525.Az

Argentina - təbiəti və insanları - XIX əsr Argentinasının timsalında


 

SİYASİ FIRTINALARA BARBARLIĞIN TƏSİRİ

Argentina - təbiəti və insanları - <b style="color:red">XIX əsr Argentinasının timsalında</b>

(Əvvəli ötən şənbə sayımızda)

Siyasi inqilab fenomeni və müqavimət göstərilməsi istənilən siyasi quruluşda endemikdir.

Onlardan uzaqlaşmaq və ya onun təhlükəsini minimuma endirmək üçün tədricən transformasiyalar həyata keçirilməlidir ki, tətbiq edilən institutlara adət edilməsi baş versin və siyasi qaydaya aid olan proses təkamülə məruz qalan dəyərlərə, maraqlara və inanclara uyğun gəlsin. Başqa cür olduqda zorakılıq yayılacaq və bu bədbəxtlik tez-tez baş verəcəkdir. Ona görə də mümkün qədər inqilablardan yan keçmək lazımdır. Bunu nəzərə alaraq Lev Trotskinin “inqilab tarixin dəlicəsinə ilhamlanmasıdır” fikri ilə razılaşmaq lazım gəlir.

Müharibələrə, inqilablara qısa da olsa nəzər saldıqca, bu cəmiyyət kataklizmlərinin insanların həyatına mütləq və ya digər dərəcədə bədbəxtliklər gətirməsinin şahidi oluruq. Hər ikisində, özlərindən asılı olmayaraq, onların iştirakçıları həm də şər əməllərlə məşğuldurlar. Biz bunu XIX əsrin birinci yarısının Argentinasının timsalında da aydın görürük. Bu geniş əraziyə malik olan ölkə, həm də qızğın siyasi və sosial mübarizələrin baş verməsinin özünəməxsus eksperimental laboratoriyasına çevrilmişdi. İnqilab xalqın yadelli ağalığından azad olunması ilə nəticələnsə də, ölkədəki şər qüvvələrə, barbarlığı ictimai həyata təlqin etməyə çalışanlara qapını yox, darvazanı açmışdı. Müxtəlif, bir-birinə əks olan qüvvələrin çarpazlaşdığı, bir-biriylə vəhşicəsinə vuruşduğu, siyasi bədbəxtliklərin bol-bol baş verdiyi və tufan məkanını andıran bu ölkədə barbarlıq dövrlərinin bərpası və müharibələr baş alıb gedirdi. Nəhayət, əsrin sonunda demokratik respublika formalaşmış ağır sınaqlarla, hər cür eybəcərliklərlə üzləşən bu xalq əsl proqress və inkişaf yoluna qədəm qoymuşdu.  

Argentina - təbiəti və insanları

Argentina Respublikasının əhalisi nisbətən az olsa da, ərazi cəhətdən bu, Cənubi Amerikanın ikinci böyük ölkəsidir. 3,8 milyon kvadrat kilometrlik ərazidə 35 milyon adam yaşayır. Şərqdə Atlantik okeanının cənubu ilə, qərbdə Çili ilə, şimali-şərqdə Uruqvay və Braziliya ilə, şimalda Boliviya və Paraqvayla həmsərhəddir. Əhalisinin 85 faizi Avropa mənşəlidir. Əhalinin əksəriyyəti katolik dini konfessiyasına məxsusdur. İndiki Roma papası Fransisk Argentinanın yepiskopu olmuş, əsasını İqnatus Loyananın qoyduğu iezuit ordeninin üzvüdür.

And dağları ölkənin şimalından cənubuna doğru uzanır, Çili ilə bir təbii sərhəd kimi xidmət göstərir. Bu dağlarda ən yüksək zirvənin (Akonkaqua) hündürlüyü 7 min metrə çatır. Otlarla örtülü, ağacı olmayan düzənlik - pampa şərqə tərəf uzanır. Ölkənin şimalında Paraqvay, Parana və Uruqvay çayları axır. Pampada həm də çoxlu göllər vardır. Quru havası olan düzənlik isə şərqdə səhraya çevrilir.

İspanlar XVI əsrdən başlayaraq bu ərazidə məskunlaşmışdılar. Lakin bu vaxt ölkə ərazisində əhalinin sayı az idi. 1810-cu ildəki inqilab ispan ağalığına son qoydu. 1816-cı ildə dövlət müstəqilliyi elan olunmaqla, Rio-de-la-Plata Birləşmiş əyalətləri adlanan dövlət quruldu.

