525.Az

Bir gecə “Nəsimi dünyası”nda - Fotolar


 

Bir gecə “Nəsimi dünyası”nda - <b style="color:red">Fotolar </b>

İyulun 5-də Beynəlxalq Muğam Mərkəzində böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş möhtəşəm “Nəsimi dünyası” adlı gecə keçirilib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin, Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə hazırlanmış gecədə Azərbaycanın tanınmış ictimai xadimləri, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, Nəsimisevərlər iştirak ediblər. Tədbirdə ustad sənətkar İmadəddin Nəsiminin yaradıcılığı ədəbi-musiqili proqramla tamaşaçılara təqdim edilib. 

Tədbiri giriş sözü ilə açan Avrasiya Beynəlxalq Araşdırmalar İB-nin sədri, millət vəkili Qənirə Paşayeva çıxışında ustad Nəsimi ilə bağlı bu formatda ilk dəfə tədbirin keçirildiyini vurğulayıb və bildirib ki, bu isti yay günlərində bu qədər dəyərli insanların bu gecəyə təşrif buyurması sözün həqiqi mənasında Nəsimiyə verilən böyük dəyərdir: “Mən Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşam. Ədəbiyyatçı atamın və əmim Qəzənfər Paşayevin sayəsində. İlk dəfə atamın dilindən Nəsiminin “Ağrımaz” qəzəlinin son beytini eşidəndə mənasını tam anlamasam da, uşaq qəlbimi bu misraları yazan şairə qarşı maraq bürümüşdü. 1987-ci ildə əmim, böyük ədəbiyyatşünas alim Qəzənfər Paşayev Nəsimin “İraq divanı”nı tapıb bizim dildə nəşr edəndən sonra onun dünyasına bir az da yaxınlaşdım. O dünya elə böyük idi ki, onun arxasınca Suriyaya, Hələbə qədər getdik. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə duyğular keçirirdim. Yadımdadır ki, Ümummilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə ona Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı dedim. Ümummilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı”.

Daha sonra millət vəkili qeyd edib ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutur: “Nəsiminin böyüklüyü ondadır ki, onun yaradıcılığının əsasında insan dururdu. O, həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. O, insana bir başqa yanaşırdı. Müsəlman dünyasında Nəsimiyə zülm edənlər bu gün də var: İŞİD, Taliban və s. timsalında. Bunlar hamısı cahillikdəndir. Cahilliklə mübarizənin yolu bu böyük şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir”. O bildirib ki, böyük şairin dünyasını tanımaq istəyənlərə imkan verən bu proqram televiziya kanalları, KİV-lə  yanaşı, sosial mediada da geniş yayımlanacaq və yaxın gələcəkdə bu repertuarla  bir sıra xarici ölkələrdə də “Nəsimi dünyası” gecələrinin keçirilməsi nəzərdə tutulur. O, həmçinin, böyük şair və mütəfəkkirimiz İmadəddin Nəsimini gənc nəslin daha geniş öyrənməsinin vacibliyindən danışıb və bu gecədə əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.

Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov və iş adamı, Nəsimi araşdırmaçısı Tahir Gözələ bu layihəyə verdikləri dəstəyə görə təşəkkür plaketlərini təqdim edib. O, həmçinin, sosial şəbəkələr üzərindən Nəsimi ilə bağlı səhifələrin açıldığını bildirib və böyük ustadın zəngin irsinin sosial medianın imkanlarından daha geniş istifadə olunacağını vurğulayıb.

Daha sonra tədbirin təşkilatçılarından olan iş adamı Tahir Gözəl ustad sənətkarın zəngin poetik irsindən, onun yaradıcılığının fəlsəfi tərəflərindən söz açıb. O, insanları şairin irsini öyrənməyə çağırıb.

Daha sonra gecə bədii hissə ilə davam edib.

“Nəsimi dünyası” gecəsində tanınmış sənətçilər, Xalq artisti Nəzakət Teymurova, “Savalan” qrupunun rəhbəri Novruz Novruzlu, Eyvaz Həşimovun rəhbərliyi ilə “Hicaz” qrupu, tanınmış muğam ifaçısı Mütəllim Dəmirov, Əməkdar artist Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov (Şeyx Əbdül), tanınmış qiraət ustaları Məleykə Alovlu, Həlimət Məmmədova (Sultan), Nəsimi araşdırmaçısı Fərəc Əliyev  öz möhtəşəm ifaları ilə tamaşaçıları Nəsimi dünyasına dəvət ediblər. Nəsiminin yaradıcılığından səslənən qəzəllər və oxunan mahnılar ustad sənətkarın irsinin musiqi və poetikanın vəhdəti tamaşaçılara çatdırmaqda mühüm rol oynayıb. Nəsimi irsinin sehrinə düşən tamaşaçılar proqramı alqışlarla qarşılayıb.

Gecədə ustad şairin həyat və yaradıcılığına həsr olunmuş “Nəsimi” (rejissor Həsən Seyidbəyli) filmindən qısa fraqmentlər nümayiş olunub və tədbir ASAN Radio vasitəsilə canlı olaraq yayımlanıb.

Tədbir iştirakçılarına professor Qəzənfər Paşayevin hazırladığı və latın  əlifbasında ilk dəfə işıq üzü görmüş İmadəddin Nəsiminin “İraq divanı”  kitabı hədiyyə edilib.

Şahanə MÜŞFİQ

 





09.07.2018    çap et  çap et