525.Az

Sosial şəbəkələrdəki ayıbımız


 

Sosial şəbəkələrdəki ayıbımız<b style="color:red"></b>

"İnsanlar yaşayır, insanlıq ölüb" - deyən şairə haqq qazandırmaq və hər dəfə min rəhmət oxumaq üçün sadəcə bir anlıq susub ətrafına nəzər salmaq bəs edir. Və budur, qarşında eybəcərliyi ürəyini bulandıran çirkab dolu bir mənzərə var.
 
Niyə bu cür neqativəm? Mən yox, son olaylar bunu göstərdi. Biz bir olmağı hələ də bacara bilmirik. Müharibə şəraitində yaşayan, torpaqları 27 ildir düşmənin mundar tapdağında olan bir xalq haqqında bu cür ümidsiz danışmaq necə də ağırdır, bir bilsəniz...

Artıq ölkəmizdə bir balaca hadisə olanda belə ürəyim əsir "vaxsey, indi yenə bəzilərinin iç üzü açılacaq" - deyə. O ki ola böyük və zərər-ziyanı günlərlə davam edən hadisələr.

Yəqin ki, bu qəzəbin və ümidsizliyin səbəbini az-çox təxmin etdiniz. Bəli, bəli, haqlısınız, səsli deməkdən çəkinməyin, 3 gündür normal düzənimizi alt-üst edən Mingəçevir SES-dəki qəza. Bircə gecənin içərisində nə ki rahatlığımız vardı, aldı apardı özüylə o enerjini aldığı suların dərinliyinə.

Baş verən qəzanın ilk reaksiyalarını təbii ki, elə həmin gecə saat 00:00-u keçəndən sonra sosial şəbəkələrdə müşahidə etdik. Bir dəfə sosial şəbəkədə belə bir paylaşım etmişdim: gündəm dəyişmək sürətimizə heç milyard yarımlıq Çində də çatmazlar. Nə qədər haqlı imişəm. Səbrli olub yazını sona qədər oxusanız, əminəm siz də haqq verərsiniz.

Bu hadisədən çox yox, cəmi bir neçə saat öncə şəbəkələrin əsas mövzusu Türkiyədə təcavüzə qurban gedən dörd yaşlı Leyla idi. Hər kəs onu paylaşır, uşaqların müdafiəsini tələb edir, təcavüzçü(lər)nü lənətləyirdi. Xəbər lenti başdan sona gözəl gözlü, məsum Leylanın fotoları ilə dolmuşdu. Amma yeni mövzu çıxan kimi köhnə unuduldu. Evimizdə sönən işıq sayəsində gələcəyin işığı olub çox erkən söndürülən Leylanın adını belə çəkən olmadı. Necə deyərlər, yeni ay çıxan kimi köhnəni doğrayıb ulduz elədilər.

Gəlməyən işıq, yayın "cırcıramasında" qəhətə çəkilən su, nəfəsimizi kəsən istilər qaldı bir tərəfdə, sosial şəbəkələr və bəzi işbazlar başladı olmayan əsəblərimizi tarıma çəkib, sıxılan səbrimizi sınamağa... Hər ağızdan bir avaz gəldi. Bu danışanları neçə qrupa istəsəniz bölə bilərik: əlinə girəvə keçmişkən dövlətin qarasına deyinənlər, baş verən acınacaqlı durumla belə məzələnənlər, "facebook"da "telefonumun zaryatkası öldü" statusu yazıb, hələ o "zaryatka"sız telefonla rəy yazan hər kəsə söz çatdıranlar, başqalarının statuslarına qoşulanlar, fürsət bu fürsətdi deyib "xanım, sizdə də işıqlar sönüb?" mesajlarına qədər enənlər, yuxuda gördüklərini rəsmi xəbər kimi xalqa "sırımağa" çalışanlar, dezo informasiyalar yayanlar və sair və ilaxır. Bir sözlə, ölkənin işıqsız qaldığı gecədə hamının "işığı yanırdı"... sosial şəbəkələrdə.

Bu hadisə həm də xalqımızın dözümünü, səbrini sınağa çəkdi, məncə. Başqa vaxt cəbhə tərəfdən bircə güllə səsi gələn kimi "müharibə olsun, torpaqlarımızı müharibə yoluyla alaq" deyib fəğan edən "klavyatura qəhrəmanları" bir neçə saat işıqsızlıq ucbatından telefonlarının bitən enerjisini, Dünya üzrə futbol çempionatında baxa bilmədikləri İsveç-İsveçrə oyununu dünyanın ölüm-dirim olayına çevirmişdilər. Yəqin onlar müharibəni qumdan düzəldilən, dağıdılıb, sonra təzədən qurulan "evcik-evcik" oyunu zənn edirmişlər. Yəni heçmi məlumatları yoxdu müharibə dövründə yoxluqdan az qala adı belə unudulan işıq, su, çörək, rahatlıqdan?