İspanlar burada, Peruda olduğu kimi, gümüş axtarırdılar və Rio-de-la-Plata adı da buradan yaranmışdı. “Rio” ispanca “çay”, “plata” isə “gümüş” deməkdir, yəni gümüş çayı. Böyük fransız filosofu Volterin Müqəddəs Roma imperiyası barədəki sözlərini yada salsaq, o deyirdi ki, bu ad altında yaşayan quruluşda nə müqəddəslikdən, nə Romadan, nə də imperiyadan əsər-əlamət var. Argentinanın köhnə adında da belə paradoks mövcuddur. Çünki çay adlandırdıqları La-Plata, əslində, iki çayın - Uruqvay və Parananın estuarisi - geniş və dayaz mənsəbidir. “Gümüş” sözü də özünü doğrultmur, çünki ispanlar burada bu qiymətli metalı tapa bilməmişdilər. 1826-cı ildə isə ispan sözündən imtina edilməklə, ölkə latın dilindəki “gümüş” mənasını verən “argentium” sözündən götürülən Argentina Respublikası adlandı.

25 may 1810-cu ildə ispan müstəmləkə ağalığına qarşı üsyan qalxdı. Argentinalıların bu cəhdinin uğuruna Napoleonun 1808-ci ildə İspaniyanı işğal etməsi kömək etmişdi. Ferdinand kral taxt-tacından qovulmuş, Napoleonun qardaşı Jozef Bonapart kral təyin edilmişdi. Üsyançılar Argentinanı idarə edən İspaniya vitse-kralını devirib, La-Plata müvəqqəti hökumətini yaratdılar. Bu hadisə Argentinada “may inqilabı” adını aldı. 9 iyul 1816-cı ildə isə Tukumanda keçirilən Milli Konqress “Rio-de-la-Plata” adlanan müstəqil dövlətin yarandığını elan etdi, 1826-cı ildə isə onun köhnə adı dəyişdirilməklə, Argentina Federativ Respublikası oldu. Ümumiyyətlə, burada dövlət gah unitar, gah da federal xarakter daşıyırdı.

XIX əsrdə xeyli sayda avropalı pampada məskunlaşmışdı. Burada kənd təsərrüfatı məhsulları - başlıca olaraq dənli bitkilər, yağ toxumları, günəbaxan tumu, ət, həmçinin kartof, pambıq, şəkər çuğunduru, tütün, düyü, zeytun, soya, üzüm, yerfındığı istehsalı genişlənmişdi.

Qonşuları ilə ərazi üstündəki münaqişələr bəzən Argentinanın uduzmasına səbəb olmuş, 1825-1828-ci illərdəki Braziliya ilə müharibədən sonra mübahisəli ərazidə Uruqvay Respublikası yaranmışdı.

Argentina olduqca müxtəlif, rəngarəng təbiətə malikdir. Qərbdə Andın qarlı zirvələri uzanır, şərqdə isə nəhayətsiz pampa çöl düzənliyi mövcuddur. Şimalda tropik günəşin şüaları hər yeri yandırırsa, cənubda Antarktika buzları bu torpaqlara yaxınlaşır.

Argentina Cənubi Amerika qitəsinin şərq hissəsini tutur, sərhədlərinin 3/4-ü qurudur və ən böyük sərhədi Çili dövləti ilədir. Ölkənin ərazisi meridian istiqamətində uzanır. Ərazinin uzunluğu şimaldan cənuba 3,7 min km, qərbdən şərqə isə 1,4 min km. olmaqla, coğrafi nöqteyi-nəzərdən onun xüsusiyyətini əks etdirir. 2,5 min km. uzunluğunda Atlantik okeanın sahili uzanır. Bu, ona bütün Avropa ilə iqtisadi əlaqələri inkişaf etdirməyə şərait yaradır.

