525.Az

"Qadın Peyğəmbər" və "İzelin nağılları" təqdim edilib


 

"Qadın Peyğəmbər" və "İzelin nağılları" təqdim edilib<b style="color:red"></b>

İyunun 30-da "AzərKitab"da yazıçı Aysel Əlizadənin və 8 yaşlı qızı İzel Dadaşzadənin kitablarının imza günü keçirilib.

"Qadın Peyğəmbər" və "İzelin nağılları" kitablarının imzalandığı mərasimdə yazıçının qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Aysel Əlizadə qızının yazdıqları ilə bağlı fikirlərini bölüşüb: "Nağıllar xoş qarşılanırdı. Özüm də görürdüm ki, fantaziyası, bütün uşaqlarda olduğu kimi çoxqatlı dünyası var. "3 alma" adlı ilk nağılını oxuyan kimi nağılları çoxalsa, kitabını çap etdirəcəyimə qərar verdim. Uşaq ədəbiyyatımızda boşluq var. Bir faydamız yoxdu balalarımıza. Onsuz da gənc nəsil özü özünə kömək edib həmişə. Dönəmin ritmi başqadı. İndi uşaqlar özləri özləri üçün ədəbiyyat yaradacaq".

Qeyd edilib ki, İzel Dadaşzadə Binəqədi rayonu 276 nömrəli orta məktəbin ikinci sinif şagirdidir. Kitabda İzelin bir neçə nağılı, özü ilə bağlı maraqlı əhvalatları yer alıb. Aysel xanım bu kitabı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə azərbaycanlı uşaqlar üçün nəşr etdirdiklərini deyib.

Həmin gün imzalanan ikinci kitab - "Qadın Peyğəmbər" (Aysel Əlizadə) femin əsər sayılmasa da, ideya ikinci cinsin (iki cisdən biri kimi) ictimai-siyasi gücünün, dünyəvi və dini dünya görüşünün, mənəvi və ruhani aləminin önə çəkilməsidi. Müəllif Tanrıyla insan, insanla insan, kişi ilə qadın münasibətlərinə tamamilə yeni açıdan baxır. Ədəbi janrların sintezində yazılan roman mifdən elməcən maraqlı məqamları çağdaş insanın düşüncələrində, yaşamında əks etdirir. Kitab bütün insanların fonunda peyğəmbərlik dərəcəsinə yüksələ bilmiş - kamil insanın manifestidir. Roman "hər insanın zirvəyə yolu var" mesajı verir.

Mərasimdə çıxış edən teleaparıcı Elçin Əlibəyli İzeldəki yaradıcılıq istedadının ailəsindən irsən keçdiyini vurğulayıb: "Aysel xanımgildəki yaradıcılıq istedadı irsən keçən bir prosesdir. Aysel Əlizadənin anası Kəmalə xanım Abıyeva bizim gözəl şairimiz, Aysel xanım yazıçımızdır. Görünür ki, İzeldə də bu istedad var və böyüdüyü yaradıcı mühitdə bu erkən aşkarlanıb. Bu gün 8 yaşlı bir qızcığazın ədəbiyyata, nağıllara olan marağı, xəyal dünyasının genişliyi əlamətdar hadisədir və bunda anası ilə nənəsinin rolu danılmazdır".

A.Əlizadə imza günündə böyüklərlə yanaşı, azyaşlıların da iştirakını xüsusi vurğulayıb: "Çox sevindiricidir ki, bu gün bu təqdimata valideynlər öz övladları ilə qatılıblar və İzel həmyaşıdları üçün kitab imzalayır. Övladlarımızın indidən bu cür kitabla qarşılıqlı münasibətdə olması məni bir valideyn və yazıçı kimi çox sevindirir".

İmza günündə iştirak edən Kəmalə Abıyeva, Esmira Fuad, Akəm Xaqan, Şahanə Müşfiq, Sevinc Fədai və başqaları həm Aysel Əlizadəyə, həm də 8 yaşlı balaca yazıçı İzel Dadaşzadəyə uğurlar arzu ediblər.

MEHRİ

 





03.07.2018    çap et  çap et