525.Az

- "Sən hardasan, gəl, yor məni..." - Ramiz Məmmədzadənin şeirləri


 

- "Sən hardasan, gəl, yor məni..." - <b style="color:red">Ramiz Məmmədzadənin şeirləri</b>

TORPAQ

Sevgili anamız,
zəhmli atamız,
rəhmdil babamız
torpaq.
Günəşdən, Aydan
bütün ulduzlardan
Hər yerdən, hər şeydən
əziz torpaq.
Qarşında diz çökərik, baş əyərik
Sənə yox əvəz.
Allah səndən heçnəyi
əsirgəməz.

Neyləyəsən,
Sənin buğdandan, bulağından
canlanan kəslər
Ətini kəsdilər...
Sümüyünü sındırdılar,
dinmədin.
Səni parçalayıb
topa qoyub atdılar.
satqınlar satdılar.
Cınqırını çıxartmadın.
Ucalığından enmədin.
Az qaldı da beyninə
qan sıza...
Yenə də durdun, dözdün
Neçə kafir allahsıza,
qansıza...
Canımızda, ruhumuzda
sənin adın
Sənin uğrunda ölmək
mənə qismət olmadı...
Vəfasızlara vəfalı torpaq
Səni sevənlərə
nə etmisən, halal eylə.
Dəxli yoxdur
az elədin, çox elədin.
Amma bir gün 
köksünə dağ çəkənləri
Tutub bir-bir
boğazladın,
Çeynədin, uddun,
qəbrin qazıb
yox elədin...

...Əlini ver, qucaqlaşaq,
Qarabağım,
torpağım.

“Ağdamın baməzə adamları” silsiləsindən

I. Şofer Həsənqulu və Süleymanın çayxanası

Qonşumuz şofer Həsənqulunun
Yaşıl bir “Moskviç”i vardı
Camaatı bazara, evə
daşıyardı.
Bir yay günü dəyirmançı
Əşrəfin oğlu Sabir dedi:
- Ay, uşaqlar,
Gəlin qalxaq Şuşaya,
Havamızı dəyişək
Süleymanın çayxanasında...
bir ətirli çay içək.
Sərçə çəpərə doluşan kimi
Doluşduq “Moskviç”ə,
Arxada altı nəfər,
qabaqda iki nəfər,
Pərçim olduq birtəhər.
Yolda kimsə dedi:
- Həsənqulu dayı,
Bizi heç kəs aparmazdı
səndən savayı.
Sən Allah,
radionu aç,
Muğamat konserti var
Aç, qulaq asaq nolar.
- Onun pulu başqadır
Adama bir-bir düşün.
Yoxsa “Armudun dibi”ndə
Saxlayaram,
deyərəm düşün...
Sonra qəh-qəh çəkdi
Şofer Həsənqulu.
- Ə, aranızda böyük mənəm
Boynumdadır çaypulu...
Hə, sən də mısmırıq sallama
Ay Temir oğlu İrey!
Getdik eyy...
Qalxdıq üzü göylərə
Yayıldı ruhumuza
Əbülfət Əliyevin
Bulaq kimi axan səsi,
Baldan şirin zənguləsi...
Açıldı üzümüzə
Dolama dağ yollarının
Yaşıl düyməli yaxası.
“Armudun dibi”ndən
gələnləri
Armudu stəkanla
Öpüşlərə qərq elədi
Süleymanın
çayxanası...

“Armudun dibi” adlanan yer Ağdamdan Şuşaya qalxan yolun üstəydi.

II. Həsi, Hüsü qardaşları

Ağdam bazarında,
camaatın arasında
Şüvərək görünərdi
Həsi, Hüsü qardaşları.
İki caydaq, qoçaq qardaş
Qatışıq olardı
başları.
Qışda
“sırıqlı, sırıqlı” deyə-deyə
Ayaqüstü
alver edərdilər.
Yayda
qolları üstə “şalvar, pencək”
Hamıdan sonra
Az qala bazarı 
qıfıllayıb gedərdilər...
Bir bazar günü
Avqust günəşinin
tonqal vaxtı
İki erməni
 qırıldada-qırıldada
Yaxınlaşdı onlara
Həsi Hüsüyə baxdı,
Hüsü Həsiyə baxdı.
Başa düşmədilər
onların dilini.
Hüsü keçib qabağa
 uzatdı əlini:
- Ə, erməni, ay dığa,
Bu istidə
ürəyin darıxmır
Danışırsan qurbağa dilində?!
...Sonra şalvar, pencəyi
Aldı erməninin əlindən...
Hüsü Həsiyə baxdı,
Həsi Hüsüyə baxdı.
Onlar hardan biəydi
Bu minüzlü,
sürtük dünya
Qədim qumarxanadı,
Oyun gedir,
bəxtəbəxtdi...

III. Seyidli Şikar

Şikar kişi
bağ briqadiriydi,
Çox qıvraqdı, diriydi.
El-oba arasında
Seçilib-sayılan adamlardan
biriydi...

