525.Az

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Masallıda tədbir keçirdi


 

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Masallıda tədbir keçirdi <b style="color:red"></b>

"Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyi "Elektron mediada və sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ictimai fəallığın artırılması" layihəsi çərçivəsində Masallıda tədbir keçirib.

Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov mövzunun əhəmiyyətindən danışıb.

O bildirib ki, "Ruh" Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin, eləcə də digər qeyri-hökumət təşkilatlarının keçirdikləri tədbirlər cəmiyyətin müxtəlif təbəqələri arasında sosial şəbəkələrdən düzgün istifadə vərdişlərinin yaranmasına əhəmiyyətli dəstəkdir.

Daha sonra ictimai birliyin sədri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələrindən söz açıb: "Azərbaycanda internetin inkişafı ilə bağlı çoxsaylı işlər görülsə də, demək olmaz ki, bu məkan hüquqi münasibətlər sistemində oturuşmuş mövqeyə malikdir. Mövcud cəhət yalnız ölkəmiz üçün xarakterik deyil. Dünyanın bir çox bölgələrində bu məkana birmənalı hüquqi baxış yoxdur. Müxtəlif ölkələr özlərinin praktikasından çıxış edərək, prosedurlar tətbiq edirlər. Azərbaycanda da bununla bağlı tədbirlər gerçəkləşdirilib. Müəyyən dövlət sənədlərinə əlavə və dəyişikliklər nəticəsində internetin hüquqi münasibətlər sistemimizdə çəkisi yaradılıb. Bir neçə il öncə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə təklif edilən əlavələr də bu baxımdan mühüm yer tutur. Həmin əlavələrdə sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyət nəzərdə tutulub. Ancaq hesab edirik ki, bu istiqamətdəki tədbirlərə ictimaiyyət tərəfindən də müvafiq dəstək göstərilməlidir".

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən layihə çərçivəsində Tovuz və Balakən rayonlarında maarifləndirici xarakterli dəyirmi masalar təşkil edilib. Sonuncu tədbirin Şabran rayonunda keçirilməsi nəzərdə tutulub.

CEYHUN

 





06.07.2018    çap et  çap et