525.Az

Fikrin və sözün əbədi işığı


 

CİBRAN XƏLİL CİBRANIN ANADAN OLMASININ 135 İLLİYİNƏ

Fikrin və sözün əbədi işığı<b style="color:red"></b>

“Əgər mənə şer yazmaq imkanı ilə yazılmayan şerin ekstazı arasında seçim lazım gəlsəydi, mən ikincini seçər­dim. Bu, ən yaxşı poeziyadır“ deyən Cibran Xəlil Cibranın əsərləri 100 ildən artıqdır ki, dünyanın fərqli dillərində danışan yüzlərlə oxucusunu düşündürür.

Görkəmli Livan nasiri, şairi, dramaturqu, filosofu və rəs­samı Cibran Xəlil Cibranın yaradıcılığı özünün ideya zən­gin­liyi, ifadə orijinallığı ilə seçilir və Şərq mədəniyyəti ilə Qərb mədəniyyə­tinin sintezini əks etdirir. XX əsrin əv­vəl­lərində ABŞ-da formalaşan mühacir ərəb ədəbiy­ya­tı­nın ən məşhur nümayən­də­lə­rin­dən biri kimi C.X.Cibran Şərq düşüncə tərzi və ədəbi ənənə­lərinin əsasında Avropa və Ame­­rika ədəbiy­yatından, fəlsəfi dünyagörü­şündən sənət­kar­lıqla bəh­rə­lənmiş­dir. Yazıçının iyirmidən artıq dilə tərcümə olunmuş əsərləri dünya ədəbiy­yatında bö­yük hadi­sə kimi qəbul olunmuş, bütün sərhədlərə rəğmən qlobal ya­xın­lığa çağıran ədəbi nümunələr arasında öz layiqli yerini tutmuşdur. Təsadüfi deyildi ki, Cibran “Sizin ideyalarınız İudaizm, Brah­manizm, Buddizm, Xristianlıq və İslamı müdafiə edir. Mənim fikrimdə yalnız bir ye­ga­nə universal din var” deyirdi.

Yeni ərəb ədəbiy­ya­tının nüma­yəndəsi olaraq ədib onun mövzu və formaca zəngin­ləşməsində və mühaci­rət ədə­biy­yatının inkişafında böyük rol oynamışdır. C.X.Cib­ran hekayə, novella, povest, pyes, poema, mənsur şer, esse, pritça kimi müx­təlif janrlarda yazdığı əsər­ləri ilə həm ümumbəşəri, həm də ərəb dün­yası üçün ak­tual olan mövzu­la­rı qələmə almışdır. Onun həyat və yara­dıcılığı öz şəxsiy­yəti, dünya­gö­rüşü və sənətkarlığı barəsində təsəvvür yarat­maq­la yanaşı, Şərq və Qərb dün­ya­sının sosial-mədəni mən­zərəsi və ənənələri, ədəbi mühiti, tarixi hadi­sə­ləri, tanın­mış şəxsiyyətləri haqqında zəngin məlumatlar əldə etməyə də imkan verir. C.X.Cibran əsər­lərini iki dildə – ərəb və ingilis dillərində yazmış, ikidilli ərəb ədəbiyyatının mü­kəm­məl sə­nət nümunələrini ya­rat­mışdır. Filosof təfəkkürlü ədib və rəssam ədəbi ya­ra­dı­cı­lığı, fəlsəfi düşüncələri və rəssamlıq əsərlərində vahid insan konsepsiyasının müxtəlifməsə­lələ­rini araş­dıraraq mühüm qənaət­lə­rə gəl­miş­dir. “Peyğəmbər” əsərində “biz səyyahlar, daim  yalqız yolları arayırıq, bir günü bitirdiyimiz yerdə ye­ni bir günə başlamarıq“ deyən Cibran həyatı boyu düşüncə axtarışında olmuşdur.

C.X.Cibranın yaradıcılığı bir qisim mühüm xüsusiy­yət­ləri ilə diqqəti cəlb edir ki, bu xüsusiyyətlər də öz növ­bə­sində yazıçının özünəməxsus və orijinal ədəbi-fəlsəfi ir­sinin əsas cəhətlərini müəy­­yənləşdirən başlıca amillər kimi çıxış edir. C.X.Cibran, ilk növbədə, XIX əsrin ortalarından baş­layaraq formalaşan yeni ərəb ədəbiyyatının nümayən­də­si­dir.