Ölkənin müasir sərhədlərdəki ərazisi XIX əsrin ikinci yarısında formalaşmışdır. İspanların işğalına qədər burada hindu tafyaları məskunlaşmışdı. Buradakı hinduları Meksikanın inkişaf etmiş mayyaları və atstekləri ilə, imperiya yaratmış Peru inkaları ilə müqayisə etmək olmazdı. Sivilizasiya nöqteyi-nəzərdən onlara uduzurdular. İspanlar burada qiymətli metal tapmağa ümid edirdilər, lakin arzuları puça çıxdığından, başqa ölkələrə keçdilər. Bura o vaxtlar qitənin ən geridə qalmış ərazilərindən biri idi. Az sayda olan əhalinin də məşğuliyyəti başlıca olaraq maldarlıq idi.

1776-cı ildə ispanlar burada Rio-de-la-Plata vitse-krallığı yaratmışdılar, ona müasir Argentinanın, Boliviya, Paraqvay və Uruqvayın əraziləri daxil idi. XIX əsrin əvvəllərində onların hər biri müstəqil dövlətə çevrildilər. 1811-ci ildə Argentinadan ayrılan Boliviya ilə birlikdə Paraqvayın, Uruqvayın və Argentinanın iqtisadi inkişafında Buenos-Ayresin, İspaniya metropoliyası limanları ilə sərbəst ticarət aparmaq hüququnu alması mühüm rol oynadı.

Tezliklə Argentina Qərb yarımkürəsində avropalıların immiqrasiyasını və xarici investisiyaları cəzb edən ən iri rayonlardan birinə çevrildi. Tədricən Argentina Latın Amerikasının ən inkişaf etmiş ölkələri siyahısına daxil oldu, iri həcmdə taxıl və ət ixrac etməklə dünya bazarına çıxdı. I Dünya müharibəsi ölkənin dünyanın ənənəvi bazarları ilə xarici ticarətini müvəqqəti olaraq zəiflətdi. Dünya iqtisadi böhranı (1929-1934-cü illər) digər dar ixtisaslaşmış təsərrüfata malik olan ölkələr kimi Argentinaya da ağır təsir göstərdi. Ona görə də ölkə təsərrüfatının yenidən qurulması, iqtisadiyyatın diversifikasiyası həyata keçirildi.

Argentinanın böyük ərazisi iki hissəyə - şimaldakı və şərqdəki düzənlik sahəsinə, qərbdə və cənubda isə hündür yayla hissəsinə bölünür. Dağlar dərin vadilərlə növbələşir və bunlar valyes və ya dağ arasındakı geniş dərələrdir.

Şimalla Cənubun arasında isə geniş düzənlik olan pampa yerləşir. Alçaq pampa, demək olar ki, ideal düz səthə malik olan düzənlikdir.

Argentina üç iqlimə malikdir - tropik, subtropik və mülayim zonalarda yerləşir. Ölkənin iqlimi, əsasən, Atlantik okeanından qalxan dəniz havası kütləsinin təsiri altında formalaşır. And dağlarının ətəklərində isə yağıntı çox olmaqla, onun miqdarı ildə 4700 mm.-ə çatır. Pampada isə il ərzində 1000 mm.-lik yağıntı düşür. Nortec adlanan şimal küləkləri bürkü gətirir.

Argentinada axan çayların çox hissəsi Atlantik okeanına tökülür. Parana və Uruqvay çayları axıb La-Plata mənsəbinə qarışır. Parana hövzəsi öz sahəsinə və uzunluğuna görə Cənubi Amerikanın Amazonkadan sonra ikinci çayıdır. Qayalıq ərazilərdən keçdikdə çay çox sayda şəlalələr əmələ gətirir. Dərədən çıxdıqda isə o, özünün baş qolu olan Paraqvay çayı ilə birləşir. Çayın eni 50 km-ə, Uruqvay çayı ona töküldüyü La-Plata estuariyasının eni isə 800 km-ə çatır, həm də burada çay çox dayazdır.

Parana Argentinanın iqtisadi həyatında həm nəqliyyat arteriyası, həm də su təchizatı mənbəyi kimi nəhəng rol oynayır. Ümumiyyətlə, La-Plata hövzəsi Cənubi Amerikanın bir sıra ölkələri üçün mühüm əhəmiyyətə malikdir.

Belə iri çaylarına baxmayaraq, ölkənin bəzi rayonlarında - rütubətli pampada, Tukuman şəhəri yaxınlığında su ehtiyatlarının mühüm mənbəyi yeraltı sulardır.

Ölkənin təbii mühitinin müxtəlifliyi onun torpaq növündə də özünü büruzə verir. Rütubətli Pampanın qara torpağa bənzəyən və çəmənlik torpaqları böyük məhsuldarlıqları ilə fərqlənir.

