525.Az

Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan


 

ELMAN QULİYEV - 60

Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan<b style="color:red"></b>

Bugünlərdə filologiya üzrə elmlər doktoru, professor Elman Quliyevin 60 yaşı tamam olur.

Təkcə Azərbaycanda yox, türk dünyasında tanınan, seçilən alim yazdığı əsərləri, kitabları və sonsuz sayda məqalələri, ümumtürk ədəbiyyatşünaslıq elminin inkişafı üçün gördüyü işlərlə elmi-ədəbi mühitin sevgisini, sayğısını qazanıb.

Elman müəllim mənə Azərbaycan Dövlət Pedaqoji Universitetində həm bakalavr, həm də magistr pillələrində dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi türk xalqları ədəbiyyatını müqayisəli şəkildə öyrətməsi, dərsi bütün ruhu  ilə keçməsi, düşündüklərini tələbəyə çatdırmaqdan ötrü sözünü əsirgəməməsi heç yadımdan çıxmır. Bu mənada 60 yaşına çatan müəllimim haqqında hər şeydən əvvəl onu deməliyəm ki, o, qətiyyən qısqanc deyil, özündən sonrakı nəsilə də, həmkarlarına qarşı da səxavətlidir. Bildiklərini öyrətməyə, bölüşməyə, əlindən gələn köməyi etməyə hər an hazırdır və elmə yeni-yeni gələn bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən pay götürüblər. Rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzində gördüyü səmərəli işlərlə, təşkil etdiyi tədbirlər və konfranslarla Elman müəllim bir çox gənclərin yetişməsinə, elm yoluna qədəm qoymasına səbəb olub. Bu məqamda mən də öz minnətdarlığımı bildirməyi vəfa borcu hesab edirəm. Dissertasiya işimin müzakirəsində də, sonralar da yazılarımın Türkiyə konfranslarına göndərilməsində köməyini əsirgəməyən Elman müəllimə xüsusi təşəkkür etmək istərdim.

Hesab edirəm ki, 60 yaşına qədəm qoyan və bəhrəli ömrünün zirvə nöqtəsinə çatan insan üçün ən böyük mükafat elə tutduğu yolun özüdür. Çalışdığımız "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasında, professor Himalay Qasımovun rəhbərliyi ilə keçirilən müzakirələrdə Elman müəllimin ən müxtəlif mövzularla bağlı orijinal fikirlərinin, qeyri-adi mülahizələrinin şahidi olmuşam. Bütün bu özünəməxsusluğu, elmi araşdırmalarına da fərqli tərəfdən yanaşması onun əsərlərində, kitablarında görünür. Ümumiyyətlə, məncə, alim haqqında ən dəqiq sözü onun kitabları, araşdırmaları deyir. Amma Elman müəllimin 55 yaşı münasibətiylə çapdan çıxan "Ömür səhifələri" kitabını vərəqləmək bu dəyərli alim haqqında dolğun təsəvvür yaradır.

Haqqında söz açdığım kitabda ədəbiyyatşünaslıq elmimizin nüfuzlu qələm sahiblərindən tutmuş, bu sahəyə yeni qədəm qoyan gənclərə kimi, yubilyarın ailə üzvlərinə, dostlarına kimi hər kəs ürək sözlərini, fikirlərini qələmə alıb. Və bu mənada kitab bütöv bir ömrü ifadə edir.

Akademik İsa Həbibbəyli "Ədəbiyyatşünaslıq elmində bəlli bir sima" adlı məqaləsində yazır: "Elman Quliyev yeni epoxanın geniş dünyagörüşüna malik, ciddi araşdırmaların və ümumiləşdirmələrin müəllifi olan yüksək hazırlıqlı, peşəkar türk ədəbiyyatı mütəxəssisi kimi diqqəti cəlb edir. Elman Quliyevi Azərbaycan elmində yeni dövrün ədəbiyyat ağırlıqlı türkologiyasının yaradıcılarından biri hesab etmək olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında, həm də ümumtürkoloji ədəbiyyatşünaslıq mühitində xüsusi çəkiyə malikdir".

Hörmətli akademik İsa Həbibbəylinin məqaləsindən gətirdiyim bu parça Elman müəllimin elmi araşdırmalarının qısaca şərhi kimi səslənir. Bu mənada elə kitabdakı digər alimlərin - akad.Nizami Cəfərovun, prof.Gövhər Baxşəliyevanın, prof.Himalay Qasımovun, prof.Zahid Xəlilin, prof.Nizaməddin Şəmsizadənin, prof.Məhərrəm Qasımlının, prof.Yaqub Babayevin səmimi yazıları Elman müəllimin bu keşməkeşli yolda gördüyü işləri daha yaxşı anlamağa yardımçı olur.

