525.Az

Hadi Rəcəbli: "Qeydiyyatsız işləyənlərin sayı təxminən 1 milyon 200 min nəfərdir"


 

Hadi Rəcəbli: "Qeydiyyatsız işləyənlərin sayı təxminən 1 milyon 200 min nəfərdir"<b style="color:red"></b>

"525"in müxbirinin suallarına Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli cavab verir. 

- Hadi müəllim, Milli Məclis (MM) növbəti yaz və növbədənkənar sessiyalarını artıq başa vurdu, millət vəkilləri rəsmən yay tətilinə yollandılar. Bu baxımdan, son sessiyalar komitənizin qanunvericilik fəaliyyəti ilə bağlı nələrlə yadda qaldı?

- Parlamentin ən çox üz tutulan və ən işlək komitələrindən biri Əmək və sosial siyasət komitəsidir. Milli Məclisə daxil olan ərizə, şikayət və müraciətlərin böyük hissəsi bizim komitənin payına düşür. Ən çox qəbula gəlinən, qəbul keçirilən komitə də Əmək və sosial siyasət komitəsidir. Odur ki, bizim komitə tətil oldu-olmadı, iclaslar oldu-olmadı, daim fəaliyyətdədir, axtarışdadır. Hər sessiyada bizim komitənin ya özünün hazırladığı, ya da bizim komitəyə daxil olan qanun layihələrinin bir neçəsinin istər komitə səviyyəsində, istərsə plenar iclaslarda müzakirələri keçirilir və sonda da onların qəbuluna nail olunur. Məsələn, son-yaz sessiyasında Əmək və Əhallinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hazırlanan çox mühüm qanun layihəsi - "Əlilliyi olan şəxslərin hüquqları haqqında" sənəd müzakirələrə çıxarıldı və çox maraqlı və gərgin müzakirələrdən sonra qəbul edildi. Bu qanun hazırlanması və qəbulu heç də asan mümkün olmadı...

- Bu yöndə yeni qanunun qəbulunu haradan zərurət yaranmışdı?

- Həmin qanun layihəsinin müzakirəsinə qədər qüvvədə olan "Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun 25 il bundan öncə qəbul olunmuşdu. 2008-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının "Əlillərin hüquqları haqqında" Konvensiyasına və bu sənədin Fakültativ protokoluna müvafiq bəyanatla qoşulmaqla orada təsbit olunmuş prinsiplərə sədaqətli olduğunu nümayiş etdirmişdi. Yəni həmin qanunun qəbul olunduğu dövrdən uzun müddət keçməsi ilə əlaqədar əlilliyi olan şəxslərin hüquqları sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranmışdı. Zaman və mövcud reallıqlar yeni qanun layihəsinin hazırlanmasına ehtiyac olduğunu özü göstərdi və bunun üçün "Əlilliyi olan şəxslərin hüquqları haqqında" yeni qanun layihəsi BMT-nin, Avropa beynəlxalq təşkilatlarının, əlaqədar icra strukturlarının geniş əməkdaşlığı nəticəsində son dörd il ərzində hazırlandı...

- Yeni sənədin üstünlükləri nədən ibarətdir, orada nələr ehtiva olunur?

- Bu, çox vacib bir sferaya, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətlərin fundamental prinsiplərini özündə ehtiva edən bir hüquqi sənəddir. Onun əsas mahiyyəti əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli həyata keçirilməsini, hüquq və azadlıqlarının etibarlı qorunmasını, dövlət orqanlarının BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasına uyğun fəaliyyət göstərməsini təmin etmək, habelə onların sosial və digər təminatlarının tənzimlənməsindən ibarətdir. Qanun 8 fəsil və 40 maddədən ibarətdir. Elə sənədin preambulası onun mahiyyətini tam açıqlayır. Eyni zamanda, məsələn, terminoloji və hüquqi anlayışlar arasında əlilliyə görə ayrı-seçkilik, ağlabatan uyğunlaşma, abilitasiya, universal dizayn və əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatı kimi fikirlərin milli qanunvericilikdə ilk dəfə təsbit edilməsi xüsusi qeyd olunmalıdır. Yəni bu sənədə qədər qüvvədə olan qanundan fərqli olaraq, onun tətbiq ediləcəyi şəxslərin dairəsi (Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) dəqiq müəyyənləşdirilib.

- Yeri gəlmişkən, müzakirələr zamanı "ağlabatan" sözünə münasibət birmənalı olmadı, komitənizin əksər üzvləri qanunda belə bir sözün yazılmasının heç cür anlaşılan olmadığını dilə gətirdilər.

- Azərbaycanda əlillərin sayı ilə bağlı dartışmalar, mübahisələr də səngimək bilmir. Xüsusilə də, əlilliyin müəyyənləşdirilməsi məsələsində ciddi problemlərin olduğu daim diqqətə, gündəmə gətirilir. Hətta parlamentdə belə bir təklif də səsləndi ki, bu məsələ bəlkə "ASAN Xidmət"ə həvalə olunsun...

