525.Az

Siyasi fırtınalara barbarlığın təsiri - XIX əsr Argentinasının timsalında


 

Siyasi fırtınalara barbarlığın təsiri - <b style="color:red">XIX əsr Argentinasının timsalında</b>

(Əvvəli ötən şənbə sayımızda)

1857-ci ildən 1940-cı ilə qədər Argentinaya kənardan 7 milyona yaxın adam gəlmişdi. İmmiqrasiya ölkə əhalisinin milli tərkibinin formalaşmasına nəhəng təsir göstərdi və onun demoqrafik quruluşunu müəyyən etdi.

İmmiqrantların milli tərkibi çox müxtəlif idi, əksəriyyətini italyanlar və ispanlar təşkil edirdi. Müxtəlif ölkələrdən köçüb gələnlər öz əmək vərdişlərini və ənənələrini gətirirdilər. Fransızlar və italyanlar üzümçülüklə, ingilislər qoyunçuluqla məşğul olurdular. Argentinada doğulmuş hər bir adam milli mənsubiyyətindən asılı olmayaraq müvafiq qanuna görə argentinalı hesab olunur.

Avropa immiqrantlarının əksəriyyəti Buenos-Ayres limanı vasitəsilə ölkəyə daxil olur və oradaca, yaxud da yaxınlıqda məskunlaşırdılar. Ona görə də burada əhali nisbətən sıxdır. Argentina böyük ərazisi ilə müqayisədə az əhalisi olan ölkədir, burada 1 kv.km.-ə 10 adam düşür, bu da Mərkəzi Amerika ölkələrindəkindən 10-15 dəfə azdır.

Əksər ərazilərdə yaşayış məntəqələri daha çox xutor tipindədir. Mülkədar malikanələri - estansiya, torpaq kirayə götürənlərin xutorları ranço olmaqla, bir-birindən xeyli aralıda yerləşir.

Argentinanın kənd əhalisi həmişə az miqdarda olmuşdu, ona görə də ölkəni kəndlisiz aqrar ölkə adlandırırlar. Axı heyvandarlıq nisbətən az işçi qüvvəsi tələb edir. Ölkə əhalisinin 80 faizi şəhərdə yaşayır. Argentinada urbanizasiyanın fərqli xüsusiyyəti paytaxtın hipertrofiyasıdır. Böyük Buenos-Ayresin əhalisi 12 milyon nəfərdir, şəhərin özündə isə 3,5 milyon sakin yaşayır. Uruqvaydan sonra Argentina paytaxt sakinlərinin daha yüksək nisbəti ilə fərqlənir. Ölkənin şəhərləri içərisində Buenos-Ayres xüsusi yer tutmaqla, dövlətin xarici və daxili əlaqələrinin fokusunu təşkil edir.

Beynəlxalq əmək bölgüsündə Argentinaya kənd istehsalçısı rolu ayrılmışdır. XIX əsrin sonundan Argentina dünya bazarına ət, taxıl, yun məhsulları göndərən ölkə kimi tanınır. I Dünya müharibəsinin başlanğıcında Argentina dünyada mal əti ixracına görə birinci yeri, taxıl, çovdar, yun ixracına görə ikinci yeri tuturdu. İxrac kənd təsərrüfatı məhsulu istehsalının başlıca rayonu Pampa idi, burada həm də sənaye meydana gəldi.

Argentinada, digər Latın Amerikası ölkələrinə xas olan iqtisadi geriliyin xüsusiyyətləri özünü iri torpaq sahibliyində - latifundistlərdə büruzə verir.

Burada heyvandarlıq təbii otlaqlara əsaslanır, kənd təsərrüfatı torpaqları ölkədə 138 milyon hektardır, onların yalnız 1/5-i becərilir, qalan hissəsini isə çəmənliklər və otlaqlar təşkil edir. Ancaq intensiv otarılma hesabına otlaqlarda eroziya prosesi gedir.

Heyvandarlıq ölkənin kənd təsərrüfatında mühüm rol oynayır, onun başlıca sahəsi iribuynuzlu mal-qaranın yetişdirilməsdir, sürünün də əsasını ətlik istiqamət təşkil edir. 1980-ci ildə ölkədə 60 milyon iribuynuzlu mal-qara var idi və bu göstəriciyə görə Argentina dünyada birinci yerlərdən birini tutur.