XIX və XX əsrlərdə, demək olar ki, bütün Şərq xalqla­rı­nın ədəbiyyatında Qərb dünyasına meyl güclənmişdir. İctimai-siyasi, iqtisadi və mədəni səbəbləri ilə şərtlənən bu proses ye­ni ərəb ədəbiyyatının yaranmasına da təsir gös­tər­mişdir. Yal­nız klassik ənənələr çərçivəsində qalmağa cəhd göstərən mühafizəkarlar və Qərb ədəbiyyatını təqlid edən­lər arasından klassik ədəbi ənənələri müasir Qərb mədəniy­yətinin mü­tə­rəq­qi ideyaları ilə birləşdirməyə çalışan daha sağlam bir is­ti­qa­mət inkişaf etmişdir. Görkəmli maarifçilər tərəfindən baş­la­nan həmin proses XX əsrin əvvəllərində mühacir ərəb ədə­biyyatının nümayəndələri arasında daha yüksək mər­hə­lə­yə çatmışdır. C.X.Cibran ədəbi fəaliyyətə ərəb dünyasından uzaq­da, mühacirətdə olarkən başlasa da qeyd olunan mü­tə­rəq­qi istiqamət yazı­çının yaradıcılığında nəinki öz əksini tapmış, o, hətta yeni şəraitdə sözügedən hərəkatda aparıcı rol oy­na­ya­raq onun daha orijinal forma­sının birbaşa yaradıcısına çev­ril­mişdir. Bu xüsusiyyətlərdən bəhs edərkən C.X.Cibranın Livan mənşəli bir yazıçı olduğuna da diqqət yetirmək lazımdır. Xüsusi inkişaf mərhələsinə XIX əsrin ortalarından başlayan Livan ədəbiy­ya­tının tərəqqisi ərəb ölkəsinin coğrafi və etno-mədəni özəllikləri ilə də bağlı olmuşdur. Livan islam və xristian­lığın, Şərq və Qərbin daha çox qovuşduğu bir ərəb ölkəsi idi və bu cəhətlər, şübhəsiş ki, ədəbiyyata da öz təsirini göstərmişdir. Uşaq yaşlarından mühacirət edən və təhsil aldığı illər istisna olmaqla ərəb ölkələrindənuzaq düşmüş C.X.Cib­ran həm ümumi ərəb ədəbiyyatı ənənələrini, həm ay­rı­lıqda Livan ədəbiyyatının özünəməxsusluğunu, eyni za­man­da, mühacirət ədəbiyyatının xarakter cəhətlərini özündə birləşdirən bir ədəbi irs yaratmışdı. Bu baxımdan ədibin ənənəçilik və müasirlik problemini öz yaradıcılığında ən optimal şəkildə təzahür etdirməsi diq­qəti daha çox cəlb edir. Filosof-yazıçı müasir ədəbi janrlarda klassik Şərq ədə­biyyatından, dün­ya­gö­rü­şündən və fəlsəfi fikirlərindən gələn ideyaları ifadə et­miş­dir. C.X.Cibranın klassik formada, qəsidə janrında yazılmış yalnız bir əsəri vardır. Lakin ərəb mütəfəkkirinin elə bir əsəri yoxdur ki, orada Şərq müdrik­li­yin­dən, onun mədəni və dini görüşlərindən qaynaqlanan mo­tivlərə təsadüf olunma­sın.Ənənəçilik və müasirliyin mövzu və janr təzahür­lə­rinin vəhdəti baxımından dramatik növdə sufi obrazı və ideya­la­rının ifadəsi C.X.Cibranın yaradıcılığında ən tipik nümunədir.

C.X.Cibran dünya ədəbiyyatında müasir yazıçı kimi qəbul olunmuşdur. Bu da, ilk növbədə, ədibin klassik ədə­biyyatdan müasir ənənələri əxz edə bilmək ori­ji­­nallığından, za­man və məkan sərhəddi tanımayan ideyalara yeni ruh ver­mək iste­dadın­dan irəli gəlirdi. Bu, C.X.Cibranın ədəbi-fəlsəfi irsində ilk mühüm cəhətdir. “Qum və köpük” kitabına daxil olan aforizmlərindən birində yazırdı: “Mən səyyaham və dənizçiyəm, hər gün qəlbimin yeni bir hissəsini kəşf edirəm”.