Professor Elman Quliyev Azərbaycanın gözəl təbiətli Cənub bölgəsində, Lerikdə anadan olub. Heç şübhəsiz ki, o dağların, meşələrin, təbiətin onun xarakterinə, yazılarına təsiri az deyil. Eyni bölgədə dünyaya gələn yazıçı-publisist Novruz Nəcəfoğlu Elman müəllimin uğurlarını həm də doğulub boya-başa çatdığı yerlərlə, tərbiyə aldığı ailə ilə bağlayır:  "Kələxanlı Quliyevlər cənub bölgəsinin ağır-urvatlı, tanınan söy-köklərindəndir və bu soykökündən adı el-obada hörmətlə çəkilən neçə-neçə comərd kişilər yetişib. Keçən əsrin 50-ci illərində, Mircəfər Bağırov rejimi dövründə Respublika prokurorunun müavini vəzifəsində çalışıb, o illərin acı ruzigarından qeyrəti, cəsarəti sayəsində  salamat qurtaran Ağa Quliyevlər, Özbək Quliyev, elə Araz müəllimin, Qəhrəmanın, Elman müəllimin ataları Hilal Quliyev. Hələ mənim şəxsən ünsiyyətdə olmadığım daha neçə-neçə kələxanlı alim, müəllim, həkim..."

Yazı masasına bağlanmaq, sanballı elmi araşdırmaları aparıb qalın kitablar yazmaq sadə məsələ deyil əlbəttə. Amma bunlarla yanaşı, ictimai işlər də, təşkilati məsələlər də xüsusi bacarıq və məharət tələb edir. Elman müəllim uzun illərdir ki, rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin xətti ilə qardaş Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı elmi əlaqələrin yaradılması, inkişafı baxımından böyük işlər görüb. Təsadüfi deyil ki, bu günlərdə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Erkan Özoral professor Elman Quliyevə təbrik və təşəkkür məktubu ünvanlayıb. Həmçinin, Beynəlxaql Türk Mədəni Təşkilatı TÜRKSOYla da müxtəlif layihələrin həyata keçirilməsində Elman Quliyevin xüsusi xidməti var. Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının yaradılmasında onun da əməyini qeyd etmək lazımdır.

Bütün bu elmi, ictimai, pedaqoji fəaliyyəti ilə bərabər, Elman Quliyev həm də doğmalarına qeyri-adi dərəcədə bağlı olan ailə başçısıdır. Haqqında söz açdığım kitabda həyat yoldaşı Səbirə Quliyevanın, oğlu Elmarın, qızları Ülkərin, Fidanın, gəlini Könülün ürək sözlərindən bu ailənin möhkəm təməllər üzərində durması, yumruq kimi bir olması duyulur. Həyat yoldaşı Səbirə xanım "Ailəmizin fərəhi, hamımızın ümidi" məqaləsində yazır: "Elman gözəl ömür-gün yoldaşı, ailə başçısı, mehriban, qayğıkeş ata və səmimi insandır. O, həm də bütün nəslin qayğıkeşi və ağsaqqalıdır. Hədsiz dərəcədə qürurlu olan bu insan haqqında nə qədər xoş sözlər desəm, yenə az olar. O, öz eli, obası, kəndi ilə nəfəs alan bir insandır. Bakıda yaşamağımıza baxmayaraq, hər gün öz doğma kəndi Kələxanla bağlı xoş xatirələri yada salır, xəyalən bizi keçmişə aparır. O, elcanlı adamdır və məncə, ömrünün sonuna kimi onda bu sevgi tükənməyəcək. O, xalqın xidmətində durmağı özü üçün şərəf və borc bilir, əlindən gələni heç kəsdən əsirgəmir".

