525.Az

"Avropa qapıları"na qadağa qoyuldu (FOTOLAR)


 

"Avropa qapıları"na qadağa qoyuldu<b style="color:red"> (FOTOLAR)</b>

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən bir sıra müəssisələrdə yoxlamalar keçirilib.

525.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, 31A ünvanında fəaliyyət göstərən fiziki şəxs Niyazi Fərzəliyevə məxsus qənd istehsalı sexində dövlət nəzarəti aparılan araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulun müvafiq keyfiyyətdə sabit istehsalı üçün zəruri şərait yoxdur, QOST 22-94 standartının tələblərinə zidd olaraq sanitariya norma və qaydalara riayət olunmur, istehsalda istismar müddəti bitmiş köhnə avadanlıqlardan istifadə olunur və istehsal olunan məhsulun müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimatı mövcud deyil.

Həmçinin standartın tələbi üzrə qəndin çəkisi 0,5 və 1 kq olmalı halda, faktiki olaraq qənd 650-700 qr çəkidə qablaşdırılır. Müəssisədə qəndin görünüşünə, qoxusuna, dadının müəyyənləşməsinə, alınan məhlulun şəffaflığına, təmizliyinə, nəmlik, bərklik, şəkərlik normalarına, müəssisənin temperatur rejiminə nəzarət edilmir. Aşkar olunan nöqsanlarla bağlı fiziki şəxs Niyazi Fərzəliyevə məxsus sexdə “Qədimi dad” nişanlı preslənmiş doğranmış qənd rafinadın istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə olunub.

Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Qax rayonu, Qum kəndində fəaliyyət göstərən “Sadiq” MMC-də qazlı su istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunun ki, məhsul istehsalında AZS 009-94 standartının tələbləri pozulur, şüşə qabların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur. Həmçinin müəssisədə istehsal olunan məhsul normativ sənədlə təmin edilməyib, hazır məhsulların sınaqları aparılmır, saxlanma şəraitinə əməl olunmur. Aşkar olunmuş nöqsanlarla bağlı “Sadiq” MMC-də qazlı suyun istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.

Komitənin Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hüseynağa Hüseynova məxsus çörəkbişirmə sexində də dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunun ki, istehsal olunan məhsulun AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq və təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik sertifikatları mövcud deyil. Müəssisə anti-sanitar şəraitdə fəaliyyət göstərir, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur. Müəssisə istehsal olunan məhsul üçün normativ və texnoloji sənədlərlə təmin olunmayıb, çörəyin saxlanması və daşınması normativ sənədin (AZS 090-2003) tələblərinə cavab vermir. Çörək məhsulu xüsusi nəzərdə tutulan avtomobil ilə daşınmalı olduğu halda, minik avtomobillərinin yük yerində daşınır. Sexdə çörəyin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.

Sumqayıt Ərazi İdarəsi tərəfindən Komitəyə daxil olan şikayət məktubu əsasında “Tağıyev” şirkətində dövlət nəzarəti aparılıb. Şikayət məktubunda “Tağıyev” şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış “Avropa qapıları” nişanlı qapıların keyfiyyətsiz olduğu iddia olunub. Mənzildə quraşdırılmış qapılara baxış zamanı müəyyən olunub ki, həqiqətən də qapıların bəzi yerlərində lak-boya materialı qopub, müəssisədə taxtalar qurudulmadığından haşiyələr deformasiyaya uğrayıb, əyilib, quraşdırma keyfiyyətsiz həyata keçirilib, qapıların açılıb bağlanmasında qüsurlar mövcuddur. Bununla bağlı akt tərtib edilib. Faktla bağlı Xırdalan şəhəri, 30-cu məhəllə, keçid 1259 ünvanında fəaliyyət göstərən “Tağıyev” şirkətində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerasının işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Nöqsanların nəticəsi olaraq, şirkətdə “Avropa qapıları” nişanlı MDV, PVC və şpon qapıların, haşiyənin, həmçinin mətbəx mebel dəstinin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.

 





05.10.2012    çap et  çap et