C.X.Cibranın yaradıcılığında ikinci əsas xüsusiyyət yazıçının Qərb ədəbiy­yatı və fəlsəfəsindən özünəməxsus formada bəhrələnməsi idi. Məlumdur ki, mühacirət ədəbiy­yatı formalaşdığı ölkənin mədəni mühitinin təsirini hiss edir. Bu tə­sir dil, janr, mövzu, ideya, məfkurə və s. aspekt­lərdən özünü göstərə bilər. C.X.Cibranın əsərlərində həmin təsir dil, mövzu və ideya çərçivəsində qalır. Qeyd etdik ki, yazıçı povest, no­vel­la, esse kimi Qərb ədəbiyya­tın­dan gələn janrlarda əsərlər yazmışdır. Lakin bu, bütövlükdə ərəb ədəbiyyatına axan Qərb ruhu ilə bağlı idi və ona görə də həmin cəhəti ümumi ərəb ədəbi mühitinin təzahürü kimi qiymətləndirmək lazımdır.

C.X.Cibran iki dildə yazıb-yaradan sənətkarlardandır. Yaradıcılığa ərəb dilli əsərləri ilə başlayan yazıçı ədəbi fəaliyyətinin sonrakı mərhələlərində həm ərəb, həm də ingilis dilində əsərlər yazmışdır. C.X.Cibranın ingilis dilin­də yazma­sının səbəbi yalnız yerli ədəbi mühitin, yəni Ame­rika ədə­biy­ya­tının təsirindən irəli gəlmirdi. O, daha böyük oxucu auditori­yasına səslənmək və yazıçı kimi daha geniş dairədə dərk olunmaq məqsədilə ingilis dilində də yara­dı­cı­lıq fəaliyyətinə başlamışdır.

Dünya ədəbiyyatı tarixində iki dildə yazıb-yaradan sə­nət­karlar çox olmuşdur. Klassik Şərq ədəbiyyatı iki dilli, hətta bəzən üç dilli ədəbiyyatın ən qədim nümunələrini yaşatmaqda­dır. Müasir dövrdə isə iki dildə yazan Şərq yazı­çı­ları ara­sında R.Taqordan sonra C.X.Cibran dünya ədəbiy­ya­tında ən çox tanınan ədiblərdəndir. Təsadüfi deyil ki, Qərb dün­ya­sın­da C.X.Cibran tez-tez R.Taqor ilə müqayisə olunmış, yazıçıların əsərləri Şərq koloritinin ən gözəl ifa­də­çisi hesab edilmişdir.

1918-ci ildə C.X.Cibranın ingilis dilli ilk kitabı olan “The Madman“  – “Dəli“ nəşr olunmuşdur. Bu dövrə kimi ərəb dilində yazdığı əsərləri ilə yazıçı istər  mühacir ərəb­lər arasında, istərsə də ərəb ölkələrində böyük şöhrət tap­mış­dı. İngilis cəmiyyəti isə onu daha çox böyük rəssam ki­mi tanıyır və qiy­mət­ləndirirdi. İngilis dilində yazmaq zə­ru­rəti də məhz C.X.Cibranın ədib kimi dərk olunması məh­dudiyyətini aradan götürmək arzusundan irəli gəlmişdi. Müasiri və dostu Mixail Nuaymə Cibranın ingilis dilində yazmasının səbəblərini özünəməxsus şəkildə ifadə edirdi: “O, bilirdi ki,  ruhunda rəssam və şair əkizdir. O, ame­rika­lılara poeziyasını yox, rəssamlığını gətirmişdir, dili bir qar­daş­la­rına isə rəssamlığını yox, poeziyasını qoymuşdu. Nə ərəblər təsviri incəsənəti anlamadıqları üçün onun rəssamlığından bir şey başa düşürdülər, nə də amerikalılar ərəb dilini bilmədikləri üçün onun poeziyasından bir şey dərk edirdilər. Deməli, əgər o, iki şeyi birləşdirmək istəyirdisə, ingiliscə yazmalı idi. Bu onun çoxdankı arzusuydu”. C.X.Cibranın iki dilli yaradıcılığının əsas xüsusiyyəti ondan ibarətdir ki, ədibin iki müxtəlif dildə yazdığı əsərlərinin üslubu və mövzu dairəsində xüsusi fərqli cəhətlər müşahidə olunmur. Mütəfəkkir hər iki dildə eyni sənətkarlıqla yaratmış, Şərq ruhunu qoruya bilmiş və ona Qərb çaları əlavə etmişdir.

