525.Az

İstiqlal şairi Ümgülsüm


 

İstiqlal şairi Ümgülsüm<b style="color:red"></b>

Adı istiqlalımızla qoşa çəkilən Rəsulzadələr ocağında doğulan, aylı-ulduzlu bayrağına tapınan, türklüyü ilə qürur duyan, sözü qılıncdan kəsərli, özü hələ yazılmayan şeirlərin ən gözəli, duyğuları çiçəklərin ləçəyindən incə şair Ümgülsüm xanım haqqındadı bu yazı.

O, Azərbaycanda müstəqil dövlət quran, bayraq ucaldan M.Ə.Rəsulzadənin əmisi qızıdır. O, Müsavat Partiyasının yaradıcılarından biri, Cümhuriyyət dövründə Parlamentin üzvü olan Məmmədəli Rəsulzadənin bacısıdır.

O, ən çətin məqamda-NKVD-nin zəhmi dağlar yaran zirzəmilərində belə heç kəsin üzünə durmağı özünə sığışdırmayan, dünyadan kişi kimi köçən, mərdliyi ilə əbədi ömür qazanan yazıçı Seyid Hüseynin həyat yoldaşıdır.

O, Azərbaycanın istiqlalını tərənnüm edən, Cümhuriyyətin süqutundan sonra sovet rejiminə etiraz eləyən, nifrətini gizləməyən, 37-ci ildə repressiyaya uğrayan yeganə xanım şairimizdir.

Ədəb-ərkanı, incə əl işləriylə xanımlığa, həyat yoldaşına sədaqətiylə qadınlığa, övladlarına olan sevgisiylə analığa şərəf gətirən, şeirləri, hekayə və məktublarındakı düşüncələri, misraları, sətirləriylə heyrət və qibtə doğuran bənzərsiz, təkrarsız bir söz adamıdır.

(Əvvəli ötən sayımızda)           

1920-ci ildə qardaşı - Müsavat Partiyasının yaradıcılarından biri, Parlamentin üzvü  Məmmədəli Rəsulzadə və əmisi oğlu - Azərbaycanda dövlət quran, bayraq ucaldan Məhəmməd Əmin Rəsulzadə ilə vidalaşan Ümgülsüm xanım  1937-ci ilin 15 iyununda həyat yoldaşı Seyid Hüseyndən də ayrı düşdü. Əslində, o, bu ayrılığın müvəqqəti olduğuna, yenidən görüşəcəklərinə ümidlər bəsləyirdi.  Amma ümidlər özünü doğrultmadı. Həmin ilin noyabrında onun özünü də həbs eləyib bir müddət sonra uzaq Mordva vilayətinə sürgünə göndərdilər. Uzun yolçuluqdan öncə Bayıl həbxsanasında yaşanan, bəlkə daha çox yaşanmayan, günsüz günlər Umügülsüm xanımın "Qala xatirələri"ndə hələ də dipdiridi...

"12 noyabr 1937-ci il.

Bu gün iki gündür ki, burdayam. Bu iki gündə keçirdiyim həyat mənə yuxu kimi gəlir. Başım bir qovğa içində kimidir. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirməmişəm.  Adam adam ayağı altında gedir. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın (bir su başı kimi) istifadə etdikləri ağzına qədər dolu çirkab vedrəsinin və onunla yanaşı qoyulmuş natəmiz su-çay vedrəsinin ağzı açıqdır. Nə bu mundarlığı və üfunəti, nə də bu qədər adamın balaca, hər tərəfi bağlı otaqda bütün sutka ərzində aldıqları nəfəsdən kəsif havanı təmizləyəcək bir şey yoxdur. Burada heç bir iş adi qayda üzrə getmir. Hər şey fövqəladə bir şəkildədir. Axşam yatanda soyunmayan məhbuslar yenidən geyinmə işindən azaddırlar".