Səhəri gün eyni problem qalsa da, zərərləri müvəqqəti aradan qaldırılmışdı. Ta ki axşam saatlarına kimi. Axşam işdən çıxıb evə getmək üçün metroya düşmək istəyirdim. Birdən xatırladım ki, nə zamandır yaxınlıqdakı kitab mağazasına getmirəm. Yolumu dəyişib həmin mağazaya getdim. Söhbət kitablardan gedirsə onların arasında zamanı da, yorğunluğu da unuduram. Bir neçə kitab alıb yenidən metroya qayıtdım və biz elə eskalatordaykən işıqlar söndü. Təbii ki, eskalator da, qatarlar da dayandı. Həmin an ağlıma gələn ilk şey bu oldu: mən kitab almağa getməsəydim, indi metroda qalacaqdım. Yadıma mənimçün narahat olacaq ailəm düşdü. Amma o dəqiqələrdə metroda köməksiz qalan minlərlə insan vardı. Biz düşdüyümüz yolu geriyə çıxdıq, metropoliten işçiləri isə vaxt itirmədən özlərini stansiyalar arasında qalan sərnişinlərin köməyinə yetirdilər. Sonrası yenə də sosial şəbəkələrdə...

Yenə minlərlə insan başladı yazıb, pozmağa. Kimi məzələndi, kimi qınadı, kimi ah-vay elədi, kimi məsləhətlər verdi. Amma o "klavyatura qəhrəmanlarından" kimsə o insanların köməyinə tələsmədi. Tələsməsinlər, onlar ki köməksiz qalmadı.

Qaranlıqda işığı görməkdən daha böyük hünər həmin işıq özün olmaqdır. O gün də bəziləri o işıq insanların hələ tam yoxa çıxmadığını sübut elədi. Məsələn, jurnalist həmkarımız Əziz Əlibəyli kimi. Tunellərdən çıxarılan, qorxu, həyəcan, havasızlıq, panika ilə özünü itirmiş insanların həmin an bir udum suya möhtac olduğunu, vicdansız işbazların isə bundan istifadə edərək 40 qəpiklik suyu 5-10 qat bahasına satdığını görən Əziz öz hesabına bir neçə "kaset" su alıb köməksiz insanlara paylamaqla millətin ümid işığına çevrildi. Özü bunu dilləndirməsə, sosial şəbəkələrə daşınmasından məmnun olmasa və açıqlama istəyən saytlara sadəcə "bu barədə danışmaq istəmirəm"- desə də, biz yazdıq, onun bu əməlini təbliğ etdik, insanlara nümunə çəkdik. Çünki şəxsən özüm onun qıraqdan çəkilmiş fotosunu görəndə bu cür xeyirxahlığa nə qədər ac olduğumu hiss etdim.

Və ya insanları tunellərdən çıxarmaq üçün istidə, havasız şəraitdə tərdən köynəklərinin rəngi dəyişənə qədər işləyən, halı pisləşənləri təcili yardım maşınlarına daşıyan polislərimiz, siravi vətəndaşlarımız, həmçinin metro işləmədiyindən dayanacaqlarda istinin altında avtobus gözləyən sərnişinlərə içməli su paylayan Bakı Nəqliyyat Agentliyi və bu işdə könüllü gənclərimiz insanlığın hələ də ölmədiyinə ümid aşıladı.

Di gəl yenə də sosial şəbəkələri açan kimi insanın bütün ümidləri çıxdığı təpədən "kəllə-mayallaq" gəlir aşağı. Bir çoxu sadaladığım bu xeyirxahlığı özlərinə reklam, insanlar tərəfindən təriflənmək üçün bir vasitə, ya da sadəcə adi hal kimi qəbul elədi. Mənsə, bu kinin, nifrətin, müəllifinin içindəki üfunəti hər sözündə, hərfində daşıyan paylaşımlar qarşısında susdum...

Elə bugünlərdə başqa bir olay da gündəmi zəbt etdi: Gəncənin İcra hakimi Elmar Vəliyevin silahlı hücuma məruz qalması. Onsuz da danışmağa bəhanə gəzən bizlər üçün elə bir "yem" düşmüşdü ki, əldən buraxmaq günah olardı. Yenə yazdılar, nə yazdılar. Cürbəcür fərziyyələr, uydurmalar, ehtimallar... Hamı yazdıqca, müzakirələr qızışdıqca "səviyyəni bir az da artırdılar" (öz səviyyələrini düşürmək hesabına). Qəzəbli tonda kimisə damğaladılar, kimisə təqdir etdilər. Təəssüflənəsənmi, güləsənmi, ağlayasanmı, qəzəblənəsənmi? Qərarsızam...

Bu hadisələrdən və millətin olaylara reaksiyasından sonra gəldiyim qənaəti öz-özümə pıçıldamaqla kifayətləndim: Görünən budur ki, bircə inkişaf edən texnologiyadı, bəzi beyinlər hələ də cahildir, nadandır və bu vaxta qədər ayıbımızı örtən sosial şəbəkələrin yoxluğu imiş.

Bu halımıza səd heyif!

 





06.07.2018    çap et  çap et