Elman müəllimin qızı Ülkər də onun yolunu davam etdirir, ötən il Mirzə İbrahimov yaradıcılığı əsasında yazdığı fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib filologiya üzrə fəlsəfə doktoru adına layiq görüldü. O, atası haqqında yazdığı məqalədə Elman müəllimin valideyn xarakterini dəqiq və səmimi şəkildə şərh edir: "Həyatda mənim idealım atamdır. O, xaraktercə ziyalı bir insandır. Bu xüsusiyyət bizim ailəmizin ruhuna kök atmışdır, bizim formalaşmağımıza təsir etmişdir. Mən qürur hissi keçirir və fəxr edirəm ki, Elman Quliyev kimi bir şəxsiyyətin, şöhrəti nəinki respublikada, həmçinin, respublikadan kənarda yayılmış bir alimin, çoxsaylı kitablar, dərsliklər, monoqrafiyalar müəllifi olan bir professorun, sözün həqiqi mənasında gözəl bir ziyalının, xeyirxah əməlləri ilə hamının sevgisini qazanmış insanın övladıyam".

Professor Elman Quliyevin həyatının, elmi yaradıcılığının müxtəlif yönlərinə toxunmağa, 60 yaşına qədəm qoyan müəllimimin gördüyü işləri fərqli insanların yazılarından nümunələrlə izah etməyə çalışdım. Lakin bu məqamda bir kiçik xatirəmi bölüşmək istərdim. Bir neçə il öncə Elman müəllimin yenidən "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri vəzifəsinə seçki keçirilirdi. Seçkinin nəticələri elan olunanda və Elman Quliyevin yenidən bu vəzifəyə seçilməsi bəlli olanda Himalay Qasımovun öz dostuna görə necə sevinməsini sadəcə görmək lazım idi. Yanındakı, ətrafındakı, dost bildiyi adamlara xüsusi münasibətiylə seçilən Himalay müəllimin Elman Quliyevə həsasslığının, sayğısının, dost sevgisinin şahidi olmuşam həmişə. Ona görə, məncə, Elman müəllimin yubileyinə həsr olunmuş səhifədə professor Himalay Qasımovun "Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan" məqaləsi yubilyar haqqında daha dolğun və dəqiq məlumat verər. Ona görə mən öz adımdan, çalışdığım "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının əməkdaşları adından Elman müəllimi ad günü, 60 illik yubileyi münasibətiylə təbrik edirəm, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm, professor Himalay Qasımovun məqaləsini oxucularımıza təqdim edirəm.

PƏRVİN 

Bugünlərdə altmış yaşı tamam olacaq Elman Hilal oğlu Quliyev Azərbaycanın dilbər guşələrindən olan Lerik rayonu Zuvand mahalının Kələxan kəndində dünyaya göz açmışdır. Zəngin tarixi, yaşarlı ənənəsi olan ulu bir soyun yetirməsi Elman Quliyev ilk təhsilini doğma Kələxan kəndində almışdır. Savalandan əsən sərin dağ havası doyunca sinəsinə çəkən, saf sulardan içib daha da saflaşan gələcəyin tanınmış ədəbiyyatşünasına 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsi qucaq açdı. Tələbəlik illərində yüksək mənəvi-əxlaqi keyfiyyətləri, fakültənin və universitetin ictimai həyatında yaxından iştirakı, elmi bilikləri dərindən yiyələnmək istəyi ilə seçilən, professor-müəllim heyətinin diqqətini çəkən Elman Quliyev 1981-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla bir müddət doğma kəndində müəllim işlədi. Elmə hədsiz marağı, daxili potensial gücü tale yolunun bu yorulmaz yolçusunu yenidən doğma universiteti ilə qovuşdurdu. Filologiya fakültəsi, o cümlədən, "Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrası onun dissertantı kimi mövzu götürüb namizədlik dissertasiyası yazmaq istəyini çox səmimi qəbul etdi və ona "Mirzə İbrahimovun  yaradıcılığından sosialist realizmin inkişaf problemləri"  mövzusu üzərindən tədqiqat aparmağı tövsiyə etdi. İstedadlı və enerjili bir tədqiqatçı olduğunu Elman Quliyev 1988-ci  ildə yuxarıda adı çəkilən  mövzuda uğurlu müdafiə etdiyi dissertasiya işi ilə sübuta yetirdi.