Qoyunçuluq Argentina heyvandarlığının ikinci iri sahəsidir, burada 33 milyon qoyun vardır (1980-ci il). Buna görə yalnız Avstraliya və Yeni Zelandiyadan geri qalır. Əsas qoyunçuluq təsərrüfatları Pampada və Pataqoniyadadır.

Əhali tərəfindən içilən çay xammalının istehsalı məqsədi ilə adi çay və onun xüsusi növü olan, yerba mate adlanan paraqvay çayı becərilir. Üzüm istehsalına görə də ölkə dünya miqyasında fərqlənir.

Buenos-Ayres sakinlərində - portenyosda özünəməxsusluq, argentinalıların öz rəyinə görə yoxdur. Argentinada ispanların ləqəbi qalyeçodur, onlar ruso adlanan yəhudilərə, ruso isə tano adlanan italyanlara gülür, tano isə qalyeçonu ələ salır.

Argentinalılar aseda - zəif qaydada qızardılan ətin vurğunudurlar. Aseda da mate kimi, ölkədə geniş yayılmışdır və onu şəhərlilər qauçolardan götürmüşlər. Mate çayının kütləvi xarakter daşımasına gəldikdə, burada fransız yazıçısı Raymon Kenonun istehzalı ifadəsi yada düşür: “Mate için və siz argentinalıya çevriləcəksiniz”.

Quarani hinduları mate içməyi ritual mərasimə çevirmişdilər, qauçolar da mateni layiqincə qiymətləndirib, ona tədricən öyrəndilər. Bu acı təhər, dadına görə ağız büzüşdürən içki adama sərinləşdirici və ruhlandırıcı təsir göstərir.

Musiqidə isə argentinalılar tanqoya xüsusi həvəs göstərir, onu musiqinin az qala yüksək forması hesab edirlər. Braziliyanın məşhur rəqslərindən fərqli olaraq, rəqs növü kimi ölkədə geniş yayılmış tanqoya Argentina öz adını vermişdir.

İspan işğalının ilk illərindən kənd əhalisi arasında hindu yun örtüyü - ponço universal istifadə olunan paltar növü olmaqla geniş yayılmışdır. Ponço Argentina kovboylarının - qauçoların ənənəvi geyimidir. Yatanda isə onlar üçün yorğan rolunu oynayır, yarığından başa geyinilməklə, bədənin həm qabaq, həm də arxa hissəsini örtür.

Argentinanın milli ispan dili ispaniyalıların öz dilindən xeyli dərəcədə fərqlənir. Ölkədə bu milli ispan dilinin formalaşması, ümumən milli mədəniyyətdə olduğu kimi, qauçoların xidmətidir. Onların həyatının təsviri qauço ədəbiyyatı adlanan ədəbi cərəyanın əsas mövzusuna çevrildi. Qauço dili leksikasının və nitq ifadələrinin xeyli hissəsi Argentina əhalisinin fəal lüğət fonduna daxil oldu.

Argentina milli ədəbiyyatının banilərindən biri olan şair Esteban Eçeverria öz “Əsir qız” poemasında ilk dəfə pampa səhnəsini yaradır.

Lakin qauçoların həyat tərzi, təbiətlərindən və yaşayış mühitindən irəli gələn dəlisovluğu həm də onlara qarşı aludəçilikdən uzaq olan, qəbul etməmək və hətta kin ifadə edən ədəbi əsərlər də meydana gəlmişdir. Qauçoların fərasətini, igidliyini, dözümlülüyünü və təbii istedadlarını tərənnüm edən çox sayda əsərlərlə yanaşı, onların həyata baxışlarını kəskin tənqid edən, hətta ifşa xarakteri daşıyan kitablar müqayisədə çox azdır və indi də bu meylə milliliyə qarşı hücum əlaməti kimi baxanlar az deyildir. Qauço əleyhinə yazanlar Avropa təsirinin gücləndirilməsini təbliğ edənlər olmaqla, onlar qauçoya qarşı kin ifadə etməklə, Argentinanın düzənliklərinin cəngavər sakinlərinə, ölkənin və xalqın tarixinə qarşı çıxmış olurdular. Bu isə Argentina mədəniyyətinin taleyi üçün heç də az əhəmiyyətli məsələ deyildir.

