525.Az

Toy - hekayə


 

Toy - <b style="color:red">hekayə</b>

Deyəsən, palatka toyları yavaş-yavaş unudulur. İş o yerə çatıb ki, kənddə yaşayanlar da geniş, gözəl-göyçək həyət-bacalarını qoyub şəhərlərdə toy etməyə üstünlük verirlər. Sanki bəhsəbəhsdi: Həsən toyunu şəhərdə etdi, Hüseyn etdi, niyə mən etməyim? Hətta paytaxt Bakıya da üz tutanlar tapılır. Neynək, təki toy olsun, xeyir işlər olsun. Ölüm-itimdən uzaq olaq.

Günlərin birində bizə simsar sayılan həmkəndlim Hənif kişidən dəvətnamə gəlmişdi. Toyun dəvətnaməsinin ünvan yerində şəhərdəki "Toy-soy" Şadlıq sarayı sözləri yazılmışdı. Yaxşı ki, maaşımı da təzəcə almışdım. Hələ bismillah etməmişdim. Hamısı cibimdə idi. Sevindim ki, kənd toylarından fərqli olaraq orada ələ şabaş vermək, oynayanların başına xəzəl tək pul səpmək olmayacaq. Demək, xərcim az çıxacaq. Toy paketinə də əlli manat sala biləcəyəm. Şabaşa sərf edəcəklərim də qalacaq cibimdə.

Amma məsələ düşündüyüm kimi deyilmiş. Görün bir başıma nələr gəldi. Uzaq məsafə qət edib şəhərə çataçatda benzinin qurtarmasını xəbər verən qırmızı işıq yandı. Yanacaq doldurma məntəqəsi uzaqda deyildi. Maşınımı tez ora sürüb yanacaqla doldurdum. Vaxt daralırdı. Ona görə də sürətə xəsislik etmədim. Bir qədər keçdikdən sonra özümü sözügedən şadlıq sarayına çatdırdım. Elə şadlıq sarayının darısqal həyətindəcə cibimin ağzı açılmağa başladı. Maşınıma çətinliklə yer "təşkil edən" cavan oğlana bir-iki manat qısdırmalı oldum. O da buna cavab kimi "Arxayın ol, müəllim, buralara mən özüm nəzarət edəcəyəm" dedi.

İçəri keçdim. Deyəsən, boş yer qalmamışdı. Diqqətlə ora-bura nəzər saldım. Bu ara bir xidmətçi gənc qarşımda tir kimi dayandı və yer tapmaqda mənə can-başla yardımçı oldu. Mən əyləşən anda iti, parlaq gözlərini əvvəl üzümə, sonra isə ciblərimə zillədi. Daha uşaq deyiləm ki, fikrini tez başa düşdüm və onu da razı saldım.

On nəfərlik dairəvi masanın dövrəsində əyləşmişdik. Masanın üstündəki azacıq yeməklər bir göz qırpımında yeyilib yoxa çıxdı. Sağa-sola xörək daşıyan şux geyimli oğlanlar nədənsə bizim masanı "görmürdülər". Bəlkə də görmək istəmirdilər.

Bu zaman sağ tərəfimdə əyləşmiş kişi üz-gözünü turşudub donquldandı:

- Yaman pis öyrəniblər, ciblərinə bir şey salmasaq, ac qalacayıq.

Bildim ki, masa yoldaşım xidmətçi uşaqları nəzərdə tutur. Vaxt itirməyib yanımdan dolu məcməi ilə adlayan gənci saxladım. Əlimdəki 10-luğu əvvəl özünə göstərib, sonra cibinə saldım.

- Bu dəqiqə, baş üstə-deyib cəld bir hərəkətlə dönüb hansı masayasa apardıqlarını bizim qarşımıza düzdü və əlavə etdi:

- Başqa nə lazımdırsa çəkinməyin,  deyin, qulluğunuzda hazıram!