Uzun illər ən müxtəlif elmi məqalələr yazan, ədəbiyyatşünaslıq elminin dərinliklərinə nüfuz edən filologiya üzrə elmlər doktoru, professor Elman Hilal oğlu Quliyev "Şəhriyar poeziyası və milli təkamül" (2004) monoqrafiyası ilə şəhriyarşünaslıqda yeni bir baxış bucağı sərgilədi və bu fundamental araşdırması ilə Azərbaycan çağdaş ədəbiyyatşünaslıq elminə özəl bir nəfəs genişliyi gətirdi. Bu kitab Şəhriyarın böyük poeziyası barədə yeni tədqiqatların yaranmasına münbit elmi zəmin yaratdı. Bunu deyərkən biz milli-tarixi sərvətimiz olan Şəhriyar poeziyasını bədii vəhdətə və estetik ideala yetirən məqamla elmi-nəzəri təfəkkür müstəvisində incələnən iqtidarını ortaya qoyan alimin araşdırmasının boy göstərən arealı nəzərdə tuturuq. E.Quliyevin orijinal təhlil üslubu, cilalanmış tədqiqatçılıq baxışları, onu mahir bir araşdırmaçı kimi səciyyələndirən özünəməxsus dəyərlər, geniş erudisiya, intellektual düşüncə tərzi, örnək ola biləcək mənəvi keyfiyyətlər, əlbəttə ki, şəxsiyyətinin bütövlüyü və kamilliyi kimi yorumlanır.

Azərbaycan Dövlət Pedaqoji Universiteti "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının  professoru, "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri kimi universitetimizdə inkişafda olan elmi-pedaqoji mühitə özünün layiqli töhfəsini verməkdədir. Fitrətən əməl və qayə adamı olan professor Elman Quliyev gənclərin elmə yiyələnməsi yolunda qüvvə və bacarığını əsirgəmir, qayğı və tələbkarlığını, vətəndaşlıq narahatlığını milli-mənəvi ləyaqətlə həyata keçirir.

Zəngin tarixi, yaşarlı ənənəsi olan çox qədim bir nəslin yetirməsi, bir qədər obrazlı desək, ulu bir soyun layiqli varisi olan Elman Quliyevin dəyərli fikir və mülahizələrini dinləmək, doğmalığından qaynaqlanan sevinc və fərəh nə xoşbəxt ki, mənə onunla kafedrada birgə fəaliyyət göstərdiyimiz çağlarda nəsib oldu. Mən onun şəxsində özümə çox yaxın bir dost və həmfikir tapdım ki, bunun doğurduğu fərəhi sözlə ifadə etmək çətindir, daxili yaşantıya köklənmişdir. Bu baxımdan cəmiyyətdəki mövqeyindən, dostlarına, yaxın ətrafına olan insani münasibətindən, davranış və rəftarından duyduğum sevinc təbiidir. Bu kimi nəcib xüsusiyyətlərin məndə doğurduğu vəcd, görünür, ruhi-mənəvi bağlılıqdan qaynaqlanır. Həm də ona görə ki, E.Quliyev sözün əsl mənasında inam və etiqadla yaşayan müdrik şəxsiyyətdir. Daxili dünyası ilkinliyə kökləndiyi üçün simasında bir nuranilik var. Azərbaycan ədəbiyyatşünaslıq elminin yaradıcı nümayəndəsi olan Elman Quliyevin ədəbi-estetik baxışları ürfani görüşləri ilə vəhdət təşkil edir. Özəl aurası ilə fərqlənən və təqdir olunan Elman müəllim həyatının mənasını aramsız elmi axtarışlarda, yazıb-yaratmaqda görür və bu da sonucda onun mənəvi rahatlığına zəmin yaradır, vətəndaşlığına məxsusi bir vüsət aşılayır. Rəbbimizin istedad və tükənməz enerji ilə varlandırdığı Elman Quliyev cismani həyatını mənəvi ömrə qoşa bilir, tale yolunu əzm və iradə ilə keçir və onun üçün ayrılmış ömür payını şərəflə yaşayır, işi və əməli ilə mənəvi dünyamızı, milli elmi düşüncəmizi zənginləşdirir.