Lakin digər mədəniyyət sahələri qauçolara xoş münasibətə heç vaxt xor baxmamışdır. Ölkədə ilk səssiz bədii filmlər qauçolar həyatının ekzotikasına və Pampanın vəhşi təbiətinə həsr olunmuşdu. Onların çoxunun adında qauço ismi vardır. Mühüm səsli bədii filmlər də qauçolara həsr olunmuşdur: “Qauçoların müharibəsi”, “Vəhşi Pampa”, “Uzun divar arxasında” və s.

Pampa rayonu Argentinanın şərqdəki sahil hissəsində yerləşir və Atlantik okeanına geniş çıxışa malikdir. Pampa iqtisadi rayonunun böyük hissəsi fiziki-coğrafi cəhətdən Rütubətli Pampaya məxsusdur. Pampanın inkişaf tarixi Argentinanın dünya təsərrüfat sisteminə cəlb edilməsi ilə sıx bağlıdır.

Pampanın bütün iqtisadi həyatı Argentinanın başlıca limanı, sənaye mərkəzi və nəqliyyat şəbəkəsi olan Buenos-Ayreslə bağlıdır. İsveç yazıçısı A.Lundkvist özünün “Vulkan qitəsi” kitabında onu qüdrətli hörümçək adlandırır, bu həşərat ölkəni sarıyan hörümçək torunun kənarında oturmuşdur.

Buenos-Ayres iki dəfə həyata gəlmişdir. Birinci dəfə 1535-ci ildə yaradılmış, lakin sonralar onu ispanlar yandırmışdılar. İkinci dəfə 1580-ci ildə onun yenidən əsası qoyulmuşdur.

Buenos-Ayres (ispanca mənası “xoş hava” deməkdir) çoxmillətli və çox sifətə malik olan şəhərdir. Bu paytaxt Pampanın hesabına böyüdüyü kimi, Pampa da öz inkişafına görə Buenos-Ayresə borcludur. Buenos-Ayresin nəcib xüsusiyyətlərindən biri dünyanın ən gözəl şəhərləri siyahısına daxil olmasıdır, onu bəzən amerikan Parisi adlandırırlar. Şəhərin arxitektura sifətində gur barokko və klassitsizm elementləri birləşir, Paris kimi düzxətli planlaşmaya malikdir. İkinci böyük şəhər olan La-Plata paytaxt əyalətinin inzibati mərkəzidir, axı Nyu-York ştatının da mərkəzi Olbanidir və ya İllinoys ştatının paytaxtı Çikaqo deyil, Sprinqfild şəhəridir.

La-Plata Pampa kənd təsərrüfatı məhsullarının xarici ölkələrə daşınmasına xidmət edən iri dəniz limanıdır. Santa-Fe şəhəri də Parana və Rio-Salado çaylarının birləşdiyi yerdəki limandır. Cənubdakı Pataqoniya ən gur turizm rayonlarından biridir. Bu diyarı da Avropaya bənzətməklə Argentinanın İsveçrəsi adlandırırlar.  

Qauço lideri Fakundo 

Argentina milli istiqlaliyyət qazandıqdan sonra ölkədə siyasi fırtınalar baş alıb gedirdi, bu fırtınaların öz təşkilatçıları və icraçıları var idi. Ümumiyyətlə, Argentinada siyasi həyat daim qeyri-adi olması ilə seçilirdi. Hakimiyyəti bu vaxt regionlarda və paytaxtda adətən iyrənc tipli, qana susayan və çox qan axıtması ilə öyünən liderlər qəsb edirdi. Ölkə bir ağır vəziyyətdən xilas olmağa macal tapmamış, ondan da ağır və əzablı olan həyatı yaşamalı olurdu. Xalq zülmkar hakimiyyət sahiblərindən çox əziyyət çəkirdi. İnqilabdan az müddət keçdikdən sonra, sonralar “bəd qauço” simvolu kimi tanınan Fakundo La-Rioxa əyalətində hakimiyyəti ələ keçirdi və insana zidd, qanla başa gələn hadisələr seriyası, müasir “sabun operaları” kimi qurtarmaq bilmirdi.

Yazıda Fakundo və ondan sonra bütünlüklə ölkə hakimiyyətinə sahib olan Rosas haqqında geniş söhbət gedəcəyinə, Argentina tarixində mənfi, qara boyalarda özlərinə yer tapmış bu adamlar haqqında geniş danışmağa ehtiyac vardır.