Sonuncu cümlədəki "azadlıq" sözü diqqətimi çəkir. Bu, mənəvi əzablar içində qıvrılan, təhqir edilən, alçaldılan qadınlara dörd divar arasında verilən yeganə "azadlıq" idi. Azadlığın gerçək anlamından söhbət belə gedə bilməzdi.

lll

"Çay vedrəyə tökülüb qoyulmuşdur. Kamerada çay içmək və xorək yemək üçün cəmi on səkkiz qab vardır. 36 arvad bu qabda həm xorək yeyəcəyik, həm də çay içəcəyik.  Xorəkdən sonra yuyulmayan qablarda növbə ilə çay içmək qanımızı yemək kimi bir şeydir".

Bu, ərləri, ataları, qardaşları istiqlal yolunda çarpışan qadınları təkcə fiziki baxımdan deyil, həm də mənən sındırmaq, təhqir etmək, incitmək  üçündü. Molla Əbdüləzizin sevimli qızı, mükəmməl tərbiyə almış, yüksək mədəniyyət sahibi,  xanımlar xanımı Ümgülsümün belə bir şəraitdə nələr çəkdiyini anlamaq elə də çətin deyil...

lll

"Yeməkdən sonra kameramızda starosta təyin etdiyimiz Mariya rusca yanıqlı bir şey oxudu. Bütün kameradakılar hamı bir yerdə yana-yana ağladılar. Bu göz yaşları bizim ən yaxın, ən səmimi yoldaşlarımızdır. Hər qəlbdə eyni atəş yanır. Hər kəsdə ən əziz balalarından ötrü yanan isti ana qəlbləri çırpınır.

Kamera adlanan bu on beş kvadratmetrlik otağın yarım kvadratmetr böyüklüyndə olan pəncərəsindən saçılan günəşin ziyası bir payız gününün son saatını andırır. Sanki bu qırmızı şux havada qəlblərimiz eyni bir ahənglə ağlayır".

Həbsaxana pəncərəsindən düşən işıq da kədər gətirər, əlbəttə... Bu divarlar arasında hamını birləşdirən də həmin kədər olur...

lll

"14 dekabr 1937-ci il

Bu gün peredaça günüdür. Uşaqlardan, Seyid Hüseyndən xəbər biləcəyəm.  Daha tabım qalmamışdır. Ürəyim çox bərk döyünür. Bu gecə yenə də Qumuş yuxuma girib. Gördüm əyninə təzə paltar geyinib, alnına xırdaca qızıllar bağlamışdır. O, gülür, yanaqları qıpqırmızıdır. Toya gedirdi. Yuxudan ayılmağıma peşman oldum. Nə olaydı, gecəni səhərə qədər onunla məşğul olaydım.

Mən aşiq xuda səni,
Saxlasın xuda səni.
Ümidim ona qaldı,
Görəm yuxuda səni.

Siyahı gəldi, adlar oxundu. Mənim adım vardır. Allaha çox şükür! Keçən dəfəkilər kimi peşman olmadım. Görəsən, nə xəbər alacağam? Ürəyim aramsız vurur, parçalanır.

Peredaçamızı almaq üçün gəlib bizi həyətə aparırlar. Nadzorun nəzarəti altında gedirik. Birinci həyətdən keçib ikinci həyətdə dururuq. Hava nə qədər xoşdur. Səmaya baxıb üzərimizdə heç bir şey olmadığı halda, açıq havada dayanırıq...

Hava çox gözəldir. Gərək bu yüksək təbiət buralara qədər gəlib çıxmağa cürət etməyəydi. Günəşin şüası mənim də üzümə düşmüşdür, üzüm yanır. Yəqin ki, indi Toğrul və Qumral da günəş altında oynayırlar. Yanaqları qıpqırmızı qızarmışdır. Əgər indi onların üzlərindən öpən olsa, üzlərinin od kimi yandığını dodaqları ilə hiss edər. Fəqət indi onların üzündən öpən kimdi?"

Duyğuları necə zərif, həsrəti necə güclü, yazısı necə gözəldi. Hər sətrindən bir şair qələmindən çıxdığı bəlli olur. Həm də bu sətirlərdə məhbəs həyatı yaşayan, 37-nin alovlarında yanıb kül olan bütün anaların yaşantıları var.

lll 

"4 fevral 1938-ci il.