Az sonra aparatını başından keçirib şişman qarnının üstünə salmış fotoqraf təbəssümlə masamıza yaxınlaşdı:

- Yəqin ki, əbədi xatirə olaraq şəkil çəkdirəcəksiniz... Sonra cavab almadan bir neçə formada fotomuzu götürdü. Həvəsə düşən masa yoldaşlarımızdan kimsə dedi: - Gəlin, hamımız birlikdə bəy-gəlinlə də şəklimizi çəkdirək. O, əsl yadigar olar.

- Çəkdirək, çəkdirək... Bu sözə bənd imiş kimi hamı bir ağızdan sevinclə razılığını bildirdi. Daha mən narazı qala bilməzdim. Amma ürəyimə damdı ki, fotoların da pulu mənim üstümə düşəcək. Çünki masamızın ətrafında əyləşən qadın, uşaq, yaşlı kişi... pul verməyəcəkdi ki.

Fikrə dalmışdım. Birdən adımın çəkildiyini, ünvanıma bir ətək tərif deyildiyini eşitdim. Və sonra masabəyi məni mikrofona dəvət etdi. Məndən əvvəl bir neçə adama söz vermişlər. Onların hər biri ürək sözlərini tamamlayıb rəqsə başlayanda musiqiçilərə də görüm-baxım etməyi unutmamışlar. Ona görə də ayağa qalxanda bir "20" manatlığı ayrı cibimə qoydum. O qədər də uzun-uzadı olmayan tostumu nöqtələdikdən sonra şirindil masabəyi: - İndi sizi məmnuniyyətlə öz masa yoldaşlarınızla meydana dəvət edirik, deyəndə əlimi cibimə apardım... Yaxşıca oynadıq. Yerimizə qayıdanda masabəyinin ünvanımıza əlavə təriflərini də eşitdik. Təzəcə özümüzü sahmanlamışdıq ki, kameraman masamıza yaxınlaşdı. Aramla hamımızı bir-bir lentə almağa başladı. Mənim üstümdə daha çox dayandı. Getmək bilmirdi. Özüm də bundan sıxıldım. Kameradan tez yaxamı qurtarmaq naminə bir onluq çıxarıb ona uzatdım və başımın hərəkəti ilə razılığımı bildirdim. Nəhayət ki, getdi.

Bir qədər özümə gələndə aclıq hiss etdim. Masanın üzərinə göz gəzdirdim. Orada dişə dəyəcək bir şey qalmamışdı. Masa yoldaşlarımın da yemək istədikləri sifətlərindən oxunurdu. Yanımdan qırğı tək şığıyıb keçən xidmətçi oğlana uca səslə isti yemək və sərin mineral su gətirməsini xahiş etdim. Xeyli keçsə də, süfrəyə yaxın düşən olmadı. Əvvəl "görüm-baxım" etdiyim oğlan da sanki qeybə çəkilmişdi. Gözə dəymirdi. Etməyib tənbəllik ayağa qalxdım. İndicə sifariş verdiyim xidmətçinin dalınca yollandım. Mətbəxin həndəvərində o, başqa bir həmkarı ilə pıçhapıçla danışırdı. Heç nə demədən yaxınlaşıb əlimi cibinə saldım və: - Səni orada gözləyirik, dedim. Qayıdanda gözlərimə inanmadım. Müxtəlif çeşidli yeməklərdən qalaq-qalaq masamızın üstünə qoyulmuşdu. Heyrətimi gizlədə bilmədim: - xidmətçilər necə də cəld işləyirlər... deyə düşündüm.

İştahamızın növbəti mərhələsini təzəcə təmin etməyə başlamışdıq ki, orta yaşlı xanım üzərrik məcməsini tüstülədə-tüstülədə yanımızda varid oldu. Yanar qabı az qala gözümüzə soxacaqdı. Gün görməyən qəşəng sözlər deyə-deyə üzərriyi başımızın üstündə fırlatdı. Hamı naəlac qalıb əlini cibinə saldı. Kiminin olanından. Sözsüz ki, mən də onlardan geri qalmadım, səxavətimi göstərdim.