Seyidli “ispolkomu”nun oğlu
Eldar
Bir payız günü dedi ki,
Gəl, gedək Seyidli
bağlarına
Orda yaxşı üzüm var.
Bağa qədəm qoyan kimi
Eldar atıldı-düşdü,
yüyürdü, qaçdı,
Tənək qalxıb bürümüş
bir çəkilə dırmaşdı.
...Bir də gördüm bir atlı
Atı üstümə sürdü.
Elə bil Göydən düşdü,
Yerdən pırtlayıb çıxdı.
O, bizi hardan gördü?..
Qışqırdı: - Ə, kimsiniz
Sizi şallaqlayacam
Oğurluq etməz adam.
Qorxudan yadımdan çıxdı adım
Dadaşoğlu Eldar, - deyə
pıçıldadım.
Şikar kişi
yəhərdən dikəldi
Üzüyuxarı baxdı Dadaşoğluna
sarı
Başladı danlamağa
Eldarı:
- Bu nə üzümdür yığırsan,
Dadaşoğlu,
Hara gəldi çıxırsan,
Dadaşoğlu.
Düş aşağı,
bağa gələndə
Xəbər elə demişəm sənə
yüz kərə.
Tez ol, düş
 aparım sizi
“Qızılüzüm” olan yerə.

QƏRİB KİŞİ

Darvazanın çölündən
Səsi gəldi Qərib kişinin:
- Dalay, dalay, ay dalay!
Müəllim, xəbərin varmı
Vayy, vayy,
Məmmədiyyənin şərəşur oğlu
maşın qaçırıb,
Əhmədiyyənin avarası - qız...
Zəkəriyyə dünən gecə
 evinə dəm gəlib
Abırsız oğlu, abırsız!
Müəllim, dünənədək
Güləndamın tumanından
sallanıb gəzən
Nəvəsini gördüm
çayxanada
Gop eyləyirdi
Arandan, dağdan
Yaman xoruzlanırdı.
Elə bil ermənini
qovub çıxartmışdı
Qarabağdan...
Müəllim, Əliyarı da
Tanımamış olmazsan.
Başqa vaxtı heç
salamını da almazsan
Amma filankəs filankəsovla
İndi yeznə-qayındı...
Dünyanın işini nə bilmək olar
Tampacadı, oyundu...
Sənin qonşun Əlihüseyn də
ayrı candı.
Əvvəllər əl uzadıb görüşərdi
İndi gözüylə verir salamı,
Əşi, xarab olub
gedib hamı.
Dedim ki, ay Qərib kişi,
bəsdi.
Yenə də sözümü kəsdi.
 - Hə, müəllim,
sözümü kəsmə,
Dərdimi kimə deyim
bəs mən?
Danışan adamdan qorxma
İçi-çölü dumdurudu,
Danışmayan səhradı,
qurudu...
Bilirsən də, müəllim,
Ha çalışdım, əlləşdim
Axır əliboş qaldım.
Əşi, bir imkan ver
dayna,
Ürəyimi boşaldım.
...Telefonuna zəng gəldi
Qərib kişinin
Bir təbəssüm kəpənəyi
qondu üz-gözünə...
Mənə elə gəldi ki,
Telefona baş əydi,
təzim etdi Qərib kişi.
Sonra üzünü çevirib
“Müəllim, müəllim” deyə-deyə
getdi Qərib kişi...

PROTOKOL

“Pis deyil”, - dedi
Səttar Bəhlulzadənin
“Bülbüllü bahar”ına.
Şübhəylə baxan oldu
Yazın çiçəyinə,
  qışın qarına...
Küçədə, işdə, məclisdə
Dördgözlə gəzdi
  özünə bənzərini,
   öz oxşarını...
Bəyənmədi
  Fikrət Əmirovun
“Kürdovşarı”nı...
- “O, kommunistdir,
  şair deyil”, - dedi,
Dandı Nazim Hikməti.
Neyləyəsən, belədir də
xisləti...
Pərdələnmiş pəncərədir
Fikri-zikri,
   əndişəsi.
İstedadsız qısırların
Cırmalamaq -
   iş-peşəsi.
Qalstuku, çəkməsi
Ekranda görünüb
Özünü çəkməsi -
   protokol
Danışığı, yerişi,
Kədəri, gülüşü,
Arvadıyla görüşü
Hər işi -
protokol.
Özü uzaqda deyil,
Bizlərin sırasında.
Adamların arasında
Var beləcə
kələmbaşlar
Amanın bir günüdür,
Onları bərk-bərk qoruyaq,
cığırdaşlar...

OVQAT

Günlər vardı...
səndin, məndim,
O günlərə qaytar məni.
Hərdən kaman olub dindim
Sən də gördün, ay tar, məni.

Buludum yox
gur yağası...
Özüm özümün arxası.
Balığam çayda axası,
Ala bilməz hər tor məni.

Başqa səmtə çətin uçam...
Mən yuvası aşkar quşam.
Dincəlməkdən yorulmuşam
Sən hardasan,
gəl, yor məni...

May - iyun 2018-ci il
Şüvəlan

 





09.07.2018    çap et  çap et