Bir neçə gündür yenə halım çox pisdir. Nigarançılığın son pilləsindəyəm. Canım köz üstündə kabab kimi yanır. İki aydan bir qədər artıqdır ki, uşaqlarımın heç birindən məktub almıram. İstər peredaça, istər poçta ilə aldığım məktublar ancaq Səyyarədəndir. Necə ola bilər ki, mənim uşaqlarım mənə məktub yazmasınlar? Bunu mən heç ağlıma sığışdıra bilmirəm. Əgər onların başında bir şey olmasa, mənə məktub yazmamış qalmazlar.  Hətta Səyyarə də öz məktubunda uşaqlardan ayrı-ayrı bəhs etməyir. "Uşaqlar yaxşıdır, bizdən nigaran qalma, kefimiz kökdür" kimi sözlər yazır. Bu, yalan  da ola bilər. Ürəyimdən bəzi şeylər keçir. Ola bilər Oqtay, Allah eləməmiş tutulmuş olsun, bunu mənə bildirməmək üçün o biri uşaqları da yazmağa qoymurlar. Bundan daha da müdhiş şeylər fikrimdən keçir. Allah! Nə qədər iztirab içindəyəm. Qumuşa yazmışdım ki, mənə öz əlinlə yaylıq tik və göndər. O da "baş üstə, göndərərəm" deyə cavab vermişdi. Bəs indi nə üçün bu vaxta qədər göndərmədi? Hər məktubda şəkillərini istəyirəm, nə üçün göndərmirlər? Allah, mən nə haldayam?! Ürəyim partlayır. Doğrudan da ürək qəfəsimin məhvərinə sığışmadığını hiss edirəm. Off!!!

Daha tablaşa bilmirəm. Qumuşun yaşlı gözləri, Toğrulun saralmış rəngi heç gözümün qabağından getmir. Bu dərdləri çəkməkmi olar?!."

Bu şübhələr, bu nigaranlıq zamanın diqtəsiydi.  1920-ci ildən doğmalarını itirə-itirə gələn, 37-də isə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri olan şair və yazıçı dostların bir-bir "xalq düşməni" damğasıyla sürgünə və ölümə göndərildiyinin şahidi olan Ümgülsüm repressiya dalğasının hər şeyi bir andaca yuyub apara biləcəyini hər kəsdən yaxşı bilirdi.

lll                              

"20 aprel 1938-ci il.

Bu gün beş ay on gündür ki, burada, Bayıl qazamatındayam. Yüz altmış gün! Bir o qədər də gecədir ki, uşaqlarımı görmürəm. Uşaqların simalarını düşündükcə onları sanki tül bir pərdə dalından kimi üzlərini xatırlaya bilmirəm.  Ancaq Qumralın surəti, sonuncu dəfə gördüyüm siması yadımdan çıxmır. Elə bilirəm ki, nə qədər uzun illər keçsə, o an yadımdan çıxmayacaqdır.

O gecə onu şirin yuxusundan oyadıb, ağlaya-ağlaya qollarım üstünə alıb o biri otağa apardığım halda iki gözdən ibarət otaqların qapısını bağlayıb peçatlayırdılar. Onun kəsilməyən saçları alnına dağılmış, yanaqları qızarmışdı. Qumral ağlayırdı. Onu qucağımda arxası üstə tutduğum üçün gözündən axan yaş gözlərinin çuxurunda toplanıb böyük bir brilyant kimi parıldayırdı. Uşağı yatmağa uzandırdığım zaman brilyant yaşlar yanaqları üzərində zolaqlar buraxaraq axırdılar. Son dəfə dönüb ona baxarkən o, yenə gözlərinin çuxurunda yaşlar məzhun halda dalımca baxırdı... Bu lövhəni mən ölənə qədər unuda bilmərəm... Və onu yuxudan oyadıb o biri otağa apardığım zaman uşağın o saçlarını, Toğrulun saralmış rəngini, Qumuşun yaşlı gözlərini həmişə çox aydın xatırlayıram".

