525.Az

Uşaq teatrları mövsümü premyeralarla başa vurur


 

Uşaq teatrları mövsümü premyeralarla başa vurur<b style="color:red"></b>

Builki teatr mövsümü Bakı Uşaq Teatrı üçün məhsuldar olub. Sənət ocağında bir sıra layihələr həyata keçirilib, çoxsaylı tədbirlər təşkil edilib.
 
Bakı Uşaq Teatrı mövsümü iyulun 12-də “Əyriqulaq” tamaşasının premyerası ilə yekunlaşdıracaq. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru isə İlhamə Əhmədovadır. Səhnə əsərinin musiqi tərtibatı Mahir İbrahimliyə, rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.

Mövsümü premyera ilə bitirəcək növbəti teatr Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır. Teatr başa çatmaqda olan 86-cı teatr mövsümündə balaca tamaşaçılarını sehrli Şərq nağıllarına səyahətə səsləyir.

Belə ki, mövsümün son günlərində teatr repertuarına “Min bir gecə” nağıllarından tanıdığımız “Əlibaba və qırx quldur”u daxil edib.

İbrətamiz hadisələrlə zəngin tamaşanın səhnələşdirmə və quruluş işi rejissor Anar Məmmədovundur. Var-dövlətə, şan-şöhrətə hərislik kimi mənfi xüsusiyyətlərin tənqid hədəfinə çevrildiyi tamaşada balaca izləyicilərə dürüstlük və mənəvi zənginliyin önəmi təlqin olunur. İstər insanların var-dövlətinə qənim kəsilən quldurbaşı və dəstəsinin, istərsə də Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.

Ümumi ampulada yenə də yaxşının pisi ram etməsini nümayiş etdirən tamaşanın rejissoru bununla balaca tamaşaçılara hər uğurun önündə ədalət hissi durur mesajını verir.

Zəngin səhnə tərtibatlı və ecazkar Şərq elementli tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqi tərtibatı dahi Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti əsasında qurulub. İyulun 13-də (saat 12:00, 14:00)  iki seans olmaqla tamaşaçı qarşısına çıxacaq tamaşada rolları Rəhim Rəhimov, Cavid İbrahimov, Samirə Nəcəfova, Araz Həsənli, Elnur Xəlilov, Aygül Ağayeva, Elmira Hüseynova və Adil Dəmirov ifa edirlər.

Birhissəli uşaqlar üçün kukla tamaşası teatrın bu mövsümə son premyerasıdır.

Şahanə MÜŞFİQ

 





09.07.2018    çap et  çap et