Bir daha qeyd edim ki, Azərbaycanda fiziki qüsurlu insanların sayı bugünkü hesablamalara görə təxminən 620 min nəfər təşkil edir. Bu da təxminən ölkə əhalisinin 6%-ə qədəridir. Nəzərə alsaq ki, bu faiz dünyada 10-12 civarında hesablanır və bizdə ölkə əhalisinin sayı son illər bir milyon yarıma qədər artsa belə, bu qrup insanların sayı demək olar ki, dəyişməyib. Buradan belə bir məntiq ortaya çıxır ki, bizdə əlilliyin reabilitasiyası və qarşısının alınması istiqamətində daha ardıcıl və sistemli iş aparılır. Amma bununla belə, bu məsələdə, yəni əlilliyin müəyyənləşdirilməsi istiqamətində də problemlər yox deyil. Yəni səslənən iradlarda da həqiqət payı az deyil. Bu baxımdan, elə bir istiqamət seçilməli, elə bir mexanizm tapılmalıdır ki, bu məsələdə problemlər olmasın, xoşagəlməz söz-söhbətlər birdəfəlik aradan yığışdırılsın. Onu da qeyd edim ki, bizim komitə hər zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx-qarşlıqlı fəaliyyətdə olub. Nazirliyə də yeni rəhbərlik gəlib. Odur ki, bir sıra məsələlərin qarşılıqlı şəkildə müzakirə edilməsi və çözülməsi məqsədi ilə adıçəkilən nazirliklə ictimai dinləmələrin keçirilməsini istəyirik. Bununla bağlı hətta, komitəmizin adından sözügedən nazirliyə məktubla da müraciət etmişik və bildirmişik ki, qarşıdan gələn payız sessiyası çərçivəsində bu yöndə ictimai dinləmə keçirilsin. Çox güman ki, xahişimiz nəzərə alınacaq və belə bir ictimai dinləmə baş tutacaq.

- Növbədənkənar sessiyanın sonunda uzun-uzadı müzakirələrə səbəb olmuş daha bir qanun layihəsi qəbul olundu, yəni "Məşğulluq haqqında" qanun layihəsi üçüncü oxunuşdan keçdi, yaxın zamanlarda da, ölkə prezidenti tərəfindən təsdiqlənərək, hüquqi qüvvəsinə minəcək. Belə bir sənədə zərurətdən bəs haradan gəldi?

- Bu yöndə qüvvədə olan qanunun qəbulundan xeyli müddət ötür və mövcud reallıqlar, dəyişikliklər, ölkəmizdə yaşanan sürətli inkişaf prosesi də onun dəyişdirilməsini, tam yeniləndirilməsini tələb edirdi. Odur ki, biz qanuna növbəti geniş dəyişikliklər edilməsi yolunu deyil, onun tam yeniləndirilməsi, yeni sənədin hazırlanması və qəbul edilməsini variantını məqbul hesab etdik. Düşünürəm ki, yeni qanunun hazırlanması və qəbulu da daha effektli, daha səmərəli oldu və gələcək müddətdə də özünün müsbət töhfəsini heç şübhəsiz ki, vermiş olacaq.

- Adıçəkilən sənəddən söz düşmüşkən, ona "qeyri-formal məşğulluq"la bağlı 3 maddədən ibarət ayrıca bir fəslinin daxil edilməsi də asan qəbul olunmadı, onun ətrafında da çox ciddi, çox kəskin müzakirə və mübahisələr getdi...

- Təbii ki, bu, belə də olmalıydı, burada qeyri-adi heç nə axtarmaq lazım deyil... Hər bir yenilik heç də asan qarşılanmır və qəbul olunmur, onun üçün bəzən illər lazım olur. Amma sonda onun vacibliyi, əhəmiyyətliliyi hər kəs tərəfindən qəbul və etiraf edilir. Bu yerdə qeyd edim ki, adıçəkilən məsələ ilə bağlı zaman-zaman fikirlər komitə iclaslarında və plenar iclaslarda da millət vəkilləri tərəfindən və cəmiyyətdə ayrı-ayrı qruplar tərəfindən dəfələrlə səsləndirilib. Çünki həqiqətən də, dünyanın hər yerində olduğu kimi, qeyri-formal məşğulluq bizdə də mövcuddur, nə edəsən ki, hələ də qaçılmazdır. Nəticədə, qeyri-formal məşğulluq çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur, ölkə iqtisadiyyatına və əhalinin sosial rifah halına mənfi təsir göstərir, ona sarsıdıcı zərbə vurur. Ən əsası isə, qeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıması prinsipinə ziddir...

- Azərbaycanda qeydiyyatsız işləyənlərin sayı, statistikası bəllidirmi?

- Son statistik göstəricilərə görə, Azərbaycanda qeydiyyatsız işləyənlərin ümumi sayı təxminən 1 milyon 200 min nəfər təşkil edir. Odur ki, bu tipli məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə dövlət büdcəsində böyük itkilər yaradır, işçiləri cari və gələcək sosial təminat hüquqlarından məhrum edir. Yəni bu sektorda işçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı ödəniş alır, məzuniyyət və müavinət hüquqlarından məhrum olurlar. Xüsusən də, qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir göstərir. Bu ciddi problemlə bağlı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının iki mühüm sərəncamını diqqətinizə çatdırmaq istərdim: "Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" dövlət başçımızın 2017-ci il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədi ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Bu istiqamətdə fəaliyyətin davamı kimi ölkə Prezidentinin 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə "Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib, həmin Tədbirlər Planının 1.1-ci bəndində "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə "Məşğulluq haqqında" qanunda və digər normativ hüquqi aktlarda dəyişikliklər barədə layihələr hazırlanması" ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Təqdirəlayiq haldır ki, artıq bu hüquqi normaları qanunvericiliyimizdə təsbit edirik. Yəni adıçəkilən sənəddəki yeni, 5-ci fəslin 30-cu maddəsi qeyri-formal məşğulluğun müəyyənləşdirilməsi prosedurunu, 31-ci maddəsi "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatının yaradılması mexanizmini, 32-ci maddə isə qeyri-formal məşğulluq sahəsində maarifləndirmə tədbirlərini nəzərdə tutur. Bütün bunlar da nəticə etibarı ilə, insanların mənafeyinə, sosial hüquqların təminatına xidmət edir...

Kamil HƏMZƏOĞLU

 





05.07.2018    çap et  çap et