Pampa keçya tayfasına mənsub olan hinduların dilindən tərcümədə “oduncaqlı bitkilərdən məhrum olmuş” mənasını verir. Rütubətli pampanın nəhayətsiz çöl məkanı nə vaxtlarsa çoxillik dənli bitkilərlə və müxtəlif rəngarəng otlarla örtülü idi. Onun ot örtüyü heyvandarlıq üçün gözəl təbii yem bazası rolunu oynayırdı. Lakin qaramalın uzun müddət ərzində otarılması hesabına bura alaq otları ilə korlandı və özünün ilk mahiyyətini nisbətən itirdi.

Quru havalı pampada  alçaq boylu ağaclar, tikanlı kollar, qaba otlar çoxluq təşkil etməsi ilə o, rütbətli adaşından fərqlənir.

Pataqoniyada isə oduncaqlı bitkilər, demək olar ki, yoxdur, bura soyuq iqliminə görə Rusiyanın tundurasını xatırladır.

Argentinanın faunası Latın Amerikasının digər ölkələri kimi o qədər də zəngin və müxtəlif növlü olmasa da, bir sıra endemik nümunələrə malikdir. Buna Pampa maralı, Pampa pişiyi, Magellan iti daxildir.

Ölkənin əhalisinə gəldikdə XVI əsrin əvvəllərinə qədər Argentina ərazisində hindu tayfaları yaşayırdı. Onların sayı o qədər çox olmasa da, etnik tərkibi olduqca müxtəlif idi. Hindu tafyaları - diagitlər və keçua nisbətən yüksək sivilizasiya səviyyəsinə malik idilər, onlar oturaq həyat sürürdülər. Quaranilər şimali-şərqdə yaşamaqla, əkinçiliklə məşğul idilər. Köçəri hindu tayfaları qonşu tayfalarla dəri və parça ticarəti aparırdılar.

Argentinanın ispan müstəmləkəçiliyi XVI əsrdə başlamaqla yerli əhalinin kütləvi və qəddarcasına qırılması ilə müşayiət olundu.

XX əsrdə Avropa immiqrasiyasının təzyiqi altında hindular ardıcıl olaraq həyat üçün az sərfəli olan ərazilərə sıxışdırıldılar. Birləşmiş Ştatlardakı və Kanadadakı hindu rezervasiyalarına bənzər ərazilərdə hindular ölməkdən qorunurdu. Ölkənin 10 əyalətində, onların ümumi sayının yalnız, demək olar ki, yarısında hindular yaşayır. Kənd zonalarında yerli assimilyasiya olunmuş hindular peonlara - muzdurlara və çobanlara çevrildilər. 1878-ci ildə isə Argentina hökuməti hindulara qarşı, onları yoxa çıxarmaq məqsədini güdən müharibə başlamışdı.

Ən geniş yayılmış hindu dilinə keçuaların dili daxildir, bu dildə hindular və metislər danışırlar.

Argentinanın ispanlar tərəfindən məskunlaşması ləng gedirdi. XVIII əsrin ortalarında burada 400 min adam yaşayırdı, 1810-cu ildə istiqlaliyyət qazanılması dövründə burada vur-tut 500 min adam var idi.

Pampanın şərqdəki nəhayətsiz məkanlarında əhali çox seyrək idi. Kənd sakinlərini burada “qauço” adlandırırdılar. Cəsur atçapanlar və vəhşi çöllərin fatehləri olan bu adamlar on illər ərzində Argentina Pampasının simvoluna çevrilmişdilər. Onlar, əsasən, metislər, bəzən isə hindular idi. Sonralar ölkəyə gələn şotlandlar, irlandlar, ingilislər və xüsusən basklar (İspaniyanın şimalındakı Bask əyalətindən olanlar) da qauçolara çevrildilər. İndi Argentinada atlı çobanları və ranço sahiblərini qauço adlandırırlar.

İspan kolonistlərinin nəsli isə kreollardır (artıq Argentinada doğulmuş ispanları belə adlandırırdılar), onlar gələcək Argentina millətinin rüşeymini təşkil etdilər. İndi də yerli tipik argentinalı kreol adlanır, kreolluq “millilik” mənasını verir.

(Ardı var)

 





02.07.2018    çap et  çap et