525.Az

"Tanıtma məni özüm özümə" - İsfəndiyar Vahabzadədən iki şeir


 

"Tanıtma məni özüm özümə" - <b style="color:red">İsfəndiyar Vahabzadədən iki şeir </b>

Tanıtma məni özüm özümə

Ya olduğun kimi görün,
ya göründüyü kimi ol...
Cəlaləddin Rumi
Axı bu mümkün deyil...
Pakistan şairi Əlammə İqbal

Ya Rəbbim!
Göstərmə sən məni özüm-özümə
Mən necə varamsa olduğum kimi
Tanıtma sən mənə kim olduğumu
İstəmirəm mən!
Qaçıram həmişə özüm-özümdən!
Danıram həmişə özüm-özümü,
Otaqda bir saat tək qalan zaman
Təkliyim bildirir kim olduğumu,
Tanıtma, ya Rəbbim, məni sən mənə!
Əgər mən tanısam kim olduğumu
Vallah mən düşərəm öz gözlərimdən
Billah mən danaram özüm-özümü
Çünki bu dünyada ağlım kəsəndən
Həmişə danmışam kim olduğumu.
Düşündüklərimi, anladığımı,
Danmışam qanmağı, dərk eləməyi
Danmışam dünyanı anlamağımı...
Hər şeyi anlayıb yaşamaq çətin
Çətini anlayıb inkar etməyim
Ondan daha ağır, daha çətindir.
Axı neyləyim ki, anlayıram mən
Hər şeyi anlayıb dərk edirəm mən.
Hər şeyi anlayıb dərk edə-edə
Yaşamaq ağırdır, vallah çətindir.
Ya Rəbbim, Ya Rəbbim, sən insafa gəl,
Ya Rəbbim sən məni özün sarıdan
Şübhəyə saldırıb şəkkə gətirmə,
Şübhəylə yaşamaq vallah çətindir!
Bircə inandığım sənsən dünyada,
Bircə sığındığım sənsən dünyada,
Səndən şəkkə düşsəm, ya şübhələnsəm
Mənim itirdiyim çox şey olacaq,
Sənin itirdiyin tək mən olacam,
Mənim kimilərin çoxdur dünyada
Qoy biri az olsun, sənə nə var ki,
Sən mənə göstərmə kim olduğumu.
Əgər başa düşsəm kim olduğumu,
Əgər mən tanısam özüm-özümü,
Bircə sən tərəfdən şübhələnərəm,
Bircə sən tərəfdən şəkkə düşərəm!!!

Min şükür

Min şükür,
Nə yaxşı bu dünyada biz
Cəmi bircə dəfə ömür sürürük,
Cəmi bircə dəfə yaşayırıq biz!
Nə yaxşı, min şükür!
Axı bu dünyada nə itim azıb,
Aldanıb gəlmişəm bu dünyaya mən!
Nə bilim hardasa uzaqda idim
Qalmışdım hardasa başqa məkanda
Nə adı bəliydi, nə də ünvanı,
Nə itirən vardı, nə də axtaran,
Vallah, bu dünyadan xəbərsiz idim
Dünyanın ahından, nə də vayından
Nə bir xoş günündən, nə bəlasından
Xəbərim yox idi, rahat idim mən!
Dünyadan xəbərsiz, xoşbəxt idim mən
Ya Rəbbim, axı sən heç soruşmadın
Məni bu dünyaya gətirən gündən
İndi səhər-axşam azı yüz dəfə
Verdiyin bu ömrü minnət kimi sən
Başıma vuraraq yaşatdırırsan
Qorxuda-qorxuda yaşatdırırsan
Başıma vuraraq verdiyin ömrü
Sonra da sən zorla bizi qorxudub
Dedizdirirsən ki, gərək biz deyək
Məsləhət onundur, göydəkinindir,
Yaxşı ki,  o bizə bu ömrü verib
Hər gün də başıma vuraraq deyib
Əlindən alaram verdiyim ömrü!
Nə yaxşı bir ömür yaşayırıq biz,
Dünyanın ən murdan sifətlərini
Gətirib bizlərə sən göstərirsən,
Birini yandırıb külə döndərib
Başqa birinisə sevindirirsən!

 





05.07.2018    çap et  çap et