gəncə 

İstiqlal mübarizəmiz haqda azərbaycanlı mühacirlərin xatirələrində adı o vaxtkı Gəncə Milli Komitəsinin icra heyətinin üzvü kimi çəkilən Hüsaməddin Tuğac 1889-cu ildə Ərzurumun Həsənqala ilçəsində hərbçi yüzbaşı Hacı Əhməd və Fatma xanımın ailəsində doğulub. Gənc Hüsaməddin 1910-cu ildə Hərb Okulunu bitirdikdən sonra Bağdad və Şamda xidmət edir. 1912-1913-cü illərdə Balkan savaşına qatılır. Birinci Dünya Müharibəsində isə Sarıqamışda vuruşur. 1915-ci ilin yanvarında Rus Ordusu ilə Qafqaz cəbhəsindəki bu amansız döyüşdə 9-cu Kolordunun (korpus) zabiti, üstəymən (baş leytenant) Hüsaməddin Tuğac əsir düşür.

Yüksək rütbəli bir zabit kimi, həm də bəlkə Türk Ordusu komandanı Ənvər paşaya çox oxşaması səbəbilə, onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin buradakı qərargahına gətirirlər.

"Sorğulardan sonra məni bir yemək stoluna da götürdülər. Ordu komutanı general Yudeniç və başqa yüksək rütbəli zabitlər yemək yeyirdilər. Məni də bu zəngin süfrəyə aldılar. 1915-ci ilin Yeni il süfrəsi imiş. Süfrədə mənə bir qədəh vodka da ikram etdilər. İçmədim. İsrar etmədilər. Səhərisi gün bizi stansiyaya götürdülər. Rusiyanın içərilərinə gedəcəyiz..." - deyə, H. Tuğac yuxarıda adını qeyd etdiyimiz kitabındakı xatirələrində qeyd edir

Beləcə, Hüsaməddin Tuğacı digər türk zabit və əsgərləri ilə birgə Rusiyanın ucqarlarına sürgünə aparırlar. Qatar əvvəlcə Gəncə, Bakı, Petrovskdan keçir. Hüsaməddinə nədənsə, ayrıca, təmtəraqlı vaqon-otaq ayırıblar. Bunun səbəbini Petrovska çatanda anlayır. Sən demə, ruslar onun Ənvər paşaya oxşarlığından faydalanmaq istəyiblər. Yerli əhali xüsusi vaqonda aparılanın əsir alınmış Ənvər paşa olduğunu zənn edəcək. H. Tuğac maraqlı bir səhnəni də təsvir edir:

"Petrovskda dayanarkən pəncərəyə yaxınlaşdım. Aşağıda bir topa adamın mənim vaqonumu göstərib bir-birinə nələrisə dediklərini hiss edirdim. Görkəmindən erməni olduğu bilinən birisi isə əlini boğazına çəkib mənə axırımın çatdığını anlatmaq istəyir, sonra da əllərini göyə qaldırıb sanki şükür edirdi".

Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin bir neçə ay davam edəcək tif - qarın yatalağı xəstəliyinə tutulur və bu şəhərdəki hospitala yerləşdirilir. Dəfələrlə ölümün gözlərinə baxır. Davamlı qarabasma və sayıqlamalarla mübarizə aparmalı olur. Nəhayət, səhhəti yerinə gəlir. Sağaldıqdan sonra Sibirə sürgün yolları davam edir. Çelyabinsk, Tomsk və nəhayət, İrkutsk. Buradakı qərib, məşəqqətli həyat. Amma ondan güclü - Vətənə dönüb, mübarizəyə təkrar qatılmaq eşqi.

Bir neçə aydan sonra Hüsaməddin daha iki sürgün yoldaşıyla birgə düşərgədən qaça bilirlər. Lakin ələ keçirilib yenidən İrkutska qaytarılırlar. Onlar haqda elə bir ciddi ölçü götürülmür. Ümumiyyətlə, o vaxtın düşmənləri bir-birinə qarşı mərd davranışları ilə seçilirlərmiş. H.Tuğac xatirələrində sürgün yoldaşları ilə birgə rusların icazəsilə qəzet belə nəşr etdiklərini, hətta "Bayqal türklərinin tarixinə dair məqalələr üzərində işlədiyini" (!) qeyd edir.

Sibir sürgünü ümumən iki il yarım çəkir. 1917-ci ildə Rusiyada baş qaldıran hərc-mərclik sürgündəkilərin də işinə yarayır. Hüsaməddinin təkrar qaçışı uğurlu olur.

Yeni bir macəralı səyahət başlayır. Sibir şəhərləri, Orta Asiya... Qırğız Xalq Komitəsinin köməyilə saxta sənəd düzəltməyə müvəffəq olan Tuğac Daşkəndə, sonra Krasnovodska gəlir. Buradan gəmi ilə Bakıya doğru yola çıxır.

