525.Az

Göydən yerə çırpılmaq


 

Göydən yerə çırpılmaq<b style="color:red"></b>

Əvvəl-əvvəl özünü çox uzaqlarda, hardasa dünyanın o başında, bəlkə də göyün yeddinci qatında hiss edirsən.

Sənə elə gəlir ki, ovuc-ovuc ulduzlar başının üstündə, pambıq kimi buludlar ayağının altında, sonsuzluq kimi uzanan göyqurşağı yolunun başında, günəş ovucunun içində olur. Bəzən fikirləşirsən ki, xoşbəxtlik hamından üz çevirib, topa-topa həyatına axışıb gəlir. Dünya dağılsa da, sənin dünyandan bir kərpicin düşməyəcəyinə inanırsan. Bir gün şirin nağıl sona çatır, göydən alma əvəzinə daş-qaya tökülür. Baxırsan ki, qurduğun qalanın bünövrəsi torpaq yox, gürzə yığınının üstündə ucalıb. Özü isə qarşında dayanır, gözlərindən əqrəb kinini üstünə ələyir. Təəccüblənirsən! Yenidən şahə qalxacağına inanır, səbir edirsən. Sevginin gücündən doğulub, elə sevginlə bəslənib böyüyən narsisti qəbul etmək istəmirsən. Səbəbi özündə axtarır, harada səhv addım atmağınla bağlı xırdalıqları ələk-vələk edirsən. Ağrıyan əzələn kimi olur - nə kəsib ata bilirsən, nə ağrılara dözməyə gücün çatır.

Narsist insanlar sakit görünür, ancaq təhlükəsi min kilometrlikdən duyulur. Daxilən özlərini dəyərsiz hiss edirlər, ehtiyacı olan dəyəri başqalarının üzərindən qazanmağa çalışırlar. Onun üçün seçilmək çox əhəmiyyətlidir. Sevilməmək ölümə bərabərdir. Sevməyi bacarırlar, amma yarımçıq edirlər, bağlanmaq istəyirlər, amma tam bağlanmırlar. Dağıdıcı xarakterə sahibdirlər! Təbii fəlakət kimi hansı həyata daxil olurlarsa, alt-üst edib çıxırlar. Fəlakətin fəsadlarını qısa müddətdə aradan qaldırmaq olmadığı kimi onların yaşatdığı travmaları da bərpa etmək uzun vaxt alır. Özlərini daxilən dəyərsiz hiss edən narsistlər bu kompleksi aradan qaldırmaq üçün nəhəng aynalara ehtiyac duyurlar. Həmin güzgülər isə insanlardır, bir növ şikarları. Kənardan güclü görünsələr də, daxili dünyalarına boylananda, asılılığın, başqalarına ehtiyaclarının daha böyük olduğunu görmək mümkündür. “Aynaları”  yoxdursa, özlərini bir heç sayırlar. Ona görə də daima kimlərinsə axtarışındadırlar. Həmin insanı tapdıqda nəhəng aynalarına qovuşmuş olurlar.

Qiymətli ola bilməyin bir neçə yolu var: birincisi sevgidir! Birinin həyatında olmaq üçün ən gözəl vasitə və səbəbdir. Amma narsistlər üçün bu, sadəcə, başqalarının dünyasına giriş kartıdır. Çünki insan əskiklik hiss edirsə, ona sitayiş edənlərin ətrafında olmasına ehtiyac duyur. Bütün əlaqələrini son dərəcə peşəkar qururlar. Münasibətləri, bəzəkli sevgiləri özlərinə inam üçün ən güclü vasitə hesab edirlər! Qarşısındakının gözündə dəyər qazanmaq üçün hər yola əl atırlar. Zarafatcıl, xoş davranışları, xüsusi jestləri narsistlərdə daha çox müşahidə etmək mümkündür. Özünə tabe etdikdən sonra onun üçün münasibətin bütün cazibəsi itir. Bu xarakter sahibləri  “mən” düşüncəsindən xilas ola bilmirlər.

Yaraşıqlı, müvəffəqiyyətli, ağıllı, bacarıqlı narsist münasibətin başlanğıcında qarşısındakını sanki göylərə uçurdur. Birlikdə ola bilmək üçün hər cür taktikanı sınayır, sürpizlər, sevgi dolu sözlər, iltifatlar bir-birini təqib edir. Adamı yerdən göyün yeddinci qatına, buludların yanına qaldırır. Öz-özünə fikirləşirsən ki, ilahi, görəsən, nəyin mükafatıdır bu buludlar? Arxayın, özünü ona təslim etdiyin günlərin birində adamı qaldırdığı ənginliklərdən yerə elə çırpır ki, bir tikən də ələ gəlmir!

Qarşısındakının başına min oyun açıb, min kələk gəlsələr də, siyasətçi ədasıyla davranıb işin içindən çıxa bilirlər. Narsistlərlə uzun münasibətlər təhlükəlidir. Nə qədər “mən səni istədiyin kimi göstərər, səninlə maraqlanar, sənə dəyər verib varlığına sevinc qata bilərəm” desəniz də, narsist tək bir nəfərlə kifayətlənmir. O, bir adamın yox,  yüzlərin, minlərin maraq dairəsində olmaq istəyir. Çoxluğun özünə ayna olacağını, qüsursuz şəkildə onu əks etdirəcəyini düşünür. İstəklərini arzuladığı kimi yerinə yetirə bilməyəndə yavaş-yavaş parıltısı solur. Depressiyaya düşürlər! Onların sağalmağı sevgi, diqqət, maraq, mərhəmət, şəfqət, səmimi və həqiqi münasibətdən asılıdır. Çünki insanı münasibətlər formalaşdırır. Təbii ki, fədakarlıq edəcək qədər sevgi varsa...

Bütün yaşadıqlarının içində ən dəhşətlisi bilirsən nə olur? Həqiqətin bütün çılpaqlığı ilə qarşında dayanması... Çünki əmin olursan ki, nə ovuc-ovuc ulduzlar, nə özününkü sandığın göyqurşağı, nə də ovcunun içindəki günəş həqiqətdir! Heç dünyanın o başında da deyilsən, qara, qupquru torpağın üstündə, boz rəngin içində hamı kimi vargəl edirsən!

 





07.07.2018    çap et  çap et