Soyun... bağışlayın, toyun maraqlı yerləri isə hələ qarşıda idi. Bir azdan süfrələrə yeməklərin şahı, sultanı sayılan dadlı-ləzzətli aş, yəni plov gətiriləcəkdi. Bunun üçün hazırlıq əməliyyatlarına start verildi. Aparıcı plovun şəninə tostlar söylədi, müğənnilər mahnılar səsləndirdilər, al-əlvan işıqlar yanıb sönməyə başladı. Daha nə başınızı ağrıdım, toy şənliyinin ab-havası tamamilə dəyişildi. Və nəhayət, şah plov  təntənə ilə ortalığa gətirildi. Musiqinin də ahəngi dəyişdi. Cavan qızlar, oğlanlar xüsusi şövqlə rəqs etdilər. Sonra ən sevimli milli xörəyimiz buğlana-buğlana masaların üzərinə düzüldü. Bizim masamız da yaddan çıxmamışdı. Amma plov gətirənlərin jestlərindən o anda hiss etdim ki, onları əliboş yola salmaq insafsızlıq olar. Yenə əlim cibimə uzandı. Lakin "cib" məsələsi bununla bitmirdi. Bir qədər sonra  yaşlı müğənni kişi tanıdığı, yaxud ərk etdiyi dəvətlilərdən ürəklərini oxşayacaq mahnılar sifariş vermələrini rica etdi. Yanındakı xanım müğənni də çox çəkmədi ki, təcrübəli həmkarına qoşuldu. Masabəyi isə fürsəti fövtə verməyib həm müğənniləri, həm də onlara sifariş verənləri ağız dolusu tərif edir, aranı yaxşı mənada qızışdırırdı. Mən də kənarda qalmayıb ara-sıra bir neçə dəfə mahnı sifariş etdim. Sözsüz ki, hər dəfəsində də əlim cibimdə olurdu. Çalışırdım ki, narazı qalmasınlar.

Nə isə, toyda çox yeniliklər, çox unudulmaz hadisələr baş verdi. Mənim üçün bunlar maraqlı və gözlənilməz idi. Axı nə zamandandı şəhər toylarında iştirak etməmişdim. Yaxşı ki, gəldim, gördüm və... Nə gizlədim, şənlikdən ayrılmaq istəyəndə heç də təəssüflənmədim. Cəld dəhlizə çıxdım... toyun pul qutusu burada yerləşdirilmişdi. Qutunun yanındakı paketlərdən birini götürdüm. Əlimi cibimə saldım: - Vaxsey! Cibimdə heç nə qalmayıb. O biri ciblərimə də tez-tələsik əl gəzdirdim... Tər məni basdı. Bir manatım belə qalmamışdı. Demək, hamısı burada... Bəs indi mən nə edəcəyəm? Axı paketə 50 manat qoyub qutuya salmalıyam. Aman Allah, necə də biabırçılıqdır.

Gözümə dəyən tanış-bilişləri kənara çəkib 50 manat borc istəməyə məcbur oldum. Heç kimdə borc veriləsi pul qalmamışdı. Əslində, elə onlar da mənim günümə düşmüşlər. Ümidim üzüldü. Əlacsız qalıb cib dəftərçəmdən ağ bir vərəq cırıb bu sözləri yazdım: "Hörmətli Hənif dayı, bağışla məni, növbəti əmək haqqımı alan kimi sizin 50 manatınızı mütləq çatdıracayam".

Yazdıqlarımı kimsə hiss etməsin deyə tələsik paketə qoyub qutuya ötürdüm və kor-peşman kəndimizə qayıtdım. Evə gəldim. Hələ üstümü dəyişib rahatlanmamış masanın üzərində xüsusi formada bir dəvətnamə gördüm. Diksinən kimi oldum. Ürəyimdən olmasa da, açıb oxudum. Növbəti dəvətnamə də bizim kənd adamlarından idi. Oğlunun toyuna çağırırdı. Oğlu Bakıda işləyir. Elə toyunu da üzümüzə gələn həftə paytaxtda edəcəklər. Özü də deyəsən "bərkgedən" yerdə olacaq.

Fərəc FƏRƏCOV

 





06.07.2018    çap et  çap et