Kiroqa Xuan Fakundo (1788-1855-ci illər) La-Rioxa əyalətinin kaudilyosu (qubernatoru) olmaqla iri torpaq sahiblərinin və maldarların ailəsində dünyaya gəlmişdi, İspaniya müstəmləkəçiliyindən azad olmaq uğrunda müharibədə iştirak etmişdi. 1820-ci ildən öz əyalətinin hərbi könüllülərinə başçılıq etmiş, iki il sonra digər əyalətlərin ailə klanları ilə mübarizə üçün istifadə etdiyi kəndlilər - qauçolar arasında populyarlıq qazanmağa başlamışdı. 1826-cı ildə ümummilli mərkəzləşmiş və vahid Konqressin Argentina Respublikasını elan etməsi barədəki qərarını dəstəkləmişdi. Lakin sonra Argentinanın digər kaudilyolarından təşkil olunan müxalifət cəbhəsinə keçdi. Unitarilərin iqtisadi siyasətinin, keçirilən kilsə islahatının əleyhdarı olmaqla hökumət qoşunlarına qarşı çıxır və onları bir neçə dəfə məğlub etmişdi. 1826-cı ildə mərkəzi əyalətlərdə qazanılan qələbələr oradakı irticanın birləşməsinə gətirib çıxardı. General X. M. Pas Tablado yaxınlığında onu darmadağın etdikdən sonra, Buenos-Ayresdə yaşamaqla hakimiyyətə doğru irəliləyən Xuan Manuel Rosasın ciddi rəqibinə çevrildi. 1831-ci ildə unitarilərin qoşunları üzərində Tukuman əyalətində həlledici qələbə qazanır və milli miqyasdakı siyasi fiqur kimi görünür. Rosasın təşkil etdiyi qəsdin qurbanı olmaqla, 1835-ci ildə Barranko-Yakoda öldürüldü. Qauçolar arasında nəhəng populyarlığa malik idi, ona xeyli xalq mahnıları həsr edilmişdir.

Xuan Manuel de Rosas (1793-1877-ci illər) 1835-1852-ci illərdə Argentinanın diktatoru olmuşdu. Varlı maldarlar və torpaq sahibləri ailəsində doğulmuşdu, ona 300 min hektardan artıq torpaq sahəsi mənsub idi, illik gəliri isə Buenos-Ayresin və bir sıra digər əyalətlərin birlikdə götürülmüş gəlirinə bərabər idi. Siyasi səhnədə əvvəlcə unitarilərin müdafiəsi ilə çıxış edirdi, lakin tezliklə federalizm şüarını qəbul etdi. 1829-cu ildə unitarilərin ordusunu tarmar edib, müstəsna səlahiyyətlərə sahib olmaqla Buenos-Ayres əyalətinin qubernatoru olur. O, bir sıra əyalət kaudilyolarının ittifaqına başçılıq edir. 1833-1834-cü illərdə yerli hindu əhalisini qurmaq məqsədini güdən “Səhra Kompaniyası”na rəhbərlik edir. 1835-ci ildə yenidən Buenos-Ayres əyalətinin qubernatoru seçilir və özünü Qanunların Şərəfli Bərpaçısı elan etməklə faktiki olaraq diktatora çevrilir. Bərpa Xalq terrorist cəmiyyətinin - Masarkanın yaradılması ilə onun edamlarla, ziyalıları ölkədən qovmaqla əlamətdar olan siyasi fəaliyyətinin ən iyrənc dövrü başlanır. Öz təmənnalı siyasi məqsədlərini şəxsi hakimiyyəti altında həyata keçirməklə və Buenos-Ayresdə hegemonluğunu qurmaqla, bu vaxt federalizm şüarından istifadə etdi. Beynəlxalq səhnədə “amerikanizm” şüarı altında İspan Amerikasının suverenliyi uğrunda çalışırdı, onun “amerikanizm” ideyası isə müstəmləkə-feodal ənənələrinin təbliğinə və bərpa edilməsinə əsaslanırdı. 1852-ci ildə onun ordusu darmadağın edildikdən sonra İngiltərəyə qaçmışdı.

(Ardı var)

 





09.07.2018    çap et  çap et