Onun bir-birindən dəyərli, miqyaslı erudik düşüncədən boy göstərən çoxsaylı tədqiqat əsərləri elmi ictimaiyyət tərəfindən haqlı təqdir olunmaqdadır. Daha doğrusu, professor Elman Quliyevin monoqrafiyaları, dərslik və dərs vəsaitləri konseptual mündəricəyə köklənən məqalələri, mötəbər elmi məclislərdə, bir çox beynəlxalq simpozium və elmi konfranslarda dəyərli və parlaq məruzə və çıxışları, Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap olunan əsərləri bu gün hər bir kəsdə iftixar hissi doğurur. Alimin Azərbaycan elmi-pedaqoji uğurlu gələcəyinə hesablanan "Türkiyə türk ədəbiyyatı" (Bakı, 2003), "Şəhriyar poetikası" (Bakı, 2006), "Özbək ədəbiyyatı" (Bakı, 2009), "Orta əsrlər türk xalqları ədəbiyyatı" (Bakı, 2010), "Türk xalqları ədəbiyyatı" (Bakı, 2009, 2011), "Şərq xalqları ədəbiyyatı", 2 cilddə (Bakı, 2011), "Qədim və orta əsrlər türk xalqları" (Bakı, 2012) fundamental dərslik və dərs vəsaitləri, bunların başlıca mündəricəsini özündə tam ehtiva edən proqramlar çox mətləblərdən soraq verir. Bu gün Azərbaycan Dövlət Pedaqoji Universiteti həm də onunla öyünür və iftixar hissi keçirir ki, Elman Quliyevin monoqrafiya, dərslik və dərs vəsaitləri ölkəmizin universitetlərində mötəbər tədris materialı olaraq sevilə-sevilə oxunur, bəhrələnilir və təqdir olunur.

Azərbaycanın və bir sıra xarici ölkələrin elmi kitabxanalarında alimin əsərlərinin yer alması bu baxımdan təbiidir və onun nüfuzunu, qələminin kirdarını isbat edir. Bu baxımdan heç də təsadüfi deyil ki, o, 1999-cu ildə "Mirzə Uluğbəy" (Özbəkistan) mükafatı almış, 2007-ci ildə "C.Rumi - 800" (YUNESKO) müsabiqəsinin laureatı olmuşdur. Zəngin tarixi və yaşarlı ənənələri ilə fərqlənən türk xalqlarının ədəbiyyatlarını, o cümlədən, Şərq ədəbiyyatının ayrı-ayrı dönəmlərdə boy göstərən örnəklərini mahiyyət müstəvisində bir araya gətirən və onların özəllikləri barədə konseptual fikirlər sərgiləyən dərslik və vəsaitlərinə və mahir bir pedaqoq kimi keyfiyyət göstəricilərinə görə professor Elman Quliyev universitetimizdə iki dəfə "İlin alimi" (2007, 2011) və "İlin müəllimi"  (2011) müsabiqəsinin qalibi olması, əlbəttə ki, təbii və qanunauyğundur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2012-ci il 18 aprel tarixli sərəncamı ilə Elman Quliyevin "Tərəqqi" medalı ilə təltif edilməsi onun əməyinə verilən çox layiqli qiymətdir. Elman Quliyev Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də yorulmaz və səmərəli fəaliyyət göstərir və bu sahəyə özünün layiqli töhfələrini verir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Türkiyə dövləti də onun bu dəyərli fəaliyyətini nəzərdən qaçırmamış, Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012) layiq görmüşdür.

Elman Quliyevin 2011-ci ilə qədər AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olduğu çağlarda, hazırda AMEA-nın akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olduğu indiki dönəmdə gənc nəslin elmi biliklərə yiyələnməsi işinə dəstək vermiş, dəyərli mülahizə və tövsiyələri, konseptual fikirləri ilə onları daim ruhlandırmışdır.

Professor Elman Quliyev sözün əsl mənasında halal adamdır, vətənini, xalqını dərin məhəbbətlə sevən ziyalıdır, təhsil aldığı və hal-hazırda işlədiyi mötəbər təhsil ocağına  - Azərbaycan Dövlət Pedaqoji Universitetinə, dostlarına, ailəsinə sadiq və bağlı insandır. Uzun illər müşahidə etdiyim, hər addımında yanında olduğum dostumun ən prinsipial məsələlərdə öz mövqeyini sərgilədiyinin, özünəməxsusluğunu qorumasının şahidi olmuşam. Kafedraya yeni gələn gənc nəslin yetişməsində də Elman Quliyevin xüsusi qayğısını vurğulamaq istərdim. Bunlar heç şübhəsiz ki, onun şəxsiyyətinin tamlığından, bütövlüyündən gələn məsələlərdir.

60 elə böyük rəqəm deyil. Elman Quliyevin görəcəyi işlər, yazacağı kitablar hələ qarşıdakı illərdə də onun enerjisindən, tükənməz ruhundan güc alacaq. Ona görə mən qardaşıma möhkəm can sağlığı diləyirəm və demək istəyirəm ki, əziz qardaşım! İlk gəncliyindən müdrikliyinlə seçilmisən, fərqlənmisən. Yaradıcılığının qaynar çağındasan, yazdıqların və yazacaqların halalın olsun.

Himalay QASIMOV
ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 





06.07.2018    çap et  çap et