Bir ana üçün övladını həmişə gözü yaşlı xatırlamaq sözə sığmayacaq qədər böyük əzabdır. Sovet işğalından sonra Ümgülsüm xanımın  bu əzablardan başqa heç nəyi yox idi. Qumuş deyib əzizlədiyi qızı Qumral xanımsa ömrünün son günlərinə qədər anasını elə o balaca vaxtlarındakı kimi, göz yaşları içində xatırlayırdı... 

lll

"21 aprel 1938.

Nadzor Mariya Vasilyevna başını içəri uzadıb gur səslə bağıırdı: "İkinci siyahıda adı olanlar hazırlaşsınlar!" Biz çoxdan hazırıq-deyə xorla cavab verdik. Ah, ürəyim! Ürəyim! Elə çırpınır ki, elə bil yerindən çıxmaq istəyir. Burada indi mərdlik lazımdır. Ağlamaq qətiyyən olmaz. Uşaqlara özümü ağlar göstərə bilmərəm. Yazıqdırlar. Bəlkə uzun illər ayrı düşdüm, sonra onlar məni gözü yaşlı xatırlamasınlar".

Necə güclü qadın imiş! Uzun illərin ayrılığına hazır, dözümü, iradəsi yenilməyən... Dərdini, ağrı-acısını yalnız ağ vərəqlərlə bölüşən... Uşaqlarını necə sonsuz sevgilərlə sevən, dərd ortağı eləməyə qıymayan...

lll

"... Onları görmək üçün yalnız gözümlə deyil, bütün varlığımla hazıram!

... O qələbəlikdə hər kəs dəlicəsinə öz adamını axtarırdı. Mən də qələbəlikdə gözləri ilə məni axtaran Oqtayımı gördüm. Gözlərimə inana bilmirəm. Doğrudanmı mən onu görürəm?! Oqtayla qucaqlaşdıqdan sonra Bircəbacı ilə görüşdük. Sonradan orada durmuş tanınmaz bir şəklə düşmüş Qumuşcığazımı gördüm. O, doğrudan da tanınmaz olmuşdur. Elə tanınmaz ki, mən onu tanıya bilmədim. Əgər Oqtayın yanında durmayıb, paltosu ilə şərfi üstündə olmasaydı, mən ona diqqətlə baxmayınca tanıya bilməyəcəkdim. O, mənim qoyub getdiyim Qumuş deyildir. Son dərəcə arıqlamış, yanaqları çəkilmiş, üzü solğunlaşmış, gözləri açılmışdır. Bu uşaq siması qırmızı, mənim oynar-gülər, tumbul yanaqlı, dəyirmi üzlü Qumuşuma qətiyyən bənzəmir. Demək, mənsizlik mənim bu nazlı balamı bu hala salmışdır. Bu lövhəyə mənim qəlbim dözərmi, ah?! Var qüvvəmlə bağırmaq istəyirəm "Mənim Qumuşum belə nə üçün oldu?" Toğrul da az arıqlamamışdır, amma qıza nisbətən çox yaxşıdır. O da Qumral kimi belə qəmgin, belə məzhun olmuşdur. Uşaqların üçünü də bütün varlığımla bağrıma basıram, yazıqların üçünü də birdən.

Qumralın qızılca xəstəliyi nəticəsində bu qədər arıqladığını qandırırlar. Mən buna inanıram. Ancaq belə bir xəstəliyi heç təsəvvür etmədiyim üçün uşağın bu görkəmi mənə çox pis təsir edir. O, tamamilə dəyişmiş, arıqlamağı ilə bərabər boyu uzanmış, saçları da uzanıb alnına tökülmüşdür. Onun üzünə bir də baxır, Seyid Hüseyni görən kimi oluram. Heç bir zaman atasına qətiyyən bənzəməyən bu uşaq indi atasının 20 yaşında çəkdirdiyi şəklinə sıxı bir surətdə bənzəyir. O şəkildəki bütün mühüm xətlər bu gün Qumralın üzərinə çəkilmişdir. Mən bu məlul, bu məsum simada Seyid Hüseyni görürəm".

(Ardı var)

Nəcibə BAĞIRZADƏ

 





04.07.2018    çap et  çap et