Bakıda Hüsaməddin Tuğac Azərbaycanın irəligələnləri - Məhəmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovla görüşüb-danışmağa vaxt tapır. Görüşlərdə çətin vəziyyətin açarının Gəncədə olduğu aydınlaşır. Nəhayət, Hüsaməddin Tuğac Gəncəyə yollanır.

Qəribədir, Gəncədə qaldığı mehmanxananın sahibi, hələ sürgünə yollanarkən yaxınlıqdakı Dəllər stansiyasında ötəri söhbət etdiyi, Gəncənin addımlı adamlarından olan Sarı Ələkbər İmamqulu oğlu imiş. Hələ o vaxt Hüsaməddin, Sarı Ələkbərə atasının buralardan, Gəncə vilayətinin Şəmkir elinin Qaraca Əmirli kəndindən olduğunu demişdi.

Hüsaməddin Tuğacın qayıtması Gəncədəki mücadilə liderləri üçün göydəndüşmə idi. O, dərhal Gəncə Milli Komitəsinin rəisi Nəsib bəy Yusifbəyli ilə görüşdürülür və Komitənin icra heyətində yer alır.

Milli Komitənin Sarı Ələkbər və Nağı bəy Şeyxzamanlının rəhbərlikləri altında iki silahlı dəstəsi mövcud idi. Amma hərb sənətinin hərtərəfli öyrədilməsinə, silahla davranışların aşılanmasına, eləcə də yeni silahların əldə olunmasına böyük ehtiyac duyulurdu. Bu işlər dərin hərbi təcrübəyə malik Hüsaməddin Tuğaca tapşırılır.

Tezliklə, xüsusən gənclərin hərbi vərdişlərə yiyələnməsi üçün Gəncənin bir neçə yerində, o cümlədən, Uğurlubəy karvansarasının geniş həyətində təlim meydanları fəaliyyətə başlayır. İlk döyüş sınağı da gerçəkləşdirilir - Şəmkirin həmən Dəllər stansiyasında, cəbhədən dönən rus əsgəri hissələri tərksilah edilir və əldə olunan silahlar hesabına Gəncə Milli komitəsinin cəbbəxanası gücləndirilir.

Hüsaməddin Tuğacın Gəncədə ən yaxın dostlaşdığı adam Nağı bəy Şeyxzamanlı olur. Türkiyədə onun adı Naki deyə çəkilir.

"Naki bəy mənə yaxın məsləkdaşlıqdan başqa, bir qardaş oldu. Onun yaşlı anasını mən də özümə bir ana bildim".

İki cürətli dostun istənilən riskli məqamlardan belə çəkinməmək xüsusiyyətlərini duyan Milli Komitə rəisi ən vacib missiyanı gerçəkləşdirməyi də onlara həvalə edir.

"Bir axşam Nəsib bəy məni xüsusi toplantıya çağırdı. Gəncə və Bakının, bütün Azərbaycanın xilası naminə Türk Ordusunu dəvət üçün arkadaşım Naki bəy Şeyxzamanlı ilə birgə Türk hökuməti və Ənvər paşanın yanına, bizim bir təmsilçi olaraq göndərilməyimizi uyğun bilmişdilər" - deyə, H. Tuğac yazır.

Hüsaməddinin ölüm-dirim raportu

Hüsaməddin Tuğac və Nağı bəy uzun və macəralı yolçuluqdan sonra 1918-ci ilin fevralında Suşəhrində Türk 3-cü Qafqaz Ordusu komandanı Vəhib paşanın qərargahına çatırlar. Vəhib paşa vaxtilə Hüsaməddinin atası, 1904-cü ildə şəhid olmuş yüzbaşı Hacı Əhmədlə döyüş dostu olubmuş. Nümayəndələrin Azərbaycan, eləcə də Qafqaz cəbhəsinə aid raportları çox qiymətli idi və vəziyyət dərhal Ənvər paşaya çatdırılır. Ənvər paşa heyəti İstanbula görüşə dəvət edir. Bu görüşə Nağı Şeyxzamanlı və azərbaycanlı emissarlara sonradan qoşulan Ömər Faiq Nemanzadə qatılırlar. Ən əsası, Azərbaycana Nuru paşa komandanlığında Türkiyə qüvvələrinin yardımı təmin olunur. Türk dünyasına xidmətləri müqabilində Hüsaməddin Tuğaca isə yüzbaşı rütbəsi verilir.

OLDUQCA VACİB BİR MƏQAM! Məhz Hüsaməddin Tuğacın raportu Türk Ordusunun Qafqaz cəbhəsində daha tez və daha konkret məramla, həmçinin, azərbaycanlı emissarların təkliflərini əhatə edən korrektələrlə hərəkətə keçməsinə səbəb olur və bununla da buralardakı - istər Türkiyəyə, istər də Azərbaycana aid coğrafiyalardakı məkrli erməni planlarının qarşısı alınır.

(Ardı var)

Gəncə 

 





28.06.2018    çap et  çap et