Bütün qeyd olunan xüsusiyyətləri ümumiləşdirərkən C.X.Cib­ranınədəbi-fəlsəfi irsinin birinci əsas və spesifik cə­həti – Şərq və Qərb mə­dəniy­yətinin sintezini əks etdir­mə­si ön plana çıxır. C.X.Cib­ranın yara­dı­cı­lığın­da qədim Şərq müd­rik­liyi, islam dini, sufi dünyagörüşü, klassik Şərq fəl­səfəsi xris­tianlıq, Qərb romantizmi, Ame­rika trans­sen­den­ta­liz­mi, klassik yunan və Qərb fəlsəfəsi ilə qovuşur və bütün bu ideyalar sil­si­lə­sindən sənətkarın özünəməxsus və orijinal düşüncə tər­zi se­zi­lir. Yazıçının yaradıcılığının ən mühüm xüsusiyyəti bu nöqtədə meydana çıxır. Buna görə də C.X.Cib­ran dünya mə­də­niyyəti və fəlsəfi fikir tarixində V.Bleyk, R.Ta­qor, Dante, Mike­lan­celo, F.Nitsşe ilə müqa­yisə olunsa da öz dəstxətti ilə seçilir. “Peyğəmbər” əsərində ədib orjinallığını belə ifadə edirdi: “Mən sizə yalnız düşüncələrinizdə bildiklərinizi söylədim... Müdrik insanlar gəlib sizlərə öz müdrikliklərini vermişlər. Mən isə sizlərin bilik­lərinizi almağa gəldim”.

C.X.Cibran filosof təfəkkürlü sənətkarlardandır. Mütə­fək­kir yazıçının fəlsəfi görüşləri ardıcıl və sistematik xarak­ter daşıyır. C.X.Cibranın yaradıcılığı böyük, qlobal, bəşəri problemlərə, İnsanın hə­qiqət axtarışlarına həsr olunmuşdur. Onun əsərlərində İnsan konsepsiyası mü­rək­kəb bədii, fəl­sə­fi, dini problemləri ehtiva edir. C.X.Cibranın qoyduğu prob­lemlər və onların şərhi öz bədii-fəlsəfi dəyərlərini və müa­sir­liyini bu gün də qoruyub saxlamaqdadır. Çünki Cibran insanları bəsirətli olmağa səsləyirdi: “Gözlərinizi buludlayan pərdə onu toxuyan əllər tərəfindən qaldırı­la­caqdır. Qulaqlarınızı tıxayan külü onu yoğuran barmaqlar çıxarıb ata­caq­dır. Və görəcək. Və eşi­də­cəksiniz”.   

C.X.Cibran böyük rəssamdır. Yaradıcılığa rəsm əsər­ləri ilə başlayan sənətkar həm ABŞ-da, həm də Parisdə istedadlı rəssam kimi qarşılanmış, Qərb dünyasının ən məş­hur rəs­sam­ları ilə müqayisə olunmuşdur. C.X.Cibranın həm ədəbi-fə­l­sə­fi, həm də rəsm əsərləri onun vahid insan kon­sep­siyasının, həyata, dünyaya fəlsəfi baxışının prinsipial məqamlarını əks etdirir. Cibrana görə, “biz yalnız gözəlliyi açmaq üçün yaşayırıq. Bütün qalanlar ancaq ümidin formalarıdır”.

C.X.Cibran vətənpərvər bir yazıçıdır. Ədib ərəb ölkə­lə­rin­də baş verən ha­disə­ləri dərindən izləmiş və onlara öz münasibətini ifadə etmişdir. Yazıçı və rəssamın yaradıcılığında­kı kədər, həsrət motivləri də onun məhz qürbətdə ya­şa­­masından irəli gəlmişdir. Bununla belə, C.X.Cibran özünü dünyanın vətəndaşı hesab etmiş və insanları ayıran bütün sər­həd­lərin fövqündən çıxış etmişdir. O, hü­ma­nist və insanpərvər bir mütəfəkkirdir. Yazıçı yaradıcılığı boyu Şərq və Qərbin, islam və xristianlığın birliyi ideyasının müda­fiə­si mövqeyində dayanmışdır.

“Peyğəmbər” əsərində Cibran “səsimin qulaqlarınızda solduğu və sevgimin xatirələ­rinizdən itdiyi an yenidən dönəcəyəm” söyləyir. Cibran səsi və sevgisi əbədi yaşayacaq şairlərdəndir.

 





05.07.2018    çap et  çap et